Xalq artisti Yaqub Məmmədovun
xatirə gecəsi keçirilib
Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan
xanəndəlik məktəbinin görkəmli nümayəndəsi,
Xalq artisti Yaqub Məmmədovun (1930-2002) 95 illiyinə həsr
olunan xatirə gecəsi keçirilib.
BMM-in “Unudulmayanlar” layihəsi çərçivəsində
təşkil edilən gecə sənətkarın
“Qızıl fond”da qorunan ifasının
videogörüntüsü ilə başlayıb.
Əməkdar mədəniyyət işçisi,
yazıçı Mustafa Çəmənlinin
aparıcılığı ilə baş tutan gecədə
Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət
xadimi Arif Əsədullayev və yazıçı-şair
Seyran Səxavət çıxış edərək Yaqub Məmmədov
həyat yolundan, sənətinin özünəməxsusluğundan
danışıb, sənətkarla bağlı xatirələrini
bölüşüblər.
Bildirilib ki, ustad xanəndə Seyid Şuşinskidən
muğam dərsləri alan Yaqub Məmmədov adını
ifaçılıq sənətinə əbədi həkk
etdirib.
Gecədə Əməkdar artistlər Sevinc
Sarıyeva, Təyyar Bayramov, İlkin Əhmədov, xanəndələr
Mirələm Mirələmov, Nisbət Sədrayeva, Murad
Laçın və Xətai Hacıyev görkəmli sənətkarın
repertuarından muğam və təsnifləri ifa ediblər.
Xanəndələri tarzən Rüstəm Müslümovun rəhbərliyi
ilə BMM-in solistlərindən ibarət instrumental heyət
müşayiət edib.
Xatirə tədbiri Yaqub Məmmədovun ifasında
"Qarabağ şikəstəsi"nin səsləndirilməsi
ilə başa çatıb.
525-ci qəzet .-2025. -19 mart(¹51).- S.14.