"İri planda: Qulu Məhərrəmli"
- Vaqif Bəhmənlinin təqdimatında
Bu günlərdə "Zərdabi" Nəşrlər
Evi Vaqif Bəhmənlinin professor Qulu Məhərrəmlinin
elmi-publisistik yaradıcılığına və vətəndaşlıq
missiyasına həsr olunan "İri planda: Qulu Məhərrəmli"
kitabını çap edib. Burada 50 illik jurnalistika
yaradıcılığı və elmi-nəzəri fəaliyyət
yolu keçmiş sanballı media adamının, tədqiqatçı-alimin,
pedaqoq və ictimai xadimin ədəbi-elmi
alışmalarının əsas istiqamətləri
ardıcıl şəkildə, analitik-publisistik üslubda təsvir
olunub.
Kitabda "Zəngilan", "Ömrün yol xəritəsi",
"Özül daşları", "Yeddi itki",
"Daşlar yerinə oturur", Səhərin adamı",
"Dəryaya baş vurmaq", "Kiçik ekranın
böyük gücü", "İşığa
doğru", "Professorun dərsləri" kimi
başlıqlı yazılar yer alıb.
Müəllif bildirib ki, Qulu Məhərrəmli ilə
51 ildir, eyni yolu gedir: "Hər ikimiz Qarabağ kökənli,
Araz qıraqlıyıq. Hər ikimiz 7 ay fərqlə (Qulunun
böyüklüyü xeyrinə) bu dünyaya göz
açmışıq, hər ikimiz eyni ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul
olunub, eyni ildə, eyni radio-televiziya jurnalisti sektorunu başa
vurub, eyni ixtisas qrifli diplom almışıq. Bu yazının
cəfasına ona görə qatlaşmıram ki, Qulunun 50, 60
yaşa yetdiyi illərdə onun ictimai varlığının
xalqımıza ən azı xatırladılması
üçün qəlbimin dərinliklərindən gələn,
onun qaynar yaradıcılığına söykənən
yazılar yazıb dərc etdirmişəm. Bəlkə bu,
yarana biləcək boşluğa fürsət verməmək
istəyidir? Əslində məndən 7 ay öncə 70
yaşına yetişən Qulu Məhərrəmlinin
yaradıcılığına üz tutmağımın əsas
səbəbi onun cəmiyyətdə örnək şəxsiyyət
kimi qəbul edilməsi, ictimai ölçülərlə
yaşaması, aydın məslək sahibi olması, ən
çətin anlarda belə öz həyat prinsiplərinə
sadiq qalması, çoxlarına nümunə olacaq ləyaqətli
bir ömür sürməsidir. O, son 40 ildə çox az
sayda azərbaycanlı jurnalistin, mətbuat xadiminin qazana biləcəyi
uğurlara nail olmuşdur. Əmin ola bilərsiniz, bu yazı
onun şəxsiyyətinə, yaradacılığına
istinadən formalaşsa da, baş qəhrəman, bədii-publisistik
məna Qulu Məhərrəmlinin timsalında Azərbaycan mətbuatının
nail olduğu praktik və nəzəri səviyyədir. Və
məncə, belə bir ciddi mövzunu ictimaiyyətə yetirmək
üçün onun yaradıcılığına öyrənməyə,
kitablarını qucağında qalaqlayıb avqustun
qızmarında hansısa kölgə düşən bucaqda
yazı masasına sinə gərməyə dəyər".
Vaqif Bəhmənli qeyd edib ki, zəngin bioqrafiyaya
sahib, peşəkar jurnalist, ustad televiziya aparıcısı,
araşdırmaçı-alim, mətbuat nəzəriyyəçisi,
pedaqoq, jurnalistikanın bütün platformalarında eyni dərəcədə
hünər göstərən Qulu Məhərrəmli kimi
jurnalistlərin qidalandığı mənbələr
çox qədimlərə gedib çıxır, onlar mətbuat
tarixi prosesinin seçilmiş davamçıları, azad,
gerçək, vaxtında deyilmiş sözün vəkilləridir.
Radio və televiziyanin ecazkar dünyasına ömürlük
bağlanmazdan öncə Qulu Məhərrəmli milli mətbuatımızın
"Əkinçi", "Ziya" ("Ziyayi-Qafqaziyyə"),
"Kəskül", "Kaspi", "Şərqi-rus",
"Həyat", "İrşad", "Fiyuzat",
"Molla Nəsrəddin", "Azərbaycan" (Gəncə,
1918 - V.B.), "Açıq söz" adlarıyla nəşr
olunan, milli mətbuat tarixinin sələfi sayılan qəzet və
jurnalların mövzu, mücadilə, söz bulağından
su içmiş, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli
Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə,
Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Məhəmməd
Əmin Rəsulzadə... kimi mübariz, alovlu publisistlərin,
hərəsi bir cəhətdən mətbuat banisi olan vətənsevər,
yaradıcı şəxsiyyətlərin köynəyindən
keçib: "Siz onun
üzündə xoş təbəssüm,
qarşısına çıxan hər kəsə iltifat
göstərib insanlar arasında sakit-sakit
dolaşmağına, müxtəlif səviyyəli tədbirlərə,
xeyir-şər məclislərinə hay-küysüz
qatılmağına baxmayın. Söz var, deyir, axmaq adam həmişə
öndə dayanmağa can atır ki, onu hamı görsün,
ağıllı adam nəzər tutmayan yerdə dayanır ki,
o özü hamını görsün. Xalqımızın
keçib gəldiyi tarixi mərhələləri, milli mətbuat,
habelə milli mənəviyyat laylarını araşdıran,
"hər yerə başını soxan jurnalisti oliqarxlar,
müftəxorlar, rüşvətxorlar, diletantlar necə sevə
bilər ki" deyən və əməldə xalqın ən
ağrılı əzalarına sığal çəkən
bu şəxs birmənalı olaraq, Vətənimizin
seçilmiş, qənimət insanıdır. Onun söykəndiyi
dayaqlar sarsılmaz, qidalandığı mənbə xəlqidir,
bəşəridir, safdır".
V.Bəhmənli yazır ki, yaxşı adamın
bütün davranışları iddiasız olur.
İddialı yerin böyür-başında eqo göyərir,
təmənna boy göstərir. İddiasız insan
üçün həqiqəti söyləmək, əl
tutmaq adi vərdişdir, gündəlik iş, həyat tərzidir.
Yaxşı adam cəmiyyətin xırıltısız, hiss
olunmadan gedib-gələn nəfəsidir: "Heç insan nəfəs
aldığına görə qürrələnərmi? Qulu Məhərrəmli
xeyir-şər məclislərinə, müxtəlif rəngli
tədbirlərə elə qatılır, oradan elə
ayrılır ki, sanki o, heç burda olmayıb. Heç vaxt
karyeraya can atmayan, olan şöhrətinə belə məhəl
qoymayan, milli mücadilənin başlanğıcında
geniş meydanlarla yanaşı, hər küncdə-bucaqda dikələn
xitabət kürsülərinə sarı
şığımayan bu insan əslində şüurlu həyatının
bütün mərhələlərində qaynar qazanın
içində olub".
Sevinc QARAYEVA
525-ci qəzet .-2025. -19 mart(№51).- S.14.