Sülh sazişinə
bir addım: İrəvan niyə yolu uzadır?
Ötən həftə Ermənistanla Azərbaycan
arasında sülh sazişi mətninin tam
yekunlaşdırılmasına dair hər iki tərəfdən
verilən rəsmi bəyanat beynəlxalq gündəmin əsas
məsələlərindən biri olaraq qalmaqdadır. Bu, əksər
dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən
təqdir olundu, alqışlandı. Amma təəssüf ki,
saziş mətnini tam razılaşdırmaq hələ
sülh müqaviləsinin imzalanması demək deyil. Ona
görə ki, açıq qalan bir sıra mühüm
detallar var ki, İrəvan onları yerinə yetirməlidir.
Əks halda, regionda dayanıqlı sülhün bərqərar
olması mümkün deyil. Bunlardan ən vacib olanı Ermənistan
konstitusiyasıdır ki, bəlli olduğu kimi, həmin sənəddə
Azərbaycana qarşı ərazi iddiaları yer alıb.
Başqa bir məqam isə ondan ibarətdir ki, Ermənistanın
davranışları heç də sülhdə maraqlı
olduğunu göstərmir. Məlumdur ki, saziş layihəsindəki
17 maddənin hər birinin razılaşdırılmasına
dair verilən açıqlamadan dərhal sonra Ermənistan
silahlı qüvvələrinin bölmələri atəşkəsi
pozdu. Artıq üç gündür ki, gün ərzində
dəfələrlə Azərbaycan Ordusunun mövqeləri atəşə
tutulur.
Belə olanda isə sual yaranır: Ermənistan nə
istəyir? Əgər sülhdə səmimidirsə, o zaman atəş
açmaqda məqsəd nədir? Əgər bu, orduda
hansısa dairələrinin sifarişi ilə edilirsə, yenə
də burda günahkar və məsuliyyət daşıyan Ermənistan
rəhbərliyidir. Bütün bunlara görə də İrəvana
etimad sıfır səviyyəsindədir.
Azərbaycan Prezident İlham Əliyev ötən həftə
XII Bakı Qlobal Forumundakı nitqində bu məqama toxunaraq
deyib: “Əslində Ermənistana etimad səviyyəsi
sıfra bərabərdir. Biz onların hər hansı
sözünə inanmırıq. Çünki onlar elə
insan deyillər ki, biz inana bilək, o cümlədən
onların indiki hökumətinə. Onların dediyi bizim
üçün sıfır məna kəsb edir. Bizə sənədlər,
yazılı kağızlar lazımdır. Bizə
lazımdır ki, onların Konstitusiyasında Azərbaycana
qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana
qarşı ərazi iddiaları hələ də qalır.
Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın.
Biz bu mesajı Ermənistana çatdırırıq və
deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O,
Qarabağ məsələsinin həlli üçün
yaradılmışdı. İndi Qarabağ məsələsi
həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi
kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması
üçün ümumi müraciətdə siz bizə niyə
qoşulmursunuz? Onlar istəmirlər. Belə
çıxır ki, onlar bir ayağını ərazimizdə
yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual
olaraq”.
Ermənistanın tutduğu mövqe, sözdə bir, əməldə
başqa cür davranması sülh prosesinin
yekunlaşmasına təbii ki, mənfi təsir göstərir.
Ermənistan hələ ki, sülhlə imitasiya etməkdədir.
Özünü dünyaya sülhpərvər kimi təqdim
edir, buna görə də Azərbaycanla yarımçıq
sülh müqaviləsi imzalamağa çalışır.
Amma Bakı bu məsələdə qətiyyətli mövqe
ortaya qoyub, ondan geri addım atmayacaq.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Mətin Məmmədli mövzu ilə
bağlı “525”ə deyib ki, Azərbaycanla Ermənistan
arasında sülh sazişinin yaxın zamanlarda imzalanması
az ehtimal olunur: “Çünki sülh müqaviləsi layihəsi
razılaşdırılsa da, ondan kənar bizim
üçün vacib məsələlər var ki, Ermənistan
tərəfindən həmin məsələlər qəbul
edilməyib. Söhbət ilk növbədə Ermənistan
konstitusiyasının dəyişdirilməsi, eyni zamanda,
ATƏT-in Minsk qrupunun buraxılması kimi vacib məsələlərdən
gedir. Digər məqamlar da var, amma mən bu ikisini fərqləndirmək
istərdim. Görünən odur ki, Ermənistan hakimiyyəti
bu məsələlərdə hələ də konstruktiv
mövqe nümayiş etdirmək niyyətində deyil.
Bunları əsas götürərək hesab edirəm ki, Ermənistan
hökuməti bu məsələlərdə konstruktivlik
nümayiş etdirməyəcəksə, yaxın zamanlarda
sülh müqaviləsinin imzalanacağını da gözləmirəm”.
Ekspert söyləyib ki, Azərbaycanın bu məsələlərdə
mövqeyi prinsipialdır: “Biz, qəti olaraq Ermənistandan tələb
edirik ki, Azərbaycana qarşı ərazi iddialarını
ehtiva edən Konstitusiya dəyişdirilməlidir.
Keçmiş münaqişənin qalığı olan
ATƏT-in Minsk qrupu buraxılmalıdır və s. Yəni
bunlar edilməyənə qədər mən gözləmirəm
ki, yaxın zamanlarda sülh müqaviləsi imzalansın”.
Ermənistanın son günlər atəşkəsi
mütəmadi pozmasına toxunan ekspert deyib ki, İrəvanın
davamlı olaraq şərti sərhəddə atəşkəsi
pozması, hərbi təxribatlar törətməsi ondan xəbər
verir ki, regionda davamlı sülhdə maraqlı deyil: “Bir tərəfdən
sülhdən danışır, sülh ritorikasından
davamlı istifadə edir, digər tərəfdən hərbi
təxribatlar törətməsi Ermənistanın bölgədə
davamlı sülhün formalaşması ilə bağlı səmimi
mövqedə olmadığının nümayişidir. Eyni
zamanda da biz nələri müşahidə edirik. Ermənistan
son illər intensiv olaraq silahlanır, şərti sərhəddə,
xüsusilə də son aylarda yeni atəş nöqtələri
qurub, istehkam xətləri çəkib, hərbi texnika
daşınır və s. Bütün bunların fonunda da hərbi
təxtibatlar törədilir. Hər halda hesab edirəm ki, Ermənistanın
bu təxribatları törətməkdə məqsədi
bütövlükdə ondan ibarətdir ki, müəyyən
mənada həm də bizə güc nümayiş etdirirlər.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi
Qafqazda yeni bir geosiyasi, hərbi reallıqlar formalaşıb. O
reallıqları müəyyən mənada dəyişmək
gücündə olduqlarını nümayiş etdirməyə
cəhd göstərirlər”.
Bəs Ermənistan nə etmək istəyir: yeni
müharibə, yoxsa sülh prosesini yekunlaşdırmaq?
Ekspertə görə, Ermənistanın dəqiq istəyinin
nədən ibarət olması hələ də qeyri-müəyyəndir:
“Hesab edirəm ki, Ermənistan Azərbaycanla
yarımçıq bir sülh müqaviləsi imzalamağa
çalışır. Bununla da dünyaya nümayiş
etdirsin ki, sülhdə maraqlıdır, sülhpərvər
dövlətdir. Ancaq digər tərəfdən də qeyd
etdiyim kimi, Azərbaycanın sülh sazişinin imzalanması
ilə bağlı haqlı və legitim tələblərini
qəbul etməməklə, eyni zamanda, hərbi təxribatları
davam etdirməklə bölgədə davamlı sülhdə
maraqlı olmadığını göstərir”.
Rusiyalı politoloq Sergey Markedonov da son inkişaflara
münasibət bildirib. O, sosial şəbəkə
hesabında yazıb ki, Ermənistan və Azərbaycan sülh
sazişi imzalamağa yaxınlaşıblar: “Yeni il bayramı
ərəfəsində, 2024-cü ilin dekabrında Prezident
İlham Əliyev Bakı və İrəvanın kompromis əldə
edə bilmədiyi iki məqamı qeyd etdi. Müzakirələr
beynəlxalq məhkəmələrdəki iddialar, o cümlədən
üçüncü qüvvələrin dövlət sərhədində
yerləşdirilməməsi ilə bağlı idi. Bu
iddiaların hər ikisi erməni tərəfinə
ünvanlanmışdı, çünki məhz Ermənistan ərazisində
Avropa İttifaqının müşahidə missiyasını
yerləşdirib və Azərbaycanla bağlı Beynəlxalq
Ədalət Məhkəməsində iddiaları olub.
Prezident Əliyevin həmin açıqlamalarından bir
neçə ay sonra Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov açıq şəkildə bəyan edib ki, Ermənistan
mübahisəli məqamlarla bağlı təklifləri qəbul
edib. Az sonra rəsmi kanallar vasitəsilə İrəvandan məlumat
gəldi və Ermənistan tərəfi kompromisə getməyə
hazır olduğunu təsdiqlədi. Baş nazir Nikol
Paşinyan dedi ki, bu müddəaların ideal ifadəsini tapa
bilməyəcəyimiz bəlli olanda biz, Təhlükəsizlik
Şurası formatında müzakirələr apardıq və
sənədin mövcud məzmununun kompromis həll variantı
sayıla biləcəyi qənaətinə gəldik”
Rusiyalı ekspert daha sonra suallar edib: “Uzun müddətdir
davam edən bu münaqişənin tarixinə son qoymaq
olarmı? Çoxdan gözlənilən sülh əldə
olunurmu və Qafqaz yeni dövrə qədəm qoyurmu?
Bütün bu suallara müsbət cavab vermək istərdim.
Ancaq indi də bütün sülh konstruksiyasının
sabitliyinə müəyyən şübhələr
qalmaqdadır. Dünya ictimaiyyətinin Bakı və İrəvandan
gələn xəbərlərə kifayət qədər təmkinli
reaksiyası yəqin ki, bununla izah olunur. Məsələ hətta
onda deyil ki, kompromis sazişləri yekun mətndə təcəssüm
etdirməlidir”.
Növbəti mərhələdə Bakının
gözləntilərinə diqqət çəkən politoloq
xarici işlər naziri Ceyhun Bayramovdan sitat gətirib: “Ermənistan
Azərbaycana qarşı hələ də ərazi
iddialarını özündə əks etdirən
Konstitusiyasına dəyişiklik etməlidir”.
Amma Markedonov əlavə edib ki, İrəvanda yenə
də başqa cür düşünürlər: “Nikol
Paşinyanın sözlərinə görə, sülh
sazişinin hazırlanması, eləcə də Ermənistan
Konstitusiya Məhkəməsinin ərazi iddialarının
olmaması ilə bağlı qərarı artıq problemi
bağlayıb. Gördüyümüz kimi, tam deyil... Lakin
konstitusiya münaqişələri ilə yanaşı, sərhədlərin
demarkasiyası və delimitasiyası və “dəhliz” problemi həll
olunmamış qalır. Sülh müqaviləsinin mətnində
bu barədə yazılmayıb, amma praktikada bu məsələlərin
həlli demək olar ki, daha vacibdir. Bir sözlə, regiona
sülhün gəlməsi üçün nəinki söz və
sənədlər, həm də əməli hərəkətlər
lazımdır”.
Pərvanə
525-ci qəzet .-2025. -19 mart(¹51).- S.5.