Memar Sinanın Mehrimah Sultan sevgisi
Tarixin yaddaşında təkcə savaşlar,
qanlı-qadalı hadisələr qalmır. Sevgiləri də
qalır - fərqi yoxdur, sonu vüsalla bitir, ya
ayrılıqla. Onlardan biri əfsanəvi memar Sinanın hekayəsidir.
Əslində, buna təktərəfli sevgi də demək
olar. Memar Sinan Mehrimah Sultana aşiq idi. Mehrimahın 16,
Sinanın 50 yaşı vardı. Mehrimah 1522-ci ildə
Topqapı Sarayında doğulan, anası Hürrəm olan, təhsilli,
əl içində böyüdülən, nazı çəkilən
sultan, ən əsası Sultan Süleyman Qanuninin üzərində
titrədiyi övladlarından biri idi.
Prut çayında qarşılaşma
Mehrimah atası tərəfindən oğlan kimi
yetişdirilmişdi. Qanuni ilə səfərlərə
çıxır, ov ovlamağı, quş
quşlamağı öyrənir, savaş planlarına
yaxından şahidlik edirdi. Sinan gənc Sultanı ilk dəfə
Rumıniya səfərindən qayıdarkən, Prut
çayı kənarında görür. Həmin vaxt
Osmanlı ordusu Boqdan səfərindən qayıdanda
qarşılarına Prut çayı çıxır. Ancaq
keçməyə yer olmayan çayın üstündən
körpü qurmaq lazım gəlir. Sinan da o dönəmlərdə
usta ilə şəyird arasındakı bir yerdə idi,
olduğu mövqe Osmanlıca kalfa adlanırdı. Ailəli
idi. Övladı olmurdu, hətta ilk həyat yoldaşı vəfat
etmişdi. İkinci evliliyi də məcburiyətdən
qurmuşdu. Ancaq görünən odur ki, qismətində əlli
yaşında on altı yaşlı qıza aşiq olmaq da
varmış. Həftələrlə Prut çayını
keçə bilməyən Osmanlı ordusundakı
bütün memarlar səfərbər olmuş, ancaq
körpünün çəkilməyinin mümkünsüz
olduğu qənaətinə gəlmişdilər. Nəhayət
aralarından bir nəfər çıxır və bu işə
qol qoyacağını deyir. Təbii ki, bu cəsarət,
üstün zəka bir nəfərdə vardı - Sinanda.
Kalfa olmağına rəğmən, 13 gündə
körpünü quracağını söyləyir. Qanuni
gülür. Sinan ona güvənmələrini xahiş edir.
Bir yandan da gözlərini Mehrimahdan çəkə bilmir. Bu
məqamda Mehrimah Sinana üzünü çevirir və deyir
ki, "Bu qədər memar burada körpü çəkməyin
mümkünsüz olduğunu deyir, sən isə on
üç gün söyləyirsən. Bu qədər
qısa müddətdə bunu bacarmağın
üçün ya dəli olmağın lazımdır, ya da
aşiq". Sinan boynu bükük vəziyyətdə təbəssümlə
baxışlarını yerə dikir.
Hə də, hər dahi bir az dəlidir. Görünən
odur ki, Sinanda həm dəlilik vardı, həm dahilik. Dediyini
edir, on üç gün içində körpünü
çəkir. Bu hadisədən sonra Sinan, Qanuni tərəfindən
baş memar təyin edilir. Qızını ərə vermək
üçün namizəd axtaran Qanuniyə kürəkən
olaraq Memar Sinan və Diyarbəkir valisi Rüstəm Paşa
göstərilir. Ancaq Hürrəm qızını Rüstəm
ilə evləndirir. Bu eşq Sinanı yeməkdən-içməkdən
kəsir, arıqladır, ruhunu çökdürür. Hətta
rəvayətə görə, belə deyir özünə:
"Bu dünyada sən mənə yar olmadın, amma sənin
adına elə əsərlər yaradacağam ki, Mehrimah Sultan
deyiləndə ağıla Memar Sinan gələcək". Və
yenə dediyini edir. Sinan Sultana olan sevgisini İstanbulun
Ədirnəqapı və Üsküdar səmtlərində
inşa etdiyi məscidlərlə isbatlayır. Birincisi
Üsküdarda, meydanın ortasında, dənizin sahilində,
limanın qarşısında yerləşən Mehrimah Sultan
Məscididir. İbadətgahın tikinti işləri başa
çatdıqdan sonra Sultan buranı görməyə gəlir.
Xeyli baxır və "bir az qaranlıq olub" deyir. Mehrimah
haqlıdır, içəridə əsrarəngiz memarlıq
var, ancaq işıqsızlıq öz sözünü deyir.
Doğum günü hədiyyəsi
Memar Sinan Üsküdardan sonra Ədirnəqapıda,
İstanbulun altıncı təpəsinin üstündə
Mehrimah üçün ikinci məscidin təməlini
atır. Elə gözəl ibadətgah ərsəyə gəlir
ki, görənlər ayaq saxlayır. Bu, inşa edilən məscidlərin
içində ən çox pəncərəsi olan abidədir.
Təbii ki, bu təsadüf deyil. Çünki Mehrimah
Üsküdar məscidinə "qaranlıqdır"
demişdi. Sinan Ədirnəqapıdakı məscidi inşa
edərkən Sultan üçün sürpriz də
hazırlamışdı. Fəqət, Mehrimah Sultan bu sirri
bilmirdi. Bəs bu iki məscid arasındakı sirr nə idi?
Memar Sinan apardığı dəqiq və xüsusi hesabla məscidi
və minarəni elə qurur ki, hər il 21 martda
Ədirqapıdakı məscidin minarəsi üzərindən
batan günəş, Üsküdardakı minarənin üzərində
doğan ayla qarşılaşır. Sinan Mehrimaha olan sevgisini
bu cür ifadə edir. Hamının bildiyi kimi, bu təbiət
hadisəsi ildə bir dəfə 21 martda baş verir - Mehrimah
Sultanın doğulduğu gündə... Sultanın
adının mənası farsca "mehr" günəş,
"mah" ay deməkdir. Böyük memar günəşi və
ayı minarələr arasında birləşdirib, 21 mart
axşamı dərdindən divanə olduğu qadına hədiyyə
etməsi bu dünyada bir kişinin bir qadına etdiyi ən
böyük hadisələrdəndir. Mehrimahın iki məscid
arasındakı bu sirri öyrənəndə göz
yaşlarını tuta bilmədiyi deyilir.
Mehrimah 1578-ci ildə vəfat edir və Qanuni Sultan
Süleymanın türbəsində, atasının yanında
dəfn edilir. Bu türbənin də memarı Sinandır.
Memar Mehrimahdan sonra on il yaşayır və 1588-ci ildə o da
vəfat edir. Məzarı türbənin
yaxınlığında, Süleymaniyə məscidinin
yanındadır. Sevdiyi qadına nə çox uzaq, nə də
çox yaxın. Yeri gəlmişkən, Üsküdardakı
Mehrimah Sultan Məscidinin yaxınlığında
özünün inşa etdiyi Memar Sinan Hamamı yerləşir.
Sanki burada da Mehrimahı uzaqdan izləyirmiş kimi fikir
yaratdı beynimdə.
Qarşılıqsız sevgi
Üsküdardakı məscid iki, Ədirnəqapı
məscid isə tək minarəlidir. Əslində,
sultanların, sultanların həyat yoldaşlarının,
şahzadələrin və onların analarının məscidləri
iki minarəli olmalı imiş. Vəzirlər və
aşağı rütbəlilərin inşa etdirdikləri məscidlər
isə bir minarəli olmaq məcburiyyətində imiş.
Sinan Ədirnəqapı məscidini iki minarəli inşa etməli
imiş. Amma bir minarəli edir. Memar tək minarə ilə
qarşılıqsız sevgisinin ona necə əzab verdiyini,
yaşadığı acını, yalnızlığı, qəlb
qırıqlığını göstərmək istəmişdi.
Qırıq və yalqız qəlb
Ədirnəqapıdakı məscid 20 metr
uzunluğundadır və yerdən 25 metr yüksəklikdədir.
Minarəsi orijinal deyil. Çünki 1766 və 1894-cü il
İstanbul zəlzələləri nəticəsində minarə
dağılıb. Hazırkı minarə əslinə
uyğun olaraq sonradan qurulub. Sinan burada tamamilə fərqli
üslubda çalışıb. Qübbə digərlərindən
fərqlidir. Məscidin əzəmətini fərqli tərzdə
inşa edilən qübbəsi tamamlayır. Sanki bütün
dünyanı ürəyinin içinə qoymaq istəyirmişcəsinə
sonsuzluq duyğusu yaradan Sinan, bu atmosferi yaratmaq
üçün pəncərələrdən içəriyə
şığıyan işıqdan güc alıb. Bu möhtəşəm
ibadətgahı görən Mehrimah da Sinana olan
heyranlığını gizlədə bilməyib. Burada nə
az-nə çox, düz 204 pəncərə var, 161 dənəsi
qübbə və kəmərlərin içərisinə
yerləşdirilib. Bununla da qane olmayan Sinan mərkəzin
üstündə kiçik qübbələrlə
örtdüyü bölmələri genişləndirib, ibadət
üçün daha çox yer açıb.
Sütunların hamısı Bizans dönəmindən
qalmadır. Mehrab üçün ağ mərmərdən
istifadə edilib.
Sinanın imzası olan məscidlər içində
görəcəyiniz ən gözəl minbərlərdən
biri ilə burada qarşılaşacağınız dəqiqdir.
Həndəsi fiqurlar və bitki motivləri iç-içə
işlənib. Məscidin tikildiyi ərazi də xüsusi
seçilib. Külliyə Fateh Sultan Mehmedin əsgərlərinin
şəhərə ilk girdiyi yerin yanında yerləşir.
Sinanın bununla "Sultana duyduğu eşqin onu necə fəth
etdiyi" mesajını verdiyi də ehtimallar arasındadr.
Parçalanma
Burada böyük külliyə var. Dar otaqları olan
kiçik eyvandan ibarət mədrəsə məscidin
atriumunun hər iki tərəfini əhatəyə alıb.
Cüt olaraq tikilən hamam qadın və kişi bölməsindən
ibarətdir və bir-birinin eynisidir. Üstü qübbələrlə
doludur. Bu qübbələr yanından keçəni yolundan
edəcək qədər cazibəlidir. Hazırda
gördüyümüz abidənin planı, təməli,
divarları orijinaldır. Sadəcə kişilərə aid tərəf
istifadə edilməkdədir. O vaxt Sultanın xüsusi
göstərişi ilə burada altmış üç
dükandan ibarət olan çarşı da inşa edib Sinan.
Təəssüf ki, yolun genişləndirilməsinə
görə sonradan külliyənin böyük qismi yox edilib.
Abidə 1562-1565-ci illər arasında inşa edilən məscid
külliyədən ibarətdir, məktəb, mədrəsə,
türbə, hamam və çarşısı olub. 2009-cu ildə
başdan ayağa restavrasiyadan keçib. Hamam hələ də
ziyarətə açıqdır.
Son
Memar Sinanın bu hekayəsi məni dərindən təsirləndirdi.
Bir neçə gündür çox mütəəssirəm.
Keçmişlə bu gün arasında kimliyimi itirmişəm
sanki. Bu, romantika, duyğusallıq deyil, bu, həqiqəti,
reallığı çılpaqlığı ilə
görüb dəli olmamaq üçün özünü
sıxıb saxlamaqdır. İstanbul ərazi olaraq çox
böyükdür. Ədirnəqapı Avropa yaxasında, yəni
şəhərin bir ucunda, Üsküdar isə Anadolu
yaxasında, yəni şəhərin o biri ucunda yerləşir.
Bir insan necə bir dərinliyə sahib olmalıdır ki,
oturub bu boyda məsafədən günəşlə ayın
birləşməsini hesablayıb, onu sevdiyi qadına hədiyyə
etsin. Şəhərin iki əks tərəfində yerləşən
iki məscidi birləşdirmək nə deməkdir, axı? Bəlkə
də, bu qədər məyusluq yaşamağımın səbəbi
bugünkü münasibətlərin nə gündə
olduğunu görüb, haradan hara gəldiyimizi, elə bir
adamla qarşılaşmaq ehtimalımızın sıfır
olduğunun fərqinə varmaqdır. Zəka, ağıl, dərrakənin
büdrədiyi indiki çağda tarixə sarılmaq, yoxsa
olanı olduğu kimi qəbul etmək lazımdır? Qərar
verə bilmirəm! Məsələ sadəcə sevgi deyil ki,
idrak etməkdir, dəyər verməkdir, dəyərli hiss etmək
və etdirməkdir, ürkütmədən, incitmədən,
qırmadan, həzin-həzin sevməkdir. Sinan kimi...
Türkan TURAN
525-ci qəzet .-2025. -20 mart(№52).- S.21.