"Kinoteatrda bu mənzərəni
izləyəndə utandım"
Rejissor Rüfət Şahbazov: "Sovet dövründən
sonra çökən kinomuzu yenidən dirçəltməyə
çalışırıq"
Müsahibimiz Rüfət Şahbazov "Aramızda
qalsın", "Cehizsiz gəlinlər", "Bir ailəm
var", "Qayınana", "Ata ocağı", "Bu
şəhərdə kimsə yoxdur", "Mən, Lalə, bir də
Şerlok Holms", "Tənha",
"Qızqaçırtma", "Səma ilə
görüş" və "Ağdan qaraya" kimi film və
serialların rejissorudur. Onunla söhbəti oxuculara təqdim
edirik.
- Rüfət bəy, artıq uzun illərdir kino
sektorundasınız. Azərbaycanda bir çox seriallara
quruluş vermisiniz. Bu illər ərzində nələr
qazanıb, nələr itirmisiniz?
- 2010-cu ildən sərbəst şəkildə serial
çəkməyə başlamışam. İşə
"Aramızda qalsın" serialı ilə başladıq.
8-ci seriyaya qədər rejissor Cihan Taşkınla birgə fəaliyyət
göstərdim. Daha sonra "Qayınana" serialını ərsəyə
gətirdik. O vaxtı həmin seriallara baxan uşaqlar indi
böyüyüblər. "Qayınana" serialı xeyli
izləyici kütləsi qazandı. Bu serialların hesabına
rejissor kimi yetişdim. Sonra "Bir ailəm var" serialı
ilə dram mövzusuna müraciət etdim. Onda pavilyonda çəkilən
dram serialı yox idi. Birinci və bəlkə də,
axırıncı dəfə bunu biz etdik. İndi
tanıdığımız məşhur aktyorların əksəriyyəti
həmin seriallardan keçib bu yerə gəliblər. Daha
sonra "Cehizsiz gəlinlər" serialını ərsəyə
gətirdik. Bu serialla paralel başqa seriallar da çəkilirdi.
Komanda rəhbəri digər işləri sonlandırdı və
iki komandanı bir yerə yığıb "Cehizsiz gəlinlər"i
gündəlik seriala çevirdi. Bunların hamısı bir
çox aktyorlarımızın ilk rol aldığı layihələr
olub. Böyük sənətkarlarımız kinoda durğunluq
var idi deyə heç yerə çəkilmirdilər. Bu
işlərin ərsəyə gəlməsi ilə onlar yenidən
bu sahəyə qayıtdılar. "Aramızda qalsın"
serialını çəkəndən bir il sonra dövlət
tərəfindən serial sektoruna maliyyə ayrılmağa
başladı. Ondan sonra bu sahəyə axın oldu. Klip, kino
çəkən hamı serial çəkməyə
başladı. Elə durğun bir dövr idi ki, heç kimi
qınamaq olmazdı. Harada pul var idisə, hamı
özünü ora verirdi. Məsələn, bir müddətdən
sonra gördülər kinoteatrlarda pul var, serial sektorunda
olanların əksəriyyəti başladı ora axın etməyə.
Çünki o qədər pulsuz, işsiz dövr idi ki, insanlar
məcbur qalıb bu sahənin pul gətirən bütün
qollarına baş vururdular. Təsadüfi insanlar belə həmin
ərəfələrdə bu sahəyə gəldilər.
TikTok platforması məşhurlaşandan sonra əlli faizi
qaçdı ora. Amma acınacaqlı bir məqam var ki,
çox istedadlı, işini sevən insanlar o durğunluq
dövründə işin və pulun az olmasına görə
kino sektorundan getdilər. Biz uzunmüddətli gündəlik
seriallarla bir çox aktyoru bu sahədə saxlaya bildik. Teatrda
oynayan aktyorlar gəlib seriallara çəkildikcə xalq
onları tanıdı, məşhurlaşdı. Bir
çoxları buna görə bizi qınayırdı, amma
gündəlik seriallar bu sektorda olan bir çox aktyorun
yetişməyinə səbəb, qaçıb getmələrinə
isə mane oldu.
- Gördüyünüz işlər illərlə
böyük izləyici kütləsi tərəfindən
maraqla qarşılanıb. Ümumiyyətlə, işlərinizin
uğurlu olmasının kökündə nə durur?
- Əsas sirr ondadır
ki, heç vaxt nəsə çəkmək xətrinə
bir iş ərsəyə gətirməmişəm.
Düzdür, gördüyümüz işlərdən pul
qazanmağı düşünmüşük, çünki
bu vacib faktordur ki, ayaq üstə qala biləsən. Amma
çəkdiyimiz hər serialı, hər filmi hər şeydən
öncə bir mesaj ötürmək üçün,
kütləyə yaxşı mənada təsir göstərə
bilmək üçün etmişik. Siz özünüz də
sizə xeyri olmayan bir məhsulu nə alarsınız, nə də
onu istifadə edərsiniz. Vətənpərvərlik,
xalqı, milləti sevmək, bir də bu sahənin
ölmüş, sönmüş vaxtında bura gəlməyimiz
bizi bu sahənin heyranı edib. Bu sahə çiçəklənəndə,
ona kifayət qədər pul ayrılanda o qədər insan
bura axın edəcək ki. O cür gəlməyə nə
var ki. Burada ən böyük sıçrayışı,
yüksəlişi bizim nəslin nümayəndələri
etdilər. Bu sektora olan sevgimiz bizi bu yerlərə gətirib
çıxardı.
- Bu günlərdə aktyorlardan biri Azərbaycanda kino
və serial sektorunda mövzu qıtlığı olduğunu,
daha çox ailə-məişət mövzusunda işlər
görüldüyünü və buna görə də
ekranlarda az göründüyünü bildirdi. Sizin bu fikrə
münasibətiniz necədir?
- Hər kəsin öz azad seçimi var. İstəyən
ekranda çox görünər, istəməyən az. Ailə-məişət
mövzularını şablonlaşdırıb bəzi
serialların üzərinə yapışdırıblar deyə
insanlar o sözdən qorxurlar. Amma əslində qorxulu deyil.
Əslində, həmin mövzu çox vacibdir. Əgər
düzgün yazılıb, düzgün çəkilərsə.
Ailə-məişət mövzulu serialları itirsək, ailə
dəyərlərimizi itirərik. Qərb ölkələrində
belə bir qayda var ki, 18 yaşından sonra hər kəs
azaddır. Düzdür, azadlıq yaxşı bir şeydir,
amma böyüklərin məsləhəti ilə
yaxşıdır. Oradakı azadlıq anlayışına
görə əxlaqsızlıq, ailə dəyərlərinin,
vətənpərvərlik hissinin məhv olması baş
alıb gedir. Ailəni parçaladınsa, xarici qüvvələr
onu rahat şəkildə idarə edə bilər. Vətənpərvərlik
ailədən başlayır. Bu mövzunu da zəif şəkildə
çəkirlər deyə, mənasız mövzuları
qabardırlar deyə insanlar da belə seriallardan iyrənirlər.
- Rüfət bəy, Azərbaycanda kino sektorunda nə
qədər uğurlu işlər görülsə də, nədənsə
tamaşaçılar çox vaxt narazı qalırlar.
- Bunun iki səbəbi var və hər iki səbəb
doğrudur. Azərbaycan tamaşaçısı təkcə
öz filmlərimizə yox, xarici filmlərə də
baxırlar. Hazırda platformalarda olan filmlər müxtəlif
dillərdədir. İstəyən həmin filmlərə
türk, istəyən ingilis, ispan, rus dillərində
baxır. Tamaşaçılar da o qədər fərqli
seriallara, filmlərə, layihələrə baxırlar ki,
baxdıqları o filmlərindəki səviyyəni bizimkilərdən
də istəyirlər. Amma dərinə gedib anlamaq istəmirlər
ki, həmin dövlətlərin kinosu inkişaf etmiş,
maliyyə qaynaqları rahat olan, ssenaristləri, rejissorları
sosial problemləri olmayan sektorda əmələ gələn
layihələrdir. Bizim qolu-qanadı qırıq, sürünə-sürünə
gedən kinomuzun o səviyyəyə çatmasına
çox var. Düzdür, artıq bizdə də inkişaf
müşahidə olunur, yaxşı serial və filmlərimiz
istehsal olunur. Amma yenə də tamaşaçı bunları
fikirləşmədən başqa ölkələrdə ərsəyə
gələn işlərlə bizim işləri müqayisə
edir, sonda da narazı qalırlar. Milyonlarla büdcəsi olan
filmlə on min büdcəsi olan filmi müqayisə edib necə
"bizdə alınmır" deyə bilərsən?
Xaricdə aktyorlara aylarla xüsusi müəllimlər
dərs keçirlər, sonra məşqlər edib çəkilişə
başlayırlar. Sonda da aktyor və rejissora elə qonorar
verirlər ki, onlar həmin ərəfədə əlavə
gəlir gətirən başqa bir işlə məşğul
olmurlar. Yatanda da həmin işi düşünürlər,
duranda da. Onların uğurlu iş ərsəyə gətirmələrinin
əsas səbəb budur. Bizim aktyorlarımız səhər
serial çəkilişinə gəlirlər, axşam
tamaşa oynamağa, həftə sonları isə reklam
çəkilişlərinə gedirlər. Setin ortasında
obrazı canlandıracağı anda ağlına gəlir ki,
kreditin, borcun vaxtıdır. Tamaşaçı bunları
görmür. Düzdür, bayaq qeyd etdiyim kimi, 4-5 il əvvələ
baxanda indi inkişaf var, getdikcə yüksəlirik. Amma buna
baxmayaraq, hələ də tamaşaçı qane olmur. Bir
çoxları istəyir ki, filmlər, seriallar qəpik-quruşa
başa gəlsin. Aktyor qəpik-quruşa işləyirsə,
ondan nə tələb edə bilərsiniz? Sən istəyirsən
ki, çəkdiyin filmə yaxşı qonorar verib peşəkar
operator çağırasan. Amma az pul ayırırlar deyə
məcbur olub videoqrafla kino çəkirsən. Bir ildi əlinə
fotoaparat alan, tamam başqa sahədən olan birini kinoya gətirirlər
ki, ucuz işləyəcək. Amma buna baxmayaraq, Azərbaycanda
elə seriallarımız var ki, kifayət qədər büdcə
ilə çəkilən türk seriallarından qat-qat
üstündür. Son zamanlar çəkilən serial və
filmlərimizə baxandan sonra Türkiyənin
televiziyalarında yayımlanan bir çox seriallara baxanda ətim
tökülür. "Vətəndaş A",
"Alatava", "Əqrəb mövsümü", "Mən,
Lalə, bir də Şerlok Holms" kimi seriallarımız
kifayət qədər uğurludur. Şəxsən mənə
görə "Əqrəb mövsümü" serialı
türklərin "Netflix" platformasında yayımlanan, təxminən
eyni mövzuda olan "Məzarlıq" serialından qat-qat
uğurludur. Tamaşaçı niyə bunu demir? Belə
şeyləri də demək lazımdır. İkinci səbəb
isə küyə gedənlərdir. Sosial şəbəkələrdə
film və seriallarımız haqqında mənfi fikir
yazanları rəy bölməsindən çıxarıb
şəkillərini göstərsələr, görəcəyik
ki, əksəriyyəti orta məktəb uşaqları və
həyatda heç bir uğuru, məqsədi olmayan
insanlardır. Təbii ki, bu sözləri hamıya aid etmirəm.
Çox ağıllı, savadlı, düzgün tənqid edən
insanlar da var. Bilirsiniz, şüursuz şəkildə mənfi
rəy yazanların niyyəti çox deyil. Onların məqsədi
həmin sahədə olan insanların özgüvən hissini
qırmaqdır. Hər sahədə belə insanlar var. Elələri
"Bizdə bu alınmaz, görün xaricdə necədir",
"əşi, bizimkilər bacarmır" deyib kimlərisə
ruhdan salmağı özləri üçün vəzifəyə
çeviriblər. Kimisə tənqid edib özünü
ağıllı göstərmək istəyən xeyli adamlar var.
Elə bizim sahədə də elələrinin sayı az
deyil. Amma onların əksinə, hər zaman bizə dəstək
olan kütlə də var. Bir nəfər bizimkilər kino
çəkə bilmir deyən kimi azı on nəfər ona
görülən işləri sayır və cavabını
verir. Biz sovet dövründən sonra çökən kinomuzu
yenidən dirçəltməyə
çalışırıq. Müasir Azərbaycan kinosu
doğulur və biz onu adət-ənənələrə sadiq
qalaraq böyüdəcəyik.
- Necə oldu ki, buxovları qıraraq uşaq
serialı çəkmək qərarına gəldiniz?
- Uzun müddətdir, bu serialı çəkməyi
düşünürdük. Çünki uşaqlar
üçün Azərbaycan kinosunda heç nə istehsal
olunmur. Ona görə ki, uşaqlarımız xaricilərin
çəkdiyi filmlərə baxaraq tərbiyə alırlar,
böyüdükcə də ailə dəyərləri məhv
olur gedir. Onlar öz tərbiyəmizlə böyüməlidirlər.
Uzun müddətdir Azərbaycanda uşaqlar üçün
demək olar, heç nə yox idi. Balacalarımız müxtəlif
platformalarda onlara aid olmayan serial və filmlərə
baxırlar. Biz "Qızqaçırtma 1" filmini
yuxarı yaş təbəqəsi üçün çəkmişdik.
Niyə görəsə həmin filmi 13+ kateqoriyasına əlavə
etdilər. Bu filmi uşaqlarımız üçün
çəkməmişdik. Amma orta məktəb
uşaqları sinif-sinif gəlib "Qızqaçırtma
1"ə baxırdılar. Kinoteatra gedib kənardan mənzərəni
izləyəndə utandım. Bilet satılır deyə bir
çoxları sevinirdi, amma mən utandım. Bilsəydim ki,
bu filmə orta məktəb uşaqları baxacaqlar, bir
çox zarafatları kəsib atardım. Çünki biz onu
uşaqlar üçün çəkməmişdik. Uşaq
filmlərimiz olmadığına görə onlar kütləvi
şəkildə böyüklərə aid olan filmlərə
baxmağa gedirlər və yaxud da xaricilərin başqa
ölkələrə nə ötürmək istədikləri
bilinməyən filmlərə baxırlar. İctimai TV, Elm və
Təhsil Nazirliyi sağ olsun ki, bizə dəstək oldular.
İnanıram ki, "Mən, Lalə bir də Şerlok
Holms"un böyük kütləsi var. Bu layihə onu
göstərdi ki, Azərbaycanda da uşaqlar üçün
bir iş ərsəyə gətirmək olar. Belə işlərin
sayı çoxalsın, bunu təkcə biz etməyək.
Əgər say çoxalmasa, Azərbaycanda uşaqlar
üçün film və serial çəkilməsə, gələcəkdə
bunun fəsadları ilə üzləçəyik.
- Bəs kinoteatrlar üçün uşaq filmi
çəkməyi düşünürsünüzmü?
- Düşünürük, hətta ssenari də
yazırıq. Baş prodüserimiz Amiran Babayevlə birlikdə
maliyyə mənbələrini tapsaq, kinoteatrlarımıza da
uşaq filmi verəcəyik.
Ləman İLKİN
525-ci qəzet .-2025. -19 mart(№51).- S.11.