Ustad aşıq Əli Quliyevin yubileyi keçirilib
Azərbaycan aşıq sənətinin
görkəmli nümayəndəsi, ustad aşıq Əli
Quliyevin (Ürfan Əli) anadan olmasının 75 illiyinə həsr
olunmuş konsert proqramı təşkil edilib. Tədbir “Dədə
Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı
ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında
keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbirdə “Dədə
Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai
Ələsgərli Əli Quliyevin Azərbaycan aşıq sənətinə
verdiyi töhfələrdən, onun sənət yolunun əhəmiyyətindən
və bu irsin qorunmasının vacibliyindən
danışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
şair İbrahim İlyaslının
aparıcılığı ilə davam edən tədbirdə
Milli Məclisin üzvü Aydın Hüseynov, şair,
publisist Murad Köhnəqala, yazıçı Şərif
Ağayar, publisist, şair Əkbər Qoşalı, şair,
publisist Çiçək Mahmudqızı, "Sahturna
Kültür və Sənət Evi"nin direktoru Ozan Şiar
Ağdaşan, şair, publisist Yusif Nəğməkar,
yubilyarın nəvələri və digər qonaqlar
çıxış edərək ustad sənətkarın Azərbaycan
aşıq ənənələrində xüsusi rol
oynadığını vurğulayaraq Əli Quliyevə
xoş arzularını çatdırıblar.
Konsert proqramında tanınmış və gənc
ifaçılar Əli Quliyevin sevilən ifalarından və
klassik aşıq havalarından nümunələr təqdim
ediblər. Onların çıxışları
alqışlarla qarşılanıb və tədbir
iştirakçılarının böyük marağına
səbəb olub.
Yubilyar, ustad aşıq Əli Quliyev tədbirin təşkilatçılarına,
çıxışçılara və sənətsevərlərə
öz təşəkkürünü bildirib. O, Azərbaycan
aşıq sənətinin gələcək nəsillərə
ötürülməsinin vacibliyini vurğulayıb və bu sənətin
daim yaşamasını arzulayıb.
Tanınmış elm və mədəniyyət xadimlərinin,
ictimaiyyət nümayəndələrinin, aşıq sənətinin
ustad ifaçılarının, gənc aşıqlar və sənətsevərlərin
iştirak etdiyi tədbir Azərbaycan mədəniyyətinin ən
dəyərli sahələrindən biri olan aşıq sənətinin
təbliği və inkişafı baxımından əlamətdar
hadisə kimi yadda qalıb.
525-ci qəzet .-2025. -20 mart(№52).- S.15.