YIĞIŞ GEDƏK, YAR BAŞINA TƏVAF VAR

 

 

 

Dərdli ozan, gəl şükr eylə Tanrıya,

Salamına bir gün sonra cavab var.

Bu gözəlin təbəssümü bir yana,

Bu gözəlin baxışında savab var.

 

Min naxış var bir çarpaşıq ilmədə,

Sübhün mehi göz yaşımı silmədə.

Dəli könül, bəxt üzünə gülmədə,

Yığış gedək, yar başına təvaf var.

 

Məsum qulam - mən qapına bağlıyam,

Pərilərin ən safına bağlıyam,

Bir gözəlin insafına bağlıyam, -

Bu eşqdə ya dar ağacı, ya əfv var.

 

 

SONET

 

Bir həzin, bir kövrək nəğmə kimiyəm,

Ələnnəm gözümün yaşı üstünə.

Mən könül loğmanı, ruh həkimiyəm,

Məni çağırmayın naşı üstünə.

 

İçində bir qərib sevda sızlayar,

Aşiqin axşamı, səhəri olmaz.

Eşqə tapınmayan sevdasızların,

Dərviş könüllərdən xəbəri olmaz.

 

Nəğməsi bitməz ki, qərib ruhların,

Göylər qanadını gərib ruhların

üstünə, açılan danı gözləyər.

 

Ruhlarsa amadə uçub getməyə,

Son dəfə boynunu qucub getməyə

Son nəfəs ətirli canı gözləyər.

 

 

YAR, A YAR

(Təcnis)

 

Bu nə əda, bu nə işvə, bu nə naz?!

Zülm edərmi bir bu qədər yara yar?

Sevirsənsə, əməlinlə sübut et, -

Sevgi yoxsa, işvə nəyə yarayar?!

 

Nə umdum ki, Miladindən, Hicrindən? -

Vaxtsız saldı saçlarıma hicrin dən.

Pörşələndi bağrım başı hicrindən,

Ah çəkməkdən sinəm oldu yara, yar.

 

Bəla yağır - başa salır Göy nəyi?

Yaşıl bəlli, bəs göstərir göy nəyi?

Bitən deyil ürəyimin göynəyi,

Gəl sinəmi öz əlinlə yar, a yar.

 

Bitsin artıq bu dalanlar, döngələr,

Ər oğulsan - yar yanına dön gəl ər.

...Sən də, gözəl, inadından dön, gələr... -

Aşiqini dar məqamda yar arar...

 

GÜN AHI BİZDƏ

 

(Təcnis)

 

Ədalət carçısı, haqq aşığıyıq,

Kimsə axtarmasın günahı bizdə.

Hər an tətikdəyik haqqa şığıyaq,

Həftə ahı bizdə, gün ahı bizdə.

 

Ta üzdən salanlar üzdə görünməz,

Dərində, ya üzdə üz də, görünməz.

Bizim göz yaşımız üzdə görünməz, -

Onu tez qurudur Gün axı bizdə.

 

Bilməm qibtə etsin nədən müşk gülə?!

İki xoşbəxt görsə, gərək müşk gülə.

Qaçsaq da, yetişmək dönər müşkülə -

Dəli dağ çayıtək gün axı(r) bizdə.

 

Qoymayın doyunca yaşasın getsin,

Üstünə saxta bir yaş asın, getsin.

Ünü quru yuyun, yaş asın getsin, -

Çatdırır GÖYə ləng ün ahı bizdə.

 

 

ƏTƏYİNDƏN

 

Ümiddən əli üzülən

Tutar qəmin ətəyindən.

Nə yaman möhkəm yapışıb

Bu tar qəmin ətəyindən?!

 

Kimə sevinc, kimə ah - naz,

Götürərmi heç hər ŞAH - naz?!

Asılıbdı "Şüştər", "Şahnaz",

"Qatar" qəmin ətəyindən.

 

Beş karvandan üçü Ruma,

Dayanıb bir ucu Ruma.

Həyat bizi uçuruma

Atar qəmin ətəyindən.

 

Küt gedən bu kündələri,

Kim yenidən kündələyir?!

Tanrım, məzlum bəndələri

Qurtar qəmin ətəyindən.

 

 

ŞƏLƏMİN AĞRISI CANDA

 

Bu dünyadı, canım-gözüm,

Hələ min ağrısı canda.

Ömür adlı ödənməmiş

Sələmin ağrısı canda.

 

Bu nə ruh, nə candı olan?!

Bu nə ad, nə sandı olan?!

Hər addımda sındırılan

Qələmin ağrısı canda.

 

Yaşayıram il adında,

Hicrisində, miladında.

Qarışqayam, fil adında

Şələmin ağrısı canda.

 

 

YAŞADIM

 

Daha o tamda deyil

balı beçələrin də...

Bir payız veyllənir

ömrün küçələrində.

 

Həyat filmlər kimi...

"Oskar"ıma sığındım.

Sığındım yağışıma,

öz qarıma sığındım.

 

Bəzən bir xoş baxışa,

təbəssümə yaşadım.

Bəzən də böldüm ömrü

kimə.., kimə... yaşadım.

 

Çəkir geriyə yollar,

qapqara dam aşdırır.

Önümdəsə saraylar

gözümü qamaşdırır.

 

Üzüm qara olmadı

o dam kimi, yaşadım.

Bu ömrü adam oğlu

adam kimi yaşadım.

 

 

   Rafiq ODAY,

Şair-publisist, Əməkdar jurnalist

525-ci qəzet .- 2025.- 1 may(№74).- S.15.