İki gün Zakir
ocağında
Bu il martın 8-də, başda Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli
olmaqla, bir qrup əməkdaşla Qasım bəy Zakir
ocağını ziyarət üçün Ağdam rayonuna səfər
etdik. Heyətimiz Xalq şairi Sabir Rüstəmxanlı, AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik
Teymur Kərimli, həmin İnstitutun "Qərbi Azərbaycan
və Qarabağ əlyazmalarının tədqiqi"
şöbəsinin müdiri, elmlər doktoru, professor Raqub Kərimov
və memar Elçindən ibarət idi. Səfərdə məqsəd
Qasım bəy Zakirə məxsus Xındırıstan kəndində
şairin şərəfinə park salıb, onun ev-muzeyinin
yerini müəyyənləşdirmək və konfrans
keçirmək idi.
Nümayəndə heyətini Ağdam şəhərinin
kiçik modeli və rəmzi paytaxtı olan Quzanlı qəsəbəsində
(buranı şərti olaraq mini şəhər də
adlandırmaq olar) icra başçısı Vaqif Həsənov
qarşıladı. Özü də necə
qarşıladı - gülər üzlə, xoş aurayla,
bir dünya sevinclə. Elə bil çoxdan üzlərinə
həsrət qaldığı əzizlərini
qarşılayırdı. Bu səhnəni görən bəndəniz
gözlərinə inana bilmirdi. Çünki ömründə
müxtəlif məsələlərlə bağlı dəfələrlə
bir neçə katib və icra başçıları ilə
görüşündə hər dəfə onların
hüzuruna gedəndə Sabir Rüstəmxanlının vaxtilə
onlar haqqında peyğəmbərcəsinə dediyi
"kiçik padşahlar" ifadəsinin canlı şahidi
olmuş, bu "padşahların dərgahından" məyus
və əliboş qayıtmışdı. İndi isə
tamamilə başqa bir səhnənin şahidi olub, inana
bilmirdi ki, qarşısında dayanaraq söhbət etdiyi,
fikirlərini bölüşdüyü humanist təbiətli,
vətəninin, xalqının qeyrətini çəkən,
başçılıq etdiyi regionda barış, ehtiram,
insanlara qayğı kimi ali hisslərə malik bir şəxsdir.
Onun həlim və mehriban baxışları, nurlu siması,
gülər üzü, xoş aurası, Qasım bəy Zakirdən
ehtirasla, sevgi və məhəbbətlə
danışması insanı heyran edirdi. İcra
başçısının Qasım bəy Zakirdən
ehtirasla, sevgi və məhəbbətlə
danışması da məni valeh etdi. Hiss olunurdu ki, V.Həsənov
da Zakir haqqında geniş məlumata malikdir və şairin
keçdiyi ömür yoluna, onun ədəbiyyatımızın
xəzinəsinə bəxş etdiyi zəngin ədəbi
irsinə yaxşı bələddir.
Ertəsi günümüz Ulu öndər Heydər
Əliyevi yadetmə mərasimi ilə başlandı. Bu dahi
insanın heykəli önünə gül dəstələri
qoyaraq onu ehtiramla yad edib, sanki onun xeyir-duasını
aldıqdan sonra Zakirin ev-muzeyinin tikiləcəyi məkana gəldik.
Burada İkinci Dünya müharibəsi
iştirakçılarının şərəfinə
ucaldılmış möhtəşəm abidənin
aşağı hissəsində salınmış qədim
bağda yeni fidanlar əkmək üçün
ayrılmış yerdə ağacəkmə aksiyası həyata
keçirildi. İlk fidanı icra başçısı ilə
akademik İsa Həbibbəyli əkdi. Sonra isə heyət
üzvləri buraya gətirilmiş ağac və gül
kollarını böyük fərəhlə əkdilər.
Burada iştirak edən hər bir insanın üzündə
sevincdən yaranan təbəssüm oxunurdu. Təkcə biz -
qonaqlar deyil, qısa müddət ərzində buraya
toplaşan qoca, ahıl, cavan və uşaqlar da sevinclərini
gizlədə bilmir, sanki möhtəşəm bir el şənliyində
iştirak edirdilər. Aksiya sona çatdıqda rayonun icra
başçısı böyük sevinclə bizi oraya
toplaşan insanlara təqdim etdi, onun dəvətini qəbul edərək
gəldiyimizi dedi, şənimizə xoş sözlər
söylədi və sonda dəvəti qəbul edib gəldiyimizə
görə bizə öz dərin təşəkkürünü
bildirdi.
Nümayəndə heyətinin
başçısı, akademik İsa Həbibbəyli icra
başçısının çıxışına cavab
olaraq təşəkkürünü bildirdi və
üzünü bizi əhatə edən camaata tutaraq Qasım
bəy Zakir haqqında xoş sözlər söylədi,
qısaca olaraq onun ədəbiyyatımız tarixində
tutduğu mövqeyi şərh etdi və gəlişimizin məqsədini
onlara açıqlayaraq ümumrespublika səviyyəli belə
bir işin əsas təşəbbüskarı olan Vaqif
müəllimə eyni səmimiyyətlə təşəkkür
etməyi də unutmadı.
Hələ ölkəmizin başı üstündən
qara yellər əsdiyi zaman qeyrətli vətən oğlu kimi
mübarizə meydanına atılan və dəfələrlə
həyatı təhlükə qarşısında qalsa da,
öz məramından dönməyən, həmin anlardan
xalqın yaddaşına mətin iradəli şəxsiyyət
kimi daxil olmuş Sabir Rüstəmxanlı özünün dərin
məzmunlu çıxışı ilə mərasimə
toplaşanları Zakirin ev-muzeyinin yerinin müəyyənləşdirilməsi
və buradakı bağda abadlıq, ağacəkmə işlərinin
görülməsi münasibətilə təbrik etdi.
Sonra Zakirin nəsil şəcərəsinin
davamçısı, el-obanın dərin hörmətini
qazanmış el ağsaqqalı Bəhram həkim
çıxış edərək gələn qonaqlara, bu mərasimə
toplaşan camaata öz dərin təşəkkürünü
bildirdi.
Qasım bəy Zakirə həsr olunmuş elmi konfrans
qəsəbənin klubunda keçirildi. Konfransı giriş
sözü ilə icra başçısı V.Həsənov
açdı və Zakirin ədəbiyyatımızdakı
mövqeyi, şairin həyat və
yaradıcılığı, eləcə də onun şərəfinə
tikiləcək ev-muzeyi haqqında məlumat verdi.
Çıxışının sonunda o, bu münasibətlə
Bakıdan gələn Zakirsevərlərə öz dərin təşəkkür
və minnətdarlığını bildirdi.
Konfransın aparıcısı növbəti
sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə
verdi. İsa müəllim Qasım bəy Zakir haqqında
geniş məruzə edərək onun ədəbiyyatımız
qarşısındakı xidmətlərindən, ictimai
satiranın formalaşmasında oynadığı misilsiz
rolundan söhbət açdı və demək olar ki,
şairin çoxşaxəli
yaradıcılığının qısa da olsa bütün
sahələrinə toxundu. Çıxışının
sonunda akademik görülən tədbirləri yüksək
qymətləndirilərək icra başçısı Vaqif
Həsənova və bu işdə əməyi olan hər bir
kəsə öz dərin təşəkkürünü bildirdi.
Tribunaya qalxan şair Sabir Rüstəmxanlı indiyə
qədər Zakirin heç bir yerdə heykəli, yaxud
büstü qoyulmadığını təəssüflə
qeyd edərək bildirdi ki, belə ustad şairin heykəlini
Vaqifin məqbərəsi ilə qoşa görmək istərdi.
Daha sonra o, Prezidentimizin diqqət və qayğısı
altında Ağdam şəhərində gedən
böyük inşaat işlərindən danışdı
(Sabir müəllim səhər tezdən Ağdam şəhərinə
gedib oradakı quruculuq işləri ilə tanış
olmuşdu). Çıxışının sonunda şair ibrətamiz,
vətənpərvər məzmunlu şeiri ilə
iştirakçıları feyzyab etdi.
Millət vəkili Bəxtiyar Əliyev konfransda Zakirin
yaradıcılığında dövlətçilik ənənəsindən,
şairin ana dilimizin saflaşdırılmasından bəhs edərək
Firudin bəy Köçərlinin onun dili haqqında söylədiyi
fikirlərdən, şairin ictimai mövzulu şeirlərindən
söhbət açdı.
Lal axan çaylar kimi sakit və təmkinli
görünən Teymur Kərimli nitqini Zakirin məşhur:
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni.
- misraları ilə başladı, nüfuzedici, asta və
məlhəm çıxışı ilə auditoriyanı sehrləyib
ələ aldı. Sinədəftər alim şairin şeirlərini
özünəməxsus ustalıqla dinləyicilərə ərməğan
etdi və bu qiymətli hədiyyələrin əvəzi
olaraq onlardan alqışlar eşitdi. Teymur müəllim
çıxışında Zakirin ədəbiyyatımızdakı
mövqeyini özünə məxsus məharətlə dinləyicilərə
açıqladı və şairin ədəbi irsindən gətirdiyi
şeir nümunələri ilə dinləyicilərə
qaranlıq qalan mətləbləri izah etdi.
Mən isə "Zakir və müasirləri"
mövzusunda çıxış edərək onun M.F.Axundov,
Cəfərqulu xan Nəva və digər müasirləri ilə
münasibətlərini yeni baxışla şərh etdim,
Zakirlə Vaqifin yaradıcılığının oxşar və
fərqli cəhətlərinə aydınlıq gətirməyə
çalışdım. Çıxışımda həmçinin
Sabir Rüstəmxanlının sözünə qüvvət
olaraq Zakirin büstünün Şuşanın görkəmli
yerlərindən birində qoyulmasını və hər il Vaqif
kimi onun da poeziya günlərinin keçirilməsi arzumu
söylədim. Təklifim auditoriya tərəfindən
alqışla qarşılandı. Sonra müəllifi
olduğum "Zakir və müasirləri", "Sədi
Sani Qarabaği", "Abdulla bəy Asinin həyat və
yaradıcılığı", "XIX əsr Qarabağ
şairlərinin şeir antologiyası" və digər
kitablarım haqqında ictimaiyyətə məlumat verib, həmin
kitabları Ağdam rayon icra hakimiyyətinə hədiyyə
etdim.
Konfransda Zakirin oğlu Nəcəfqulu bəyin nəsil
davamçısı - onun kötücəsi, Ağdam rayonunun
tanınmış ziyalılarından olan Bəhram həkim
çıxış edərək konfrans
iştirakçılarına, rayon rəhbərliyinə, gələn
qonaqlara və bu işdə zəhməti olan hər bir kəsə
öz dərin təşəkkürünü bildirdi.
Tədbir konsert proqramı ilə başa
çatdı.
Zakir ocağının qonağı olduğumuz bu iki
günü sevinclə, fərəhlə yaşadıq və
elə həmin hisslərlə də Bakıya qayıtdıq.
Ruhun şad olsun, böyük sənətkar!
Raqub KƏRİMOV
Professor
525-ci qəzet .-2025. -19 mart(№51).- S.9.