"Elə dəyərlər var ki,
onları maddiyyata qurban vermək olmaz"
Tanınmış rəssam, keramika ustası Mir Teymur Məmmədovla
söhbət
Yeni arzularla, yeni ümidlərlə
qarşıladığımız 2025-ci ildən iki ay
keçər-keçməz bir də gördük ki, Novruza
hazırlaşırıq. Çərşənbələri
adladıq və gəlib çatdıq Novruza. Bu gün 20
martdır və astronomik olaraq saat 13.01-dən etibarən Azərbaycanda Yaz fəsli
başlayır. Dədə-baba dililə desək, bu saatda il təhvil
olur.
Yaşımın yarısı sovetlər
dövrünə təsadüf edib və özümü dərk
edəndən evimizdə təmtəraqla Novruz
hazırlığını, biş-düşünü
görmüşəm. İndiyədək o da
yadımdadır ki, ilin təhvil olma vaxtı gecə
saatlarına düşsəydi belə, bizi yuxudan
oyadardılar ki, Novruzu qarşılayaq və bu bayramda mütləq
yeni geyimlərimiz olmalı idi. Yəni bu gün
çal-çağırla, yüksək səviyyədə
qarşılanan Novruz zamana, qadağalara baxmayaraq, Azərbaycanın
hər bir guşəsində qeyd olunub.
Məlum bayram tətilinə görə bu gün
oxucularımızla mart ayının son görüşünə
gəlmişik. Bunu hər dəfə vurğulayıram ki, təsadüfün
özündə həmişə bir uyğunluq var.
Bugünkü müsahibimizlə söhbət planımızda
olsa da, onun məhz bayram gününə təsadüf edəcəyini
təxmin etməmişdik. Özü də Bakının
şah damarı İçərişəhərdə. Son
vaxtlar İçərişəhərə bağlı olan
bir neçə həmsöhbətimiz olub və bunun
özündəki uyğunluq qoy elə məndə də
qalsın. Həqiqət naminə demək lazımdır ki, qəzetimizin
bayram günü qonağını mənə təklif etdilər.
Məsləhətli don gen olar fikrilə onu axtarıb
tapdım, görüş vaxtını təyin etdik. Vaqif Səmədoğlunun
dililə desək: "Əyrin-üyrün dar küçələr"lə
gəlib mənzil başına çatdım və
özü də daxil olacağım qapının arxasında
nələrlə rastlaşacağımı bilmədən.
Müsahibimiz Azərbaycan Rəssamlar
İttifaqının, Karikaturaçı Rəssamlar Birliyinin
üzvü, Gürcüstan Rəssamlar İttifaqının fəxri
üzvü, beynəlxalq sərgilərin
iştirakçısı və mükafatçısı, rəssam,
keramika ustası Mir Teymur Məmmədovdur.
- Bayram ab-havasında əhvalımız da
yaxşı olur...
- Sevdiyim işim olduğu üçün əhvalım
həmişə yaxşı olur. Qrafika, rəngkarlıq, heykəltaraşlıq
kimi işlər mənə böyük stimul verir və
Allahın mənə verdiyi bu istedadı xoşbəxtlik hesab
edirəm.
- Əksər hallarda yaradıcılıqla məşğul
olanlara istedad genetik ötürülür. Böyüdüyünüz
mühit mənə maraqlıdır...
- Böyüdüyüm mühitdə
gördüyüm və bu yöndə aldığım tərbiyə
hörmətdir. Kiçik yaşlarından bizə təlqin
ediblər ki, əgər biri danışırsa, onun söhbətinə
müdaxilə etmək olmaz. Zamanla bu keyfiyyəti digərlərinə
ötürməyi bacardığımdan, bu gün söhbətlərimdə
bu hörməti özümə qarşı həmişə
görürəm. Mən elə bir ailədə
böyümüşəm ki, orada ya həkim olmalı idim, ya
da rəssam, hətta deyərdim ki, bu, nəsildən gəlmə
bir xətdir.
- Deməli, ailədə rəssam olub...
- Bəli, anam.
- Bir az yaxından tanıyaq rəssam ananı...
- Anam Dilarə Məmmədova o zaman Bakı Zərgərlik
fabrikində baş rəssam olub. Onun istedadı və
bacarığı haqqında bir nümunə çəkəcəyəm.
1972-ci ildə Venesiyada dünyanın ən qədim və
nüfuzlu incəsənət sərgisində onun eskizi əsasında
hazırlanan tac, sinəbənd, bilərzik və üzükdən
ibarət zinət dəsti birinci yerə layiq
görülüb. Bir ildən sonra - 1973-cü ilin qış
aylarında həmin dəst ölkəmiz tərəfindən
Britaniya kraliçası II Yelizavetaya hədiyyə edilib.
Düşünürəm ki, bu fakt yetərli sayıla bilər.
- Ailənizdə ənənəvi olaraq iki sənətdən
siz rəssamlığı seçdiniz...
- Həkim də ola bilərdim, lakin beş
yaşından plastilinlə müxtəlif fiqurlar düzəltməyə
başlayan uşaq üçün incəsənət daha
maraqlı oldu. Düzəltdiklərimi evdə pencərələrin
altına yapışdırırdım, günəşin
qızmar istisi onları əridib yerə tökürdü. Vəziyyəti
belə görəndə qərara gəldilər ki, mənə
gil versinlər və bundan da sonra evdə ancaq gilin
töküntüləri təmizlənərdi. Bu o demək
idi ki, artıq yolumu tapmışam.
- Və bu yol sizi əvvəl Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbinə gətirdi, oradan da
üz tutdunuz o zaman Leninqrad adlanan indiki Sankt-Peterburqa. Burada ali
Rəssamlıq Məktəbini və Leninqrad Dövlət
İnstitutunun Teatr, musiqi, kino rəssamı
fakültəsini bitirdiniz...
- Başlayaq Ə.Əzimzadə adına Məktəbdən.
Sovetlər birliyində bu məktəbi bitirmək elə ali təhsil
almağa bərabər idi və dövrün çox
nüfuzlu məktəbi sayılırdı. Bilirsiniz niyə?
Çünki orada Mikayıl Abdullayev, Tahir Salahov, Elbəy
Rzaquliyev, Eyyub Məmmədov, Vidadi Nərimanbəyov, Lətif
Feyzullayev kimi dahilər dərs deyirdi. Hamısı da Moskvada,
Leninqradda təhsil alan korifeylər idi və özlərindən
sonra Azərbaycan rəssamlıq məktəbində
böyük iz qoya biliblər. İki ali təhsilə gəlincə
isə həm keramika və dizayn, həm də teatr məni
özünə cəlb edirdi. Bunlar isə iki ayrı ali məktəblərdə
tədris olunurdu. İstəyimə nail olmaq üçün
hər ikisini bitirdim.
- Bir az rəssamdan danışaq...
- Rəssam düşüncə və ruh
adamıdır. Kifayər qədər yetirmələrim var, gənclərlə
işləyirəm. Baxırsan ki, gəncin iti gözü var,
möhkəm əli var, amma yaradıcılıq təşəbbüsü
olmayan biridir. Yəni qarşısına bir şəkil qoy,
ona baxıb eynisini çəksin. Bu, rəssam deyil. Rəssamda
əsas fikir və düşüncədir və onun
yaratdığı onların harmoniyasından
süzülüb gəlir.
- Fəaliyyətə karikaturaçı rəssam kimi
başlamısınız, özü də "Kirpi"
jurnalında. Bir qədər cəsarət tələb edən
bir sahədir və hər şeyə rəğmən, sovet
ideologiyasına xidmət edirdi həmin jurnal...
- Karikaturanı 16 yaşından çəkirəm və
burada məni özünə cəlb edən çılpaq
fikrin olması idi. Lakin mənə iti karikatura çəkməyə
icazə verirdilər. Rəsmdən fərqli olaraq karikaturada fəlsəfi
fikir özünü göstərməlidir. O dövrdə
karikaturada elə çərçivələr vardı ki,
onlardan kənara çıxmaq olmazdı. Mənim
karikaturalarımın adı sözsüz olurdu, yəni şəklə
baxan özü düşünməli, fikir yürütməli
idi.
- Yəqin ki, küsənlər, inciyənlər də
olub...
- İnciyirdilər də, redaksiyaya zənglər də
olurdu, kəskin sözlər işlədənlər də. Mən
həmişə öz bildiyim kimi işlərimi
görmüşəm. O
dövrdə rəhbərliyin reklam işləri də mənə
tapşırılmışdı. "Moskva"
mehmanxanasının, "Bakı" və "Moskva"
univermaqlarının reklamları mənim işlərimdir.
Bundan başqa, respublikada "Alya-arabik" şriftini də mən
yaratmışam.
- Keramika və saxsıdan
hazırladığınız əl işləriniz təbii
ki, öz təxəyyülünüzün məhsuludur...
- Burada bir düzəliş etmək istəyirəm.
Saxsı fayansdır, yəni tərcümə düzgün
edilməyib. Yeri düşəndə bu düzəlişi
edirəm. Qarşınızdakı bu iş Xocalı faciəsinə
həsr olunub, özü də qırmızı gildən
hazırlanıb. Bu gilin dünyada 128 növü var,
bunların 98-i Azərbaycandadır. Səbəbi də odur ki,
Mendeleyev cədvəli bizim dağlarımızdadır. Yapmaq,
hazırlamaq istədiyim işləri mövzuya uyğun olaraq
sırf özüm düşünüb, eskizini çəkib
hazırlayıram.
- Möcüzələr yaratmaqdan əlavə,
etnoqrafiya ilə maraqlanırsınız, xüsusilə
türk xalqlarının tarixi ilə. Yəqin ki, bu maraq qala
divarları arasında yaşamaqdan qaynaqlanır...
- Elədir ki var. Bu marağı da məndə nənəm
yaradıb. Kiçik yaşlarımdan əlimdən tutub
bütün İçərişəhəri gəzdirərdi,
qohum-əqrəbanın evini tanıtdırardı. Çox
ziyalı olan nənəm Nərgiz Hacınskaya böyük
bir nəslin qızı olub, Fransada təhsil alıb, beş
dil bilirdi. Fransada provizor ixtisası üzrə (Yüksək
ixtisaslı aptek işçisi, əczaçı) təhsil
alan ilk on qızdan biri idi. Onun mənim
dünyagörüşümdə xüsusi rolu olub.
- İçərişəhərli müsahiblərimə
ənənəvi bir sualım olur həmişə,
aldığım cavablar isə müxtəlif. İçərişəhərin
sırf özünün bir şarmı var...
- Bu şarm yalnız
İçərişəhərin insanlarına məxsus olan
hörmətdir. Qarşıdan gələn birinin
ağzını açmadan onun içərişəhərli
olub-olmadığını dərhal bilirəm. İçərişəhərə
məxsus ab-hava çox az da olsa, qalıb. Son otuz ildə
İçərişəhər böyük rotasiya
yaşadı, amma buna vaxtında əncam çəkildi.
60-70-ci illərdə İçərişəhərdə
böyük söküntü işləri başladı.
Sonradan o sökülən mülklərin yerində müasir
tipli tikililər meydana gəldi. Qatır ləqəbli
Zeynalabdin Tağıyevin mülkünü söküb yerində
Ensiklopediyanın binasını tikdilər. O zaman mən bir vətəndaş
kimi açıq şəkildə buna qarşı öz
etirazımı bildirdim. Bu gün İçərişəhər
Dövlət Tarix Memarlıq Qoruğudur, Qız qalası və
Şirvanşahlar sarayı
UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən
ilk obyektlərdir. Bura açıq səma altında muzeydir.
Muzeydə də bu qədər kababxana olar? Hazırda
İçərişəhər turizmin inkişafında
böyük rol oynayır, etirazımız yoxdur. Amma
bütün ərazinin başdan-başa yemək qoxusuna
bürünməyinin adı varmı? Filarmoniya
bağının aşağı hissəsində
Əliağa Vahidin büstü qoyulmuşdu. Onu gətirib
İtaliya səfirliyinin aşağı hissəsindəki
kiçik bir meydançada yerləşdirdilər. Hər
hansı bir heykəl və ya monument təhvil veriləndə
onun planına ərazinin toxunulmazlığı da daxildir. Bu
gün o böyüklükdə şairin büstünün
beş addımlığında çayxana fəaliyyət
göstərir. Elə mənəvi dəyərlər var ki,
onları maddiyyata qurban vermək olmaz.
- Yaratdığınız Keramika
Yaradıcılıq Mərkəzi sanki muzey içində bir
muzeydir...
- Gördüyünüz bu divarlar 25 il ərzində ərsəyə
gəlib və İçərişəhərin ekskursiya
siyahısına daxil edilib. Demək olar ki, hər gün bu
qapını döyənlər olur və artıq gələnlərin
üzündəki təəccübü də, heyrəti də,
marağı da ilk baxışdan hiss edirəm.
Yaratdığım ən kiçik parçada belə,
milliyimizi əks etdirən element mənim üçün
vacibdir.
- Yetirmələriniz mütləq ki var...
- Demək olar ki, dünyanın hər yerində var.
Şəkidə "ABAD"ın dəstəyilə Keramika
və Tətbiqi Sənət Mərkəzlərini açaraq
incəsənətin bu növünün inkişafına xidmətimi
göstərmişəm. Bu tip məktəblər ölkəmizin
bir neçə bölgəsində fəaliyyət göstərir
ki, bu da gənc nəslin bu sahə üzrə yetişməsi
deməkdir. Bununla kifayətlənməyib ilk dəfə olaraq Beynəlxalq
Keramika Simpoziumunun keçirilməsinə nail olmuşam.
Ölkə başçısı ilə
görüşümüzdə mən bu təkliflə
çıxış edəndə bildirdim ki, keramikanın incəliklərini
əsasən yerli xalq bilir və indiyə qədər belə
bir simpozium keçirilməyib, çünki Sovetlər Birliyi
buna imkan verməyib. O dövrdə bir dəfə Lətif Kərimovun
böyük səyi sayəsində
Xalçaçılıq simpoziumu keçirilib. Bilirsiniz,
beynəlxalq simpozium bir ölkə, bir xalq üçün
müasir dillə desək, piardır. Buna da o zaman erməni əlinin
müdaxiləsilə bizə imkan verilməyib. Təklifim
Prezidentimizin xoşuna gəldi və Şəkidə ilk
simpoziumu keçirməyə nail olduq. I Beynəlxalq Keramika
simpoziumu 2019-cu ilin may ayında "Təbiətdən tarixə"
adı ilə işinə başladı. Burada ölkəmizlə
birlikdə 14 xarici ölkədən 25 nəfər
keramikaçı iştirak etdi. Artıq bu ilin fevral ayında
Bakıda III Beynəlxalq duet-simpoziumunu keçirdik. Mənimlə
yanaşı, burada britaniyalı keramikaçı İrina
Denev də iştirak etdi. Belə tədbirlərə ev
sahibliyi etmək ölkəmizın tək mədəniyyət
və incəsənət sahəsində deyil,
bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə
öz yerinin olduğunun sübutudur.
- Yaradıcı adamların təklikdə
öz-özü ilə ünsiyyəti, söz-söhbəti
də olur...
- Mənim söz-söhbətim də, etmək istədiklərim
də hamısı beynimdədir. Orda düzüb-qoşuram və
artıq nə edəcəyimi bilirəm. O da var ki, iş
prosesində düşüncəmdə olanlara dəyişiklik
də edirəm. Bu da normaldır.
- Mir Teymur Məmmədovun
yaradıcılığında Qarabağ mövzusu...
- Biz artıq torpaqlarımızı geri
almışıq, lakin Qarabağ mövzusu həmişə
aktual olaraq qalacaq. 30 il dildə asan səslənə bilər,
amma o illərin hər saniyəsinin
ağrı-acısını yazmaq, rəsm əsərlərinə,
heykəllərə çevirmək üçün gərək
zamanı tutub saxlayasan ki, buna ömür yetsin. Bu mövzu ilk
gündən yaradıcılığımda olub, var və
olacaq da. İşlərin böyük əksəriyyətini
alıb aparırlar, amma Qarabağ mövzusunun son nöqtəsi
yoxdur.
- Tətbiqi sənətlə məşğul olan bir
peşəkarın sifarişləri də olur...
- Təbii ki, olur. Dövlət tərəfindən
sifariş edilən doqquz işim hazırda Azərbaycan Milli
İncəsənət Muzeyindədir. Fərdi sifarişlər
də müraciət edənlər var. Tək Azərbaycandan
deyil, ölkədən kənar yazanlar da olur ki, mənim
işimi istəyirlər. İlk növbədə mövzunu
soruşuram, çünki hər mövzunu işləmirəm. İşləmirəm
ona görə ki, o mövzular mənlik deyil. Çox vaxt məndən
heç eskiz də istəmədən: "yetər ki, sizin əlinizdən
çıxan iş olsun" deyənlər də olur.
Sifarişlərin haradan və ya kim tərəfindən
verildiyinə baxmayaraq, həmin işlərdə millilik
mütləq şəkildə özünü göstərməlidir,
bu, heç zaman dəyişə bilməz.
- Yaratdığınız bu möcüzəli
Keramika evinə gənclərimiz marağı...
- Buradan keçən və ya sosial şəbəkədən
görərək maraqlanıb gələnlər çoxdur. Mən
ilk növbədə onlara tariximizdən məlumat verməyə
çalışıram, əsasən də torpaqdan
danışıram. Axı torpaq gildir. Yunancadan tərcümədə
keramika yanmış torpaq deməkdir. Hiss edirəm ki, onlar belə
məlumatlardan xəbərsizdirlər. Əslində bu bilgilər
onlara məktəbdə verilməlidir. Bizim üstündə
gəzdiyimiz torpaq elə bir sərvətdir ki, onun misli belə,
yoxdur. Bunu gənclərimizə çatdırmaqla
çalışıram ki, necə bir bir torpaq üzərində
gəzdiklərinin dəyərini bilsinlər.
- Olub ki, belə bir fikirlə rastlaşmışam - rəssamların
əksəriyyəti Bakı əhlindən
çıxır...
- Yəqin rəssamlıqda Abşeron məktəbinə
görə belə bir fikir söyləyənlər var. Lakin
elə deyil. Hər rayonun öz məktəbi var. Gəncə, Mingəçevir, Göyçə
məktəbləri mövcuddur ki, hamısında da istedadlı rəssamlar var. Belə
baxanda İmişli o qədər də böyük bölgə
deyil, lakin mən oradan da istedadlı uşaqlar seçmişəm.
Bir məqamı xüsusi vurğulamaq lazımdır. Bölgələrin
heç fərqi yoxdur, əsas odur ki, sevgi olsun. Sevgini də
verən birinci anadır, ondan sonra müəllimlər. Müəllimlər
ona görə deyirəm ki, onların əksəriyyəti
qadınlardır, çünki onlar qədər sevgini
çatdıra biləcək qüvvə yoxdur. Amma təəssüf
ki, bu gün həm müəllim adı
ucuzlaşdırılıb, həm də onların
daşıdıqları ada münasibəti. Bu, məni
çox ağrıdır.
- Amma hər ağrının da səbəbi var...
- Səbəb odur ki, bisavad, 45 dəqiqənin bitməyini
səbirsizliklə gözləyən, şagirdə sevgisini
verə bilməyənlər çoxalıb. Məni
onların daşıdığı müəllim adı
ağrıdır. İşini bitirib evinə tez gedərək
məişət qayğıları ilə məşğul
olmağa tələsənləri başa düşürəm.
Amma sənə bir millətin gələcəyi etibar edilibsə,
ona sırf iş yeri kimi baxmaq məhz müəllim adına
yaraşmır. Milləti ayaqda saxlayan bir ordudur, bir də
müəllim, çünki ailədən sonra gələcək
nəslin təminatçısı odur. Zamanında müəllim
adı o qədər yüksək idi ki, ona böyük
hörmət, ehtiram vardı, müəllim daxil olan məclisdə
ayağa qalxardılar. Amma indi mən küçədə
birinin digərinə: "Müəllim, gəl gedək bir
çay içək" və ya taksiyə əyləşən
müştərinin sürücüyə: "Müəllim,
filan ünvana sür" dediyini eşidəndə, bax, bu
ağrıya dözə bilmirəm. Heç kəsi
aşağılamaq niyyətində deyiləm. Həmin
sürücü öz peşəsi üzrə müəllim
ola bilər, bu, öz yerində... Kiçik yaşlarından
mənim beynimə yeridilib ki, anandan sonra ikinci yerdə sənin
müəllimin dayanır. Bu gün mən artıq
özüm müəlliməm, gələcək mədəniyyətimizin
inkişafı naminə bölgə-bölgə gəzib
istedadlı uşaqları tapıram, onları yönləndirirəm,
dərs verirəm, çünki mən bu düşüncə
ilə indiki məqama çata bilmişəm. Sözün kəsəsi,
müəllim adını ona layiq şəkildə
daşımaq və yaşatmaq lazımdır.
- Dediniz ki, yetirmələriniz çoxdur. Öz ailənizdə
də var yəqin ki...
- Övladlarımın hamısı rəsm də
çəkir, yapır da, lakin hərə öz seçdiyi
yolun ardınca gedib və mən də onları lazım olan
şəraiti yaradaraq, valideyn kimi köməkliyimi etmişəm.
Yəni yaradıcılıq qabiliyyəti onlara genetik olaraq
keçə bilib.
- İnsan yaranışından bəri dünyadan
narazıdır...
- Çünki onun qarşısında
özünü zəif görür. Amma biz 44 gündə bir
həqiqətin şahidi olduq. Cismən nə qədər zəif,
çəlimsiz oğlanlarımız bir nəhəngə
çevrilib tək düşmənə deyil, elə
dünyaya da meydan oxudular. Həmin vaxtlarda mən
dünyanı haqq qarşısında aciz gördüm.
SÖZARDI: İçərişəhərin dolanbac
döngələrini çox gəzmişəm, elə bu
küçədən də az keçməmişəm. Amma
bu gün mənə tanış olan küçədəki
evlərin birinin qapısından daxil olanda sirli şəhərin
içində sehrli bir dünyaya düşdüm. Ətrafda
o qədər möcüzə vardı ki, hansına heyrət
edəcəyini insan ayırd edə bilmir. Bura gələcək yolunu beş
yaşında ikən çizən bir sənətkarın
alınmaz qalasıdır desəm, heç də
yanılmaram. Baxdığım, ehtiyatla toxunduğum hər əşyada
tarixlə yanaşı, bir ömrün də izləri
vardı. Kökünə, tarixinə sadiq qalan Mir Teymur Məmmədov
ömrü...
Tamilla M-ZADƏ
525-ci qəzet .-2025. -20 mart(¹52).- S.12;13.