Hisslər labirinti
Esse
Adını bilmədiyimiz hisslər var. Qəribə
bir narahatlıqla bütün vücudumuzu işğal edir.
Sanki bir yük altında qalırıq, amma bu yükün nə
olduğunu, hansı sözlə ifadə edəcəyimizi
heç cür tapa bilmirik. Çox zaman bu hisslər
özünü bir anlıq yorğunluq kimi göstərir,
sonra isə sanki dərindən gələn bir boşluqla
doldurur içimizi. Amma bu, sadəcə bir boşluq deyil.
İçində bir çox sualların, qayıtmayan
cavabların və toxunulmaz düşüncələrin birləşdiyi
bir boşluqdur.
Bəzən bu hisslər, hətta nəfəs
almağı belə çətinləşdirir. Sanki bədənimizin
hər bir hüceyrəsi o narahatlıqla əlaqə qurur və
buna qarşı müqavimət göstərmək əvəzinə,
daha da dərinləşdirir. Və nə qədər dərinləşsə
də, adını tapa bilmirik. Bir çoxumuzun daxili monoloqunda
cavabını da tapa bilmədiyi bir sual var: Nədir bu hiss?
İnsan bəzən öz içində özünü
itirir, özünü tapmağa çalışarkən isə
ətrafındakı hər şeydən, hər kəsdən
daha çox uzaqlaşır. İçimizdəki susqunluq və
bu hissin həsrəti bir-birinə qarışır. Sözlərdən
qaçmaq, hər şeydən uzaqlaşmaq istəsək də,
bu, bizi həmin dərin quyuya daha da yaxınlaşdırır.
Qəribə bir təzad içindəyik,
özümüzü itirməklə daha çox
özümüzü tapırıq.
Bu hisslər qəlbin ən dərin guşələrində
yerləşir. Saf və sadə. Sonra vaxt ötdükcə
bizə həm yol yoldaşı, həm də düşmən
olurlar. Onlar içimizdə barışmaq istədiyimiz hisslərdir,
amma bu atəşkəs də işə yaramır. Hər dəfə
qorxduğumuz, adını bilmədiyimiz həmin hisslərə
tərəf addımladıqca qarşımızda yeni
qapılar açılır, amma biz onlardan da qorxub çəkinirik.
Çünki bilirik, bəzən yeni yollar bizi labirintə
aparır.
Bütün bunları düşünərkən sükut
içində bir monoloq başlayır. Adını bilmədiyimiz,
amma içimizdə varlığını hiss etdiyimiz həmin
hisslərin uzun-uzadı tiradı... Həmin o narahatlıqla əhatə
olunan varlıq, nə qədər anlaşıqsız olsa da,
bizə nəyisə öyrətməyə, diktə etməyə
çalışır. Eqoist, özünü bəyənmiş
bir klounun səhnəsi. O bizə özümüzü
tapmağı, qalın təbəqələrdən
arınmağı və nəhayət, ruhumuzla hər şeyi
olduğu kimi qəbul etməyi öyrədir.
Və bu da bir az insanın özünü tapma yoludur.
Hisslərin adı olmasa da, onların varlığı bizi
mütəmadi olaraq özümüzlə üzləşdirir,
içimizdəki sükunəti pozur. Bütün bu
qarışıqlığın sonunda, bəlkə də,
bizi möhkəm saxlayan, həqiqətən də
yaşamağa, hiss etməyə və hər anı dolu
keçirməyə inandıran təkcə bu hisslərdir.
İstanbulda belə hisslərin şəhəridir.
Daha qarışıq və daha əhatəli. Sanki hər
küçə, hər məhəllə, hər binada həm
tarixin, həm də gələcəyin dalğalarına
qarışmış bir enerji var. Şəhər
özünün çoxəsrlik həyatını o qədər
böyük bir sakitliklə, eyni zamanda çox böyük
bir gurultuyla yaşayır ki, insan burada öz mahiyyətini və
xislətini tamamilə itirə bilir. Bu şəhər həmişə
tələsir, ömrü sürətlə yaşayıb
bitirir. Sonra isə hamını, hər yeri təkrarlamağa
başlayır. İstanbul qədim bir şeirin alınmayan tərcüməsinə
bənzəyir bu hisslərin içində.
İstanbulda var olan zamanın axışı da qəribədir,
bir an şəhər gərgin və sürətlidir, amma bir
başqa an hər şey dayanmış, ətalətdə
görünür. Həm tarix, həm də müasirlik
bir-birinə qarışır. Bir tərəfdə şərqlə
qərbin kəsişməsindəki köhnə binaları,
digər tərəfdə isə yeni tikililər,
şüşəli binalar, göydələnlər yüksəlir.
Bütün bu kontrastlar, insanın içindəki
qarışıqlığı, adını bilmədiyi o
hissləri daha da dərinə çəkir. Sanki burada hər
şey müvəqqəti və keçicidir, amma o müvəqqəti,
keçici olan şeylər bəzən bir insanın
ömrünə bərabər izlər buraxır.
Tramvaya minərkən, ya da bir çay
bağçasında oturarkən, ətrafınızdakı
insanların üzlərində, hər kəsin içində
bir növ eyni sualın, eyni narahatlığın izlərini
görməyə başlayırsınız. Bəlkə də
İstanbulun hər küncündə insanın içindəki
o tanımadığı hissləri tapmaq mümkündür.
İstanbulda yaşayan biri bu hissi dərindən hiss
edir - şəhərin təbii sükunəti və xaotik təbiəti
arasında gedən mübarizə, insanın öz içindəki
narahatlığı da aydınlaşdırır. İnsan
burada çox zaman özünü tanımadığı bir
yerdə hiss edir, amma eyni zamanda şəhər ona bir növ
özünü tanımaq üçün təkan verir. Bəlkə
də, adını bilmədiyimiz o hissin təyini burada -
İstanbulda ən doğru mahiyyətini tapacaqdır.
Çünki bu şəhərdaima dəyişir və
bütün təzadları, içindəki
qarışıqlığı qəbul edir. Həm də bizə
göstərir ki, bəzən narahatlıq, qorxu və ya
qeyri-müəyyənlik özünü tapmaq və
yaşamaq yolunda ən böyük dərsdir.
Bakı isə başqa cürdür, İstanbulun
qarışıqlığından fərqli olaraq, burada zaman
daha sükutla axır, amma eyni zamanda qəlbin dərinliklərində
o da bir iz buraxır. Bu şəhər də özünə
xas bir ritmə sahibdir - tələsik addımlarla sürətlə
irəliləyən bir şəhərdir, amma hər
küncündə bir təmkin və sabitlik hissi var. Bakı
bir tərəfdən geniş və açıq, digər tərəfdən
isə dar, sıx küçələri ilə insanı həm
genişlənməyə, həm də tıxanmağa dəvət
edir.
Bakıda, xüsusən də gecə vaxtı, o qədər
çox düşüncə bir araya gəlir ki, hər
hansı bir sözü və ya fikri tapmaq çətinləşir.
Şəhərin işıqları altında, Fəvvarələr
Meydanında və ya İçərişəhərin
labirintvari küçələrində gəzərkən,
insan öz içindəki suallara dalır, amma çox vaxt bu
sualları cavablandırmaq əvəzinədaha çox sual
ortaya çıxar. Bakı həm də tarixin, mədəniyyətin
və müasirliyin toxunuşlarından yaranan qəribə bir
qarışıqlıqdır. Hər bir bina, hər bir
daş, hətta bu şəhərin küləyi belə,
keçmişin köhnə izlərini daşıyır.
Lakin şəhərin daima dəyişən, böyüyən
üzü, öz daxilindəki gərginliyi də
artırır.
Bakı "köhnə şəhər" dediyimiz
İçərişəhərdən həm fərqlidir, həm
də onunla iç-içədir. O dar, qaranlıq
küçələrində gəzərkən zamanın necə
dayanıb qaldığını, bir yerdə hər şeyin
necə xamuşa daldığını hiss edirsən. Amma bu
dayanmış zamanın içində bir böyük həyat
var, insanlar, hekayələr, əsrlər boyu yaranmış
anlar və daha çoxunu daşıyan daşlar var.
Hər iki şəhərin küçələri
kimi hiss etdirdikləri də çıxılmaz bir labirintin
içinə tərk edir adamı. Ən pisi də odur ki, bu
labirintin içərisində sakit başla gəzə bilmirsən.
Beynini və ruhunu qurcalayan minlərlə sual səni bir az da təşvişə
salır. Tərəddüdlərin çoxalır, cavabsız
sualların eşiyində qıvrılıb qalırsan. Sonra
isə... sonra hər şey yenidən başlayır.
Rəvan CAVİD
525-ci qəzet .-2025. -20 mart(№52).- S.13.