"Rusiyanın Azərbaycan deputatına qarşı bu mövqeyi qəbuledilməzdir"

 

Məlum olduğu kimi, Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov bir neçə gün əvvəl Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Deputata ölkəyə girişinə qadağa qoyulduğu bildirilib və o, geri qaytarılıb. Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxana səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub. Hər il Həştərxanda Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilir və Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti həmin tədbirlərdə iştirak edir. Təəssüf ki, builki tədbir ərəfəsində bu cür xoşagəlməz hadisə baş verdi. Azərbaycanlı deputata qarşı hər hansı əsaslı səbəb olmadan belə davranış təbii ki, qəbuledilməzdir.

Beynəlxalq hüquq normalarına əsasən belə halla bağlı əvvəlcədən ölkələrin nümayəndə heyətlərinə məlumatlar verilir. Amma göründüyü kimi, Rusiyanın müvafiq dairələri bunu etməyib. Qarşı tərəf bu addıma hər hansı izahat verməsə də, güman edilir ki, Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş deputat Nikolay Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə Azər Badamovu qara siyahıya salıb. Bu hadisə təbii ki, iki dövlətin müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin ruhuna uyğun deyil, qeyri-dost davranışıdır, Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə zidddir. Eyni zamanda, bu cür addımlar iki ölkənin münasibətlərini zədələyir. Yada salmaq lazımdır ki, bundan əvvəl də münasibətləri zədələyən bu cür hadisələr baş verib. Azərbaycanın sərnişin təyyarəsi Rusiya ərazisində raketlə vurulub, aradınca ölkəmizə qarşı kiberhücumlar təşkil edilib. İndi isə deputat Azər Badamov ölkəyə buraxılmır. Rusiya bir tərəfdən Azərbaycanla isti münasibətlərə can atır, digər tərəfdən isə münasibətlərə kölgə salan, xələl gətirən addımlara rəvac verir. Bununla isə ən böyük zərbəni özünə vurur. Hər halda Rusiya Azərbaycanın önəminin fərqindədir. Ona görə də Kremldəki müəyyən qüvvələr Azərbaycana qarşı bu cür ziyanlı fəaliyyətdən əl çəkməlidirlər.

Onu da qeyd edək ki, Azər Badamov ötən gün yaşanan hadisədən 10-15 gün əvvəl tədbirlə bağlı Rusiya Federasiyasının Dağıstan vilayətində olub. Orada da heç bir analoji vəziyyətdə qarşılaşmayıb.

Hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada vurğulanıb ki, nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb:

"Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik".

Bu arada Rusiyanın rəsmi KİV-i mənbəyə istinadən deputat Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi barədə yazıb. Mənbə bildirib ki, Azər Badamovun "Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında" Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq bu ölkəyə daxil olmasına icazə verilmir. Bunun əsas səbəbi Milli Məclisin deputatının guya dəfələrlə antirusiya və rusofob bəyanatlar verməsidir: "Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub".

Təbii ki, Valuyevlə müqayisə düzgün deyil. Çünki Valuyev Azərbaycan dövləti və xalqının əleyhinə təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər səsləndirib, azərbaycanlıları "şobla" (banda) adlandırıb. Deputat Azər Badamov isə Valuyevin bu sözlərini etnik nifrət və düşmənçilik yaymaq cəhdi kimi qiymətləndirib və onun kimi şəxsin Dövlət Duması deputatı olmasını Rusiya parlamentarizminə təhqir adlandırıb. Azər Badamovun açıqlamasında hansısa təhqir, alçaldılma və s. bu kimi ifadələr yoxdur. Ona görə də bunu səbəb göstərmək yersizdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində səfərdə iştirak edən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu hadisənin baş verməsi gözlənilməz oldu: "Moskvada hava limanında pasport nəzarətindən keçdik, hər şey qaydasında idi. Həştərxana uçuşa 45 dəqiqə qalmış, sərhəd xidmətinin iki əməkdaşı bizə yaxınlaşaraq Azər Badamova xitabən dedi ki, Rusiyaya girişinizə "stop" qoyulub, bunu araşdırmalıyıq. Mən sərhədçilərə "Azər Badamov Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və MDB-də dostluq qrupunun üzvüdür" deyərək, hadisənin səbəbini soruşdum, bizə texniki problem, kompüterdə nasazlıq və bu kimi anlaşılmaz izahatlar verildi. Bildirildi ki, səbəb yerində araşdırılacaq və daha sonra bizə məlum olacaq. Sonradan bu qərarın guya təhlükəsizlik məsələləri ilə bağlı olduğu bildirildi. Lakin söhbət hansı təhlükəsizlik məsələsindən gedir? Bu qərar hansı əsasla verilib? Azər Badamov nə edib ki, ölkəyə buraxılmamalıdır? Bunu bizə izah edən olmadı. Yekun olaraq bizə bildirildi ki, Azər Badamov geri qayıtmalıdır. Elə ilk reyslərin biri ilə Azər Badamov Bakıya qayıtdı... Biz inanmaq istərdik ki, bu anlaşılmazlığın səbəbləri araşdırılacaq və bizə təqdim olunacaq".

O bildirib ki, nümayəndə heyətinin Bakıya qayıtmasına ehtiyac görülməyib: "Bizim səfərimizin səbəbi, motivi başqadır, buraya Ulu öndər Heydər Əliyevin 102-ci doğum günü ilə bağlı tədbirlərdə iştirak üçün gəlmişik. Burada Heydər Əliyevə olan böyük ehtiramın şahidi oluruq. Biz səfərimizi davam etdirmək, əslində yaranmış sualların cavablandırılmasına da töhfə verə bilərik. Dövlət qurumlarımız bu məsələlərlə məşğuldur və biz öz fəaliyyətimizi davam etdiririk".

O bildirib ki, Azər Badamovun Rusiya ilə bağlı mətbuatda gedən şərhlərinə görə ölkəyə girişinə qadağa qoyulması ilə bağlı da suallarına cavab verilməyib: "Mən özüm də Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Rusiyanı tənqid edən açıqlamalar, müsahibələr vermişəm. Cənab Prezidentin bu məsələdə prinsipial mövqeyini dəstəkləyərək fikirlərimizi ifadə edirdik. Əgər deputat həmkarımın Rusiyaya girişinə qadağa qoyulmasının arxasında Rusiya-Azərbaycan münasibətlərində hər hansı bir ciddi anlaşılmazlıq dayanırsa, bu, geniş ictimaiyyətə açıqlanmalıdır. Amma mən hesab edirəm ki, əgər doğrudan da belə bir gərginlik olsaydı, biz bu səfərdə indiyədək bu qədər isti qarşılanmazdıq".

Milli Məclisin deputatı Ceyhun Məmmədov "525"ə deyib ki, Azərbaycan hər zaman olduğu kimi, Rusiya ilə əlaqələrin inkişafında, güclənməsində maraqlıdır: "Amma təəssüflə qeyd etmək lazımdır ki, sanki Rusiyada hansısa dairələr münasibətlərin korlanması, ona mənfi təsir göstərilməsi üçün ciddi səylə çalışırlar. Parlamentin nümayəndəsinə bu cür yanaşma və münasibət, belə bir mövqe sərgilənməsi qəbuledilməzdir. Təbii ki, haqlı olaraq Azərbaycan tərəfi Rusiyadan izahat tələb edir. Rusiya bir tərəfdən deyir ki, sizinlə əməkdaşlıqda, münasibətlərin inkişafında maraqlıyıq, digər tərəfdən isə bu münasibətlərə xələl gətirə biləcək addımlar atmağa davam edir. Bu, birmənalı olaraq qəbuledilməzdir, yanlışdır, münasibətlərə ciddi xələl gətirə biləcək bir addım və yanaşmadır".

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə "525"ə deyib ki, Azər Badamov xalq tərəfindən seçilmiş millət vəkilidir və onun toxunulmazlığı var. Eyni zamanda Azər Badamov Yeni Azərbaycan Partiyasının millət vəkili olmaqla barəbər, həm də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Kifayət qədər nüfuzlu siyasətçidir.

Onun sözlərinə görə, şübhəsiz ki, bir Azərbaycan millət vəkilinin bu şəkildə saxlanılması dostyana hərəkət deyil, qonşuluğa sığışmır: "Hətta mən deyərdim ki, hüquqi baxımdan da tamamilə yanlışdır. Çünki belə hallarda hər hansı bir ölkə kiminsə öz ölkəsinə daxil olması ilə bağlı qərarlar qəbul edirsə, mütləq əvvəlcədən dərc edilir. Arzuolunmaz şəxs elan olunur və arzuolunmaz şəxs hansı ölkənin vətəndaşı olursa-olsun, yaxud hansı işlə məşğul olursa-olsun bilir. Moskva Hava Limanında Azər Badamova qarşı bu cür hərəkət edənlər heç yaxşı qarşılanmır. Yəni siyasətçinin xəbəri olmadan, bir ölkəyə girişi ilə bağlı yasağını bilmədən həmin ölkəyə üz tutur və birdən-birə belə bir pis sürprizlə üz-üzə qalır. Ona görə də mən düşünürəm ki, bizim  burada Rusiya-Azərbaycan münasibətlərini korlamağa cəhd göstərən üçüncü qüvvələrlə də bağlı şübhələrimiz əsaslı ola bilər".

 

Pərvanə

525-ci qəzet $g 2025.- 7 may(№78)- S.5.