Qarabağ
xalçaları Abşeron torpağında
Builki Novruz ərəfəsində Abşeronun dəniz-torpaq
timsallı mavi-sarı rənglərinə Qarabağın
allı-güllü çalarları da əlavə olundu.
Suraxanı Rayon İcra hakimiyyəti
və Azərbaycan Mədəni İrs Sənətkarlığına
dəstək və Kreativ Sənaye İctimai Birliyinin təşkilatçılığı
ilə Suraxanıda və Xırdalanda silsilə tədbirlər
keçirildi. Qarabağın qədim
xalçaçılıq ənənələrini yaşadan
yaradıcılıq mərkəzlərinin dəyərli
nümunələri geniş auditoriyaya təqdim olundu.
Tədbir təşkilatçılarından biri,
Laçın Xalçaçılıq Mərkəzinin rəhbəri
Azər Rəsulovun dediyinə görə, sərgilənən
sənət əsərləri azad Laçında toxunan
xalçalardır. Bu xalçalar ənənəvi Qarabağ
texnikası ilə toxunur, amma müasir tələblərə
uyğun yenilikçi elementləri də özündə əks
etdirir.
Qeyd olundu ki, Suraxanı və Abşeron rayonlarında
keçirilən sərgilər ənənəvi xarakter
daşıyacaq, həm yerli həm də xarici qonaqların
marağını cəlb etmək üçün önəmli
bir platformaya çevriləcək.
Qarabağ xalçalarının ornamentlərində
Novruzun bütün simvolları əks olunub - səməni də, xonça da,
tonqal da, hər biri də əlvan, parlaq rənglərdə.
Tədbir vaxtı Yaradıcı Mərkəzin
“Box”ça layihəsi də təqdim edildi. Novruz bayramında
boxça bağlamaq ənənəsi ailələr və
yaxın dostlar arasında məhəbbəti və birliyi əks
etdirib.
Sözügedən sərgiləri Abşeron
camaatı heyranlıqla qarşıladı – xalçaların
alabəzək fonunda şəkil çəkdirən kim,
xalçalara tumar çəkib hərarətini duyan kim,
gözəl əl işlərindən zövq alan kim. Bu, həm
də keçmişə bir ekskurs oldu. Yaşadılan ənənələr
tarixi də daim canlı tutar, unudulmağa qoymaz.
525-ci qəzet .-2025. -19 mart(№51).- S.8.