GECİKMİŞ
MİNNƏTDARLIQ
İnsan istedadla daşanda, fayda vermək bir kəsin
cövhərində olanda hara düşsə, orda parlaya bilir,
ən dar macalda da faydasını verir. Xurşid Qacar
müğənni idi və qadınlarımızın səhnədə
hələ seyrək olduğu çağlarda misilsiz töhfələrini
verə, opera tariximizə adını biryolluq həkk edə
bilmişdi. Ancaq onun qismətində həm özü, həm
də elə Azərbaycançün büsbütün yeni
olan bir istiqamətdə də çalışmaq, bu sahədə
də təməlqoyucu, sağlam bünövrəyaradıcıya
çevrilmək fürsəti də varmış.
1934-cü ildə "Azərnəşr"in nəzdində
musiqi nəşriyyatı yaratmaq haqda qərar verilir. Əslində
buna çoxdan ehtiyac duyulurdu. Azərbaycanın mükəmməl
konservatoriyası da vardı, konservatoriya nəzdində musiqi məktəbi
də fəaliyyətdə idi. Respublikada musiqi təhsili
durmadan inkişaf edirdi, Bakıda da, Azərbaycanın
ayrı-ayrı bölgələrində də bir-birinin
ardınca musiqi məktəbləri yaranmağa
başlayırdı. Təbii ki, tədris üçün not
əsərlərinin qıtlığı öz
sıxıntısını büruzə verməyə bilməzdi.
Ancaq başqa bir əhəmiyyətli məqam da vardı. Həm
Üzeyir Hacıbəyli nəslinin, həm də onlardan sonra
musiqimizdə sözünü deməyə başlamış
bəstəkarların arzusu idi ki, yeni bəstələdikləri
əsərlər yalnız əlyazmada qalmasın, çap
edilsin, tirajlansın. Əlbəttə, Moskvada, Leninqradda,
Kiyevdə və SSRİ-nin digər bir para şəhərlərində
not nəşrləri həyata keçirilirdi. Lakin ora yol
tapmaq, növbə tutmaq yetərincə müşkül idi.
Odur ki, Azərbaycanda not nəşri işinin başlanması
əlamətdar hadisə idi və bəstəçiliyimizin,
musiqi təhsilimizin inkişafına müsbət təsirini
göstərəcəyini elə irəlicədən vəd
edirdi. Ən yaxşı cəhətlərdən biri bu idi ki,
yeni işə başlayan "Musiqi nəşriyyatı"na
Xurşid Qacar kimi səviyyəli, təşəbbüskar,
işgüzar, eyni zamanda ciddi və tələbkar bir insan rəhbər
təyin edilmişdi. İlk addımlar atılırdısa da,
Xurşid xanım artıq qazanılacaq uğurlara təminatçı
sayıla biləcək tədarüklər
görmüşdü və gələcəkdə nələr
ediləcəyinin çərçivəsini də müəyyənləşdirmişdi.
Onun 1935-ci ildə hazırladığı bir hesabat mənzərəni
dəqiq cızır: "Bizdə musiqi nəşriyyatının
təşkil edilməsi türk musiqisinin həm Azərbaycanda,
həm də kənarda təbliği üçün fövqəladə
dərəcədə mühüm amildir.Bu istiqamətdə
ayrı-ayrı şəxslərin əvvəllər etdiyi cəhdlər
təsadüfi, qeyri-mütəşəkkil səciyyə
daşıyırdı və təbii ki, not nəşriyyatı
qarşısında duran tələbləri tam əhatə edə
bilməzdi".
Xurşid xanım bu işin indiyədək baş
tutmamasının, bu səmtdə hər hansı hərəkətin
müşahidə edilməməsinin və
bütövlükdə türk musiqisinin inkişafına əngəl
olan bu niyyətin gerçəkləşməməsinin səbəbini
təşəbbüskar bir insanın və təşkilatın
irəli düşərək məsələylə məşğul
olmamasında görürdü və belə təəssüflənirdi:
"Yerli bəstəkarlar illərcə yaradıcılıq
üçün münasib şərait və imkan olmadan
öz əsərlərini yazmışlar. Onların əsərləri
nəşr edilmədən qalmış və bəstəkarlar
əməklərinin bəhrəsini duymamışlar. İndi
isə bəstəkarlarımızın əsərlərində
biz sağlam bir özək görürüksə, həmin əsərləri
işləməyi öhdəmizə götürür və
geniş kütlələrçün təxirə salmadan
çap edirik. Biz musiqi yaradıcılığında
diletantizmə yol verə bilmərik, bizim musiqi mədəniyyəti
yalnız yüksəksavadlı olmalıdır. Əsl Şərq
məhsulları ilk dəfə not sisteminə salınır və
biz Avropa texnikasını tətbiq edərək həmin əsərlərin
musiqi şəklinin dəqiqliyinə riayət edirik"
(Xurşid Kadjar. Notnoeizdatelğstvopri Azerneşre. 1935).
Not nəşriyyatının nəzdində professor
Rudolfun rəhbərliyi ilə daimi fəaliyyət göstərən
məşvərət şurası yaradılıbmış,
çap ediləcək əsərlərin dairəsi də
müəyyənləşdirilibmiş:
ifaçılığın tədrisi üçün musiqi
repertuarı, musiqi təhsili müəssisələrindən
ötrü nəzəri ədəbiyyat, dərsliklər,
üstünlüyü türk milli musiqisinə verməklə
musiqi elminin müxtəlif sahələrinə aid elmi-tədqiqi
əsərlər.
Nəşriyyat hələ vur-tut dördcə ay idi
çalışırdı, fəqət ortada olanlar və
görülməsi düşünülən işlərin
dairəsi elə geniş idi ki, artıq nəşriyyatın
sabahına inamlı ümidlə baxmağa qaneedici əsas
vardı. İlk 4 ay ərzində nəşriyyat artıq Asəf
Zeynallının "Seyran", "Sərhədçi"
mahnılarını və "Səndən mənə yar
olmaz" xalq mahnısını işləməsini,
Üzeyir bəyin "Komsomolçu"sunu, Lev Abın
(1893-1942) "Sus, mənim çiçəyim",
Mailyanın "Səfa" operasından
"Yallı"nı buraxmışdı. Çapda
olanları və çapa hazırlananları -
qovluqdakıları sadalayırdı: burada Asəf Zeynallı,
Üzeyir bəyin, Reynqold Qliyerin və daha bir neçə bəstəkarın
əsərləri ilə yanaşı, xalq musiqisi əsasında
işləmələrin də bolluğu diqqət çəkir.
Cabbar Qaryağdıoğlunun oxusundan "Ləbləri şəkər"
mahnısını Ab işləmişdi, "Yaxan düymələ"ni
Paltseva, Sarabskidən alınmış "Muğan"
mahnısını Ab işləmişdi,
"Dağlar"ı Q.Burşteyn, İppolitov İvanov isə
"Azərbaycan-Şərq təranələri"nin not
yazılarından ibarət toplu hazırlamışdı.
Başqa sözlə, not nəşriyyatının elə ilk
aylardan tutduğu xətt beləymiş ki, xalq musiqisinin
notlaşdırılaraq nəşr edilməsi başlıca vəzifələrdən
biri kimi müəyyənləşdirilibmiş.
Mətndəki işarələrdən bəlli olur
ki, nəşriyyatın bir rüblük fəaliyyəti
haqqında hesabat və görüləsi işlər, öhdəliklər
haqqında soraqvermə biçimli bu yazı əslində
Xurşid xanımın azərbaycanca "Kommunist" qəzeti
redaksiyasının təşəbbüsü ilə təşkil
olunmuş konsertdən öncə musiqi ictimaiyyəti
qarşısında çıxışının mətni
imiş.
Görülmüş və görüləcək
işlərdən bəhs edəndən sonra Xurşid
xanım, yəqin ki, onu dinləyənlər arasında
kömək göstərə biləcək səlahiyyət
sahiblərinin olduğunu nəzərə alaraq, mövcud
çətinliklərdən də söz açırdı:
"Öz istehsalatımızın olmaması, not işindən
baş çıxaran qravüraçı rəssamların
yerli-dibli yoxluğu, notların çapı üçün
daş lövhələrin olmaması işimizi çətinləşdirir.
Daş lövhələrin hər birini sözün əsl mənasında
savaşa-savaşa əldə edirik. Çünki Bakpoliqraf bu
daş lövhələrdə xüsusi sifarişlərlə
reklam plakatları və digər o qəbil məhsullar
buraxır".
90 illik uzaqda qalmış bu söhbətləri indi
genişliyi ilə ona görə diqqətə
çatdırırıq ki, görəsiniz imkanların məhdud
halında belə insanlar necə fədakarlıqla
çalışırmış.
Bir dəfə Tofiq Quliyev evində mənə bir əlyazma
göstərdi. Qara Qarayevin not xətti idi,
muğamlarımızdan birini, gərək ki, "Rast"
idi, Qurban Pirimovun çalğısından işləmişdi.
Yəqin, həmin əlyazma Tofiq Quliyevin arxivində
qalmaqdadır.
Bir söhbəti qoyaraq digərinə ona görə
keçir və bu ayrıntını vurğulayıram ki,
Qara Qarayevdə xalq musiqimizə, muğamlarımıza
bağlılığı dərində olduğu
üçün gərəyincə tuta bilməyənlər
agah olsun ki, böyük bəstəkarımız bu məsələlərə
xüsusi həssaslıqla yanaşırmış, hətta
yenə Tofiq müəllimin söyləməsincə, məqsədi
də varmış ki, muğamların nota alınması
işinin ardınca onların simfonizəsi məsələsinə
də əl qatsın.
Xurşid xanım Qacardan qalan və nəşriyyata
aid sənədləri, əlyazmaları araşdırdıqca
bu da aydın görünür ki, muğamların nota
alınması məsələsinə də o, sistemli yanaşırmış,
məqsədini gerçəkləşdirməkdən
ötrü qabil cavan bəstəkarları bu işə daha
çox cəlb edirmiş.
Asəf Zeynallının yetirmələrindən olan
iki bəstəçinin - Tofiq Quliyevlə Zakir
Bağırovun o vaxtlar Mədəniyyət Nazirliyinə
göndərdiyi arayış da bunu təsdiq etməkdədir:
"1936-cı ildə Azərbaycan musiqi nəşriyyatının
direktoru Xurşid Qacar Azərbaycan musiqisi tarixində ilk dəfə
olaraq Azərbaycan muğamlarını fortepiano
üçün işləməklə nota almağı təşkil
etmişdi. Xurşid xanım bu işə bizi də cəlb
etmişdi və biz, xalq musiqisinin bilicisi Mirzə Mansurun tarda
çalğısından üç muğamı
-"Dügah", "Rast", "Segah zabul"u nota
saldıq.
Xurşid Qacarın təşəbbüsü və
onun muğamı nota almaq işini fəal şəkildə
aparması Azərbaycan musiqi mədəniyyətinin
inkişafına qiymətli töhfə olmuşdur. Bu iş
yoldaş Ruhulla Axundov tərəfindən yüksək dəyərləndirilmiş
və onun təklifi ilə Sergey Mironoviç Kirovun
işıqlı xatirəsinə həsr edilmişdir".
Ruhulla Axundov dərin və əhatəli bilikli, həm
də siyasətcil adammış və o vaxt muğama aid not nəşrlərini
sovetin nəzərində yüksək tutulan bir rus partiya
liderinin xatirəsinə həsr etmək təklifini irəli
sürməklə həm Xurşid xanımı, həm də
muğamı qoruyurmuş ki, hansı bədxahlarsa bu işləri
köhnəliyin təsirinə qapılmaq, millətçilik
qoxusu gələn fəaliyyət kimi ləkələyib qarşısını
almaq istəyəndə Kirovun adı qoruyucuya çevrilsin.
Moskva Konservatoriyasının tələbələri
Tofiq Quliyevlə Zakir Bağırovun nota saldıqları ilk
muğamların fortepiano və fleyta ifasında birinci təqdimi
1936-cı il avqustun 10-da Opera teatrında baş vermişdi. Həmin
konsertə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Mircəfər Bağırov, Xalq Komissarları
Sovetinin sədri Hüseyn Rəhmanov, Bakı Şəhər
Partiya Komitəsinin katibləri M.Nərimanov və R.Qulbis,
XKS-nin İncəsənət İşləri İdarəsinin
rəisi Ruhulla Axundov, digər partiya və hökumət məsulları,
musiqi ictimaiyyətinin nümayəndələri
toplaşmışdılar.
Leninqrad Filarmoniyasının solisti, Əməkdar
artist Triznonun fleytada, Vladimir Kozlovun pianoda ifa etdiyi
muğamları tamaşaçılar hərarətlə
qarşılamışdılar.
1936-cı il avqustun 15-də "Bakinskiy
raboçiy" qəzeti bu mövzuya səxavətlə yer
ayırmış, redaksiya məqaləsindən əlavə
Üzeyir Hacıbəylinin, Xurşid xanımın
özünün, Tofiq Quliyev və Zakir Bağırovun,
Simfonik Konsertlər İdarəsinin direktoru Mədətovun, Azərbaycan
Dövlət Konservatoriyasının direktoru
A.Ter-Hevondyanın, İsrafil Cahangirovun yazılarını dərc
etmişdi. Azərbaycanda muğama qayıdışın və
onu yeni bir səviyyədə təqdim etmənin
unudulmamalı səhifəsi ilə bağlı o
yazıların üstündən elə dilucu söz
açaraq ötmək düz olmazdı. Bunlar heç də
indinin gözüylə baxıb bugünkü ağlıyla
düşünürkən görünən sadəlikdə
olan məsələlər deyildi. Bunlar zəmanəyə
görə sadəcə sənət hadisəsi deyil, qəhrəmanlıq
sayılası əməllərdi.
Bunlar daxilində üzdən görünən və
görünməyən neçə girdab qaynayan qəliz və
qəddar bir dövrdə vətənpərvər
insanların qeyrətli mübarizələrinin tarixçəsidir.
1936-cı ildi. Tara və muğama elə çadraya,
papağa olan kimi həqarətlə "rədd ol"
bağırıldığı, "səsini kəs"
deyildiyi günlərin tozanağı hələ
soyumamışdı, o dövr idi ki, tarixə, keçmişə,
əski irsə çox meyl edənlər hər
gün-günaşırı mətbuatda həyasız
bolşevik qırmızılığı ilə
qırmanclanırdılar, həya pərdəsi
götürülmüşdü, müqəddəs, toxunulmaz
sayılan dəyərləri və adları adiləşdirmək,
bəsitləşdirmək, cılızlaşdırmaq,
yağılaşdırmaq siyasəti xərçəng
mikrobları kimi cəmiyyətin canına yeridilirdi.
Heyif, şahidlərdən qalanlar yoxdur ki, muğamla əlaqədar
Xurşid xanımın təşkilatçılığı
ilə gerçəkləşmiş nəşrlərin niyə
belə dəstə ilə, hətta bir az da nümayişkaranə
təbliği və müdafiəsinin aparılmasının pərdəarxası
səbəbləri barədə soruşum. Bəlkə kimlərsə
bu addımların əleyhinə orda-burda
mızıldanırmış, o səbəbdən
narahatmışlar ki, götürüb Moskvaya-filana yazar.
"Bakinskiy raboçiy" xəbər verirdi ki,
konsert bitincə İncəsənət İşləri
İdarəsinin rəisi Ruhulla Axundovla, Xurşid Qacarla, Mirzə
Mansurla, Tofiq Quliyev və Zakir Bağırovla söhbətində
Mərkəzi Komitə və Bakı Komitəsi Kommunist
Partiyasının katibi Mircəfər Bağırov və Xalq
Komissarları Sovetinin sədri Hüseyn Rəhmanov
görülmüş işin Azərbaycan musiqi mədəniyyəti
üçün yüksək əhəmiyyətini qeyd etdilər.
Onlar göstərdilər ki, görülmüş işlər
türk xalqının (bəxtəvər başımıza!
Hələ millətimizin adı naməlumlaşmayıb, hələ
ki gələniləcənhər yerdə adımızı
"türk" yazırlar - R.H.) zəngin musiqi folklorundan və
klassik musiqi irsindən hərtərəfli istifadə işinə
qiymətli töhfədir və qeyd etdilər ki, bu istiqamətdə
Azərbaycanın musiqi təşkilatları və xadimləri
gərgin və səylə çalışmaqda davam etməlidirlər".
Xurşid Qacar qəzetin o sayındakı "Gənc
kadrlar yetişmişlər" (Belə sanballı işlər
görürdülərsə, həqiqətən,
yetişmişdilər. Ancaq nə yaşları vardı ki?!
Zakir 20 yaşında idi, Tofiqinsə heç 19 yaşı
tamam olmamışdı - R.H.) sərlövhəli məqaləsində
yazırdı ki, edilənlər bu sahədə yerinə
yetirilməli olan nəhəng işlərin yalnız
başlanğıcıdır.
Tofiq Quliyevlə Zakir Bağırovun "Bakinskiy
raboçiy"in o nömrəsindəki "Muğamların
nota alınması ilə bağlı biz necə işləyirdik?"
adlı məqaləsi isə mühüm bir incəliyə,
daha dəqiqi - 2 vacib məqama diqqəti cəlb edir. Birincisi
odur ki, sən demə, bu işin qızğın əleyhdarları
varmış, hətta başlanmış işin sona
çatdırılmasına belə macal vemək istəmirlərmiş:
"Muğamatın nota salınması məsələsi son
vaxtlaracan həll olunmamış qalırdı. Çünki
dırnaqarası "nəzəriyyəçilər"
deyilən bir qrup vardı ki, muğamatı nota almanın
orijinala yaxın belə gələ bilməməsindən dəm
vururdular və bizim işimizin sona yetirilməsinin əleyhinə
idilər".
İkinci diqqət çəkən nöqtə isə
odur ki, bu xeyirxah işin həyata keçməsinin
qığılcımı ali qiyməti hələ indiyədək
layiqincə verilməmiş ən cəfakeş
ziyalımız Ruhulla Axundovdan gəlirmiş. Tofiq Quliyevlə
Zakir Bağırov həmin kiçicik məqalələrində
bu həqiqəti tarix üçün əmanət ediblər:
"Biz işə Xalq Komissarları Şurası İncəsənət
İşləri İdarəsinin rəisi Ruhulla Axundovun
tapşırığı ilə başladıq.
Tapşırıq qoyulmuş müddətdən əvvəl
yerinə yetirildi. 22 iyulda İncəsənət İşləri
İdarəsində yazılmış rapsodiyaların dinlənişi
oldu. Yazının çalaraq yoxlanılması pianoçu
Kozlova həvalə edilmişdi".
Zəmanənin bütün çalxantılarına rəğmən,
mədəni mühitin xoşbəxtliyi onda idi ki, meydanda
Üzeyir bəy kimi zirvə vardı. Elə müdrik,
sözükeçər bir ağsaqqal ki, onun verdiyi qiyməti
kimlərinsə cığallığa, qərəzə
salaraq mübahisələndirməsi ağlabatmaz idi. Sənətin,
ədəbiyyatın, elmin evi onda yıxılır ki,
hamının etiraf etdiyi belə münsiflər tükənir,
yaxud olanlar da elə hörmətsizləşdirilir, elə dəyərsizləşdirilir
ki, hər yerindən duran hərzə-hərzə
danışmaq, özünü irəli dürtmək girəvəsi
qazanır.
"Möhtəşəm mədəni zəfər"
adı qoyduğu balaca, amma tarixi məqaləsində
(Üzeyir bəyin ayrı-ayrı qəzet-jurnalların səhifələrində
qalmış o qədər belə yazıları var ki! Hərəkətə
gələrək o dahinin bütün irsini əhatə edən
mükəmməl akademik nəşri hazırlamaq borcumuzdur!)
Üzeyir bəy uğurun mahiyyətini belə
açırdı: "Gənc bəstəkarlar Quliyev və
Bağırovun nota saldıqları muğamatı mən
pianino və fleytada böyük sevinclə dinlədim. Bu
yazılışla Azərbaycanın musiqi həyatında
böyük çevriliş baş vermişdir. Qiymətli
musiqi materialı olan muğamlar tərk edilmiş qədim abidəni
xatırladırdı. Onların nota yazılması ilə Azərbaycan
incəsənətinə mühüm xidmət göstərilmişdir.
İndiyədək belə fərz edilirdi ki, muğamları
nota salmaq mümkün deyil. Təsdiq edirdilər ki, Şərq
musiqisi müasir not sisteminə yata bilməz. Quliyev və
Bağırov bu yanlış baxışları tamamilə
darmadağın edir.Mən muğamların notla ifasını
böyük diqqətlə izlədim və yəqin etdim ki,
muğamlar öz gözəlliyini, öz
çalarlarını itirməmişlər. Aydın məsələdir
ki, ifaçıdan da çox şey asılıdır, ancaq
mübahisəsiz olan bir cəhət var - hər sənətkar
Azərbaycan klassik musiqisinin nümunələrini notla ifa edə
bilər".
"Azərnəşr"in musiqi bölməsinin
bilavasitə rəhbərliyi ilə, başqa sözlə,
Xurşid Qacarın daimi nəzarəti və idarəçiliyi
ilə gerçəkləşərək musiqi tariximizin əlamətdar
hadisəsinə çevrilmiş bu addımı dəyərləndirənlər
arasında bir erməni də vardı ki, onun da yazısı
"Bakinskiy raboçiy"in həmin sayındakı məqalələr
cərgəsində idi. A.Ter-Hevondyan o vaxt Azərbaycan Dövlət
Konservatoriyasının direktoru işləyirmiş və
Xurşid xanıma da məxsusi rəğbətlər bəsləməsi
mütəmadi olaraq hədiyyə etdiyi əsərlərindəki
hərarətli avtoqraflardan hiss edilməkdədir.
Yazırdı ki, əlyazması 150 səhifəni tutan və
qədərincə dəqiq yerinə yetirilmiş
köçürmə türk xalq yaradıcılığının
zənginliyi ilə maraqlanan istənilən bəstəkar
üçün hüdudsuz tematik materialdır. Üç
muğamın yazılması, belə görünür ki,
aparılmalı olan böyük işin yalnız əvvəlidir.
Azərbaycan xalq yaradıcılığı el sənətinin
dərin qatlarının zənginliyinə baxmayaraq, indiyədək
nəinki ayrı-ayrı musiqi xadimləri tərəfindən,
müvafiq təşkilat və müəssisələr tərəfindən
də az tədqiq edilmişdir. Bunu da alqışlamaq
lazımdır ki, görülmüş iş çapa
göndərilir və yaxın zamanlarda geniş ictimaiyyətin
ixtiyarına veriləcəkdir".
Doğrudan da, çox çəkmir ki,
muğamların not yazıları ayrı-ayrı kitablar şəklində
professor Leopold Moritseviç Rudolfun (1877-1938) redaktəsi ilə
hər biri 1000 nüsxə olmaqla nəşr edilir.
"Bakinskiy raboçiy"in elə baş vermiş
hadisə kimi tarixi siqləti olan, bir konsertə ayrıca səhifə
həsr edən sayındakı geniş məqaləsində həmin
dövrdə bir müddət Mətbuatda Dövlət Sirlərini
Mühafizə edən İdarənin rəisi olmuş
İsrafil Cahangirovdə başverəni Azərbaycan musiqisi
tarixində "ciddi dönüş" adlandıraraq
vurğulayırdı: "Elə bir iş görülüb
ki, onun əhəmiyyəti Azərbaycan hüdudlarından
çox kənarlara çıxır. Muğamların nota
yazılması ilə belə səsdüzümü sisteminə
malik bunca mürəkkəb materialın nota alına bilməsi
mümkünlüyü sübuta yetirilmişdir. İndi
bütün dünya qarşısında Azərbaycanın
musiqi zənginliyinə qapılar geniş
açılır".
Bütün bu yazıları oxuduqca onu da
düşünürəm ki, ola bilsin, muğamın nota
alınması işinə başlanmasına maneçilik
törədənlər bu işin faydası və mənasını
həmin işin tez baş tutmasına çalışanlardan
da yaxşı anlayırlarmış. Elə bunu yaxşı
dərk etdikləri üçün də qarşı
çıxırmışlar ki, daha gen üfüqlərə
çıxmaq fürsətlərimiz azalsın.
"Bakinskiy raboçiy"in bu sayının
işıq üzü görməsinin ertəsi günü -
1936-cı il avqustun 16-da Azərbaycan Xalq Komissarları
Şurasının sədri Hüseyn Rəhmanov sərəncam
imzalayır. Həmin sərəncamla İncəsənət
İşləri İdarəsinə 1937-1938-ci illərdə
bütün əsas muğamların nota alınaraq nəşr
edilməsini təmin etmək tapşırılır. Elə
həmin sərəncamla artıq 3 muğamı nota
salmış və Moskvada təhsil alan Tofiq Quliyev və Zakir
Bağırova təhsili başa vuranadək ayda 300 rubl
miqdarında yüksək təqaüd təyin edilir. Musiqi
texnikumunun tar müəllimi Mansur Mansurova sanatoriya müalicəsi
təyin edilməsi haqda Səhiyyə Nazirliyinin müvafiq idarəsinə
göstəriş verilir.
Xurşid xanımı isə belə
mükafatlandırırlar ki, XKŞ-nin ehtiyat fondundan 1500 rubl
ayırmaqlaonu 1 ay müddətinə Moskvaya elmi ezamiyyətə
göndərmək qərarı çıxarılır.
Söz yox, bu sərəncamdakı hər bənd qədirşünaslıq
nümunəsi kimi diqqətəlayiq idi, amma hər halda bəndlərin
ən vacibi növbəti iki ildə bütün əsas muğamların
notlaşdırılaraq nəşr edilməsini başa
çatdırmaq əzmi idi.
Ancaq 1937, ardınca 1938 dəhşət illəri kimi
gəlir, çox çıraqlar söndürülür,
çox tifaqlar dağılır.
Xurşid xanım Qacar da 1938-ci il martın 21-də -
Novruz bayramı günü ərizəsini yazaraq öz xahişi
ilə vəzifəsindən gedir.
Ancaq Xuşid xanım bütün muğamların
notlaşdırılaraq çap edilməsi haqda sərəncam
çıxandan sonra qaynar həvəslə işə
başlayıbmış, mümkün müəlliflər
dairəsini müəyyənləşdirərək
danışıqlar aparırmış, hətta layihənin
çəkisini bir az da artırmaq, ona ümumittifaq səciyyəsi
verməkçün Moskvadan Aram Xaçaturyanı da əməkdaşlığa
cəlb edibmiş. Ona "Dügah" muğamı
tapşırılıbmış, hətta 5 min rublluq
müqavilə də bağlanıbmış.
1938-ci il iyunun 11-də İncəsənət
İşləri üzrə Ümumittifaq Komitəsinin Azərbaycan
İdarəsindən Aram Xaçaturyan və Xurşid Qacara məktub
göndərilir.
Məktubda göstərilirdi ki, 1936-cı il
oktyabrın 20-də Xurşid Qacarın vasitəçiliyi ilə
bəstəkarla müqavilə bağlanaraq ona 1500 rubl ödənilsə
də, işin təhvil verilməsindən ötrü
razılaşdırılmış müddət bitsə də,
indiyədək ortada heç nə yoxdur. Bildirilirdi ki, Azərbaycan
XKŞ həmin səbəbdən də ödənilmiş məbləğin
geri qaytarılması ilə bağlı məhkəməyə
müraciət edib və bu təqdirdə də məsələ
həllini tapmazsa, artıq "Musiqi nəşriyyatı"ndakı
vəzifəsindən çıxmış olsa da, bəstəkarın
qaytarmadığı məbləğ Xurşid Qacardan
tutulacaqdır.
Amma əslində Aram Xaçaturyan vədə xilaf
çıxmamışdı. Xurşid xanım nəşriyyatdan
aralanandan sonra onunla rabitələr də soyumuşdu. Ancaq bəstəkar
başlanğıcda işə məsuliyyətlə
girişmişdi. Xurşid xanımın arxivində bəstəkarın
ona 1936-cı ilin 10 dekabrında yazdığı məktubun əlyazması
da qalır.
"Çox hörmətli Xurşid xanım! Vəziyyət
elə gətirib ki, mən sizə bu məktubu yazıb bəzi
xahişlərimi etməliyəm. Burada İncəsənət
İşləri üzrə Komitənin məsul
işçilərindən xəbər tutdum ki, Azərbaycan
martda Moskvaya gəlməyəcək, bu gəliş payıza
saxlanılıb. Sizdən aldığım
tapşırığın çətinliyinin nədən
ibarət olmasını mən sizə burda demişdim. Ondan əlavə,
mənə Azərbaycan melodiyalarının üslub və xarakterini
açan adamların olmaması (Quliyevlə Bağırovu mən
ay ərzində tapa bilmirəm. Baxmayaraq ki, onlara
ismarış yazıb qoymuşam, yoldaşları vasitəsilə
məktub da göndərmişəm) əsas çətinliklərimdəndir.
Üstəlik, başqa yaradıcılıq
tapşırıqlarının məsuliyyəti də var.
Stalin haqda bir əsəri 20 oktyabra qədər bitirməliyəm.
Bütün bunlar məni məcbur edir ki, sifarişinizlə
bağlı işimi yüngülləşdirməyi sizdən
rica edim. Ya istəyirsinizsə, məni bu işdən tamam azad
edin. Sizin köməyiniz nədən ibarət ola bilər?
Birincisi, mənim xahişimlə müqaviləni ləğv
etmək olar, onda mən də aldığım avansı dərhal
geri qaytararam. İkincisi, müqaviləni dəyişib
başqa bir sifarişlə, məsələn, mahnılarla əvəz
etmək olar. Və nəhayət, mənə daha uzun möhlət
vermək olar ki, tələsməyim, həm mənim, həm səninçün
prinsipial məna daşıyan bu əsərlə bağlı
sakitcə düşünə bilim. Sizin sifariş etdiyiniz
mövzunu konyunktursuz yazmaq barədə söz də ola bilməz.
İstərdim ki, mənim bir yaradıcı adam olaraq vəziyyətimin
bütün mürəkkəbliyini və psixologiyamı
başa düşəsiniz, məni narahat edən məsələlərin
həllinə kömək göstərəsiniz. Demək
artıqdır ki, mən sizinlə və Azərbaycanla ən
ciddi şəkildə bağlanmaq niyyətindəyəm.
Düşünün, öz aranızda müzakirə edin və
mənə yazın".
Görünür, vəziyyət elə mürəkkəbləşib
ki, daha bu qəbil məsələlərin ardınca olmağa
Xurşid xanımın gücü çatmayıb.
Yəqin, həm də cani-dildən
danışmağa gücü çatmadığına,
haqsızlıq duyduğuna görə müəyyən qədər
küskünləşib, müvazinətini itirmək təhlükəsi
də yaşayıb.
Aram Xaçaturyana gəlincə, onun yaradıcılığında
sonrakı illərdə yazdığı əsərlərdə
birbaşa Azərbaycan təsiri, muğam dalğası, bizim
musiqi folklorunun aşkar ahəngi hiss edilməkdədir.
Belə anlaşılır ki, Xurşid xanımın
verdiyi sifariş yerinə yetirilməsə də, bəstəkarın
həmin bağlaşma əsasında apardığı
hazırlıq işləri səmərəsiz ötmür,
bir başqa şəkildə onun
yaradıcılığında əhəmiyyətli izini
buraxır.
O, Xurşid xanımı unutmurmuş. Üstündən
xeyli vaxt ötəndən sonra, 1963-cü ilin 29 oktyabrında,
artıq Xurşid xanımın həyatda olmadığı
çağlarda Sovet İttifaqında ən
tanınmışlardan birinə çevrilmiş bəstəkar
belə yazırdı: "Azərbaycan musiqisinin
inkişafı üçün çox enerji və əmək
sərf etmiş fəal Xurşid xanımı dərin
ehtiramla yad edirəm. Onun yüksək mədəniyyəti və
Azərbaycan musiqisinin inkişafı məsələlərini
necə dərk etməsi daim mənim diqqətimi çox cəlb
edərdi".
Ancaq tək o deyilmiş. Xurşid xanım "Musiqi nəşriyyatı"nı
idarə etdiyi illərdə SSRİ-də musiqi həyatında
öncül mövqedə olan bir sıra başqa məşhur
simaları da Azərbaycanla bağlamağa,
yaradıcılıq əməkdaşlıqlarını
genişləndirib dərinləşdirməyə səy
edirmiş.
Xurşid xanımın SSRİ-də
musiqişünaslıq elminin inkişafında əvəsiz
xidmətləri olan, Azərbaycanın milli musiqisi haqqında
da bir sıra dəyərli araşdırmalar aparmış
professor Viktor Mixayloviç Belyayevlə də (1888-1968) sıx
əlaqələri vardı. Viktor Belyayev 1935-ci ilin 27
martında Xurşid Qacara ünvanladığı məktubunda
belə yazırdı: "Nəhayət, Moskvaya
qayıtdım və ümid edirdim ki, gəlib Bakıdan
göndərilmiş bir neçə məktubun məni
gözlədiyini görəcəyəm. Ancaq belə məktublara
rast gəlmədim. Mənə maraqlıdır ki, Səid
Rüstəmovun məcmuəsinə yazdığım və
sizə hələ Tiflisdən göndərdiyim müqəddiməmi
almısınızmı?
Sizin nəşriyyatda qravüra bölməsini
xüsusi əziyyət çəkmədən yaratmaq olar.
Notları əks etdirmənin yeni üsullarından da
yararlanmaq mümkündür. Bunların nümunələri
bu günlərdəəlimə çatacaq, alınca sizə
də göndərərəm. Beləliklə, poliqrafik not
bazasının yaradılması məsələsi sizdə o
qədər də çətin başa gəlməməlidir.
Bilmirəm, Bülbül tar haqqındakı, ona barəsində
danışdığım 2 çap vərəqi həcmində
kitabımı əldə etməkdə maraqlı olacaqmı?
Çox istərdim bu məsələni tezliklə
aydınlaşdırım ki, yaxın vaxtlarda həmin
kitabçanı yazmağa başlayım. Sənə
yazdığım əsnada Bülbülə və Səid
Rüstəmova da məktublar göndərirəm.
Sizinçün də nəşrlərimizi toplayıb
göndərərəm, sizin də nəşrləri gözləyirəm.
Daşkənddən onların dövlət nəşriyyatında
musiqi şöbəsi yaratmaq haqda təklif almışam.
Bakını, orada keçirdiyim günləri məmnuniyyətlə
xatırlayıram. Natalya Osipovna da (musiqişünasın həyat
yoldaşı - R.H.) daim sizə təzim edir. Uğurlar
arzulayır, cavab gözləyirəm".
Xurşid xanımın arxivində Viktor Belyayevin Azərbaycan
musiqisi ilə bağlı yazdığı bir neçə məqalənin
əlyazması da qalmaqdadır. Altında 1935-ci il 10 mart tarixi
qoyduğu "Bakıda musiqi" adlı müfəssəl məqaləsində
Viktor Belyayev səriştə ilə Azərbaycanın
oçağkı musiqi gerçəkliyinin dolğun mənzərəsini
çızır və bu müstəvidə yenicə fəaliyyətə
başlamış "Musiqi nəşriyyatı"nı da
yaddan çıxarmır: "Azərbaycanda musiqi nəşriyyatı
işinə gəlincə, bu sahəyə rəhbərlik
"Azərnəşr"in musiqi bölməsinin rəhbəri,
enerjili və musiqi baxımından yüksək peşəkarlıqlı
Xurşid Qacarın möhkəm əllərindədir. O,
1934-cü ildə çox iş görüb və Azərbaycanda
milli musiqi nəşri işini düzgün əsaslarda
qurub".
Xurşid xanımın bu sahədə
yaratdığı qəlbəyatan nizamın ayrı bir
şahidi onun tərtib etdiyi kiçik bir albomdur. Orada
Xurşid xanım "Musiqi nəşriyyatı"nın
nailiyyətlərindən deyən qəzet kəsiklərini
toplayıb. "Na rubeje Vostoka" qəzetinin 1934-cü il 18
noyabr sayında "Türk dilində ilk dəfə not
yazısı çapının
başlandı"ğını xəbər verən məqaləsində
bu sorağı da çatdırır ki, qocaman xanəndə
Cabbar Qaryağdıoğlunun verdiyi oxumaq üçün 80 qədim
xalq melodiyasının da nəşri gözlənilir. Cəfər
Cabbarlının librettosu əsasında yazılan "Od gəlini"
operası haqqında müxtəlif qəzetlərdə dərc
edilmiş məqalələr sırası da unudulmuş bir
tarixçəyə işıq salır. "Bakinskiy
raboçiy" 1935-ci il 18 yanvar sayında yazır ki, dramaturq
Cəfər Cabbarlının arxivində çox maraqlı
bir əlyazma - "Od gəlini" operasının əlyazması
tapılıb. Bu məlumat da verilir ki, Cəfər Cabbarlı
həmin operanı Rimski-Korsakovun şagirdi bəstəkar Hevondyanla
birgə işləməyə başlayıbmış. Dəqiqləşdirilir
ki, dramaturq və bəstəkar birlikdə "Od gəlini"
operasının proloqunu tam yazıb başa
çatdırıblarmış.
"Cabbarlı yazdığı layihədə pyesini
maksimal dərəcədə opera janrına
yaxınlaşdırmışdır və musiqi tərtibatı
üçün gözəl material verir". Məqalənin
davam edən sətirlərinin aydınlatdığı digər
mühüm həqiqətsə ondan ibarətdir ki, Xurşid
xanım yenicə çalışmağa
başladığı nəşriyyat sahəsində
işini heç də yalnız ayrı-ayrı notların
çap edilməsi ilə məhdudlaşdırmır, mötəbər
musiqi təşkilatçılığı ilə də məşğulmuş:
"Azərnəşr"in "Musiqi nəşriyyatı"nın
təklifi ilə bəstəkar Hevondyan "Od gəlini"
operası üzərində işini davam etdirir. Artıq bəstəkar
opera üçün marş və müxtəlif kiçik
parçaları yazmışdır. "Azərnəşr"lə
bağlanan müqaviləyə görə, bəstəkar
operasını 1935-ci ilin sonunadək təhvil verməlidir".
Qısa müddət ərzində Xurşid xanım nəfis
tərtibatlı ilk not əsərlərimizdən ibarət bir
kitabxana yarada bilmişdi.
Bu not əsərlərinin hər biri onların
üstündə imzası yer alan bəstəkarlar, tərtibçilər,
redaktorlarçün son dərəcə əzizdi. Axı
bunların hamısı əvvəlinci göyərçinlər
- ilk milli not nəşrlərimiz idi! O müəlliflərin hər
biri bu nəşriyyatın araya-ərsəyə gəlməsinin,
bu nəşrlərin ortaya çıxmasının səbəbkarı
Xurşid xanıma minnətdar idilər və ürək
sözlərini yazaraq ilk nüsxələrdən ona hədiyyə
də etmişdilər.
Bu, Üzeyir bəyin "Komsomolçu
qız"ıdır (Musiqi Üzeyir bəyindir, söz Məhəmmədhüseyn
Təhmasibin. Əlbəttə ki, o sözlər bu gün gərəksizləşib,
Üzeyir bəyinsə hansısa əsəri demirəm,
heç bircə musiqi cümləsi də haçansa köhnələ
bilərmi? Ürəyimdən keçir ki, yaddan
çıxmış bu mahnının sözlərini dəyişim,
bir Üzeyir yadigarı da dirilib təzədən həyata
qayıtsın).
Üstündə Üzeyir bəyin öz dəsti-xətti:
"Möhtərəm Xurşid xanım! Səy və
çalışqanlığınızın nəticəsi
olaraq təb və nəşr edilmiş bu əsərimi sizə
təşəkkürlərlə təqdim və proletar musiqi
mədəniyyəti cəbhəsində göstərməkdə
olduğunuz müvəffəqiyyətlər dolayısı ilə
sizi təbrik edirəm! Üzeyir. 16.V.1934".
Səid Rüstəmov xeyli illər sonra artıq səlahiyyətləri
çoxalmış, boyu artmış və ayrıca dövlət
nəşriyyatına çevrilmiş Azərbaycan Dövlət
Musiqi Nəşriyyatında 1950-də çıxan "Azərbaycan
xalq rəqsləri" kitabının üz
qabığında yazdığı avtoqrafda Xurşid
xanımın bir naşir olaraq ona ötən illərdə
göstərdiyi qayğıları bir-bir sadalayırdı:
"Çox hörmətli Xurşid xanım Qacar! Mənim
xalq musiqisinə aid "Tar məktəbi. 1935", "Azərbaycan
xalq rəqsləri. 1937", "50 Azərbaycan xalq
mahnısı. 1938", "Azərbaycan aşıq
mahnıları"nın 4 toplusunun 1938 nəşrində mənə
göstərdiyiniz böyük köməklərə görə
bu toplunu sizə minnətdarlığımın nişanəsi
olaraq təqdim edirəm".
Uçub gedən anı tuta bilmək insanı həmişə
düşündürüb. Hansısa mətləb səni
çox düşündürürsə, gec-tez onun çarəsini
tapırsan. Musiqi də quş kimidir, suya bənzəyir -
uçur, axır, bir yerdə qərar tutmur. İnsan var
olduqca, minillər boyu, təsəvvür edin ki, nə qədər
gözəl musiqi lövhələri yaranıb. O əski əyyamlarda
musiqini yazıya almaq üsulları kəşf edilsəydi,
indi dünya və insan daha zəngin olardı. Tarixin sübuta
yetirdiyi həqiqətlərdən biri də budur ki, insanın
musiqidən daha ortaq, daha müştərək olan sərvəti
yoxdur. Hətta ədəbiyyat da musiqi qədər
hamınınkı ola bilmir. Bütün digər ruhi cazibələrindən
savayı, yəqin, həm də ona görə ki, musiqinin dili
yoxdur. Yox, musiqinin dili olmağına var, hər xalqın
öz musiqi dili başqasından seçilir. Ancaq musiqinin
dilinin sehri və üstünlüyü ondadır ki, hansı
xalqınkı olur-olsun, tərcüməyə ehtiyacı
yoxdur, onu duymaqla anlayırsan və yəqin, gələcəkdə
dünyadakı bütün insanların ortaq dili yaranacaqsa, o
elə musiqi üstündə köklənmiş olacaq.
Faydalı adam, istedadlı şəxsiyyət
Xurşid Qacar XX yüzilin otuzuncu illərində qaynar həvəslə,
gördüyü işin lazımlılığına dərin
inamla və ən vacibi - şövqlə, sevgi ilə
keçilməmiş bir yolla irəliləyirdi, yeni istiqamət,
irs yaradırdı.
Nəsillər dəyişib, o günlərin, o hadisələrin
şahidlərini vaxt aparıb. Böyük millət
quruculuğu işinin ayrılmaz parçası olan bu xidmətlər
ki itib-batmayıb, tarixin dünənindən boy verməkdədir.
Bəlkə elə Xurşid Qacar illərin
solub-saraltdığı bu vərəqləri toplayıb
saxlayanda sabahlara ümidlə baxaraq bunu da
düşünürmüş ki, haçansa hökmən
zamanı yetişəndə kimsə bunları qaldıracaq,
"sağ ol!"u, minnətdarlığı çox
gecikmiş olacaq, amma heç olmazsa biləcək,
başqalarının da bilməsinə çalışacaq
ki, sələflərimiz bizi biz etməkçün o
çağlar hansı zəhmətlərə
qatlaşıblarmış.
14 mart 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2025. -19 mart(№51).- S.12-13.