MƏŞƏLLƏRİ YANAR
GÖRMƏK İSTƏYƏNLƏRƏ EHTİYACIMIZ
Azərbaycan gərək o insanlara həmişə
minnətdar ola! Tarixin dəyişən vaxtı idi, yeni zaman gəlirdi.
Qaranquşlara "yazın müjdəçisi" söyləyirlər,
bahar ilk olaraq onların qanadında, bənövşələrin
ləçəklərində gəlir deyirlər. Bu
qaranquş varlıqlar da Azərbaycanı, milləti yeni zamana
kökləyənlər oldular. XIX yüzil bitir, XX əsr yaxınlaşırdı.
Dünya təzəliklərə hamilə idi və Bakıda
1873-cü il mart ayının 10-da möcüzə baş
verdi - Azərbaycanda ilk dəfə teatr tamaşası göstərildi.
Əslində Azərbaycan
teatrının yaşı əsrlərin uzaqlarında itir.
Meydan teatrı, xalq tamaşaları, şəbihlər milli
teatrımızın ulu babası idi. Ancaq XIX yüzil bitəbitdə
idi, XX əsr qapını döyürdü. Dəyişən
dünyanın ortaya qoyduğu mədəni dəyərlərdən
biri də Avropa tipli teatr idi və bu gözəllik də
başqalaşan zamanın nişanələrindən biri kimi
Azərbaycana təşrif gətirirdi. 1873-cü ilin Novruzunun ərəfəsində
Azərbaycanın böyük "əkinçisi" Həsən
bəy Zərdabi Azərbaycan teatrının da əslində
təməlini qoyan ilklərdən olur. Onun mədəniyyət
əkinçiliyinin başlıca hadisəsi iki il sonra baş
verəcək, əvvəlinci anadilli qəzetimiz
"Əkinçi" ilk dəfə işıq üzü
görəcək, xalqımız çağdaş mətbuatın
da sahibi olacaq. Ancaq 1873-cü il idi. Yeni vaxtın nəbzindən
tutmağa hər kəsdən daha artıq həssaslıqla
yanaşan Həsən bəy Zərdabi izahsız fəhmlə
bunu da hiss edirdi ki, gərək millətin müasir teatrı
da ola. Dərs dediyi öyrəncilərin arasından həvəskar
aktyorları yetişdirə bilmişdi. 1873-cü il yaz
ağzı idi. Həsən bəy Zərdabi ilə bərabər,
XIX yüzilliyin sonlarında mədəniyyətimizin
ağır və şərəfli yükünü çəkməyə
çiyin verəcək Nəcəf bəy Vəzirov, Əsgər
ağa Gorani və digər fədakarlar ilk teatr
tamaşamızı göstərirdilər.
O tamaşanın afişası da qalıb: rollar,
qarşısında həmin tamaşada o rolları ifa edəcəklərin
adları. Onların hər biri ehtirama layiqdir. Bəzilərini
zaman unutdurub. Ancaq gərək heç biri yaddaşlardan silinməsin.
O başvermişlər sadə tarixlər deyil. Bunlar Azərbaycanın
yeniləşməsinin, xalqın təzə zaman içərisində
vaxtın təklif etdiyi mədəni dəyərlərə
sahibliyinin, sabaha doğru çağdaş millət kimi inamla
addımlaya bilməsinin sevgiylə yaradılan
özülü idi.
Dünyanın üstün düşüncə və
ilham sahiblərindən olan Viktor Hüqonun səhnə
haqqında müdrik sözləri var ki, teatr gerçəklərin
dünyası deyil, teatrda ağaclar kartondandır, səma adicə
parçadan düzəldilir, saraylar rəsm olaraq çəkilmədir,
brilyantlar şüşədir, qızıllar saxtadır,
insanların sifətindəki qırmızılıq da təbii
deyil, o da boyanmadır.
Amma davam edir ki, teatr həm də gerçəklərin
dünyasıdır. Çünki səhnədəki insan
ürəkləridir, pərdə arxasında insan
könülləridir, tamaşa salonunda insan qəlbləridir.
Və teatr haqqında ən köhnə əsrlərdən
bugünə qədər gəlib çatan bir başqa
müdrik düşüncə də var ki, əgər səhnəyə
baxanda sən orda aktyorları görürsənsə, bu, pis
teatrdır. Əgər səhnəyə baxanda sən orda həyatın
özünü və insanları görürsənsə, demək,
yaxşı teatrdasan.
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov,
Əsgər ağa Gorani və az zaman ötdükcə bir-bir
onların ardınca gələcək Mirzağa Əliyev,
Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski, Hacıağa
Abbasov, Sidqi Ruhulla, Hüseynqulu Sarabski və onların
neçə-neçə silahdaşı bircə-bircə
bizim teatr mülkünün kərpiclərini düzərək
divarlarını ucaldırdılar.
Bu şərəfli sırada isə adı həmişə
fəxr və minnətdarlıqla anılmalı bir
azmanımız da Cahangir Zeynalovdur.
Cahangir Zeynalov səhnəyə Həsən bəy Zərdabinin,
Nəcəf bəy Vəzirovun açdığı yolla irəliləyən
fədailərin hamısından daha erkən gəlib - 1885-ci
ildə.
Gəlib və ömrünün axırınacan da səhnə,
teatr onun ən böyük məhəbbəti olub.
Onlar teatra,səhnəyə əfsun kimi
baxırdılar və tale də, vaxt da onları bu səhnədə
sehrlər yaratmaq üçün ezam etmişdi.
Mirmahmud Kazımovskinin də, Hüseyn Ərəblinskinin
də adları çəkilincə həmişə göz
önündə teatrımızın müqəddiməsi,
qarşıdan yağan məşəqqət daşlarına
sinə gərərək irəliləyən əyyamları
canlanır. Ancaq Mirmahmud Kazımovskinin öz əli ilə
yazdığı xatirələri qalıb. Yolunun
başlanğıcını xatırlayır, səhnə ilə
necə qovuşmasının tarixçəsini nəql edir və
bəlli olur ki, həmin çağlarda Kərbəlayı
Cahangir Zeynalov artıq təcrübəli aktyormuş və
onun da, Hüseynbala Xələfovun - Ərəblinskinin də
böyük səhnəyə aparan yolunu
açanlardanmış.
1880-1890-cı illərdə Azərbaycan teatrı hələ
peşəkarlaşmağa doğru ilk addımlarını
atırdı. Teatr aludələri, özünü səhnəyə
həsr etmək həvəsində olanlar azdısa, onların
özünü ifadə edə bilməkçün
çıxacaqları səhnələr daha qıt idi.
Tamaşaları göstərmək üçün meydan
tapmaq həmişə müşkül idi və Cahangir
Zeynalov yalnız ürəyini, düşüncəsini,
bütün varlığını deyil,
yaşadığı mülkünü də teatra qurban
etmişdi.
O, tək Azərbaycanda deyil, Azərbaycanı o
zamanlarda əhatələyən və teatra az-çox meyl
göstərən yaxın-uzaq ölkələrin bir
çoxundan fərqli olaraq, öz evində teatr açan ilklərdəndi.
Kərbəlayının evi o zamanlar
Çadralılar adlanan indiki Mirzağa Əliyev küçəsi
ilə ovaxtkı Bazar, sonrakı Hüsü Hacıyev, indiki
Azərbaycan küçələrinin kəsişəcəyində
yerləşirdi: ikimərtəbəli mülk idi və həmin
imarətin üst qatında xalılarla bəzədilmiş,
yuxarı başında bədənnüma ayna olan
böyük zal varmış ki, həmin iri yerə döşənən
xalçalar əks olunduqca sanki otaq içəridən bir az
da böyüyür, elə nəhəng teatr salonuna
oxşayırmış. İllah da ki, bunu ilk dəfə
görən, özü də teatr vurğunu bir yeniyetmə
ola.
Mirmahmud Kazımovski şahidlik edir ki, günlərin
birində müəllimimiz Sultan Məcid Qənizadə bizə
söyləmişdi ki, filan gün, filan saatda, filan ünvana,
yəni Kərbəlayı Cahangir Zeynalovun evinə gələsiniz.
Yada salırdı ki, ürkək-ürkək
qapını döydük, açdılar, bizi ikinci mərtəbəyə
dəvət etdilər. İri bir otaq idi, içəridə
ikimizdən - Hüseynlə məndən başqa heç kəs
yox idi; əyləşdik, öz aramızda
danışırdıq ki, yaman işə
düşmüşük, görəsən, burda bizi nə
gözləyir, nə təklif edəcəklər? Bu əsnada
şıq geyinmiş bir kişi əlində iki stəkan
çay bizə yaxınlaşdı. Əvvəlcə elə
zənn etdik evin qulluqçusudur. Çayları
qabağımıza qoyandan sonra gülə-gülə dedi ki,
özünüzü rahat hiss edin, bura məktəb deyil, biz yoldaşıq,
mən artistəm, siz də dönüb artist
olacaqsınız, nə təklif, nə təkəllüf?!
Siz çayınızı için, bu saat obiri yoldaşlar da
gələr, rolları paylayıb məşqə
başlarıq.
Mirmahmud Kazımovski etiraf edirdi ki, o vaxt biz hələ
nə "təklif-təkəllüf"ün nə demək
olduğunu anladıq, nə də "artist"in nə demək
olduğunu başa düşdük. Çox keçmir ki, digər
dəvətlilər, o sıradan elə Mirmahmudgilin müəllimi
Sultan Məcid Qənizadə də gəlib çıxır,
uşaqları "Məktəbimizin tələbələridir,
bizim oyunda iştirak edəcəklər" deyə məclisdəkilərə
təqdim edir.
O axşam Kəblə Cahangirin mənzilinə
toplaşmalı olanların hamısı yığılandan
sonra hazırlamaq istədikləri "Lənkəran
xanının vəziri" tamaşası üzrə rol
bölgüsünə başlayırlar. Həmin
yığıncağa gəlib rol alanların arasında Həbibbəy
Mahmudbəyov, Əşrəf Cəbrayılbəyov, Teymurbəy
Həbibbəyov, Yusif Ağayev və bir neçə
başqası da varmış.
O təşəbbüskar, o işıq
daşıyıcısı insanları düşünürəm
və xatirimə gətirirəm tələbəlik
dövrümü, aspirantura çağlarımı - 1970-ci
illəri, 1980-lərin əvvəllərini. O vaxt köhnə
teatrımızla bağlı bir çox sənətkarlar,
başda Qulam Məmmədli olmaqla səhnə dünənimizin
hər cikinə-bikinə bələd sənətşünaslar,
qələm adamları həyatdaydılar, o tarixlər sanki
lap yaxındaydı və Kərbəlayı Cahangir Zeynalovun
ev teatrına gəlmiş adamlar ki adlarını sadaladım,
bu qəbildən olan insanları onlara əlavə izahatla
tanıtmağa lüzum yoxdu. Hamısını
tanıyırdılar, bilirdilər, hər birinin haqqında
soruşulunca neçə xatirəni dilə gətirirdilər.
Onlar gedib, XIX yüzilin sonları, XX əsrin əvvəlləri
də elə bil bizlərdən əslində olduğundan
ikiqat uzaqlaşıb.
Amma sadalanan o adlar, o təmənnasız fədailər,
o səhnə məftunları, o mədəniyyət
qurucuları gərək bu gün də bilinə axı. O
zümrədən olan insanları tanımadıqca
qazandıqlarımızın hamısının elə
göydən nimçədə hazır düşməsi təsəvvürü
dərinləşər, babasızlaşaraq
cılızlaşarıq.
Mənim arzumdur ki, Bakıdakı ənənəli
teatr binalarımızın divarlarında küçədən
keçənlərin diqqətini özünə cəlb edən
sıra-sıra adlar yazılsın. O adlar ki, onlar ömürlərini
millətə həsr ediblər, irs yaradıblar, iz qoyublar. Qoy
o divarlarda daim göz qabağında olan bu adları tez-tez
görək, alışaq ki, eşidəndə nabələd
kimi gözümüzü döyməyək.
...Həmin axşamda Hüseynə də, Mirmahmuda da
balaca rollar tapşırmışdılar, siftələrini
etmişdilər.
Çox keçməyəcək, hər ikisi
tanınacaq, şöhrətlənəcək, illər
ötdükcə Azərbaycan teatrının bir çox
parlaq səhifələri onların adı ilə
bağlanacaq. Ancaq yol başlanırdı və onlara bələdçilik
edənlər sırasında öndə olanlardan biri Cahangir
Zeynalov idi.
Bunu ona görə qabardıram ki, Cahangir Zeynalovun
teatr, mədəniyyət tariximizdəki aparıcı, yönəldici
mövqeyi bir az da dərindən duyulsun.
Yer üzünün harasında və zamanın
hansı uzaqlığında yaşamasından asılı
olmayaraq, bütün sənət adamlarının ruhən və
talecə qohumluqlarının bir sübutu da onların əksərinə
ömürləri boyu kasıbyana güzəranın qismət
olması, dolanışıqlarını zorla yola verməsidir.
Fəqət Cahangir Zeynalov bu babətdən məslək
dostlarının hamısından fərqlənib.
O, 1865-ci ildə anadan olmuşdu və elə bir ailədə
dünyaya göz açmışdı ki, onu
firavanlığın, qayğısız həyatın
gözlədiyi şəksizdi. Atası Məşədi Rza zəngin
bir tacir idi, evdə də nəvazişlə əhatə
olunmuş qoşa qardaş idilər - Cahangir, bir də
Tağı. Ancaq bəxt kəc gətirir, Məşədi
Rza dünyasını tez dəyişir və o, vəfat edəndə
Cahangir üç, böyük qardaşı altı
yaşında idi. Amma başsız qalsalar da,
sıxıntısız yaşaya bilmələri
üçün Məşədi Rzadan miras qalan yetərincə
mal-dövləti, xeyli dükanları vardı. Cahangir də
böyüyüb müstəqil addımlamağa başlayanda
korluq çəkmədi. O da ailə ənənəsini davam
etdirdi, atası kimi tacir oldu və adı Bakının imkanlıları
sırasında idi.
Onun zənginliyinə xüsusi yaraşıq olan
genişqəlbliliyi və əliaçıqlığından
teatrımız da, mədəniyyətimiz də, sənət
yoldaşları da qazandılar.
Cahangir Zeynalov onunla yoldaşlıq edən
aktyorların hamısına yardım edirmiş və daim də
cibində balaca dəftərçəsi varmış. Yəni
adətən aktyorların, rejissorların hərəsinin onsuz
da yanında gəzdirdiyi cib dəftərçəsi
olardı. Orada tamaşalarla bağlı qeydlərini edər, əsasən
də rolların sözlərini yazardılar ki, hər girəvə
düşəndə oxuyub təkrarlaya bilsinlər.
Cib telefonları epoxası o cib dəftərlərinin
də axırına çıxdı.
Ancaq Cahangir Zeynalovun cibindəki dəftərçə
başqa aktyorların teatr bloknotlarından deyilmiş. Bu, bir
borc dəftəri idi. Əli aşağı olan aktyorlar adətən
ona üz tutar, Cahangir də heç vaxt borc verməkdən
imtina etməzmiş. Cahangirin yan-yörəsindəki həvəskar
aktyorların da əlinə pul yalnız o zaman gəlirdi ki,
hansısa tamaşa göstərilirdi, biletlər
satılırdı, yığılan vəsaitdən icarəyə
götürülən binanın, geyimlərin haqqı ödənəndən
sonra nə qalırdısa öz aralarında
bölüşürdülər.
Və borcverən Cahangirin nəcib Cahangirliyi də həmin
borcqaytarma gedişində bir daha üzə
çıxırmış. Aktyor yoldaşları ondan beş
gün, on gün əvvəl götürdükləri borcu
qaytarıb yüngülləşməkçün onun
yanına gələndə Cahangir Zeynalov
açırmış həmin məşhur borc dəftərçəsini,
verdiyinin yarısını alır, qalan məbləğin
üstündənsə xətt çəkirmiş.
Aktyor Hacıağa Abbasov xatırlayırdı ki,
başqalarına belə güzəşt etdiyi halda Hüseyn
Ərəblinskinin ona borclarını çox vaxt heç
geri almazmış.
Bir qayda olaraq, teatrın icarə haqqı toplanan vəsaitdən
ödənərmiş, Cahangir Zeynalovsa aktyorlara əldə
olunan gəlirdən daha çox pul düşsün deyə
bina haqqını da öz cibindən verirmiş.
Bir müddət "Səfa" məktəbində
dərs deyirmiş, orda ən çalışqan uşaqlardan
birinə verilməsindən ötrü təqaüd təyin
edibmiş.
Yəni mədəniyyət və maarif adamı, sevilən
aktyor olmaqdan savayı, o, həm də xeyriyyəçi, himayəçi,
teatr qayğıkeşi idi.
Və Cahangir Zeynalov səhnə keçmişimizin o
nadir adamlarındandır ki, müasirləri arasında səhnə
fəaliyyətinin yuvarlaq ildönümü qeyd edilən tək
sənətkar olub
...Bir dağın o biri dağa nisbətən yüksəkliyi
zirvələrin ucalığına görə bilinər.
Hacıağa Abbasov Azərbaycan teatr tarixinin patriarxlarından
idi. XX yüzilin başlanğıcındakı böyük tərəqqisini
yaşayan Azərbaycan teatrının ən sadiq cəfakeşlərindən
biri Hacıağa Abbasov idi və onillər boyu çiyinlərində
teatrımızın sanbalını daşıyan ən
qabaqcıl aktyorlardan oldu. Elə Hacıağa Abbasov da yolunun
lap əvvəlində rast düşdüyü Cahangir
Zeynalovdan artıq bir klassik kimi bəhs edirdi. İllər sonra
həmin günlərə qayıdan Hacıağa Abbasov xatirələrini
qələmə almışdı. O yaddaşlar 1901-ci ilə
aparır. Hacıağa Abbasov yazır ki, məktəbli idim,
günlərin birində İsgəndər bəy Məlikovun
mənzilində toplaşmışdıq,
yığışmanın səbəbkarı müəllimlərimiz
idi və məqsəd də ondan ibarət idi ki, şagirdlərin
gücü ilə müəllimlər və valideynlər
üçün Mirzə Fətəlinin "Mürafiə vəkilləri"ni
göstərək.
Təsadüfdən həmin tamaşaya baxanların
arasında Cahangir Zeynalov da varmış. Tamaşa qurtarandan
sonra Cahangir Zeynalov razılığını bildirir, ancaq
Hacıağanı xüsusi tərifləyir və söyləyir
ki, sənin yerin teatrdır.
Yeniyetmə Hacıağa Abbasovun
xatırladığı bu hadisə baş verəndə
Cahangir Zeynalovun vur-tut 36 yaşı vardı, cavan bir
insandı. Ancaq yalnız yeniyetmə, gənc olan
Hacıağa Abbasov deyil, elə çoxları, hətta
yaşıdları belə Cahangir Zeynalova artıq ağsaqqal,
canlı klassik kimi baxırdılar və haqları da
vardı. Çünki Cahangir Zeynalov teatrda, mədəniyyət
sahəsində fəaliyyətləri ilə yanaşı, cəmiyyət
həyatında qabaqda gedən insanlardandı. Hacıağa
Abbasov xatirəsində bunu da vurğulayır ki, onun səhnəyə
gəlməsinin əsas səbəbkarı Cahangir Zeynalov
olduğu kimi, Mirzağa Əliyevin, Hüseynqulu Sarabskinin və
bir çox başqalarının da teatra
bağlanmasının baisi məhz yenə həmin
böyük şəxsiyyət olub.
Hacıağa Abbasov Cahangir Zeynalovun
böyüklüyünü, gənclərə səxavətlə
yol açmasını, havadarlığını bu təfərrüatla
da dəqiqləşdirir ki, Mirzağa Əliyev babat saz
çala bildiyinə görə "Yağışdan
çıxdıq, yağmura düşdük"də Kərbəlayı
ona Vəlini oynamağı tapşırıbmış və
oyununu da bəyənərək tərifləyibmiş.
Sonralarsa ona ən çox sevdiyi Hacı Qara və Hacı Qəmbər
rollarını etibar edibmiş.
Uzun səhnə ömrü boyunca Cahangir Zeynalov
çox surətlər yaradıb və o çağın həm
rusdilli, həm anadilli mətbuatında heyran təəssüratlar
qalmaqdadır, özü də Cahangir Zeynalov aparıcı,
baş qəhrəman rollarını az oynayıb, ifa etdiyi
rolların çoxu nisbətən kiçik, bəzənsə
epizodik surətlərdir. Amma elə oynayıb ki, hər
tamaşadan sonra rəylərdə mütləq Cahangir Zeynalov
haqqında müsbət təəssüratlar əksini tapıb.
Hətta sözsüz rolları belə elə yaradıb ki,
ona biganə qalmaq mümkün olmayıb.
Qulam Məmmədlinin ruhu şad olsun! 1968-ci ildə
Cahangir Zeynalovun həyat və yaradıcılığı
haqqında sənədlər toplusunu buraxıb, orda 1896-cı
ildə "Tərcüman"dan başlayaraq ta 1918-ci ilin
martında çıxan "İttihad" qəzetinəcən
illər, aylar üzrə ən müxtəlif nəşrlərdə
yer alan tamaşaçı, tənqidçi müşahidələrini
sıralayıb. Cahangir Zeynalovun bir sənətkar olaraq kimliyi
və necəliyi o rəylərdən duyulur. Həm də bu
yazılar aktyorun bütöv surətlər qalereyası haqda
dolğun təsəvvür yaradır. Ancaq il-il irəlilədikcə
bu qənaət də qətiləşir ki, Cahangir Zeynalov səhnə
ömrü boyunca ifa etdiyi çoxsaylı rollardan ikisinə qəlbən
vurğunmuş. Mirzə Fətəli Axundzadənin "Mərdi-xəsis"indəki
Hacı Qara və "Yağışdan çıxdıq,
yağmura düşdük"dəki Hacı Qəmbər.
Aktyorlardasa sevimli rolları ilə bağlı qeyri-iradi
qısqanclıq olur, onu başqasına güzəştə
getməkdən həmişə qaçırlar. Cahangir
Zeynalov isə hər iki əziz rolunu ifasını bəyəndiyi
və gələcəyinə çox ümidlər bəslədiyi
Mirzağa Əliyevə həvalə edəcək qədər
könlüaçıq ola bilmişdi. Daha dəqiqi - bu
rolları cavan həmkarına həvalə deyil, hədiyyə
etmişdi.
Cahangir Zeynalov haqqında düşünürkən,
onu "böyük" deyə qiymətləndirirkən bu
böyüklüyü şərtləndirən digər amilləri
də mütləq xırdalamaq lazımdır.
Azərbaycan teatrı hələ gənc idi. Onun
öyrənməyə, püxtələşməyə,
yetkinləşməyə ehtiyacı çox idi. Cahangir
Zeynalov hansısa teatr məktəbi keçməmişdi,
Allahın verdiyi fitri istedadın, bir də zəhmətkeşliyinin
sayəsində belə ustalıqla yaratmağı
bacarırdı.
Ən əvvəl özündə təhsilsizlik, məktəbsizlik
boşluğunu hiss etdiyindən
çalışırmış ki, səhnəyə yeni gələnlər,
xüsusən də yeniyetmələr, gənclər biliklənsinlər,
səhnənin sirlərinə peşəkarcasına yiyələnsinlər.
O, təvazö ilə özünü həvəskardan
artıq hesab etmirmiş. Hərçənd
oynadığı tamaşaları təhlil edənlər onu
elə ən yüksək peşəkarlara bərabər
tuturmuş.
"Kaspi" qəzeti 1903-cü il 12 fevral sayında
Tağıyev teatrında 2 gün əvvəl göstərilmiş
2 tamaşadakı aktyor oyununa belə qiymət verirdi:
"Aktyorların ifasına gəlincə, bizim yeni yaranmaqda
olan müsəlman truppasının böyük müvəffəqiyyətlərinə
yalnız sevinmək lazımdır. Səhnə, sözün
birbaşa mənasında, sənətdə zəngin təcrübəsi
olan peşəkar aktyorların ifası təəssüratını
yaradır. Cahangir Zeynalov kimi bir həvəskar istənilən
truppada layiqincə çıxış edə bilərdi".
1904-cü il noyabrın 28-də "Bakinskie
izvestiya" qəzeti "Yağışdan
çıxdıq, yağmura düşdük"dən sonra
təsdiqləyirdi: "Cahangir Zeynalov havalanmış qoca
Hacı Qəmbər rolundakı öz nümunəvi oyunu ilə
kütləni digər aktyorları unutmağa vadar etdi".
1907-ci ilin dekabrında çıxan qoşa - 187-188-ci
nömrəsində "Tazə həyat" "Ağa Məhəmməd
şah Qacar" tamaşasından sonra yazırdı:
"Ərəblinski, Zeynalov, Şərifov, Sarabski və Bədəlbəyov
hamısı bir-birindən yaxşı öz rollarını
ifa edirdilər".
1911-ci ilin 21 noyabrında "Yeni İrşad"
"Sultan Əbdül Əzizin xəl`i" faciəsinin
nümayişini təhlil edərək heyrətlənirdi:
"Şeyxəlislam Həsən Xeyrulla əfəndi rolunu
müqtədir məzhəkə aktyorlarımızdan Zeynalov cənabları
ifa edirdi. Zeynalovun bu dərəcədə oynamasını
heç kim gözləmədiyi halda mən də gözləmirdim.
Çünki məzkur daima məzhəkə rollarını
oynayıb, səsini çıxartdığı kimi gülmək
səsi teatrı basardı. Bu rolda nəinki güldürmək,
qoca bir şeyxin qəlbən söylədiyi nitqi nə qədər
insanə təsir edirdisə də, Zeynalovun dəxi eyni halətində
sözləri insana təsir edirdi".
Di gəl, nə qədər tərifli sözlər
yazılsa, nə qədər alqışlar qopsa da,
ağıllı, həyatı yaxşı bilən Cahangir
Zeynalov dərk edirdi ki, fitri istedad lap aşıb-daşsa da,
mütləq durmadan öyrənmək, savad artırmaq, bilik
genişliyi vacibdir.
O dövrdə Tağıyev teatrını uzun
müddət üçün Polonski soyadlı bir nəfər
icarəyə götürübmüş və orda rusdilli
tamaşalar gedərmiş. Həmin rusca tamaşalar verənlər
arasındakı çox püxtə aktyor Pyotr Krayevskini
Cahangir Zeynalov bəyənir, ən yaxşılardan biri
sayırmış və haqqını ödəyərək
onu ara-sıra dəvət edirmiş ki, türkdilli gənc həvəskar
aktyorlara ustad dərsləri keçsin, təlimlər versin.
Hacıağa Abbasov Cahangir Zeynalovu xatırlayarkən
bunu da yada salırdı ki, günlərin birində o, yenə
özünün teatr salonuna çevirdiyi məşhur mənzilində
aktyorları toplayıbmış, hansısa tamaşaya
hazırlıq tədarükləri edilirmiş. Bu arada bir
qonaq gəlir və həmin müsafir də kim ola - Şəkidən
Rəşid bəy Əfəndiyev.
O, əliboş da deyilmiş, özüylə "Qan
ocağı" adlı pyesini gətiribmiş. Hacıağa
Abbasovun yadına düşürdü ki, həmin pyes oxundu,
hamı bəyəndi, qərar oldu ki, gələcəkdə
bunu oynayaq. Ancaq Rəşid bəy Əfəndiyev "Qan
ocağı"ndan başqa özü ilə yenicə
çap olunmuş "Bəsirət ül-ətfal" və
"Uşaq bağçası" dərsliklərini də
gətirmişdi.
İş ondadır ki, Rəşid bəy Əfəndiyev
ədibliyi ilə yanaşı, kamil müəllim idi və
onun adı Azərbaycan məktəbinin tarixində həmişə
yaşayacaq. O, Azərbaycan balaları üçün ilk
anadilli dərslikləri yazanlardan idi. Hacıağa Abbasovun təsvir
etdiyi həmin gündə Rəşid bəy kitabları
Cahangir bəygilə onunçün gətirmişdi ki,
satışına kömək göstərilsin və söz
yox ki, yığılan vəsaiti də sonra yenə maarif
işinə sərf edəcəkdi.
Cahangir Zeynalov neyləyir? Çıxarıb 250 manat
verir, kitablardan 250 nüsxə alır və cibindən pul
verir. Həmin kitablardan 250 nüsxəni alır və aktyor
yoldaşlarından da təvəqqe edir ki, bu kitabları
aparıb Zabrat, Balaxanı və Ramanada gecə kurslarında
oxuyan fəhlələrə havayı paylasınlar.
Yəni bu insanın teatr da qarışıq
bütün digər fəaliyyətləri ilə amalı, məqsədi
millətin gözünü açmaq, yurdun
işığını artırmaq idi. Bu yolda olanını
da, canını da əsirgəmirdi.
O, Bakının əsas maarifçilik ocaqlarından
sayılan "Nicat" cəmiyyəti ilə bağlı
idi. "Nicat"ın mülkü köhnə Bakının
o vaxt Spasskivə Qubernski adlanan (indiki Zərgərpalan və
Nizami) küçələrinin tinində, "Nicat" cəmiyyətinin
bir qərargahı sayılacaq binada yerləşirmiş. Həmin
mülkün təmirə ehtiyacı varmış. O cəmiyyətin
hamıya aidliyini hər kəsə anlatmaqçün Cahangir
Zeynalov bir başqa dərs də verir. Pulun çox hissəsini
özü qoyur, amma camaatı da gücü çatan qədər
ianələr ayırmağa cəlb edərək 2500 manat
toplamağa müvəffəq olur, həmin mülkün təmirini
başa çatdırır.
Başqalarını maarifləndirmək yolunda
çalışan Cahangir Zeynalov özü də usanmadan
yenini öyrənməyə can atırmış. Təbii ki,
o dövrdə rus teatrının səviyyəsi daha yüksək
idi. Həm onların Avropa teatrları və sənətkarları
ilə əlaqələri vardı, həm də Rusiya
teatrlarında yüksək peşəkarlıqlı, təhsilli
rejissorlar, aktyorlar yetərincə idi. Oralardan
vaxtaşırı Bakıya səfər edən truppalarla
Cahangir Zeynalov əməkdaşlıq edirmiş. Elə
Bakıda fəaliyyət göstərən rus teatrlarına da
mütəmadi baş çəkirmiş. Ruscanı da
yaxşı bilən Cahangir Zeynalov həmin tamaşaların bəzilərində
rollar alırmış, cavan aktyor yoldaşlarını da rus
aktyorlarla səhnə bölüşməyə cəlb edərmiş.
Məqsəd daha təcrübəli aktyorlarla bir səhnədə
oynayaraq daha da bişkinləşmək, səriştə
artırmaqdı.
Cahangir Zeynalovun hər sifətinə bələd olan
Hacıağa Abbasov onun bir ümdə məziyyətindən
də xələfləri agah edir. Xəbər verir ki, Cahangir
bəy çox cəsur, mərd, ötkəm, iradəli
adammış, varlılardan, qoçulardan qorxub-çəkinməz,
yeri gələndə onların üzünə sözü
şax deyərmiş.
Hacıağa Abbasov bunu da əyan edir ki, Suraxanski
(indiki "Bir may") və Bazar (indiki Azərbaycan)
küçələrinin tinində bir mədrəsə
varmış. Ora "Hacı Hacıbaba mədrəsəsi"
deyərlərmiş. Həm ora, həm də həndəvərdəki
məscidlər Cahangir Zeynalovun tez-tez baş çəkdiyi
yerlərmiş. Getməyinin məqsədi ibadət deyildi.
Əvvələn, oynadığı, səhnəyə
hazırladığı tamaşalarda ruhani surətləri də
vardı, istəyirmiş ki, bilavasitə müşahidə
etsin, ayrı-ayrı cizgiləri müşahidə edib
ifasına köçürsün. Amma məsələnin digər
tərəfi də vardı. Gedirmiş və çox zaman
mübahisələrə başlayırmış. Xüsusən
həmin "Hacı Hacıbaba mədrəsəsi"ndə.
Cahangir bəy dinə biganə deyildi, Allahına,
peyğəmbərinə də inanan adamdı. Ancaq
mövhumatın, cəhalətin də qəti əleyhdarı
idi. Elə mövhumatın, cəhalətin əksinə
olduğundan da teatra belə möhkəm
bağlanmışdı. Çünki teatra, səhnəyə
cəhaləti qovmağın, insanların gözünü
açmağın ən qısa körpülərindən
biri kimi yanaşırdı. Həmin mədrəsəyə
yollanırmış, höcətləşirmiş, istəyirmiş
ki, orda tədris aparanlar özləri də mövhumata
uymasınlar, uşaqların da beynini zədələməsinlər.
Hacıağa Abbasov Cahangir Zeynalov haqqındakı
xatirələrini söyləyəndə, qələmə
alanda (yazısı da qalıb, səsi də) artıq sinli
insan idi, Cahangir Zeynalovun yaşamış olduğu
ömürdən də uzun ömür sürmüşdü
Ağsaqqal bir insan Cahangir Zeynalovu anırdı,
dönüb olurdu yeniyetmə, onu elə ilk gəncliyindəki
valehliyi, heyrəti ilə anırdı. Çünki onun və
onun kimi neçə-neçə başqalarının bu mərtəbəyə
gəlib çatmasının əsas səbəblərindən
biri Cahangir Zeynalovun nümunəsi olmuşdur.
Bütün gərəkli və dəyərli əməllərinin
yanında Cahangir Zeynalov ömrü boyu həm də beləcə,
varlığıyla örnək, ibrət olmağı həmişə
bacardı.
...Bir millət olaraq hər birimiz və
ömrünü Azərbaycan teatrına həsr etmişlərinsə
istisnasız olaraq hamısı Mirzə Fətəli Axundzadəyə
borcludur.
O vaxt da - XIX yüzilliyin
sonlarında da, XX əsrin əvvəllərində də belə
idi, bu gün də həmin təhərdir.
Çünki Mirzə Fətəli Axundzadə və
onun "Təmsilat"ı bizim milli teatrı doğurmaqla bərabər
İranın, Anadolunun, Orta Asiyanın da mədəni həyatındakı
teatr dirçəlişlərinə təkan verdi. Şirin,
duru və elin ağzından qopub gələn sadə ana dilindəki
ilk Mirzə Fətəli pyesləri yalnız ifa edilmədi, həm
də insanlarımıza teatr tərbiyəsi verdi, baxanlardan
daha əvvəl ifa edənlərçün dərsliyə
çevrildi.
Və dəfə-dəfə səhnəyə
çıxaraq pyeslərində müvəffəqiyyətlə
rollar oynamaqla yanaşı, Mirzə Fətəli Axundzadəyə
Cahangir Zeynalovun bir ayrı borc qaytarması da oldu. Daha dəqiqi
- iki borcqaytarması: biri 1903-cü ildə, digəri 1911-də.
İkisində də Mirzə Fətəlinin yubileyi
keçirilirdi.
1903-cü il oktyabr ayının 27-də Bakıda Mirzə
Fətəli Axundzadənin 50 illiyi bayram edilirdi. Bu, qeyri-adi bir
yubiley idi. Düz 50 il əvvəl, 1853-də Mirzə Fətəli
Axundzadənin "Təmsilat"ı ilk dəfə bir kitab
kimi nəşr edilmişdi.
Əlbəttə, bu, mədəniyyət və ədəbiyyat
tariximizin müstəsna hadisəsi idi və 1903-cü il
oktyabr ayının 27-dən bir neçə gün əvvəl
Bakı qəzetləri bu tədbirin keçiriləcəyini,
Mirzə Fətəli Axundzadənin ədəbi aləmdəki
parlayışının 50 illiyinin qeyd olunacağını
insanlara çatdırmışdı.
Zal ağzınacan doluymuş və səhnəyə
birinci çıxan Əbdürrəhim bəy Haqverdiyev olur.
Mirzə Fətəli Axundzadənin həyatı,
yaradıcılığı haqqında məruzəsini
başlayıbmış, ancaq tez-tez nitqini saxlamağa məcburmuş.
İmkan vermirlərmiş ki, danışsın. Zalı
ağzınacan doldurmuş insanlar Əbdürrəhim bəy
Haqverdiyevin az qala hər növbəti cümləsindən
sonra alqışlar qoparırmış.
Bu, sadəcə, təsəvvürümüz
deyil. 1903-cü il oktyabrın son günlərində
çıxmış "Kaspi" qəzeti həmin gündə
o zaldakı əhvali-ruhiyyəni bizə olduğu kimi
çatdırır. "Kaspi" qəzeti yazırdı ki,
Əbdürrəhim bəy Haqverdiyev danışdıqca
camaatın kəsilməyən alqışları ona
böyük xalq məhəbbətinin əsl göstəricisi
idi.
"Ona" - yəni hər ikisinə! Həm Mirzə
Fətəliyə, həm də Əbdürrəhim bəyə!
O axşam daha sonra "Hacı Qara" tamaşası
göstərilibmiş. Bu "Hacı Qara" da əvvəllər
səhnəyə gələn "Hacı Qara"lardan fərqli
idi. Tamaşa oynanırdı, ancaq aktyorların arasında
pyesdə olmayan, Mirzə Fətəlinin yazmadığı
bir əlavə surət də vardı - Mirzə Fətəli
Axundzadənin özü. Bu rolu ifa edəcək aktyoru elə
məharətlə qrimləyiblərmiş ki, Mirzə Fətəli
Axundzadənin bəlli fotosuna qoşa alma kimi bənzəyirmiş.
Həmin saatlarda - 1903-cü il oktyabrın 27-də bu yubiley mərasimi
keçirilərkən Mirzə Fətəli Axundzadənin vəfatından
cəmi 25 il keçirdi.
Və "Kaspi" müxbirinin bu cümlələri
çox təsirlidir. Yazır ki, zalda oturanların arasında
Mirzə Fətəli Axundzadəni həyatda görmüş
insanlar vardı. Onlar da heyrətə
düşmüşdülər ki, Mirzə Fətəli
Axundzadəyə bu səhnədəki aktyor Mirzə Fətəli
nə qədər oxşayır!
Tamaşa uğurla tamamlanır, qəzet rəylərində
ən çox təriflənən Mirzə Fətəli idi -
həm Axundzadə, həm də Zeynalov!
"Kaspi" 1903-cü il 29 oktyabr sayında
yazırdı: "Zeynalovun ünvanına yönələn təriflər
və alqışlar hüdudsuz idi".
O gün o tamaşa salonuna toplaşanların əksəriyyəti
sərraflar, sənəti dərindən duyan və bilən
adamlardı. Orda təsadüfi tamaşaçılar yoxdu və
bu alqışların qiyməti həmin səbəbdən də
ikiqat artırdı.
Bir aktyor, həyatını səhnəyə fəda
eləyən insandan ötrü o minnətdar alqışlardan
qiymətli hansı hədiyyə ola bilərdi ki?!
Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr
edilən ikinci və daha əks-sədalı obiri yubiley mərasimi
1911-ci il dekabr ayının 2-nə təsadüf edir.
Həmin məclisdə də Cahangir Zeynalov ən
seçkinlərdən biri olmuşdu.
Yubiley mərasimi Mirzə Fətəli Axundzadənin
anadan olmasının 100 illiyinə həsr edilmişdi. Mərasim
üç hissədən ibarətdi. Birinci hissədə əvvəlcə
Mirzə Fətəli Axundzadənin həyatı,
yaradıcılığı haqqında geniş məruzə
dinlənilir. Sonra "Hacı Qara"nın ikinci pərdəsi
nümayiş etdirilir və əlbəttə ki, Hacı Qara
rolunda Cahangir Zeynalov idi.
Sonra ikinci hissə başlanır və Cahangir Zeynalov
səhnəyə artıq libasını dəyişərək
elə özü kimi gəlmişdi. Çünki burda ədəbiyyatşünaslar,
ictimai xadimlər, teatr adamları, aktyorlar, rejissorlar Mirzə Fətəli
Axundzadə haqqında düşüncələrini
bölüşür, ölməz ədibə məhəbbətlərini
izhar edirdilər və danışanlardan biri də Cahangir
Zeynalovdu.
Ardınca isə üçüncü hissə gəlir
və ən maraqlısı da elə üçüncü
hissə imiş. Əbdürrəhim bəy Haqverdiyev Mirzə
Fətəli Axundzadəyə həsr edilən ayrıca pyes
yazıbmış. Qısa pyesin içərisində Mirzə
Fətəli özü də varmış, qəhrəmanları
da, oğlu Rəşid də. Hamısı bir yerdə idilər
və hadisələr Tiflisdə, Mirzə Fətəlinin indi
də elə həminki yerində duran həyətində,
mülkündə cərəyan edirdi. Həyətdə qələbəlik
idi - bir kitabsatan Mirzə Fətəliyə müraciətlə
gileylənirdi ki, "Sizin kitabları satmaqçün hara
gedirəmsə, məni yaxın buraxmırlar, təhqir edib
qovlayırlar". Mirzə Fətəlinin qəhrəmanları
onun başına toplaşmışdılar. Əslində,
onlar hamısı elə Tiflisdə, bu evdə
doğulmuşdular. Onların hər biri Mirzə Fətəlinin
masa arxasındakı yuxusuz gecələrinin bəhrəsi idi.
O axşamkı ifaçıların - Mirzə Fətəlinin,
Rəşid bəyin ətrafına toplaşanların hər
biri ürəyində Mirzə Fətəlinin xatirəsinə
sonsuz məhəbbət yaşadan insanlardı. O gün Hətəm
bəy rolunda Nəcəf bəy Vəzirov idi, Hacı
Qaranı Həbib bəy Mahmudbəyov oynayırdı.
Mirzağa Əliyev Molla İbrahimxəlil kimyagər
olmuşdu, Rəşid bəy surətini Abbas Mirzə Şərifzadə
yaradırdı. Cahangir Zeynalovsa həmin axşamda Dərviş
Məstəlişah rolunda idi.
Əlbəttə ki, Bakının teatr həyatında
belə möhtəşəm bir hadisə baş verirdi. Mətbuat
biganə qala bilməzdi. Ertəsi gün qəzetlərdə
bir-birinin ardınca silsilə yazılar çıxır.
Ogünkü ifaçıların hamısı çox təcrübəli
insanlardı, hər birinin zəngin səhnə bioqrafiyası
vardı. Ancaq onların hamısının arasında yenə
Cahangir Zeynalov seçilir və ertəsi gün mətbuat tərəfindən
də seçdirilir."Kaspi" də, "İqbal"da,
"Nicat" da sözləşiblərmiş kimi bir
ağızdan təsdiqləyirlər ki, o axşam Cahangir
Zeynalov - Məstəlişah misilsiz idi.
...Qori seminariyasını bitirib Bakıya gəldiyi ilk
vaxtlarda - 1913-cü ildə "Səfa" cəmiyyətində
Cahangir Zeynalovu ilk gördüyündən onun heyranına
çevrilmiş Əli Səbri Qasımov həmin
görüşlərdən yarım əsr keçəndən
sonra - 1965-ci ildə xatırlayırdı: "Səməd Mənsur
həmişə deyərdi: Cahangir Zeynalov
teatrımızın sönməz məşəlidir və
onun bu sözləri tam həqiqətdir!"
Məşəllərin yanar qalması
üçün onları alovlandırmaq azdır,
yaşamalarından ötrü gərək onları həm də
görələr. Cahangir Zeynalov və silahdaşları
ömürlərini məşələ döndərib bu
xalqın yolunu nurlandıranda XX əsr yenicə
başlayırdı. Artıq XX əsr xeyli var ki, arxada
qalıb, minillər dəyişib. Cahangir Zeynalov və
amaldaşlarının məşəllərinin sönməməsindən,
sozalmamasından ötrü onları daim görmək borcu
bizim boynumuzdadır. O məşəlləri görməyə
can atanlara ehtiyacımız var.
16 mart 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2025. -20 mart(№52).- S.16-17.