Rəssam və şair

 

Tərk edilmiş yalqız məscid

Sükutda əriyir Zaman

Qədim nağıla bənzəyir

Susqun, çatlamış minarə

Bir də qapı - tənha qalan...

 

Yerdə qalaq-qalaq toz var

Kölgədə uyuyur izlər

Bir vaxtlar burdan gələrdi

Zikrlər, dualar, səslər...

 

İndi nə söz, nə bir nəfəs

Paslı mismar - boynu bükük.

İmanla açılan qapı

İndi hüzünlü və sönük...

Tərk edilmiş yalqız məscid

Sükutda əriyir Zaman...

Qədim nağıla bənzəyir

Susqun, çatlamış minarə

Bir də qapı - tənha qalan...

Toxunuram, cırıldayır

ağrıdan: "Tənhayam, İnsan!"

 

lll

 

Dünyamı dəyişsəm sizlərdən öncə,

Göylər yağış tökər, tufan qoparar

O məğrur başınız heç əyilməsin,

Bir gün bəxş eləyən bir gün aparar.

 

Bükərsiz siz məni əməllərimə

Məndən geri qalan əməllər olar.

Adına sətirlər yazmadığıma

Köksümdən səssizcə "bağışla" qopar.

 

lll

 

Yeni bir gün başlar...

Qəlbin öz hökmü ilə çırpar, çırpar,

Soyumuş ocaq dərdə olmaz sipər...

Gülümsə, nəfəs al dərindən...

Unutma, dünya səni salamlar.

Hər gün yeni gün başlar...

 

 

Saatın səsi...

susqunluqda verər əks-səda,

Zamanın durmadan axdığını xatırladar.

Həyat - səbirli bir şagirdtək susar.

Bəxtin - yazı taxtasında yazan

müəllim,

Hər yeni gün yeni nələrsə yazar...

Pozar...

Yazar...

Ya da verər sənə yeni bir dərs.

 

Havada səhərin sərinliyi,

Sən də keçmişin yükünü at, rahatla.

Yol çəkən gözlərin - həsrət qoxulu

Bu gün sənin üçün yazılmış

yeni bir fürsət.

Bax, qarşıla, qəbul et

- Minnətdar, duyğulu.

Qaranlıq yavaşca itərkən

Xəyallar oyanar yeni bir nəfəslə

Bir ümid parlar hər yeni doğan günəşlə

Bir neçə addım at, qucaqla

Üzünə gülən hər yeni günü.

Qucaqla və yaşa ömrünü...

 

lll

 

Gün doğumunda narıncı bir ümid...

Ümid - çay qaşığı boyda

...bircə damla...

Düşür və yayılır göy üzünə

Sübhün ilk qızartısında...

Gecənin yamağı qalıb hələ də

- öz rəngində...

amma... gecdir

doğan Gün hökmranlığı

bitən Zülmətdən alır...

Bir bax...

Sonsuz bir mavilik

Gör necə qollarını uzadır...

 

Sonra...

Sanki Zaman sürətlə itir

və o gün bir Antək yaşanır, bitir...

Küçə qara paltarını başına atır...

Bir ulduzsa göyüzündə

Sanki heç doğmamış kimi

parlamadan sönüb gedir...

Rənglər solur,

Zaman ötür.

Qalan bircə xatirələr...

Qaba, incə xatırələr...

Onlar da mənim bu toz basmış eynəyimdə

Gah sayrışır,

Gah oynaşır,

Gah da yatır...

 

lll

 

Mələklər belə bezir

Havada yallı gedən

rənglərdən...

Bir xətt sınır, sınır, durur...

Başqa biri

gözlənilməz diksinişdən yarım qalır...

amma yenə o Kətanın üzərində

ağrı çəkən

bir Zamanın iniltisi

fəryad salır.

Kölgələr qaçışır burda

Ora-bura, ora-bura...

Sanki onlar belə hələ

Öz mənaların gəzir

Düşdükləri qaçdı-qovda...

 

Amma yenə hər nöqtədə...  

toxunuşda

bir boşluq var durur, durur

bir dibsizlikdir - ulayır...

 

Didilmiş fırça uçuşur...

Hər toxunuş

bir düşüncə qırıntısı...

Yer çəkimsiz...

Ayaqlar altda durmadan

Yuvarlanır, yuvarlanır...

Hər bir kəlmə, hər bir çalar

Bu rəssamın gözlərində

görünməyən,

bilinməyən sərt divarlara çırpılır...

Ora-bura,

orda-burda...

Bir də, bir də...

Və beləcə hər toxunuş,

Hər bir zərbə

Sirli, gizli, yeni bir aləm yaradır.

 

Kor rəssamın kətanında.

Hədəf yoxdur, görüntü var

Kiminçünsə anlaşılmaz bir mənzərə...

Onun üçün?

Yaddaşında donub qalan

Uzaq, keçmiş bir təranə.

Bircə səsin yaratdığı toxunulmaz bu əsərdə

Hər rəng, hər iz

- yeni Anlam yaratmada

Yeni Zaman yaratmada

Hələ şəklini almamış bir düşüncə...

Kor rəssamın kətanında...

 

Nazim ŞAH

525-ci qəzet .- 2025.- 1 may(№74).- S.15.