Anardan ustad dərsi

 

14 martda yazıçı-dramaturq Pərvinin «Anarla söhbətlər» adlı yeni kitabı işıq üzü görüb. Kitabda Xalq yazıçısı Anarla onun yaradıcılığı ətrafında, həmçinin ümumilikdə ədəbiyyat, sənət söhbətləri yer alıb. Çağdaş «podkast» üsulu ilə çəkilmiş söhbətlərin video-versiyası da kitabda oxuculara QR kodlar vasitəsiylə təqdim olunur. Yazıçının daha öncə müsahibələrində toxunmadığı məsələlər, bioqrafiyasının maraqlı məqamları bu söhbətlərdə eksklüziv olaraq yer alıb. Qeyd edək ki, bu kitab Pərvinin Xalq yazıçısı Anarın yaradıcılığını təhlil etdiyi altıncı kitabıdır. Kitabın ön sözündə Pərvin yazır:

«Ustad Anarın yaradıcılığını araşdırıb yazdığım «Anar dünyası» kitabım düz on il öncə işıq üzü görüb. Bu, «Anarla söhbətlər» kitabım isə on il əvvəl başlayan yolun altıncı dayanacağıdır. Bundan əvvəlki beş kitabda ustadın yaradıcılığını, düşüncələrini öz baxış bucağımdan, anladığım, duyduğum kimi çatdırmağa çalışmışam. Zaman keçdikcə onu da fikirləşirəm ki, görəsən yazıçı ilə oxucu arasında tənqidçiyə, ya hansısa xüsusi təqdimata ehtiyac varmı?! Bu suala cavabım daha çox ovqatımdan asılı olur. Bəzən çağdaş gəncliyin motivasiya ədəbiyyatına sarıldığını, reytinqlərdə ən çox satılan kitabların məhz belə mövzuları əhatə etdiyini görəndə inanıram ki, bədii ədəbiyyatı bütün mümkün vasitələrlə təbliğata ehtiyac var. Çünki kiminsə şəxsi təcrübəsindən gələn yaşam üsullarının işıqlı bir dillə yazılışı, az qala cənnət vədi verən «indulgensiya» aksiyasına bənzər reseptlərin paylaşılması qısamüddətli effekt verir. Sadəcə oxuduğun anlarda «dəyişəcəyəm», «düzələcəyəm», «mən də belə olacağam» - deyə bilərsən özünə. Amma əgər insanın bütün davranışlarının təməli özünün necəliyi, xarakteridirsə, müvəqqəti motivasiya böyük nəticələr əldə etməyə yardımçı ola bilməz... Bəs, ümumilikdə mütaliənin mənası varmı?! Bəli, var! Sənət gerçək həyatı daha obrazlı, daha dərin, daha mənalı, daha təsirli təqdim etdiyi üçün oxucunu yetişdirir. Lap bütün başqa faydaları kənara qoyub sadəcə estetik zövqdən, sənətin bəxş etdiyi mənəvi zənginlikdən danışsaq belə, yenə də bu, xüsusən çağımızın robotlaşmasını nəzərə alsaq, böyük xidmətdir... Həm də ona görə ki, insan təbiət etibariylə xoşbəxt olmağa meyillidirsə, bədii ədəbiyyat duyğuları tərbiyə etdikcə, zövq alma «vərdişi» yaratdıqca sevinc, səadət də əlçatan olur. Bəlkə bu yazılanlar qəribə, mübahisəli səslənə bilər. Amma oxuduqlarım və şəxsi müşahidələrim deyir ki, bədii mətn, həm də dərinliyini anlayaraq, duyaraq qavradığın sənət nümunəsi insanı daha təmkinli edir. Gerçək sənət üz-üzə qaldığın sualların, çıxa bilmədiyin labirintlərin cavabı, açarı ola bilir. Həyatı, yaşamağı, qarşılaşdığın köhnə, təzə, qəribə, sadə ya mürəkkəb duyğuları sözlə ifadə edən sənət həm də sənin hisslərinin tərcümanına çevrilirsə SƏNİN olur.

...Bu uzun və bəlkə qəribə müqəddimə MƏNİM olan və illərlə bir çox həyat vəziyyətlərində varlığımı, zövqümü, xarakterimi formalaşdırmağa fayda verən mətnlərdən, onların yaradıcısından danışmaqdan ötrüdür əslində. Ötən illər ərzində, Ustad Anarın yaradıcı və intellektual dünyasını araşdırdıqca, onlarla kitabına ön söz, yüzlərlə məqalə və altı kitab yazandan sonra kiçik bir sirrimi oxucuya açmaq istəyirəm. Əlbəttə Sənət, özü də söz sənəti insanı yetişdirir. Amma bu, sənin ana dilində yaranmış sənətdirsə, sadəcə şüurun altına və üstünə yox, həm də genetik kodlara, yaddaşa xitab edir... Bu isə bütöv şəxsiyyətin formalaşması üçün çox mühümdür. Sən özünün, ailənin, nəslinin, nəhayət millətinin kimliyini dərk etmədən güclü ola, təməllərini anlayıb onlara güvənə bilməzsən.

Bütün bu illər ərzində Ustadın yaradıcılığından aldığım gücü haqqında yazdığım mətnlərlə oxucuya ötürməyə, «Anarı niyə oxumalısan?» sualına cavab verməyə çalışmışam. Amma bütün zamanların öz təbliğat üsulu olduğunu da yaxşı başa düşürəm. Ona görə əgər araşdırma işi, elmi-publisistik yazılar daha çox mütəxəssislər üçündürsə, sadə oxucunu zamanın nəbzini tutaraq təsirləndirə, düşündürə bilərsən. Bu kitabı Anardan Ustad dərsi hesab edirəm. Təxminən yeddi saatdan çox danışdığımız müxtəlif mövzular təkcə yazıçının öz yaratdıqlarını yox, həmçinin ümumilikdə sənət, həyat haqqında fikirlərini əhatə edir. Hər zövqdə oxucuya, izləyiciyə maraqlı olmağı qarşıma məqsəd qoyduğum üçün kitabda həm söhbətlərimizin podkast-video variantı QR kodlarda yer alıb, həm də yazılı format bu dialoqlardan mənbə kimi də istifadə etmək fürsəti yaradır... 

İllərlə Ustadla müxtəlif mövzularda dialoqlarımdan bir çox suallarıma cavab tapmışam. Və bu cavabların hamısını ümumiləşdirib – Bütün hallarda Həyat! – başlığı qoya bilərəm. Ömrünü sənətinə həsr etmiş yazıçının həyatı, bioqrafiyası sadə olmayıb. Amma bu qədər işıqlı, dərin, duyğulu düşüncələrin onun özünün unikal şərhləri ilə oxucuya təqdimatı son dərəcə vacib idi... Proza, Dramaturgiya, Publisistika, Kino və s. mövzularda danışdıqlarımız həqiqətən də master-klassdır!»  

Kitabda 7 podkast-müsahibədən əlavə Pərvinin ssenarisi ilə baş tutan Anar 85 adlı tədbirin, «Sarsılmaz dostluq» filminin mətnləri və videoların (QR) yer alıb. Həmçinin «Könül bağçası» verilişinin qonağı olan Anar geniş müsahibəsində maraqlı sualları cavablandırıb.

Bir il öncə ölkə gündəmini zəbt etmiş olay – yazıçının Fəxri Xiyaban ziyarətinin hekayəsini və videosunu da müəllif kitabın oxucuları ilə bölüşür:

«Ötən il Ustad Anar Fəxri Xiyabana gedib, özünün çapa hazırladığı kitablar üçün orada uyuyan əziz dostlarının, doğmalarının qəbrüstü abidələrinin fotolarını çəkməyimizi istəmişdi. Öncədən planladığımız Fəxri xiyaban ziyarəti yaddaşımda film kimi canlanır bu gün də…

Səhər Xiyabanın önünə çatanda məndən və polislərdən başqa kimsə gözə dəymir. Bir az gəzib açıq səma altında heykəl muzeyinə heyranlıqla tamaşa edir, burada yatan, hər zaman diri olacaq ruhlar üçün dualar oxuyuram. Bir azdan Ustad zəng edir, tələsik girişə yaxınlaşanda iri bir qərənfil buketini bir məktəbli həyəcanı ilə əlində tutub gözləyən yazıçını görürəm. Dostlarını bircə-bircə ziyarət edib qəbirlərinə gül qoymaq, abidələrin fotolarını çəkmək istəyir. Mən bir az qabağa keçib fotoqraf bacarığımı işə salıram, amma birdən qəribə bir hava, ovqat, qüssə qəlbimi bürüyür. Səssiz, adamsız xiyabanda təkcə addımlayan Ustadı nədənsə o yerdə İ.Berqmanın «Çiyələk talası» filminin tənha qəhrəmanına bənzədirəm. Məzarların birindən digərinə addımladıqca bir yandan yorulduğunu, amma həm də inanılmaz güc və sevgiylə, kövrəkliklə bu adamları bircə-bircə necə andığını hiss edirəm. Həm də anladığım odur ki, burada uyuyan böyükləri, dostları, əzizləri, ömür və sənət yoldaşları ondan ötrü diridirlər, onların hamısını öz varlığında, düşüncələrində, əsərlərində yaşadır. Ziyarətimiz zamanı heç bir başqa niyyət, plan güdmədən elə-belə qısa videolar da çəkirəm arxivim üçün. Hər qəbirin, hər abidənin yanında bir hovur dayanır, xatirəsini bölüşür, qəmlənir, fikrə dalır… Mən səssiz olmağa, mane olmamağa çalışsam da, içimi dağıdan min bir sualları idarə etməyə çalışsam da, axıra kimi alınmır… Ən kədərlisi isə böyük, geniş Xiyabanda ziyarətimizi bitirib anasının, Nigar xanım Rəfibəylinin qəbri üstünə getməyimiz olur. Novruzdan qalmış qurumuş çiçəklərin, səmənilərin «bəzədiyi» qəbiristanlıqda addımlamağını, anasının əbədi beşiyinə tərəf necə getməyini heç vaxt, HEÇ VAXT sözlə təsvir edə bilməyəcəyəm… Anar müəllim burada uyuyan qohumlarından, o vaxt Nigar xanımı Fəxri Xiyabanda dəfn etməmələrindən danışır, mən «Sizsiz»i eşidirəm… Bir az uşaq kövrəkliyi ilə o günlərin kədərli anlarını bölüşür mən «Sübhün səfiri»nin final səhnəsini, Mirzə Fətəlinin anası ilə dialoqunu görürəm…

Bəlkə nə zamansa film ssenarisinə, ya da hekayəyə çevrilə biləcək o günün təəssüratlarını burada tez-tələsik bölüşmək istəmirəm. Amma gecə hazırladığım, bəlkə sadəcə içimi bürüyən və məni rahat olmağa qoymayan o qəhərdən azad olmaq üçün montaj etdiyim o video-reelsin bir neçə saat ərzində ölkə gündəmini zəbt etməsindən qarışıq duyğular keçirdim. Ustadın feysbuk səhifəsinə videonu yerləşdirəndən bir saat sonra bütün saytlar, online platformalar bu videonu yayımlayır, ondan danışır. Hər yerdə minlərlə, milyonlarla baxış sayı toplayan görüntü, hamının müzakirə etdiyi balaca fraqment məndə qəribə bir qüssə oyatdı. Deməli bu görüntülərdən həyəcanlanan, yaşa dolmuş masterin nəcib hərəkətindən sevərək danışan çoxları öz yazıçısını yaxşı tanımır. Axı Anardan ötrü həyatda olanlarına da, olmayanlarına da göstərdiyi bu böyük vəfa, etibar yeni iş deyil. Ömrü boyu dostları, doğmaları, ailəsinə münasibəti etalon ola biləcək yazıçının indi bu vəfa borcunu yerinə yetirməsi insanlara niyə belə YENİ görünüb… Zaman keçdikcə, başa düşürəm. Dəyərlərin itməkdə olduğu zamanda belə kiçik ya böyük təşəbbüslərin özü də maarifçilikdir». 

Kitabdan ən maraqlı müsahibələrdən birinin – «Qəhrəmanlarımı anlamağa çalışıram» adlı proza haqqında söhbəti «525-ci qəzet»in oxucularına təqdim edirik...

 

 

Nəzrin

525-ci qəzet .-2025. -20 mart(¹52).- S.20.