Azərbaycanlılara
qarşı qanlı faciə - 31 mart soyqırımı
“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların
soyqırımı günü kimi dövlət səviyyəsində
qeyd olunur. Həmin gün soyqırımı
qurbanlarının anma tədbirləri keçirilir, dünya
ictimaiyyətinin diqqəti xalqımıza qarşı
aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də
qeyd olunmalıdır ki, xalqımıza qarşı
yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da,
bu barədə əsl həqiqətlər yalnız Azərbaycan
rəhbərliyinin qətiyyəti sayəsində son illərdə
dünya ictimai fikrinə çatdırılmağa
başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının,
ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı
icmalarının üzərinə böyük məsuliyyət
düşür”.
Ümummilli lider Heydər Əliyev
1918-ci ilin 30 mart tarixindən başlayaraq Bakı şəhərində
üç gün davam edən qırğın zamanı erməni
silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların
yaşadıqları məhəllələrə qəflətən
basqınlar edib, uşaqdan böyüyədək hər kəsi
qətlə yetiriblər. Mart soyqırımları zamanı
Şamaxıda törədilən cinayətlər xüsusilə
diqqət cəlb edir. Belə ki, Şamaxının 72 kəndində
ermənilər tərəfindən 7 min nəfərin, o
cümlədən 1653 qadın və 965 uşağın
öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi
məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış
Fövqəladə İstintaq Komissiyası tərəfindən
həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin
86-nın erməni təcavüzünə məruz
qaldığı təsdiqlənib. Ötən əsrin
90-cı illərindən etibarən yerli tədqiqatçılar
tərəfindən aparılan bir sıra araşdırmalardan
sonra müəyyən edilib ki, erməni cinayətkarları
Şamaxı şəhərində təqribən 14-16 min,
onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə
yetiriblər. Şamaxı qəzasından didərgin
düşənlərin sayı isə 18 min nəfərdən
çox olub.
Tarixi keçmişə nəzər saldıqda ermənilərin
özləri üçün yaratdıqları “böyük
erməni xülyası” xalqımızın qan
yaddaşına çevrildi. Erməni millətçiləri
tarixin müxtəlif mərhələlərində mifik
“Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək
məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə,
deportasiya və soyqırımları həyata
keçirmişlər. Azərbaycan xalqının
başına gətirilən ən dəhşətli faciələrdən
biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin
mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı dəstələri tərəfindən
xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi
kütləvi surətdə qətlə yetirilmişdir.
Bakı şəhərində, habelə Bakı
quberniyasına daxil olan digər şəhər və qəzalarda
on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə
görə qətlə yetirilmiş, insanlar işgəncələrə
məruz qalmış, onlara qəsdən fiziki qüsurlar
yetirilmişdir. Yaşayış məntəqələri
dağıdılmış, mədəniyyət abidələri,
məscid və qəbiristanlıqlar yerlə-yeksan
edilmişdir. Sonrakı dövrlərdə daha da
azğınlaşan erməni millətçiləri qeyri-insani
əməllərini davam etdirib, Qarabağ, Zəngəzur,
Naxçıvan, Şirvan, İrəvan və digər
bölgələrdə kütləvi qətllər, talanlar və
etnik təmizləmələr həyata keçiriblər.
Azərbaycan xalqına qarşı törədilmiş
bütün soyqırım faciələrini qeyd etmək məqsədi
ilə 1998-ci il martın 26-da Ulu öndər Heydər
Əliyev “Azərbaycanlıların soyqırımı
haqqında” Fərman imzalamışdır. Sözügedən
Fərmanla martın 31-i “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmişdir. Fərmanda
deyilirdi: “Azərbaycanın
XIX-XX əsrlərdə
baş verən bütün faciələri torpaqlarının
zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil
etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il
mart soyqırımına siyasi qiymət vermək cəhdi
göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra
qədər həyata keçirə bilmədiyi qərarların
məntiqi davamı olaraq soyqırımı hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul
edir”.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə ermənilərin xalqımıza qarşı törətdiyi
31 Mart soyqırımı faciəsinin
araşdırılması və həqiqətlərin
dünyaya yayılması işi həyata keçirilməyə
başlanılmışdır. 26 mart 1998-ci il tarixli Fərmanın
imzalanması faktı məsələ ilə bağlı
aparılan tədqiqatlara, habelə həqiqətin üzə
çıxarılması istiqamətində səylərin
artırılmasına təkan vermişdir. Bu Fərmandan sonra
həmin tarixin öyrənilməsi istiqamətində
mühüm işlər görülmüş, çoxlu əsərlər
yazılmış və əcnəbi dillərə tərcümə
olunmuşdur. Ötən illər ərzində
aparılmış araşdırmalar sayəsində bir
çox yeni faktlar və sənədlər toplanmış və
Quba şəhərində kütləvi məzarlıq
aşkarlanmışdır. Üzə çıxmış
tarixi faktlar isə 1918-ci ilin mart-aprel aylarında və
sonrakı dövrlərdə erməni millətçilərinin
həyata keçirdikləri qanlı aksiyaların
coğrafiyasının daha geniş və faciə
qurbanlarının sayının qat-qat çox olduğunu
sübuta yetirir.
Ermənilərin kütləvi soyqırımı
törətdikləri digər bir bölgə isə Quba olub.
Orada öldürülənlərin təxmini sayının
2900-dək, Quba qəzası üzrə ümumilikdə isə
4000 nəfərdən artıq olduğu qeyd olunur.
Soyqırımı nəticəsində Quba qəzasının
122 kəndi tamamilə dağıdılıb, 2750-dən
çox ev tamamilə yandırılıb.
Erməni-bolşevik silahlı dəstələrinin
1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri
bəşəri cinayətlər barədə həqiqətlərin
ölkə və dünya ictimaiyyətinə daha dolğun
çatdırılması məqsədilə Prezident
İlham Əliyevin imzaladığı Sərəncama əsasən,
1918-ci ildə törədilən azərbaycanlıların
soyqırımının 100 illiyi təkcə Azərbaycanda
deyil, dünyanın bir çox guşələrində
yaşayan həmvətənlərimiz, diaspor təşkilatları,
xaricdəki səfirliklərimiz tərəfindən geniş
qeyd olundu. Azərbaycan xalqına qarşı ermənilərin
ötən əsrlərdə apardıqları
soyqırımı siyasəti nəticəsində 2 milyondan
artıq soydaşımız, günahsız insanlar qətlə
yetirilib, kəndlər, şəhərlər
dağıdılıb, yandırılıb. Terrorun,
işğalçılıq siyasətinin dövlət səviyyəsində
dəstəkləndiyi Ermənistanın Azərbaycana
qarşı zaman-zaman ərazi iddiaları səbəbindən
baş verən qırğınlar nəticəsində qətlə
yetirilən şəhidlərimizin sayı yüz minlərlədir.
Ümumiyyətlə, artıq tarixə qovuşan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər
tərəfindən öldürülən azərbaycanlıların
sayı 20 mindən çoxdur. Erməni
silahlılarının ərazilərimizdə
apardığı hərbi əməliyyatlar nəticəsində
20 min soydaşımız yaralanıb, 4 mini itkin
düşüb, minlərlə təhsil, səhiyyə, mədəniyyət
müəssisəsi, tarixi abidələr
dağıdılıb.
“Azərbaycanlılara qarşı soyqırımı
siyasətini ifşa etmək, bütün həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq üçün
müəyyən işlər görülmüşdür.
Lakin bu sahədə hələ qarşıda görüləsi
işlərimiz çoxdur” söyləyən Ulu öndərin
imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərman, Prezident İlham
Əliyevin iştirakı ilə Xocalı faciəsinin
ildönümləri münasibətilə keçirilən
aksiyalar daşnakların dövlətimizə və
xalqımıza qarşı işğalçılıq və
soyqırımı cinayətlərinin açıqlanması
baxımından çox mühüm addımlardır.
Erməni cəlladlarına ən layiqli cavab isə 44
günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın
qazandığı Zəfər, Ermənistanın kapitulyasiya
aktını imzalaması oldu.
Elxan Quliyev
Əməkdar müəllim
525-ci qəzet .-2025. -19 mart(¹51).- S.8.