Böyük
Qayıdış naminə möhtəşəm quruculuq
işləri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
martın 18-də Sərsəng su anbarından Ağdərə
rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan
sonra açılışında iştirak ediblər.
Dövlət başçısının ötən
il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng
su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən
avtomobil yolunun yenidən qurulması işləri yüksək
səviyyədə həyata keçirilib. Dördüncü
texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət
zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın
rahat və təhlükəsiz hərəkəti
üçün zəruri işlər görülüb.
Azərbaycanın dövlət siyasətində yol
infrastrukturunun yaxşılaşdırılması prioritet
istiqamətlərdəndir. Prezidentin tapşırıq və
göstərişlərinə əsasən, yol təsərrüfatının
bərpası, yenidən qurulması və müasir standartlara
uyğunlaşdırılması istiqamətində işlər
işğaldan azad olunmuş ərazilərdə də sürətlə
davam etdirilir.
Bu ərazilərdə icra olunan yol layihələri
yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat
şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin
gücləndirilməsi və təhlükəsiz nəqliyyat
şəbəkəsinin təmin edilməsi baxımından
da önəm daşıyır. Sərsəng su anbarından
Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil
yolunun yenidən qurulması da belə mühüm layihələrdən
biridir. Həyata keçirilən yenidənqurma işləri
bu yolda rahat gediş-gəlişi təmin edəcək,
yük və sərnişin daşınmasını
asanlaşdıracaq, bölgənin turizm potensialının
inkişafına da töhfə verəcək.
Həyata keçirilən infrastruktur layihələri
içərisində yolların yenidən qurulması
xüsusi yer tutur. Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin son məlumatına əsasən, "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı"na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə
Agentlik tərəfindən icra edilən layihələrin
sayı 44, ümumi uzunluğu isə 3040.1 kilometr təşkil
edir. Bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən
illərdə başa çatdırılıb. Tikintisi davam
edən 38 layihənin isə 2025-2026-cı illərdə
başa çatdırılması nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı yenidənqurma işləri
çərçivəsində dəmiryol infrastrukturu da bərpa
edilir. Horadiz-Ağbənd dəmir yolu xətti ilə
bağlı bütün layihə işləri bitib və
tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir
yolu xəttinin çəkilişi başa çatıb.
Ağdam avtovağzal və dəmiryolu vağzalı
kompleksinin tikintisi həyata keçirilir. Qarabağ və
Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri
arasında hava yolları da müstəsna əhəmiyyət
daşıyır. Artıq Füzuli və Zəngilan Beynəlxalq
Hava Limanları tikilərək istifadəyə verilib.
Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə
verilməsi nəzərdə tutulub. İşğaldan azad
olunmuş ərazilərdə tikilən hava limanları
bölgənin əhəmiyyətini artırmaqla
yanaşı, gələcəkdə turizm potensialının
artmasına da imkan yaradacaq. İşğaldan azad edilmiş ərazilərdə
enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən
bərpa olunan enerji potensialından səmərəli istifadə
çərçivəsində sistemli tədbirlər həyata
keçirilir. Prezident İlham Əliyevin işğaldan azad
edilmiş ərazilərlə bağlı müəyyən
etdiyi iqtisadi inkişaf kursunda xüsusən bu ərazilərin
yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən
biri hesab olunur. Dövlət başçısının
Qarabağ və Şərqi Zəngəzurun yaşıl
enerji zonasına çevrilməsi ilə bağlı
tapşırığına uyğun olaraq 4 il ərzində
270 MVt gücündə 32 su elektrik stansiyası istismara
buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik
stansiyasının açılışı
planlaşdırılır. Ümumilikdə isə növbəti
illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik
stansiyalarının tikilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən il Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində ümumi
uzunluğu 3 032,4 kilometr təşkil edən yol
salınıb. Ötən il Avtomobil Yolları Dövlət
Agentliyi Ağdam, Kəlbəcər və Laçın
rayonları ərazisində yol infrastrukturunun,
Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın,
Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
və Toğanalı Kəlbəcər-İstisu avtomobil
yollarının inşasını aparıb, 35 avtomobil yolunun
layihələndirilməsini və tikintisini yerinə yetirib, o
cümlədən respublika əhəmiyyətli 875,4 kilometr və
yerli əhəmiyyətli 2 157 kilometr yol salıb.
Dövlət Proqramına uyğun olaraq il ərzində
işğaldan azad olunmuş ərazilərdə 7 kəndə
gedən avtomobil yollarının və 4 rayonlararası
avtomobil yollarının da tikintisi işləri
aparılıb. O cümlədən: - Cəbrayıl rayonu,
Horovlu kəndinə gedən avtomobil yolunun tikintisi - 2,8
kilometr, 2 hərəkət zolaqlı, icra 97 faiz, Ağdam rayonu, Kəngərli kəndinə
gedən avtomobil yolunun tikintisi - 3 kilometr, 2 hərəkət
zolaqlı, icra 38 faiz, Qubadlı rayonu, Mahruzlu kəndinə gedən
avtomobil yolunun tikintisi - 0,3 kilometr, 2 hərəkət
zolaqlı, icra 10 faiz, Qubadlı rayonu, Zilanlı kəndinə
gedən avtomobil yolunun tikintisi - 0,2 kilometr, 2 hərəkət
zolaqlı, icra 10 faiz, Zəngilan rayonu, Cahangirbəyli kəndinə
gedən avtomobil yolunun tikintisi - 0,5 kilometr, 2 hərəkət
zolaqlı, icra 10 faiz, Xocalı rayonu, Malıbəyli kəndinə
gedən avtomobil yolunun tikintisi - 1 kilometr, 2 hərəkət
zolaqlı, icra 35 faiz, Suqovuşan-Sərsəng su
anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun
24-cü kilometr-Umudlu- 10,2 kilometr, 2 hərəkət
zolaqlı, icra 85 faiz, Suqovuşan-Kəlbəcər (9 kilometr)
Ağdərə-Ağdam avtomobil yolunun tikintisi - icra 30 faiz,
Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun
tikintisi - 24 kilometr hissəsi | texniki dərəcəli, icra 56
faiz, Bərdə-Ağdam (40 kilometr)-Əsgəran avtomobil
yolunun tikintisi, Tərtər-Ağdərə avtomobil yolunun
yenidən qurulması işi həyata keçirilib. Bundan
başqa, 7 şəhərin - Şuşa, Ağdam, Füzuli,
Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl
daxili yollarının layihələndirilməsi və tikintisi
işləri aparılıb, o cümlədən Şuşa
şəhərində - 52 kilometr, I mərhələ 15,8
kilometr 1-ci mərhələnin icrası 20 faiz, müvafiq
olaraq Ağdam şəhərində - 189,7 kilometr, I mərhələ
58,7 kilometr 70 faiz, Qubadlı şəhərində 74 kilometr,
I mərhələ 24 kilometr 8 faiz, Zəngilan şəhərində
32 kilometr, I mərhələ 15,8 kilometr 10 faiz, Kəlbəcər
şəhərində - 26,5 kilometr, I mərhələ 18,9
kilometr 25 faiz, Cəbrayıl şəhərində - 44,5
kilometr, I mərhələ, 24 kilometr 97 faiz və Füzuli
şəhərində 84,7 kilometr, I mərhələ 18,5
kilometr 24 faiz təşkil edib.
Millət vəkili Vüqar Bayramovun sözlərinə
görə, İkinci Qarabağ müharibəsindən sonra
dövlət büdcəsindən işğaldan azad
edilmiş torpaqlarımızın bərpasına 19 milyard
manat vəsait ayrılıb:
"2025-ci ildə bu istiqamətdə ən azı 4
milyard manatın ayrılacağını nəzərə
alsaq, bu o deməkdir ki, Vətən müharibəsindən
sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına
23 milyard manat vəsait ayrılıb. Azərbaycan Qarabağ və
Şərqi Zəngəzur regionlarını yalnız daxili mənbələr
hesabına qurur, yenidən inşa edir. 2025-ci il ərzində
işğaldan azad edilmiş ərazilərimizə daha intensiv
şəkildə məskunlaşmanın həyata keçiriləcəyi
gözlənilir. Ağdam şəhəri daxil olmaqla yeni
yaşayış məskunlaşma həyata keçiriləcək.
Həm də işğaldan azad edilmiş ərazilərimizə
daha çox sərmayənin cəlb edilməsi və özəl
sektor hesabına iş yerlərinin sayının
artırılması gözlənilir. Praktik olaraq bu gün
Qarabağ və Şərqi Zəngəzurda tədqiq edilən
dövlət dəstəyi, vergi güzəştləri, digər
subsidiya mexanizmləri özəl sektorun işğaldan azad
edilmiş ərazilərimizə daha çox sərmayə
qoyulmasını təşviq edir".
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
İlyas Hüseynov qeyd edib ki, önəmli məsələlərdən
biri odur ki, Prezident həm Qarabağ, həm də Şərqi
Zəngəzuru yaşıl enerji zonası elan edib. Onun
sözlərinə görə, bu tendensiyaların, inkişaf
prioritetlərinin həm də Qarabağ və Şərqi Zəngəzurda
implementasiya hazırda mühüm əhəmiyyət kəsb
edir: "Çünki enerjinin genorasiyası, günəş,
külək enerjisinin istifadəsi üçün bölgədə
çox geniş potensial var. Hətta deyərdim ki, ixrac
potensialı da var. 2025-ci ilin dövlət büdcəsindən
Qarabağda aparılan işlərin həyata keçirilməsi
üçün 4 milyard manatdan çox vəsait
ayrılıb. Əsasən enerji, infrastrukturun
yaradılması, yeni nəqliyyat hablarının qurulması,
ənənəvi enerji mənbələrinin bərpası nəzərdə
tutulur. Ötən illərə nəzər salsaq, görərik
ki, 30-dan çox Su Elektrik Stansiyası yenidən bərpa
olunub, bütün yollar yenidən çəkilib. İlk dəfə
məhz Qarabağ iqtisadi zonasında yeraltı tunellərin
çəkilməsi Azərbaycan dövləti tərəfindən
həyata keçirilib və uğurla icra edilib. Qarabağ və
Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri
arasında hava yolları da müstəsna əhəmiyyət
daşıyır. Füzuli və Zəngilan beynəlxalq hava
limanlarından sonra Laçın beynəlxalq hava
limanının istifadəyə verilməsi nəzərdə
tutulub. Xüsusən, qeyd etmək lazımdır ki, hava
limanları bölgənin əhəmiyyətini artırmaqla
yanaşı, gələcəkdə turizm potensialının
artmasına da böyük imkan yaradacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .-2025. -20 mart(№52).- S.23