Xalq yazıçısı Maqsud
İbrahimbəyova həsr edilən virtual kitab sərgisi
hazırlanıb
Bu il Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq yazıçısı, Dövlət
mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud
İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan
Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud
İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə
dair imzaladığı Sərəncamdan irəli gələn
tədbirləri həyata keçirmək məqsədilə
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında "Maqsud İbrahimbəyov nəsri - milli
kolorit, milli xarakter" adlı virtual kitab sərgisi
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə
Maqsud İbrahimbəyovun çoxşaxəli fəaliyyəti,
zəngin bədii irsi haqqında məlumat verilir, onun
istedadlı nasir olması ilə yanaşı dramaturq,
kinossenarist kimi də yaddaqalan ekran əsərlərinin müəllifi
olduğu qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən
hazırlanan sərgidə Maqsud İbrahimbəyovun Azərbaycan
Respublikası və Rusiya Federasiyası tərəfindən
layiq görüldüyü orden, medal və fəxri adlar
haqqında məlumat verilir, müəllifin kitablarının
36 xarici dilə tərcümə olunduğu, dünyanın
bir çox ölkələrində dərc edildiyi və səhnələşdirildiyi
diqqətə çatdırılır. Materialda adət-ənənələrə
bağlılıq faktorunun, Bakı mühitinin özünəməxsus,
milli koloritli təsvirinin Maqsud İbrahimbəyovun
yaradıcılığını səciyyələndirən
əsas xüsusiyyətlər olması qeyd edilir.
Virtual kitab sərgisində müəllifin “Cəhənnəmə
sərinlik gəldi”, “Müharibənin 1001 gecəsi”, “Ondan
yaxşı qardaş yox idi”, “Qara paltarlı qadın”, “Qoy o
bizimlə qalsın”, “Püstə ağacı”,
“Uşaqlığın son gecəsi” kimi kitablarının
qısa annotasiyası təqdim edilir və onun haqqında qələmə
alınan dövrü mətbuat nümunələri sərgilənir.
"Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli
xarakter" adlı virtual kitab sərgisi kitabxananın rəsmi
saytında yerləşdirilib.
525-ci qəzet .-2025. -20 mart(¹52).- S.15.