Təbiət insanı yaşadır
və bəzən sınağa çəkir
(Əvvəli 17 mart sayında)
Vulkanların ekoloji indeksinin (VEİ) 1-dən 8-ə qədər
dərəcəyə bölünməyi irəli sürən
şkala ilə ölçülür. 1 dərəcədə
azacıq lava axını baş verir, 8-ci dərəcə isə
meqa (nəhəng) vulkan püskürməsini ifadə edir. Bu
ölçü Rixter şkalası üzrə müəyyən
olunur. Yuxarıda xatırlanan Tambora püskürməsinin
ekoloji indeksi 7-yə, Karakataununku isə 6-ya bərabər idi.
Bəzilərinin dağıdıcı təsiri 1945-ci ildə
Hirosimaya atılan atom bombasından daha güclü olur.
Karakatau vulkanının püskürməsini, bir qədər
qəribə görünsə də, mən tam əks effektə
malik olan qədim yunan intellektual enerjisinin partlayışı
ilə müqayisə etmək istərdim. Vulkan on kilometrliklərlə
hündürlükdə atmosferə zərərli kül
kütləsi buraxmışdı, Günəşin həyatverici
işığının qarşısını
almışdı. Təbiət Karakataudan bəşəriyyətə
qarşı qisas silahı kimi istifadə etmişdi. Qədim
Yunanıstan isə dünyaya ilk dəfə elmin, incəsənətin,
arxitekturanın min illər ərzində sönməyən
işığını bəxş etmiş, haqlı olaraq
Avropa sivilizasiyasının beşiyi adlanmışdır.
Afina tarixə digər dövlət quruluşlarını rədd
edən və xalqın hakimiyyətinə əsaslanan
demokratiyanı çox qiymətli bir irs kimi qoyub getmişdir.
Demokratiyanın isə başlıca əsası seçkidir.
Dövləti hansısa uzurpator deyil, məhz xalqın öz
seçkisi ilə etibar etdiyi adamlar idarə edir. Afinalıların,
Periklin irsi məhv olmadı, iki min il sonra ABŞ-nin
bani-atalarının siyasi hünəri hesabına bu dövlətin
idarə edilməsində öz əksini tapdı. XX əsrdə
faşizm demokratiya ilə rəqabət döyüşünə
girsə də, uğur qazana bilmədi və demokratiyanın
işıqlı kabusu zəfərlə dünyanı
dolaşmağa başladı.
Təbii fəlakətlərə həm də zəlzələ,
sunami, leysan yağış, daşqın, çay və dəniz
səviyyəsinin yüksəlməsindən sahildəki
yaşayış məntəqələrini su basması,
tayfun və tornado daxildir. Rusiyanın şərqində hər
il buzların əriməsindən çayların suyunun
artması, sahil zonalarını daşqına məruz qoyur.
Leysan yağış İspaniyada 2024-cü ildə xeyli insan
tələfatı ilə nəticələnmişdi.
Yaponiyada, Çində, ABŞ-da tayfun, demək olar ki, hər
il baş verməklə, həmin ölkələrə
böyük maddi ziyan vurur, insan həyatının itkisi də
baş verir. 1991-ci ildə Çinin Şenjen şəhərində
olarkən tayfunu müşahidə etməli olmuşdum. Həmin
şəhərdən 7 km. məsafədə olan Honkonqda
tayfun insan tələfatına səbəb olmuşdu. Birləşmiş
Ştatlarda isə tez-tez baş verən tornado daim fəlakət
gətirir.
Ümumiyyətlə, təbii fəlakətlər bəşəriyyətə
böyük ziyan vurur. XX əsrdə, 1908-ci illə 1990-cı
il arasında dünyada 23 təbii fəlakət baş
vermiş, onlarda 1,5 milyon nəfər adam həlak olmuşdu.
Xarabalıqları müasir insanın da böyük
marağına səbəb olan və bizim eranın 79-cu ilində
Vezuvi vulkanının, püskürməsi nəticəsində
Pompei və Herkulanum şəhərləri məhv olmuş,
sakinlər həlak olmuşdular. Pompei bütünlüklə
böyük kül qatı altında qaldığından,
mindən çox adamın mumiyalanmışa bənzər cəsədləri
tapılmışdır. Onları ölüm qəflətən
haqlamışdı. Pompei meqapolis hesab olunurdu, əhalinin həyat
səviyyəsi də nisbətən yuxarı idi, lakin
onları məhv edən bədbəxtlik, sönməyən
Vezuvi vulkanının ətəyində məskunlaşmalarının
nəticəsi idi.
Zəlzələlər də vulkan püskürməsindən
sonra böyük fəlakət mənbəyi hesab olunur, onlar
da iri miqyaslı dağıntılara və insan həyatı
itkilərinə səbəb olur. XX əsrdə böyük zəlzələlər
Çində (1920-ci il); Çilidə (1960-cı il); Alyaskada
(1964-cü il) və İndoneziyada (2004-cü il) baş
vermişdir. Onların hər birinin maqnitudası Rixter
şkalası üzrə 8,6 - 8,4 bal təşkil edir. Zəlzələdən
daha çox ölənlər 1201-ci ildəki Misirdəki və
Suriyadakı fəlakət vaxtı baş verməklə, 1100
min adamın itkisinə səbəb olmuşdur: 1976-cı ildə
Çində baş verən zəlzələdə 655 min,
2004-cü ildə Sumatradakı zəlzələdə 160 min
adam ölmüşdü. Sumatra zəlzələsinin əmələ
gətirdiyi nəhəng sunami Hind okeanının bütün
sahillərinə dağıdıcı təsir göstərmiş,
Afrikanın şərq sahilinə gəlib
çıxmışdı.
Lakin zəlzələ təhlükəsinə
qarşı görülən tədbirlər, tikintidə
seysmik təhlükəni nəzərə alma olduqca
yaxşı nəticə verir. 1979-cu ildə ABŞ-da
San-Fernando zəlzələsi baş verərkən,
San-Fransisko şəhəri dağıntılara məruz
qalmışdı. Xeyli sonra baş verən zəlzələdə
şəhər ziyan çəkməmiş, yalnız bir
hayvey (magistral yol) çatlamışdı. Çünki həmin
şəhərdə evlərin tikintisində seysmik təhlükəyə
davamlılıq qaydası bütünlüklə nəzərə
alınmışdı. Təəssüf ki, belə misallar
olduqca azdır.
Zəlzələnin dağıdıcı təsiri isə
o qədər güclü olur ki, onun nəticələrini illərlə
də ləğv etmək mümkün olmur. 1980-ci ilin
dekabrında İtaliyanın Kampaniya vilayətindəki Avellino
şəhəri böyük dağıntıya məruz
qalmışdı. Bir il sonra orada çoxlu uçuq binalar hələ
də bərpa edilməmişdi.
1985-ci ildə isə Meksikanın paytaxtı Mexikoda
böyük zəlzələ baş vermiş, xeyli bina
uçub dağılmışdı, insan itkisi də baş
vermişdi. Beş il sonra Mexikoda, şəhərin baş
küçələri olan Paseo de la Reforma və
İnsurxentes prospektlərində uçmuş və ya zədələnmiş
bina gözə dəymirdi. Zona Rosa adlanan kübarlar yaşayan
məhəllədə isə villalara zəlzələlər
təsir göstərə bilməmişdi. Lakin şəhərin
mərkəzində zəlzələdən uçmuş
göydələn binanın dəmirdən və betondan ibarət
karkası saxlanılmışdı ki, zəlzələnin nəticəsinin
şəhadəti kimi qalsın.
SSRİ-nin böyük ərazilərndə zəlzələ
olmamışdı. Bu da Rusiyanın geniş düzənliklərə
malik olması ilə əlaqədar idi. Düzənlik o qədər
uzanır ki, bu, qəribə görünsə də, rus
mahnılarında da öz əksini tapmışdır. Ruslar
adətən, mahnılarında sözləri uzatmaqla oxuyurlar.
Böyük müğənni Fyodor Şalyapinin ifa etdiyi
"Ey, uxnem" mahnısı buna konkret misaldır.
Lakin Orta Asiyadakı iki cənub respublikasında olduqca
güclü və dağıdıcı zəlzələ
baş vermişdi. 1948-ci ildə Aşqabaddakı zəlzələdə
çoxlu insan tələfatı olsa da, SSRİ qapalı
ölkə olduğundan. onun miqdarı bildirilməmişdi.
Şəhər isə bütünlüklə
dağılmışdı. Aşqabad bərpa olunduqda, orada
iri mərtəbəli binalar tikilməmişdi, əsasən,
az mərtəbəli yaşayış evləri meydana gəlmişdi.
1966-cı ilin aprelində isə Daşkənddə
olduqca dağıdıcı zəlzələ şəhərin
mərkəzinə böyük ziyan vurmuşdu. Lakin
ölüm hadisəsi nisbətən az idi. Bundan üç
ay əvvəl Pakistanla münaqişəni yoluna qoymaq
üçün Daşkəndə danışıqlar
aparmağa gəlmiş, Hindistanın Baş naziri Lal Bahadur
Şastri ürək tutmasından qəflətən vəfat
etmişdi. Elə bil ki, şəhər lənətə gəlmişdi.
SSRİ rəhbərliyi Özbəkistan paytaxtının bərpasına
bütün sovet respublikalarını cəlb etmişdi.
Palçıqdan tikilmiş binalar daşdan və
bişmiş kərpicdən inşa edilmiş çoxmərtəbəli
binalarla əvəz edildiyindən, Daşkənd ilk dəfə
idi ki, öz adının mahiyyətini doğrultmağa
başlamışdı.
1988-ci ilin dekabrında Ermənistandakı Spitak zəlzələsi
həmin şəhəri viran qoymuş, qonşu Leninakan
(indiki Gümri) şəhərinin əksər
binalarını uçurmuşdu. Zəlzələnin
maqnitudası çox yüksək olmasa da, tikintinin keyfiyyətsiz
aparılması hesabına iki şəhər böyük
miqyaslı dağıntıya məruz qalmış, 25 min nəfər
adam ölmüşdü.
Qorbaçovun göstərişi ilə yenə bütün respublikalar həmin
şəhərləri bərpa etməli idi. Lakin son 20 il ərzində
ölkədə intizam ciddi surətdə zəiflədiyindən,
SSRİ dağılana qədər burada o qədər də
böyük iş görülməmişdi. Müstəqil
Ermənistan isə öz yarasını sağaltmaq əvəzinə,
qonşu Azərbaycana silahlı təcavüz etdi və
respublikanın 20 faizini işğal etdi. Ermənistan ordusu
tutduğu 7 rayonu xarabazara çevirdi, tarixin ilk vandalları da
özlərinin tutduqları əraziləri heç də belə
dəhşətli dağıntıya məruz
qoymamışdılar və əsassız olaraq onlara bənzədilən
Ermənistan ordusunun nəhayətsiz vəhşiliyinə, yəqin
ki, təəccüb edərdilər.
Ermənistan zəlzələ baş verəndən
sonra Azərbaycanın humanist köməyini də qəbul etmədi,
üstəlik, oraya göndərilən onlarla xilaskarın təyyarəsinin
yerə enməsinə aeroport məmurları icazə verməməklə,
onun qəzaya uğramasına səbəb oldu və qəza,
köməyə tələsən günahsız insanların
həlak olması ilə nəticələndi.
2020-ci ilin payızındakı 44 günlük
müharibədə isə Azərbaycan ordusu erməni
silahlı vəhşilərini ərazisindən qovub
çıxartmaqla yanaşı, onu bütünlüklə məhv
etmək astanasında dayandı.
XXI əsrin başlanğıcında Asiyada iki dəhşətli
zəlzələ baş verdi və onlar geniş miqyasda sunami əmələ
gətirdi. 2004-cü ildə Sumatra zəlzələsinin nəticəsi
olan sunami Hind okeanı sahillərini xaraba qoymuşdu. 2011-ci ildə
isə Yaponiyanın Xonsyu adasının yaxınlığında
Sakit okeanda baş verən zəlzələ olduqca nəhəng
sunami əmələ gətirdi. Sahilə yaxın ərazidə
dalğa 30 metr hündürlüyə qalxıb, oradakı
tikililəri bütünlüklə dağıldı, gəmiləri,
qayıqları, avtomobilləri isə dalğa okeana aparıb,
onları məhv edirdi. Sunami sahildə yerləşən
Fukusima - 1 atom elektrik stansiyasına da böyük ziyan vurdu,
yaponların fədakarlığı olmasaydı, burada
Çernobıl effekti yarana bilərdi. Reaktorlardan radioaktiv maddə
Çernobıldakının 20 faizi miqdarında atmosferə
yayılmışdı. Fukusima - 1 AES-nin tam bərpası
üçün 40 ilə bərabər vaxt lazımdır.
Təəssüf ki, insanlar təbii kataklizmlərdən
çox vaxt düzgün nəticə çıxarmırlar.
Zəlzələnin dağıtdığı şəhərlərin
sakinləri təkrarən həmin yerdə şəhəri bərpa
edib, onu yenidən təhlükə atlına qoyurlar. Alman tədqiqatçısı
Henrix Şliman 1870-ci illərdə Homerin təsvir etdiyi
Troyanı tapmaq üçün arxeoloji qazıntı
apardıqda, bir əfsanəvi şəhər əvəzinə,
Türkiyənin həmin Gissarlıq ərazisində bir
neçə qatda yerləşmiş 9 Troyanı
tapmışdı. Bizim ölkəmizdə də Şamaxı
1902-cü il zəlzələsində
dağıldığı halda, adamlar yenə də həmin
yerdə şəhəri bərpa etmişdilər. Türkiyənin
İstanbul şəhəri qorxulu seysmik zonada yerləşdiyi
halda, orada şəhər əhalisinin sayı 20 milyonu
ötüb keçmişdir. Mütəxəssislər isə
İstanbulda daha dağıdıcı zəlzələnin
baş verəcəyi proqnozunu verirlər. Təhlükəni
nəzərə almamaq heç də igidlik deyildir, əksinə,
özünü yanan evin dağıntıları altında
qalmaq kimi acı tale ilə üzləşdirməyə bənzəyir.
Epiloq
Təbiət insan üçün, onun
yaşaması, nəslinin artırması üçün hər
cür şərait yaradır. Təbiətin bir hissəsi
kimi Günəş Yer üzündə yaşayan insanlara və
bütün canlılara hərarət verir. Təbiət
öz sehrli fəaliyyəti ilə bitkilərin köməyi
ilə qeyri-üzvi maddələri üzvi maddələrə
çevirib, bütün canlıların qidalanması
üçün şərait yaradır. Bitki aləmi
insanı və məməli heyvanların bir qismini orqanizm
üçün lazım olan maddələr bolluğu ilə
təmin edir. Məməlilərin digər qismi otla deyil, ətlə
qidalandığından, ot yeyən heyvanları ovlamaqla öz
həyati tələbatlarını ödəməyə nail
olurlar. Yırtıcılar, sürü şəklində olan
öz ovları üçün həm də sanitar rolunda
çıxış edir, onları xəstəliklərin
kütləvi qayada yayılmasından qoruyur.
Yer üzündə insan və digər
canlıların yaşaması üçün hər cür
ilkin şəraitlər vardır. Bunu etməklə təbiət,
həqiqətən də, onlar üçün ana rolunu
oynayır, çünki ana da öz körpəsini xeyli
müddət bətnində gəzdirib, həyata gətirdikdən
sonra onu öz döşünün südü ilə
qidalandırır. Ana nəsli artırmaq üçün hər
cür əziyyətlərə dözür, onlara sinə gərir.
Tam oxşar xarakterli təbiət isə özünün
yaratdığı və bir hissəsi olan insandan bəzən
ziyan görür, onun ağılsız zərbəsinə məruz
qalır. Canlıların yaşaması üçün, iki
elementin vəhdətindən ibarət olan və olduqca sadə
birləşməni əmələ gətirən su
insanın yaşaması, bitki və heyvan aləminin
mövcudluğu üçün mühüm şərt
rolunu oynayır. İnsan əkinçilik istehsalına
başladıqda suvarma texnologiyasını da mənimsəmiş,
torpağı suvarmaqla daha bol məhsul əldə edə
bilmişdir. Lakin suyun izafi israfı torpaqların
şoranlaşmasına, onun məhsul vermək qabiliyyətinin
yoxa çıxmasına səbəb olduğundan, tarixin ilkin
qüdrətli imperiyalarından biri süqut etmiş,
sıradan çıxmışdı. Təbiətə, onun
nemətlərinə münasibətdə insanın
ölçü hissini gözləməməsi, təkcə
bunu ona bəxş edənə deyil, həm də öz
yaşayış vasitələrinə ağır zərbə
vurur. Suyun çirklənməsi, ondan istifadənin səmərəsini
azaldır. Suya zəhərli maddələrin
axıdılması isə canlı aləmin məhvinə səbəb
olur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .-2025. -20 mart(№52).- S.22.