"Heydər Əliyev təbiətcə
yaradıcı adam idi"
Elmira Axundovanın SSRİ və Azərbaycanın xalq
artisti, pianoçu və bəstəkar Fərhad Bədəlbəyli
ilə müsahibəsi
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
nömrədən
başlayaraq söhbətlərdən bəzilərini
"525-ci qəzet"də çap etməyə qərara
almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə
Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Fərhad, sizin Heydər Əliyevlə
ilk görüşünüz nə zaman və hansı şəraitdə
baş tutub?
Fərhad Bədəlbəyli - Heydər Əliyevlə
ilk dəfə maestro Niyazinin evində
görüşmüşük. Bu, 1968-ci ildə olub, o zaman
Heydər Əliyev DTK-ya rəhbərlik edirdi. Məsələ
burasındadır ki, Heydər Əliyev və Niyazi həmin
illərdə böyük bir iş görürdülər -
onlar bizim mühacirlərlə əlaqələr qururdular.
Niyazi bu işdə mühüm rol oynayırdı... O zaman
Ceyhun Hacıbəylinin oğlu Timurçinlə əlaqələr
qurulmuşdu. Yeri gəlmişkən, Heydər Əliyev,
görünür, bunu gələcəyə
hesablayırdı. Timurçin Fransada yaşayırdı,
Alüminium Konserninin baş mühəndisi idi. Atamın əmisi
oğlu Türkiyədə yaşayırdı, o, iri kommersant
idi, Niyazi onu da tapdı və bizim ailə ilə əlaqələrini
bərpa etdi. Və ümumiyyətlə, maestro Niyazi qastrollara
gedəndə bakılıların çoxu ondan kiməsə
məktub çatdırmağı xahiş edirdilər, kiməsə
o, xaricdən bağlama gətirirdi. Sonralar, Timuçin
Hacıbəyli 1985-ci ildə Üzeyir Hacıbəyovun 100
ilik yubileyinə gələndə bütün bunların
üstü yavaş-yavaş açılmağa
başladı. Hələ Sovet İttifaqı mövcud idi və
yenidənqurma hələ, demək olar ki,
başlanmamışdı.
Yaxud SSRİ-yə türk senatorlarının nümayəndə
heyəti gələndə onlar Bakıya düşən kimi
mütləq Niyazinin evində görüş keçirilirdi.
Hər şey xırdalığına qədər nəzərə
alınırdı. Bu da bir siyasət idi - insani əlaqələr
qurulurdu və əlbəttə ki, bu, Heydər Əliyevin
razılığı və iştirakı ilə baş
verirdi. Ən vacib məqam da bu idi ki, belə əlaqələrə
görə heç kəsi sürgün etmir və ya
partiyadan çıxarmırdılar. Əksinə, bu, təqdir
olunurdu. Nə qədər insanın maestro Niyaziyə minnətdar
olduğunu xatırlayıram - o, İstanbulda kiminsə əmisiqızını,
ya xalasıoğlunu tapırdı, kiminsə yaxın qohumu
Parisdən tapılırdı, bir başqasına suvenir
ötürürdü... Düşünürəm ki, bu
işləri görərkən o, Heydər Əliyevlə məsləhətləşir
və ondan razılıq alırdı.
E.A. - Heydər Əliyev özü sovet dövründə
başqaları üçün mümkünsüz olan
işləri görürdü: Stalin dövründə əsassız
təqiblərə məruz qalan Cənubi Azərbaycan
demokratı Məhəmməd Biriyanı sürgündən
xilas edir, həm də onun dalınca özü şəxsən
gedir. Yaxud elə Azərbaycan şairi Hüseyn Cavidin cənazəsinin
qalıqlarının Sibirdən Bakıya gətirilməsini və
onun sonradan Naxçıvanda torpağa
tapşırılmasını xatırlayaq! Ya da professor Abbas
Zamanovun nadir əlyazmalar üçün Parisə, qoca
mühacirin yanına getməsini yada salaq. Mən bütün
bunlar barədə öz bioqrafik kitablarımda yazmışam.
Amma maestro Niyazi barədə bilmirdim, bu, çox
maraqlıdır.
F.B. - O zaman mənim 20
yaşım vardı, Portuqaliyadan yeni
qayıtmışdım, pianoçuların Lissabonda
keçirilən Viana da Motta adına beynəlxalq müsabiqəsində
birinci yeri qazanmışdım. Maestronun yanına gəldim,
Niyazi məni Heydər Əliyevə təqdim etdi, dedi ki, bu, mənim
"sevimli oğlumdur" (o mənə "oğlum"
deyirdi), nüfuzlu müsabiqədə birinci yeri qazanıb.
Heydər Əliyev məni ürəkdən təbrik etdi. Beləcə
tanışlığımız yarandı. Üç il
sonra isə bizim Konservatoriyanın 50 illiyində gözləmədiyim
halda mənə "Əməkdar artist" adını
verdilər. Mən o zaman Moskva konservatoriyasının
aspiranturasını yenicə bitirmişdim və Bakıda dərs
deyirdim.
E.A. - Sizin sovet dövründəki ünsiyyətiniz
davam etdimi?
F.B. - Necə deyim, mən onu müxtəlif rəsmi tədbirlərdə
görürdüm. Axı o zaman ictimai fəallardan idim,
Komsomol Mərkəzi Komitəsinin büro üzvüydüm.
Yadımdadır ki, Bakıda keçirilən Özbəkistan
mədəniyyəti günlərinin
açılışında Mərkəzi Komitənin birinci
katibi qonaqları salamladı, gənclərin adından da mən
danışmalı idim. Belə məqamlar çox olurdu. Yəni
o, məni təkcə pianoçu kimi yox, həm də fəal
vətəndaşlıq mövqeyi olan, respublikanın taleyinə
biganə qalmayan insan kimi görürdü və sair. Sonra
filarmoniyada partiya elitası üçün təşkil
olunan məşhur cümə konsertləri başladı, mən
orada maestro Niyazi ilə birgə çıxış edirdim.
Heydər Əliyev məmurları ali mədəniyyətə
alışdırmağa cəhd göstərirdi və biz ona
bu işdə fəal şəkildə kömək edirdik.
E.A. - Bəs Heydər Əliyev özü klassik
musiqinin hansı növlərinə üstünlük verirdi?
F.B. - Fikrət Əmirov, obrazlı desək, onun ruhuna
daha yaxın idi, amma Heydər Əliyev Qara Qarayevin də əzəmətini
anlayırdı. Bir dəfə, artıq müstəqillik illərində
biz maesro Rostropoviç və Tofiq Quliyevlə onun yanına
getmişdik, yanımızda başqa kimsə də vardı,
bu zaman Heydər Əliyev dahiyanə bir ifadə söylədi:
"Mən Fikrət Əmirovun "Azərbaycan
kapriççiosu"nu dinləyəndə Azərbaycanın
dağları, meşələri, çayları, şəhərləri,
adamları - bütün Azərbaycan gözlərimin
önündə canlanır". Məncə, bu, həmin
gözəl əsərə verilə biləcək ən
yaxşı qiymət idi. Məhz Heydər Əliyevin
birbaşa yardımı ilə "Min bir gecə" baletinin
yaradıcıları və ilk növbədə Fikrət
Əmirov 1980-ci ildə SSRİ Dövlət Mükafatına
layiq görüldü. Heydər Əliyev artıq Moskvada
işləyəndə Fikrət Əmirovun baletinin Kremlin
qurultaylar sarayında nümayişinə nail oldu, səhv etmirəmsə,
bu, 1983-cü ilə təsadüf edirdi. Tamaşaya özü
gəlməsi bir yana, mədəniyyət naziri Demiçevi -
o da Siyasi Büro üzvü idi - baletə baxmağa vadar
etmişdi. O zaman üçün bu, böyük hadisə
idi, milli respublikaların Kreml sarayına düşməsi, demək
olar ki, mümkün deyildi!..
Bununla yanaşı, o, şübhəsiz ki, Arif Məlikovun
və onun "Məhəbbət əfsanəsi"nin də əzəmətini
anlayırdı, Heydər Əliyev həyat yoldaşı ilə
baletin tamaşalarında olmuşdu və 1985-ci ildə
Üzeyir Hacıbəyovun "Bolşoy Teatr"dakı
yubileyinə də yenə Demiçevlə gəlmişdi.
E.A. - Sizin konsertinizə də o, Zərifə xanımı
və qızını gətirmişdi. Həmin vaxt Heydər
Əliyev artıq Moskvada işləyirdi.
F.B. - Bəli, doğru deyirsiniz. Mən Veronika
Dudarovanın (SSRİ-də ilk qadın dirijor olan Dudarova
bakılı idi - E.A.) rəhbərliyi altında Sütunlu
zalda Moskva simfonik orkestri ilə birgə ifa edirdim. Məşq
zamanı zalda qəfil mülki geyimdə adamlar peyda oldular,
bütün kresloları axtarmağa, qapıları
yoxlamağa başladılar. Mən vəziyyətin nə yerdə
olduğunu anlamırdım. Məlum oldu ki, Siyasi Büronun
üzvü Heydər Əliyev axşam konsertə gələcək.
Hə, Dudarovanın az qaldı ürəyi getsin, bütün
musiqiçilər, ən çox da mən həyəcanlanmışdım.
Siyasi Büro üzvləri o zaman konsertlərə nadir hallarda
gedirdilər və hər dəfə onların ictimaiyyət
arasında görünmələri böyük siyasi əhəmiyyətli
hadisəyə çevrilirdi. Düşünürəm ki,
Heydər Əliyev Moskvada məndən xeyli güclü və
maraqlı pianoçuları dinləyə bilərdi,
çünki o zaman paytaxtda Rixter, Gilels kimi dahiyanə sənətkarlar
çıxış edirdilər. Başa düşürəm,
təbii ki, bu jest onun öz gənc həmyerlisinə mənəvi
dəstək demək idi. Konsertdən sonra rusiyalı
musiqiçilər mənə yaxınlaşıb heyrət
içərisində etiraf edirdilər: "Fərhad, biz bir
neçə onillikdir Moskva orkestlərində
çıxış edirik, amma heç yadımıza gəlmir
ki, Siyasi Büro üzvləri bizim konsertlərə gəlsinlər".
Konsertdən sonra o, təbii ki, mənimlə
görüşdü və soruşdu: "Bakıda nə
var, nə yox?" Mən özüm də bilmədən
cavab verdim: "Sakitlikdir". Bu sözləri deyəndə
özümdən asılı olmadan üz-gözümü
turşutdum. Bizdə, doğrudan da, həmin vaxt durğunluq
idi, maraqlı heç nə baş vermirdi. Onlar gülümsədilər...
E.A. - Yeri gəlmişkən, siz tamamilə haqlı
idiniz. Yadımdadır ki, 90-cı illərin ikinci
yarısında Heydər Əliyev xəstələnmişdi və
müalicə almaq üçün ABŞ-a yola
düşdü. O zaman mən bir məqalə
yazmışdım. Orada prezidentə müraciətlə
aşağıdakı sətirlər vardı ki, əziz Heydər
Əliyev, tez qayıdın, çünki sizsiz respublikada
heç nə baş vermir və jurnalistlər də
yazmağa heç nə tapmırlar.
F.B. - Əmim Əfrasiyab (Şəmsi Bədəlbəylinin
qardaşı, Azərbaycan bəstəkarı və dirijoru -
E.A.) danışırdı ki, Heydər Əliyev bütün
korifeyləri öz bağ evində toplayır və onları
barışdırırdı. Xüsusən də Fikrət
Əmirovla Qara Qarayevi. Təsəvvür edirsiniz? Çox
çətin dövlət işlərinin arasında
onların münasibətlərini izləməyə də
vaxt tapırdı. Heyrətamiz adam idi!
1977-ci ildə Veronika Dudarova ilə biz Bakıya gəlmişdik,
burada Moskva simfonik orkesrti ilə birgə konsertlərimiz oldu,
sonra İrana getdik. Və gözlənilmədən mənə
Azərbaycanın Xalq artisti adını verdilər.
E.A. - Bəli, o, həmin sistem çərçivəsində
sizin hamınız üçün mümkün olanı
etmişdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıdandan sonra necə, nəsə dəyişmişdimi?
Yoxsa o, mədəniyyət xadimlərinə eyni dərəcədə
həssaslıq göstərirdi?
F.B. - Bu, çox heyrətamizdir. O, müharibə vəziyyətində,
daxili çəkişmələrin məngənəsində
əzilən ölkəyə qayıtmışdı.
Milyonlarla işin, problemin, çıxılmazlığın
içərisində o, heç nəyə baxmayaraq, ilk
görüşlərindən birini bizimlə, konservatoriyada
keçirdi. Gənc laureatları təbrik etdi. Nə
üçünsə mənim ağzımdan belə bir
cümlə çıxdı: "Bilirsiniz, biz siyasətlə
məşğul olmuruq, bizim üçün ən əsası
incəsənətdir". O məni sınayıcı nəzərlərlə
süzüb dedi: "Yox, sən səhv edirsən. Sənin
gördüyün işlərin hamısı elə siyasətdir".
Bu görüşdən sonra vəsait
ayırdılar, biz təmirə başladıq, lazımi alətləri
aldıq, orqanı bərpa etdik. Başqa bir adam olsa, deyərdi:
"Bilirsiniz, indi vəziyyət elədir ki, sizin
hayınızda deyilik..." Amma Heydər Əliyev heç
vaxt bu cür düşünmürdü.
Amma onun iş üslubunu səciyyələndirən ən
heyrətamiz hadisə Almaniyada oldu. Fidan və Xuraman
Qasımovlarla mən çox zaman prezidentin rəsmi səfərlərində
onunla birgə olurduq. Almaniyaya, Fransaya getmişdik. Belə səfərlərin
birində hansısa qədim qəsrdə bizim konsertimiz
baş tutdu. O zaman Azərbaycanın səfiri Hüseynağa
Sadıqov idi. Biz qarşıdakı konsert proqramını
müzakirə edəndə Hüseynağa müəllim dedi:
"Azərbaycan bəstəkarlarını ifa edin. Öz
musiqilərini onlar onsuz da hər gün dinləyirlər".
Mən düşünüb razılaşdım, fikirləşdim
ki, bəlkə də, haqlıdır. Konsertimiz böyük
uğurla keçdi, almanlar çox məmnun qaldılar. Qəfildən
Heydər Əliyev məni yanına çağırıb
soruşdu: "Bəs nə üçün alman bəstəkarların
musiqisindən heç nə ifa etmədiniz?" Mən
özümü itirib dedim: "Belə məsləhət
gördülər... mən düşündüm ki..." O
israrla soruşdu: "Kim məsləhət gördü?"
Mənsə ürəyimdə düşündüm ki,
öz "məsləhətçimi" ələ verməyim.
- "Biz məsləhətləşdik və qərara
aldıq ki... yaxşısı budur..." O yenə
soruşdu: "Kiminlə məsləhətləşdiniz?"
O zaman mən cavab verdim: "Bu, mənim səhvimdir. Günah
məndədir". O, əlbəttə, inanmadı, istehza ilə
gülümsədi, amma ciddi-cəhdlə apardığı
sorğu-sualı dayandırdı. Bilirsən, o, azərbaycanlıların
Bethoveni almanlardan pis ifa etmədiklərini sübuta yetirmək
istəyirdi. Və əlbəttə, o, haqlı idi,
Hüseynağa ilə biz səhv etmişdik.
Amma məni o zaman heyrətləndirən tamam başqa
məsələ idi: Helmut Kolla mürəkkəb
danışıqlar gedir, Qarabağ məsələsi və
digər siyasi problemlər gündəmə gətirilir. O isə
mənimlə musiqili axşamın proqramını müzakirə
edir. Bu onun üslubu idi - Heydər Əliyev üçün
heç bir xırda məsələ mövcud deyildi. Hər
detalın özünəməxsus əhəmiyyəti
vardı.
Məsələn, bir hadisəni danışım.
1997-ci ildə mənim 50 yaşım olurdu. O vaxt bir yüksəkçinli
məmur xanım - ad çəkməyəcəm - Polad
Bülbüloğluya zəng edib deyir: "Qoy Fərhad
heç nəyə ümid eləməsin". Mən
doğrudan da heç nəyə ümid etmirdim.
Beləliklə, biz aşağıda yeyib-içirdik,
konservatoriyanın yeməkxanasında dekanlar süfrə
açmışdılar. Polad gəlib çıxdı. Biz
artıq, necə deyərlər, hazır vəziyyətdə
idik. Qəfil katibə qaça-qaça gəldi, onun təəccübdən
gözləri bərəlmişdi: "Təcili öz
kabinetinizə qalxmalısınız". Əvvəlcə dəstəyə
Poladın yaxınlaşmasını istədilər. O gəldi
və dedi: "Fərhad, tez ol, səninlə Heydər
Əliyev danışacaq". Mən mat-məəttəl
yuxarı qalxdım. Səsimi eşidən kimi Prezidentin dediyi
ilk söz bu oldu: "Həə, qeyd edirsiniz?" Mənsə
azacıq sərxoş halda bizim hamımızın onu necə
çox sevdiyimizdən və sair danışıram. O deyir:
"Hə, mən səni "Şöhrət" ordeni ilə
təltif etmək qərarına gəlmişəm... Odur ki, təbrik
edirəm..." Bax belə bir əhvalat olmuşdu. Hələ
də anlamıram ki, o məmur xanımın məqsədi nə
idi: bəlkə, istəyib ki, əsəbiləşim,
şikayətlənim... bilmirəm...
E.A. - Yox, düşünürəm ki, onlar həqiqətən
də, sizi hər hansı mükafata təqdim etməyiblər.
Çünki adətən 50 yaşda orden verilmirdi. Heydər
Əliyev isə sizin yubileyinizdən xəbər tutub - ya məmurlardan
kimdənsə eşidib, ya mətbuatdan öyrənib və hər
hansı təqdimatsız-filansız özü sizi təltif
etməyi qərara alıb. Yəqin ki, sizin yubileyinizlə
bağlı onu xəbərdar etmədiyi üçün o
xanım məmuru da danlayıblar. Axı adətən
yubilyarları yubiley tarixindən bir, ya iki gün əvvəl
təltif edirlər. Əlbəttə, əgər əvvəldən
təqdimat olursa...
F.B. - Bəlkə də, haqlısınız.
Çünki mən, doğrudan da, ordeni həmin gün
aldım. Prezidentlə bir yerdə getdiyimiz bir səfərdən
- Fransaya səfərindən də danışım. Orada
maraqlı bir hadisə baş verdi. Fransaya
çatdığımız ilk gün bizə dedilər ki,
bu gün sərbəstik və mən Bakının meri ilə
birgə şəhəri gəzməyə qərar verdim.
Sonradan məlum oldu ki, biz üçümüz - mən, Fidan
və Xuraman Qasımova bacıları Heydər Əliyevlə
birlikdə hansısa nüfuzlu markizanın qonağı
olmalıymışıq. Amma məni bu barədə xəbərdar
etməmişdilər.
Səhərsi gün Dilarə xanım Seyidzadə
danışırdı ki, Heydər Əliyev zarafatla gileylənib:
budur, mənimlə gənc bir musiqiçi gəlmişdi və
o, işləmək əvəzinə əyləncə yerlərini
gəzməklə məşğuldur. Axşam isə biz
hansısa zalda şam yeməyi yeyirdik. Görürəm,
Prezident mənə narazı nəzərlərlə baxır.
Fikirləşdim ki, nüfuzumu xilas etməliyəm. Qonşu
zalda royal vardı. Bizim mühafizədəki uşaqları
dilə tutdum, onlar aləti daşıyıb gətirdilər
və biz orada Qasımova bacıları ilə ən
yaxşı repertuarımızı ifa etdik.
E.A. - Bəs markizanın evində nə baş verdi?
Qızları müşayiət edən olmayıb axı.
F.B. - Elə bu məqam məni xilas edib - markizanın
evində royal yoxmuş. Bacılar musiqi müşayiəti
olmadan - kapella oxuyublar. Parisdən qayıdarkən Prezident məni və Qasımova
bacılarını öz yanına, salona
çağırdı, biz uzun və səmimi söhbət
etdik, ünsiyyət saxladıq. Bu əvəzsiz anlar mənim
yaddaşımda əbədi həkk oldu...
E.A. - Zəhmət olmasa, maestro Rostropoviçlə
Heydər Əliyevin qarşılıqlı münasibətləri
barədə danışardınız. Necə oldu ki,
Soljenitsini evində gizlədən, Qərbə köçən
antisovet mövqeli dissidentin keçmiş kommunist lideri ilə
mehriban və səmimi dostluğu yarandı?
F.B. - Ondan başlayaq ki, Heydər Əliyev Sovet
İttifaqında partiya biletini ilk təhvil verənlərdən
idi və artıq kommunist deyildi. Bəli, elə
Rostropoviç də çevik adam idi, hamı haqqında hər
şeyi bilirdi və başa düşürdü ki, tale onu
dahi bir adamla görüşdürüb.
Digər tərəfdən, informasiya müharibəsi
gedirdi, bu müharibədə çox zaman ermənilər
qazanırdılar. Bizi bədbəxt bir xalqı mühasirədə
saxlayan barbar kimi təqdim edirdilər və sair və
ilaxır. Bu səbəbdən də, Rostropoviçi öz
tarixi vətəninə dəvət etmək Heydər
Əliyev tərəfindən dahiyanə addım idi.
Bilirsən, Rostropoviç axı təkcə
böyük musiqiçi deyildi, həm də kral ailəsinin
üzvləri, iri dövlətlərin prezidentləri və
baş nazirlərlə rahatlıqla ünsiyyət saxlayan bir
insan idi. Yəni o da özlüyündə dünya səviyyəli
siyasi fiqur idi. Bu səbəbdən, Rostopoviçə "sərmayə
qoymaq" çox düzgün gediş idi: bakılı idi,
atası burada dərs demişdi. Demək olar ki, dərhal
Rostropoviçlər adına muzeyin açılması barədə
qərar verildi və sair. Rostropoviçin dünya ictimai rəyinə
nəhəng təsiri vardı. Və bütün dünya
böyük maestronun qaçqınlar və qaçqın
uşaqları ilə bürküdə, vaqonların
altında oturduğu şəkili nümayiş etdirirdi. Bu, o
cümlədən, yaddaqalan bir siyasi aksiya idi.
Ermənilər daim müxtəlif məşhur şəxslərdən
- gah Kardaşyandan, gah Şarl Aznavurdan bu cür məqsədlərlə
istifadə edirdilər. Amma onlar etnik ermənilər idilər
və öz soydaşlarını müdafiə edirdilər.
Rostropoviç isə neytral və eyni zamanda, təkrar edirəm,
dünya səviyyəli fiqur idi.
Onun səfərlərinin birində məzəli bir
hadisə baş verdi. Maestronun şərəfinə qəbul
keçirilirdi, hamı - Tofiq Quliyev, Polad və bizim başqa
musiqiçilər toplaşmışdılar. Mən Tofiq əmiylə
bir az çox içmişdik. Heydər Əliyev isə bizdən
nəsə ifa etməyimizi istədi. Biz artıq sərxoş
idik və düz-əməlli bir şey ortaya qoya bilmədik.
Heydər Əliyev bizi dinlədi, dinlədi və gülərək
dedi: "Eh, sizə nə deyim, Zərifə xanım sizdən
daha yaxşı ifa edərdi".
Biz sonradan elə hey bunu yada salıb
gülürdük... Mən Tofiq əminin - Allah ona rəhmət
eləsin - heykəlinin açılışında bu hadisəni
Prezident İlham Əliyevə də danışdım.
Heydər Əliyeviç heyrətamiz adam idi:
bütün ciddiyyətinə baxmayaraq, biz
özümüzü rahat hiss edirdik, o bizə -
yaradıcı adamlara təzyiq göstərmirdi,
şıltaqlıqlarımızı
bağışlayırdı. Yəqin, onu çox sevdiyimizi
hiss edirdi.
E.A. - Rostropoviç sonradan bir neçə dəfə
Azərbaycana gəldi - həyat yoldaşı ilə birgə
uşaq xəstəxanaları üçün milyon dollar dəyərində
avadanlıq gətirdi, burada konsertlər verdi...
F.B. - ...Eyni zamanda o, Azərbaycan musiqisini təbliğ
edir, hər yerdə öz tarixi vətəni barədə
danışırdı. 2007-ci ildən bəri Bakıda
Rostropoviç adına Beynəlxalq festival keçirilir. Bura
görkəmli musiqiçilər gəlir, albomlar, disklər
buraxılırdı, festival çox yüksək səviyyədə
təşkil olunurdu. Əlbəttə,
bütün bu tədbirlər Azərbaycanın imicini
qaldırırdı və bütün bunlar Heydər
Əliyevin uzaqgörənliyi sayəsində baş verirdi.
E.A. - Heydər Əliyevin yaradıcı ziyalılarla
ünsiyyət üslubu və tərzi barədə daha nə
deyə bilərsən?
F.B. - Mən onun iş üslubunu akademik
adlandırardım. Hərçənd mənim atamla
bağlı bir əhvalat da baş vermişdi. Şəmsi
müəllim "Dostluq" teatrının xətti ilə
bir tamaşanı - "Posledniy
pılko vlöblennıy" ("Sonuncu
çılğın aşiq") tamaşasını
Bakıya dəvət etmişdi, burada sovet ordusu
teatrının ulduzları Zeldin və Qolubkina
oynayırdılar. Tamaşada seksual məqamlar çox idi.
Gördüm ki, atamla yanaşı oturan Həsən Həsənov
onun qulağına pıçıldayır, yəni bu nə
biabırçılıqdır, atam da gərgindir. Biz arxada
Poladla yanaşı oturmuşduq, vəziyyətə görə
narahat idik. Heydər Əliyev də həyat yoldaşı ilə
birgə zalda idi. Tamaşa bitdi, o, səhnəyə
çıxdı. Əvvəlcə Zeldinin bütün
bioqrafiyasını danışdı, Zeldin özü də
buna heyrətlənmişdi. Sonra gözlənilmədən
dedi: "Hə, bu tamaşada ailə dəyərləri
xüsusi vurğulanır" və səhnə əsərini
təhlil etməyə başladı. Atama təşəkkür
elədi ki, gözəl tamaşa üçün çox
sağ ol. Həsən Həsənov arxayınlaşdı ki,
təhlükə sovuşub.
Axşam Poladla mən Larisa Qolubkinanı şam yeməyinə
apardıq, orada Qolubkina bizə dedi: "Mən bu dünyada hər
şeyi görmüşəm, amma partiya xadiminin kifayət qədər
açıq-saçıq tamaşanı əsl
teatrşünas kimi təhlil etdiyini eşitməmişəm
- belə şeylə ilk dəfədir
qarşılaşıram". Və sonra da soruşdu: "Yəqin
ki, onun teatr təhsili var, elə deyil?"
E.A. - Bu hal dəfələrlə təkrarlanırdı
axı. Filoloqlar onun filoloq, rəssamlar rəssam
olub-olmadığını soruşurdular.
F.B. - Zeldin əslən haralıdır, onun hansı
uğurları var, o, Qolubkina ilə birgə hansı filmlərdə
çəkilib. Heydər Əliyev belə görüşlərə
gedəndə hər şeyi bilməli idi. Bu səbəbdən
də, mən onun iş və ünsiyyət üslubunu
"akademik" adlandırırdım. Hesab edirəm ki, xüsusən
də icra hakimiyyəti başçılarımız və
müxtəlif vəzifələrdə çalışan məmurlarımız
bu üslubu öyrənməlidirlər. O bu və ya digər
sahədəki peşəkarların qarşısına
hazırlıqsız çıxa bilməzdi, Heydər
Əliyev onların səviyyəsində və ya hətta
onlardan bir-iki pillə yuxarı səviyyədə
danışmalıydı. Buna görə də həm
Bakıda, həm də Moskvada ona belə diqqətlə qulaq
asırdılar, onu belə hörmətlə qəbul edirdilər.
E.A. - Yaşlı nəslin kino adamları onun
kinematoqrafçılar qarşısındakı məruzəsini
indiyədək xatırlayırlar.
F.X. - Təkcə kinematoqrafçılar yox, elə həkimlər,
memarlar qarşısındakı məruzələri də
xatırlayırlar. Bəs o, yazıçılarla necə
ünsiyyət saxlayırdı? Asanlıqla Markovun (Georgi Markov
- 1971-1989-cu illərdə SSRİ Yazıçılar
İttifaqının rəhbəri - E.A.) yanına gedə bilirdi.
Buna görə də, düşünürəm ki,
Qorbaçovun və ətrafının Heydər Əliyevə
qısqanclığı təkcə onun peşəkar fəaliyyəti
ilə bağlı deyildi. O, bir şəxsiyyət kimi də
qısqanclıq doğururdu.
E.A. - Qüsursuz zahiri görkəmini və Hollivud təbəssümünü
də bura əlavə edək. Heydər Əliyevin köməkçisi
Camal Camalov mənimlə söhbətində
xatırlayırdı: "Mən Kremldə çoxlu məşhur
adamları - respublika rəhbərlərini, nazirləri, Siyasi
Büro üzvlərini görmüşəm. Amma inanın,
elə bir adam tanımıram, kostyum onun əynində Heydər
Əliyevdəki kimi gözəl və rahat otursun, qalstuku Heydər
Əliyevdəki kimi məharətlə bağlansın".
Daha bir sual: - Heydər Əliyev ikinci dəfə
ölkə rəhbərliyinə qayıdanda aclıq
dövrü idi. Nə gizlədək, bizim korifeylər ehtiyac
içərisində yaşayırdılar. Heydər Əliyev prezident təqaüdlərini
təsis etdi. Bu proses necə baş verdi?
F.B. - Biz Poladla birgə 5-6 nəfərdən ibarət
ilk siyahını hazırladıq - orada Əminə Dilbazinin,
Cövdət Hacıyevin, Qəmər Almaszadənin və
dövlət qarşısında böyük xidmətləri
olan başqa şəxslərin adı vardı. Təəssüf
ki, onlar qocalmışdılar, səhnəyə
çıxa, işləyə bilmirdilər. Yəni məqsəd
seçib, məhz yaşlanmış və iş qabiliyətini
itirmiş ziyalılara dəstək olmaq idi. Amma sonra təqaüd
həvəsində olanların sayı yüz dəfə
artdı. Və xüsusi ehtiyacı olanlara dəstək ideyası
bütünlükdə adi mükafata çevrildi.
E.A. - Bununla belə, Heydər Əliyev incəsənət
xadimləri üçün böyük işlər
gördü: onlara təqaüdlər verdi, mənzillər
ayırdı, bütün ədəbi jurnalları büdcədən
maliyyələşdirdi, mədəni tədbirlərin
keçirilməsinə yardım göstərdi və sair və
ilaxır.
F.B. - Özü də bunu büdcədə, az qala,
pulun heç olmadığı dövrdə etdi... Heydər
Əliyevin mədəniyyət adamlarına xüsusi rəğbəti
vardı, ona bizimlə çox maraqlı idi. O, təbiətcə
yaradıcı adam idi. Mən Heydər Əliyevin Maqsud və
Rüstəm İbrahimbəyovun yubileylərindəki
çıxışlarını xatırlayıram. O, bizim
bütün korifeylərin yubileylərində iştirak edir,
orada gözəl nitqlər söyləyirdi. Buna heyrətlənməmək
mümkün deyildi!
E.A. - Sizin həyatınızda Heydər Əliyev
epoxası nə deməkdir?
F.B. - Həyatımın ən gözəl illəri.
Gənclik, uğur, şöhrət. Böyük bir şəxsiyyətlə
ünsiyyət. Mən bütün bunlar üçün
taleyimə minnətdaram!
525-ci qəzet .-2025. -20 mart(№52).- S.10-11