Universal dəyərlər
sistemimizi ehtiva edən ideologiya: Azərbaycançılıq
Azərbaycançılıq ideyası Azərbaycanın
müstəqilliyini qorumaq,
onun demokratik inkişafını təmin
etməklə bərabər,
davakar millətçilik
və şovinizmə
qarşı təşəkkül
tapmış ideologiyadır.
Azərbaycançılıq ideyasının kökündə
millətçilik yox,
vətəndaşlıq dəyəri
dayanır. Bu ideyanın
məqsədi çoxmillətli
Azərbaycan xalqının
birləşməsi və
demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini
formalaşdırmaqdır.
Azərbaycançılıq xalqımızın çox
əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu,
ilk növbədə, vahid
və bölünməz
Azərbaycanın qorunub
saxlanılması və
möhkəmləndirilməsinin siyasi əsasıdır.
Bu gün azərbaycançılıq
milli həyatın ahəngdarlığının,
konfessiyaların dinc yanaşı yaşamasının,
ölkədə yaşayan
bütün etnosların
qardaşcasına qarşılıqlı
əlaqəsi və təsirinin çoxəsrlik
ənənəsi, onların
ümumi taleyi və gələcək müstəqil Azərbaycanın
bütövlüyü, inkişafı
və firavanlığı
uğrunda birgə mübarizəsinin ümumi
tarixi təcrübəsidir.
Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların,
mədəniyyətlərin, ənənələrin, konfessiyaların
üzvi şəkildə
vəhdəti təşkil
edir.
Azərbaycançılığın əsas elementlərindən
biri vətəndaşlıqdır.
Vətəndaşlıq özündə
vətəndaşın siyasi,
mənəvi, hüquqi,
sosial keyfiyyətlərini
cəmləşdirir. Azərbaycan
Respublikası Konstitusiyasının
52-ci maddəsinə görə,
"Azərbaycan dövlətinə
mənsub olan, onunla siyasi və
hüquqi bağlılığı,
habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır".
İdeoloji baxımdan
fərdin cəmiyyətə
münasibəti və
bu münasibətdə
mövqeyi maraq kəsb edir. Vətəndaşlıq azərbaycançılıq
kontekstində fərdin
öz hüquq və vəzifələrini
dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə
mövqeyi kimi başa düşülür.
Vətəndaşlıq azərbaycançılığın
əsasını təşkil
edir.
Millət vəkili
Hikmət Babaoğlu deyir ki, Azərbaycançılıq
hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə
sahib çıxmaq, Azərbaycan
dilini, tarixini, mədəniyyətini bilmək,
tarixən əldə
etdiyimiz dəyərləri
mühafizə etməklə,
qloballaşan dünyada
mövcud olan, yeni
universal dəyərləri mənimsəməklə, bunları
ümummilli mənafelərimizin
qorunması istiqamətində
səfərbər etmək
deməkdir. Azərbaycançılıq
ideologiyası Ümummilli
lider Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim
etdiyi universal dəyərlər
sistemidir. Eyni zamanda Azərbaycançılıq
ideologiyası Azərbaycan
cəmiyyətinin bütün
təbəqələrində qəbul edilən, mənimsənilən və
həyat tərzinə
çevrilən bir hadisədir: "Azərbaycançılıq
ideologiyası ilə bağlı Ulu öndər
bir neçə dəfə danışıb
və onu izah edərkən çox mühüm məsələlərə toxunub.
Əgər biz bunu konkret olaraq siyasi, elmi nöqteyi-nəzərdən
formalaşdırmağa çalışsaq,
deyə bilərik ki, azərbaycançılıq ideologiyası
Azərbaycanın milli neokonservatizmidir.
Nekonservatizm - konservatizm
və liberalizmin birləşməsidir. Yəni
mühafizəkarlıq, üstəgəl,
müasirlik və liberallıq azərbaycançılıq
ideologiyasına bərabərdir.
Ona görə də bütün bunlar cəmiyyətimizin çox
rəngli etno və sosial palitrası tərəfindən
qəbul olunur. Azərbaycanda yaşayan hər bir azərbaycanlı
özünü xalqımızın
bu vaxta qədər yaratdığı
milli-mənəvi dəyərlər
sisteminin varisi hesab etməklə həm də onu zənginləşdirmək
üçün fəaliyyət
göstərir".
Hikmət Babaoğlunun
sözlərinə görə,
ölkədə mövcud
olan multikultural və tolerant mühit bu təbliğatı asanlaşdırır və
bu təbliğatın
ümummilli konteksdə
realizə olunmasını
şərtləndirir: "Azərbaycançılıq ideologiyası
bizim ümumi sosial identifikasiyamızı
və ortaq dəyərlərimizi müəyyənləşdirir.
Bu da çox vacib məsələdir. Amma hazırda
hər bir cəmiyyətin milli ideoloji
sisteminə xaricdən
müəyyən impulslar
ötürülməkdədir, postmodern cəmiyyətlərdə olan
informasiya mühiti, informasiyanın yayılması
və mübadiləsi
prosesində meydana çıxan yeni seqmentlər,
sosial şəbəkələr,
internet resursları və
digər vasitələr
ümummilli identliyə,
ümummilli bənzərliyə,
ümummilli dəyərlərə
müəyyən mənfi
impulslar ötürə
bilir. Burda azərbaycançılığın təbliğ olunması, azərbaycançılıq ideologiyasının
milli fəaliyyətimizin və
yaxud ümumi ictimai fəaliyyətimizin
leytmotivinə çevrilməsi
zəruri hal alır. Çünki informasiya cəmiyyəti sadəcə informasiya mübadiləsi və informasiyanın sürətlə
əldə edilməsi
hadisəsi deyil, həm də cəmiyyət üzvlərinin
düşüncələrinə təsir edən, onun keyfiyyətini təyin edən bir hadisədir".
Azərbaycançılığı milli ideologiyaya çevirməklə
cəmiyyətin həmrəyliyinə,
xalqın vahid bir ideya ətrafında
mənəvi birliyinə
nail olunmasında Prezident
İlham Əliyevin xüsusi
xidmətləri var. Məhz
cənab İlham Əliyevin
uğurlu siyasəti sayəsində milli-mənəvi
və bəşəri
dəyərlər artıq
azərbaycançılıq ideologiyasının özəyini,
onun əsas təməl prinsiplərini
təşkil etməkdədir.
Azərbaycançılıq ümumbəşəri dəyərlərdən
yetərincə bəhrələnməklə
bərabər, öz
milli mentallığını qoruyub saxlamaqdadır. Bu ideya həm Azərbaycanın sərhədləri
daxilində, həm də ölkəmizin hüdudlarından kənarda
yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir. Bizi uzun yüzilliklər
boyu vahid bir əqidə bayrağı altında birləşdirən, ən
çətin məqamlarda
belə xalqımızın
həmrəyliyinin təminatçısına
çevrilən məhz
azərbaycançılıq ideyası olub. Əgər xalqımız
əsl azərbaycançılıq
ideyası ilə silahlanmasaydı, öz istiqlalına qovuşa bilməz, həyatın bütün sahələrində
bugünkü qədər
ali zirvələri fəth edə bilməzdi. Prezident İlham
Əliyevin dediyi kimi: "Azərbaycançılıq
fəlsəfəsi bizim
mənəvi dayağımızdır.
Müstəqil siyasət,
milli maraqlarımızın qorunması, milli ləyaqət,
milli qürur, milli və
dini tolerantlıq - budur bizim uğurlarımızın
əsas şərtləri.
Azərbaycanda bütün
xalqlar qardaşlıq
şəraitində yaşayırlar.
Mən çox şadam ki, qısa bir zaman çərçivəsində
bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənib.
Azərbaycanda vətəndaş
həmrəyliyi, sabitlik
tam bərqərar olub.
Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının
qorunmasıdır. Biz bu
işdə böyük
uğurlara nail olmuşuq.
Bizim bütün siyasətimiz, bütün
siyasi addımlarımız
bir məqsəd güdür. Bu da Azərbaycanın
və azərbaycançılığın
daha da möhkəmlənməsi,
güclü iqtisadi potensialın yaradılması,
siyasi islahatların dərinləşməsi və
Azərbaycan xalqının
təhlükəsizlik şəraitində,
rifah içində yaşamasıdır".
Millət vəkili
professor Musa Qasımlı bildirib
ki, azərbaycançılığın
dərin kökləri
və təməlləri
millətimizin tarixi keçmişi və bu günü ilə sıx bağlıdır: "Xalqımız
milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq
müxtəlif enişli-yoxuşlu
yollardan, tarixi dövrlərdən keçərək
inkişaf edib, zənginləşib. Hansı
etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək
vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə
birləşdirən azərbaycançılıq
ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda
etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar
Azərbaycan millətidir.
Ona görə də azərbaycançılıq ilk növbədə ailədən,
uşaq bağçasından,
məktəbdən və
cəmiyyətdən gəlməlidir.
Rəhmətlik Mirzə
Cəlil yazırdı
ki, millətin gələcəyi
anaların əlindədir.
Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun
və mahiyyətinə
görə dərsliklərimizdə
hakim olmalıdır. Fikrimcə,
azərbaycançılıq bu və ya
başqa səviyyədə
təhsil müəssisələrində,
KİV-də təbliğ
edilir. Lakin onun tədrisinin təkmilləşdirilməsinə
ciddi ehtiyac olduğu qənaətindəyəm.
Azərbaycançılığın daha geniş təbliğ edilməsinin
hər bir Azərbaycan vətəndaşı
üçün əhəmiyyəti
böyükdür. Hesab
edirəm ki, azərbaycançılıq
təkcə vətəni,
dövləti sevmək
deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və
davamlı inkişafı,
dəyişən dünya
reallıqlarına uyğun
olaraq tərəqqisi və təhlükəsizliyi
üçün çalışması
deməkdir. Vətəndaşlarımızı
birləşdirən bu
ideologiyanın inkişafı
yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı
yönəldimiş bütün,
ən xırda cəhdlərin qarşısı
amansızlıqla alınmalıdır".
Millət vəkilinin
dediyinə görə,
azərbaycançılıq ideyasının təbliği
dövlətçilik və
vətənpərvərlik kimi təməl ideyalara söykənir:
"Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan
insanların vahid dövləti var. Həmin
vahid dövlət də Azərbaycan Respublikasıdır. Həmin
dövlətin vətəndaşları
irqindən, dinindən,
siyasi baxışından
asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin
qorunması, saxlanılması
ideyasına qulluq etməlidir. Dövlətçilik
təməl ideyasına
da dəstək verən
ikinci təməl ideya vətənpərvərlikdir.
Azərbaycan ərazisində
yaşayan hər bir kəs Azərbaycan
Respublikasının bayrağına,
gerbinə, himninə,
konstitusiyasına hörmət
etməlidir".
Sevinc QARAYEVA
525-ci qəzet .-2025. -19 mart(№51).- S.15.