Novruz bayramının kinosalnaməsi  

 

 

Sazlı-sözlü, güllü-çiçəkli, nazlı-qəmzəli Novruz bayramı gəlir... Baharın müjdəçisi, mürgülü torpağın canlanan ruhu, günəşin gülümsər çöhrəsidir bu bayram. Özü ilə birgə yeni oyanış, yeni ruh gətirən Bahar bayramı həm də xeyirin, təravətin, bərəkətin rəmzidir.

Həm də başıbəlalıdır Novruz bayramı. Xalqımız kimi, soyumuz kimi, kökümüz kimi, digər milli-mənəvi dəyərlərimiz kimi... Axı keçmişimizdir, milli kimliyimiz rəmzidir. Buna görə də uzun illər qadağalar görüb, bağlı qapılar arxasında gizlin şəkildə qarşılanmağa məhkum edilib. Amma unudulmayıb, zamanın dolanbaclarında öz varlığından zərrə də itirməyib. Çünki bütün məhrumiyyətlərə, qadağalara baxmayaraq, onu yaşadan bir millət olub - öz köklərinə qırılmaz tellərlə bağlı Azərbaycan milləti...

Əlbəttə, Novruz bayramının unudulmamasında, bu günümüzə qədər gəlib-çatmasında incəsənətimizin, mədəniyyət xadimlərimizin də rolu az olmayıb. "Sovet İmperiyasının qılıncının dalının da, qabağının da kəsdiyi" bir zamanda - 1969-cu ildə Novruz bayramı coşqusunu, qədim adət-ənənələrini kinoya gətirən, bütün çətinliklərə rəğmən, bunu tamaşaçılara ən gözəl şəkildə təqdim edən sənətkarlarımızın rolu heç də az olmayıb axı.

Kino demişkən, Azərbaycan kinematoqrafiyasında Bahar bayramını əks etdirən, tarixi ənənələrini mavi ekranlarda canlandıran filmlərimiz heç də az deyil. Bu yazıda onların bəzilərinə nəzər salmaq yerinə düşərdi.

Sovet İmperiyasından danışmışkən, kiçik bir xatırlatma edək ki, həmin dövrdə Azərbaycanda Novruz bayramı ilk dəfə 1967-ci ildə rəsmi şəkildə qeyd olunub. Həmin il bu, "Bahar" bayramı adı altında respublika ərazisində keçirilir. Növbəti il - 1968-ci ildə isə buna imkan verilmir.

Ancaq elə 1967-ci ildə qeyd edilməsi də incəsənətimizdə xüsusi dövrə yol açmağa yetir. Xalq yazıçısı İsmayıl Şıxlı 1957-ci ildə qələmə almağa başladığı və 1967-ci ildə tamamladığı məşhur "Dəli Kür" romanında Novruz bayramı səhnələrinə də yer vermişdi. 1969-cu ildə sözügedən roman əsasında rejissor Hüseyn Seyidzadə "Dəli Kür" filmini çəkir. Çox güman ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq, İsmayıl Şıxlı həm romanın, həm də filmin ssenari müəllifi kimi bir neçə yerdə bayram adət-ənənələrinə yer verir, Novruz coşqusunu göstərməyi bacarır. Təbii ki, vətənpərvər duyğularla seçilən yazıçı və ən az onun qədər öz soy-kökünə, milli kimliyinə bağlı rejissor həmin dönəmdə çox təzyiqlərlə qarşılaşırlar. Amma heç bir çətinlik, heç bir təzyiq onları bu yoldan döndərə bilmir və rejissor H.Seyidzadə qətiyyətlə, "icazə verilsə də, verilməsə də, Novruz səhnələri filmdə gedəcək" - deyir, dediyinin də üstündə dayanır.

Bu sayədə baharın müjdəçisi Novruz bayramı Azərbaycan kinosuna “ayaq açır”. Filmdə papaqatdı, yumurta döyüşdürmə, bacadan şal atmaq kimi Novruz ənənələri ilk dəfə nümayiş olunur.

Ancaq digər tərəfdən bəzi kinoşünaslar filmdə ilk Novruz ab-havasına hələ 1956-cı ildə “O olmasın, bu olsun” filmində rast gəlindiyini iddia edirlər. Dahi bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında rejissor Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılmış əsərdə obrazların geyimləri, milli rəqslər, küçədəki izdiham və bayram ab-havası Novruzun coşqusunu xatırladır. Ən önəmli detal isə xonçadır. Gözəlliyin, bolluğun, bərəkətin rəmzi olan xonça filmdə toy atributu kimi təqdim olunsa da, Məşədi İbadın xonçadakı şamları yandırması səhnəsi qədim Novruz ənənəsini xatırladır.

Novruzun geniş və açıq şəkildə təsvir olunduğu başqa bir ekran əsəri isə hər birimizin sevərək izlədiyi “Yeddi oğul istərəm” filmidir. Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə həsr edilərək çəkilən və kinorejissor Tofiq Tağızadənin əsəri olan filmdə “Kos-kosa” xalq oyunu, meydan oyunları, Novruzun vəsfi, xanımların əllərində səməni gətirməsi, camaatın şadyanalıqla bayram hazırlığı dəqiq şəkildə öz əksini tapıb. Eyni zamanda Novruz gənclərin vüsala olan ümidi, xoş gələcəyə olan inamı kimi də filmdə simvolizə edilib. Belə ki, bu günlərdə itirdiyimiz mərhum Xalq artisti Ənvər Həsənovun ustalıqla canlandırdığı unudulmaz Cəlalla sevgilisi Humayın çay kənarındakı söhbəti kövrək duyğular yaradır. Humayın Cəlala dediyi “Dedim, səməni qoyub sənin qabağına çıxaram. Novruzun gəlişinə babamın xeyir-duasını alarıq. Götürüb gedərsən məni Peykanlıdan, apararsan uzaqlara. Nə güllə səsi eşidərik, nə də ağlaşma” - sözləri xalqın Novruza olan sevgisini, inamını bir daha sübut edir.

Rejissor Fikrət Əliyevin 1980-ci ildə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkdiyi “Qızıl uçurum” filmi də kinomuzda Novruz bayramının təsviri baxımından xüsusi önəm kəsb edir. "Qızıl uçurum" filmi təkcə sosial problemləri deyil, həm də milli dəyərləri qoruyub saxlayan bir ekran əsəri olduğu üçün Novruz ənənələrini təbii və canlı şəkildə təqdim edir. Burada uşaqların tonqalın üstündən atılması, Şəfiqənin öz yaşlı atasını bayram payı ilə təbrik etməsi, qapıya torba atılması gözəl bayram adətləri kimi tamaşaçıda xoş ovqat yaradır.

Süleyman Vəliyevin "Şor cüllütü" povestinin motivləri əsasında 1984-cü ildə rejissor Ənvər Əbluc tərəfindən çəkilmiş “Qara gölün cəngavərləri” filmində isə Bahar bayramı bir sıra işbazların sui-istifadə yeri kimi öz əksini tapır.

1971-ci ildə kinorejissor Arif Babayevin Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş "Gün keçdi" filmində Əsmərin dilindən səslənən ifadələr Novruz ənənələrini yada salır.

O, Məsmə xalanın bayram şirniyyatlarını xatırlayaraq, o bayram şirniyyatlarından mütləq qonşulara da pay düşdüyünü deyir. Bu səhnə Bahar bayramının ənənələrini və onun şirin nostalji hissini əks etdirir. Bununla da müəlliflər Novruzun məşhur təamlarına, eyni zamanda Bahar bayramının paylaşmaq kimi olduqca gözəl adətinə toxunurlar.

Müasir filmlərimiz də bu mövzudan yan keçməyib, bu bayramın ab-havasını, əsrlərdən bəri dəyişməyən adət-ənənələrini istər real, istərsə də simvolik şəkildə tamaşaçıya çatdırıb. Bu baxımdan Asif Rüstəmovun 2007-ci ildə çəkdiyi “Ev” filmi xarakterikdir.

Burada Novruz adətləri – səməni becərmək, tonqal yandırmaq, yumurta boyamaq və sair kimi atributlar sətiraltı yozumlarla obrazların həyatı ilə assosiasiya olunur.

Bu sadaladığımız filmlərlə yanaşı, "Xatirələr sahili", "Bəyin oğurlanması", “Ulduz” və sair kimi məşhur filmlərimizdə də ya açıq, ya da dolasıyla Novruz bayramı xatırlanır, ab-havası duyulur.

Azərbaycan kinosunun önəmli inkişaf yoluna qədəm qoyduğu müasir dövrümüzdə bu qədim milli bayramımıza mavi ekranlarda daha çox yer verilməsini arzulayır və ümid edirik.

Baharınız, Novruz bayramınız mübarək!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet .-2025. -20 mart(¹52).- S.19.