"Məndən
olsaydı, o teatrı bağlayardım"
Əməkdar artist Füzuli Hüseynov: "Yeni nəsil
özündən əvvəlkiləri bəyənmir, biz də
bizdən əvvəlkiləri bəyənmirdik"
Əməkdar artist Füzuli Hüseynovla söhbət
- Füzuli bəy, illər öncə bir müddət
teatrdan uzaqlaşdınız, amma sonra yenidən
qayıtdınız. Niyə getmişdiniz, niyə
qayıtdınız?
- Səhhətimlə bağlı problem
yaranmışdı, ona görə getməli oldum. Həm də
teatr o dövrdə çox bərbad vəziyyətdə idi.
Atmosfer normal deyildi deyə dedim, həm müalicəmlə məşğul
olum, həm də bir müddət aralanım. Sonra elə oldu
ki, aldatdılar və qaytardılar. Sözün
açığı, qayıtmaq fikrim yox idi, amma aldadıb
qaytardılar.
- Tez aldanansınız?
- Tez aldanam deyiləm, amma aldatmaq olur. Onu da Mərahim Fərzəlibəyov
bacardı. Dedi, bir iş üçün dəvət edirəm.
Bir-iki ay başımı bişirdi və razı saldı.
Ondan sonra da ilişib qaldıq burada. Bu, bir xəstəlikdir,
bir bəladır, giriftar olmayan bilməz.
- Sənət yoldaşlarınızın bir
çoxunu itirmisiniz. Demək olar ki, geriyə köhnə nəsildən
çox az sayda sənətkar qalıb. Yeni gələn gənc
nəsil köhnə nəsilin yerini verə bilirmi?
- Əslində, bizim belimiz qırılacaq. Hər yeni
nəsil özündən əvvəlkiləri bəyənmir.
Yavaş-yavaş yaşlı nəslin nümayəndələrini
itirdikcə zərbələri biz götürməli
olacağıq. Biz də bizdən əvvəlkiləri bəyənmirdik.
İndiki cavanlar da tamam başqa cür düşünürlər.
Cəmiyyət inkişaf etdikcə yeni metodlar, yeni formalar
ortaya çıxır. Keçən il Qazaxıstanda bir
tamaşaya baxdım, birinci yerə layiq görüldü. Amma
məndən olsaydı, həmin teatrı bağlayardım. Nə
aktyorların üzü görünürdü, nə də
bir kəlmə danışırdılar. Hamısının
üzündə maska var idi, ora qaçırdılar, bura
qaçırdılar. Axırda da birinci yer onlara verildi. Niyə
verildi, nəyə görə verildi, anlaya bilmədim. Biz
klassik teatra alışmışıq. Amma bu o demək deyil
ki, biz deyən olmalıdır. Müasir zaman, müasir
düşüncələr tamam başqa şeyi diktə edir.
Ona görə də mən ona pis baxmıram. Gənclərin
özlərindən əvvəlki nəsli bəyənməməsi
normal bir şeydir. İnkişafın təməlin qoyurlar.
Əvəzolunmaz adam yoxdur. Hamını əvəz etmək
olar. İndi gənclərin dövrüdür. Biz
yaşadığımızı yaşadıq. Onlar nə
edirlərsə, qəbul etməlisən, başqa çarən
də yoxdur. Qəbul etməyə bilmərsən,
çünki qəbul etməyəndə səni eşitmirlər.
Səni eşitmirlərsə, o sözü deməyin mənası
yoxdur.
- "Sənsiz" tamaşasında gənclərlə
eyni səhnəni bölüşmüsünüz. Belə
hallarda köhnə nəsillə yeni nəsil arasında fikir
ayrılıqları olurmu?
- Təbii ki, olur. Hər halda, fikrimi izah etməyə
gücüm çatır. Sözsüz, mübahisələr,
anlaşılmazlıqlar olur. Bu da normal haldır. Hərçənd
ki, mən o tamaşanı və rolumu bəyənmirəm.
- Niyə?
- Mənim belə bir xasiyyətim var, heç bir
işimi bəyənmirəm.
- Gördüyünüz işi bəyənmədiyiniz
halda sizi burada tutan səbəb nədir?
- Bu, mənim peşəmdir, bunu oxumuşam, əlifbasın
keçmişəm. Nə də ki buna görə heç
vaxt özümə artist demirəm. Mən artist deyiləm.
Sadəcə teatrda oyun oynamaq bizim peşəmizdir. Mənə
maraqlı gələn əsər və yaxşı rejissor
olanda razılaşıram, ürəkdən işləyirəm.
Olmayanda da yenə məcbursan, işləməlisən. Fəhlə
daşı buradan götürüb ora qoymalıdır ki,
divarı hörsün. Sən bəyənsən də, bəyənməsən
də, məcbur olub bunu etməlisən.
- Bəzi tənqidçilərin fikrincə, həmin
tamaşada gənc aktyor Elsevər Rəhimov obrazı sizdən
yaxşı canlandırmışdı.
- Təbii ki, elə də olmalıdır. Elsevər
yerini bilən, istedadlı aktyordur. Ümumiyyətlə,
özümdən başqa hamını bəyənirəm. Məndən
başqa hamı yaxşı işləyir. Bilrsiniz, mən
dövrünü yaşayıb, oradan yapışıb-duran
insanlardan deyiləm. Biz artıq getməliyik. Bizim bir
ayağımız o tərəfdədir,
ömrümüzün qış dövrünü
yaşayırıq. Təəssüflənirəm ki, niyə
60 yaşında bizi pensiyaya göndərmirlər? 60 oldu gərək
gedəsən.
- Teatrda olan qalmaqalların mərkəzində sizin
adınızı da tez-tez görürük. Hətta buna daha
çox rəhbərlik dəyişəndə şahid oluruq.
- Dəyişəndə yox, yenisi gələndə
narazı oluram. Düzgün işləmirsə, narazı
oluram və bunu da özünə bildirirəm.
- Bir çox aktyorlar ya görünmək xatirinə,
ya da daha çox pul qazanmaq üçün hər işə
razılıq verirlər. Amma siz deyəsən, bu mövzuya
daha həssas yanaşırsınız.
- Pul qazanım deyə çəkilənlər əslində,
pul qazanmırlar. Sadəcə görünmək
üçün gedirlər və necə görünürlərsə,
elə də itib gedirlər. Bizim kollektivə dəfələrlə
demişəm ki, hər işə getməyin, bir az qiymətinizi
bilin. Bilirsiniz, bir az kobud səslənəcək, amma elə
olanda adam həyasızlaşır. Mən elə olmaq istəmirəm.
Təkliflər gəlir, amma mənim üçün vacib
olan yaxşı əsər və kollektivin olmasıdır.
Filmdə də operatorundan tutmuş rejissor köməkçisinə
qədər hər kəs işini bilən peşəkarlar
olmalıdır. Elə olanda az məbləğə belə
razılıq verirəm. Amma təbii ki, maddi tərəf də
önəmlidir. Az məbləğ deyəndə mən
"hər yanda görünüm" deyənlər kimi
çəkilmirəm. Çox uğurlu işdirsə, pulsuz
çəkilərəm, ya da ki, layiqincə haqqımı tələb
edərəm. Ona görə məndən ehtiyat edirlər. Bir
çoxları düşünür ki, qəliz adamam.
Əslində, elə deyil. Mən heç kimi heç vaxt
yarı yolda qoymamışam. Özüm-özümə qiymət
qoya bilirəmsə, bəsimdir. Çox tanınmağı
sevmirəm. Heç kimdən seçilmək istəmirəm.
Küçədə kimsə məni tanıyanda deyirəm,
yox, səhv salmısınız, mən o deyiləm.
- Amma Spartak sizi tanıtdı.
- O, baş bəlası oldu da (gülür). Son
zamanlar düşünürəm ki, hərənin alnına bir
şey yazılıb. O qədər baş rollar var ki,
heç kim onu xatırlamır. Heç olmasa məni, həmin
obrazla xatırlayırlar. Bununla özümə təsəlli
verirəm.
- Maraqlıdır, "Sənsiz"də baş rol
almağınıza baxmayaraq, sizi "Təhminə"
filmindəki ikinci dərəcəli obrazla - Spartak obrazı ilə
tanıdılar.
- Bilirsiniz, dövrə görə Anarın əsəri
daha populyar idi. "Sənsiz" daha çox repressiya
dövrünə həsr olunmuşdu. Sözün
düzü, orada rol almağı heç istəmirdim. Amaliya
Pənahovanın təkidi ilə razılaşdım. Onun bir
xasiyyəti var idi, bir şeyi dedisə, mütləq olmalı
idi. Mən də onu qırmamaq üçün razılıq
verdim. Hərçənd, həmin işi də heç
cür bəyənmədim.
- Bir vaxtlar həm Bakıdan, həm də rayondan sizə
ünvanlanmış çoxlu məktublar gəlib. Həmin məktublardan
hansı daha çox yaddaqalan olub?
- Adətən sevgi dolu məktublar alırdım.
İndi həmin məktublar sosail şəbəkələrdə
yenə gəlir. O gün bir nəfər yazıb ki, mən
10-cu sinifdə oxuyanda sizə məktub yazmışdım.
Normal bir şeydir. Buna görə özümü dartıb
dağ başına qoymağım lazımsızdır. Elə
insanlara nifrət edirəm. Bir gün mən də onlar kimi
olsam, özümə də nifrət edərəm. Bir
çoxları deyir, məndən yoxdur. Necə yəni,
yoxdur? Sən kimsən axı? Elə an olar ki, səni
heç edib ayaq altına qoyarlar. Həyatda hər şey olur.
Mənim də heç kimin yanında gözükölgəli
bir işim yoxdur. Sona qədər dostuma dost, düşmənimə
düşmənəm. Sözüm, tənqidim, şillə
vurmağım da varsa, vaxtında edirəm. Mənə deyirlər,
nə üçün belə edirsən? Deyirəm, belə qəbul
edin məni. Mənim də xarakterim budur.
- Bəs sizi belə qəbul edirlər?
- Görünüşdə hə, təbii ki, mən
gedən kimi dalımca da danışırlar. Onlara da yeri gələndə
sözümü deyirəm. Buna baxmayaraq az da olsa, özüm
kimi qeyrətli və sədaqətli dostlarım var. Onlara
görə yaşamağa dəyər.
- "Bəyin oğurlanması" filminə çəkiləndən
sonra əsgərliyə getmisiniz. Orda biliblər ki, siz kimsiniz?
Münasibətləri necə oldu?
- Yerli uşaqların çoxusu tanıdı. Əsgərliyim
Tiflisdə başladı. Heç cür o aləmi qəbul edə
bilmirdim. Ümumiyyətlə, başımın üstündə
müdir olmasını qəbul etmirəm, əmrə tabe
olmağı sevmirəm. "Füzuli" sözünün
mənası axına qarşı getməkdir. Əsgərlikdə
də sistemi qəbul etmirdim deyə davamlı olaraq komandirlərlə
mübahisə edirdim. İki ay Tiflisdə əsgərlikdə
oldum. Onun bir ayını əsgərlərin həbsxanasında
keçirdim. Axırda məni oradan qovaladılar. İrəvanda
hərbi xidmətə başladım. Orada da elə bir
batalyona düşdüm ki, bir dənə normal insan yox idi.
Bütün kriminallar həmin komandada idi. Komandir onların
heç birini sevmirdi. Ali savadlı olduğuma və rus dilini
bildiyimə görə məni rota komandiri qoydular. Mən də
bizim uşaqların hamısına kömək edirdim. Ermənilərlə,
gürcülərlə davalarımız olurdu. Orada həbsə
düşmədim, amma komandirlərin qəzəbinə
tuş gəlmişdim deyə məni buraxmaq istəmirdilər.
Deyirdilər, səni ya həbsxanaya göndərəcəyik,
ya da hamıdan gec buraxacağıq. Elə oldu ki, Allah
üzümə baxdı. Gecə əmrləri yazan rəisin
evinə gedib ona konyak bağışladım. O da dedi ki, sabah
gecə hamı yatandan sonra gəl, sənədi götür.
Sənədi götürdüm və səhər 5-də
mindim avtobusa getdim. Sonra uşaqlar mənə
danışırlar ki, səhər yeməyindən sonra əsgərlərin
bölgüsünü edəndə komandir baxdı, dedi
Hüseynov hanı? Uşaqlar deyib, çıxıb getdi.
Komandir qışqırıb ki, qaytarın onu geri. Hara
qaytarırlar, mən artıq səhədi keçib Tovuzda
çörək yeyirdim (gülür).
- Ötən gün "Yuğ" Teatrında
tamaşa zamanı aktyor Elşən Əsgərov
tamaşanı yarıda qoyub tamaşaçılardan üzr
istəyərək səhnəni tərk etdi. Bəziləri,
bunun səbəbini "Yuğ" Teatrının
binasının olmamasında, ümumiyyətlə, teatrlara
diqqətin az olmasında gördü. Siz bu barədə nə
düşünürsünüz?
- O barədə oxudum. Amma tam anlamadım. Ümumiyyətlə,
Yuğ Teatrında belə şeylər olur. Ona görə o
hadisəyə qeyri-adi baxmadım. Rəhmətlik Vaqif
İbrahimoğlu insanın ağlına gəlməyəcək
şeylər edirdi. Kimsə Otellonu oynayan yerdə digəri
qıraqdan çıxıb deyirdi, nə
qışqırırsan? Ola bilər ki, onların da etdiyi bir
oyun tərzidir, səs salmaq üçün ediblər. O ki
qaldı digər məsələyə. Artıq bütün
dünyada teatrlar tənəzzülə gedir. Hətta mən
bir dəfə dedim ki, teatr binasını yaxşı bir
restorana, kazinoya çevirmək olar. Mənə elə gəlir
ki, teatr yavaş-yavaş sıradan çıxacaq və
lazımsız bir şey olacaq. Çünki kim nə istəyir,
onu edir. Ağılasığmaz şeylər edirlər. Həmçinin
kino sahəsində də bu hal yaşanır. Bir dənə
kinostudiyanı 1990-cı ildən təmir edib bitirə bilmirlər.
Mən bu barədə çıxış elədim. Dedim, gəlin
vergiləri tutaq, siqaret çəkəndən beş qəpik,
içki içəndən hər şüşəyə
görə 50 qəpik vergi tutulsun. Məni də
başçı qoyun, bir ilə kinostudiyanı tamamilə dəyişərəm.
Yoldan ötən, toy çəkən gəlir, film çəkir.
Kimi gəldi - qohumlarını, "zapravkada" işləyəni
gətirib kinoya çəkirlər. Bu o deməkdir ki, bu sahə
yavaş-yavaş sıradan çıxacaq. Adam nə qədər
"Ölülər" oynayar... Bəsdirin də, yetər
artıq. Elə əsərlər var ki, o barədə
düşünəndə, oxuyanda adamın tükləri
biz-biz durur. Yanaşma dəyişməlidir. Mənə elə
gəlir ki, bu qədər teatra ehtiyac yoxdur. Artıq mən də
sakit oturmağı seçmişəm, daha bizimki bitib.
Görək gənclərimiz nə edəcək. Hər halda,
uğurlu tamaşalar olur. Dünya başqa istiqamətdə
gedir. Məsələ qəlizdir. Bizim qatarımız gedib.
Dövr indi gənclərindir, görək, neyləyəcəklər.
Ləman İLKİN
525-ci qəzet .-2025. -20 mart(№52).- S.14.