Azərbaycan Milli Xalça Muzeyində “Qəlb”
adlı fərdi sərgi açılıb
Azərbaycan Milli Xalça Muzeyində rəssam Aydan Nəbizadənin
“Qəlb” adlı fərdi sərgisi açılıb. Sərgidə
duyğular, hisslər və rənglərlə zəngin 30-a qədər
əsər nümayiş olunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Qəlb” sərgisi
Aydan Nəbizadənin uzunmüddətli bədii
axtarışlarının, daim dəyişən və
inkişaf edən yaradıcılığının
uğurlu nəticəsi olmaqla yanaşı, onun daxili aləminə
açılan pəncərədir.
Rəssamın bədii düşüncəsində
parlaq, cəsarətli, ilhamverici, eyni zamanda həssas, refleksiya
və özünüdərk qabiliyyətinə malik qadın
obrazları xüsusi yer tutur. Fərdi
dünyagörüşünü özünəməxsus
texnika ilə birləşdirərək unikal üslub
formalaşdıran Aydan xanımın hər fırça
toxunuşu düşünülmüş və məqsədyönlüdür.
O, bir-birindən fərqli, lakin səmimi hisslər yaradan,
xüsusi estetik dəyərə malik əsərlərini
müəllif və tamaşaçı arasında ünsiyyət
vasitəsi kimi təqdim edir.
Aydan Nəbizadə Azərbaycan təsviri sənətində
ilk dəfə qeyri-adi formalı kətanlardan istifadə edən
rəssam kimi daim yenilikçi ruhuna sadiq qalır, insanları əsərlərində
əks olunan dəyərləri kəşf etməyə səyahətə
yönəldir.
“Qəlb” sərgisi mövsümün ən maraqlı
mədəniyyət hadisələrindən birinə şahid
olmaq, həmçinin müəllifin
yaradıcılığını, sənətə
yanaşma tərzini, saf, dərin sevgisini duymaq
üçün gözəl fürsətdir.
525-ci qəzet .-2025. -19 mart(¹51).- S.10.