Məhəmməd Əmin Rəsulzadənin imzaları   

 

(Əvvəli ötən sayımızda)

 

Mehmet Emin Rəsulzadə  Məhəmməd Əmin Rəsulzadə

M.Ə.Rəsulzadənin sağlığında mühacirətdə nəşr etdirdiyi 11 kitabın hamısı - 1923-cü ildə İstanbulda işıq üzü görən "Azərbaycan Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)" və "Əsrimizin Siyavuşu"dan 1951-ci ildə Ankarada çap olunan "Çağdaş Azərbaycan tarixi" və "Azərbaycan şairi Nizami"yədək "Mehmet Emin Rəsulzadə" (bundan sonra "Məhəmməd Əmin Rəsulzadə") imzası ilə buraxılıb. Bu sözləri onun məqalələrinə də şamil etmək olmur. M.Ə.Rəsulzadə "Yeni Qafqasya" (1923-1927) ilə başlayan II mərhələ mühacirətdəki mətbu fəaliyyəti dövründə bir çox gizli, örtülü imzadan da istifadə etmiş, bəzi hallarda dərgidəki yazılarını imzasız dərc etdirib. N.Yaqublunun fikrincə, ədibin "Yeni Qafqasya"da 216 imzalı və ya imzasız elmi, tarixi, ictimai, siyasi yazısı işıq üzü görüb (N.Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı,  2013, 505 s.). Əlavə etmək lazımdır ki, həmin yazıların içərisində bədii əsərlər də olub. Əli Yavuz Akpınar, Səlcuk Türkyılmz və Yılmaz Özkayanın yayıma hazırladıqları "Mehmet Emin Rəsulzadə. "Yeni Qafqasya" yazıları" kitabında M.Ə.Rəsulzadənin dərgidə 314 imzalı, gizli imzalı və imzasız müxtəlif mövzularda elmi, publisistik məqaləsi, şeir və hekayəsi verilib.

M.Ə.Rəsulzadə Türkiyəyə gəldiyi ilk günlərdən bütün sıxıntılara rəğmən, mühacirəti birləşdirəcək bir təşkilat yaratmağı və mətbu orqan buraxmağa çalışır. Nəhayət, 26 sentyabr 1923-cü ildə istəyinə nail olur. Onun rəhbərliyi ilə ərəb əlifbası ilə 16 səhifəlik "on beş gündə bir nəşr olunan ədəbi, ictimai və siyasi məcmua" "Yeni Qafqasya" işıq üzü görür. İlk nömrələrindən sovet rejimi və kommunist ideologiyasına qarşı sərt və amansız mövqe tutan, yalnız Azərbaycanın yox, rus əsarətində olan xalqların istiqlalı uğrunda ideoloji mücadiləni müqəddəs vəzifəsi hesab edən dərginin bağlanması, ümumiyyətlə, Azərbaycan mühacirlərinin fəaliyyətinə xitam verilməsi məqsədi ilə sovet hökuməti müxtəlif təzyiq, təhdid üsullarından istifadə edirdi. Mühacirlər, o cümlədən M.Ə.Rəsulzadə bu təqiblərdən qorunmaq üçün müxtəlif tədbirlərə əl atırdı. Dərginin bütün işlərini Məhəmməd Əmin öz üzərinə götürsə də, "Yeni Qafqasya" "siyasi baxımdan epeycə çalxantılı və təhlükəli olan bir dönəmdə, siyasi mücadilə üçün çıxardılan dərginin imtiyaz sahibi və sorumlu müdiri" Seyid Məhəmməd Tahirin imzası ilə nəşr olunurdu. Müəlliflər məqalələri gizli, örtülü imzalarla, müxtəlif təxəllüslərlə, bəzən imzasız dərc etdirirdi. M.Ə.Rəsulzadənin 28 avqust 1923-cü ildə C.Hacıbəyliyə ünvanladığı məktub dərginin ağır şəraitdə, çətin şərtlər daxilində buraxıldığına dəlalət edir. M.Ə.Rəsulzadə yazırdı: "Məcmuanın ilk nüsxəsindən nə qərarda olduğunu görəcəksən. Görəcəksən nam və ünvanımızı işarələr altında ketm edirik (gizlədirik - T.A.). Buna ehtiyac vardır. Taktika belə iktiza (tələb, lazım, gərək mənasında - T.A.) edir (ADƏİA, fond 468). M.Ə.Rəsulzadə irsinin fədakar tədqiqatçısı Y.Akpınar "Yeni Qafqasya"dakı gizli imzalar haqqında yazır: "...isim və ünvanların gizli tutulması, günümüzdə bir çox yazının hansı yazara aid olduğu nöqtəsində bizi qərarsız buraxmaqdadır. Bəzi müstear isimlər (təxəllüslər - T.A.), rumuzlar (ləqəblər - T.A.) hələ çözülməmişdir". Y.Akpınar "Yeni Qafqasya"dakı imzasız məqalələrin əksəriyyətinin M.Ə.Rəsulzadəyə aid olduğunu ədibin C.Hacıbəyliyə yazdığı məktublardan gətirdiyi sitatlarla əsaslandırır: "Çox məşğulam, keçən həftə xəstə idim. Anginaya tutulmuşdum. Növbədəki nömrəni xəstə ikən hazırladım. O qədər yalnızam ki, hətta xəstə olmaya özümdə səlahiyyət görmürəm... Bilirsən ki, "Yeni Qafqasya"nın bütün ağırlığımı münhəsirən (məxsusən, yalnız özümə - T.A.) öhdəmdədir". Dərgidəki imzasız yazıların böyük əksəriyyətinin Məhəmməd Əmin bəyə aid olduğunu, həm də müəllifin məqalələrinin mövzusu, məzmunu, ideyası, dili, üslubu da təsdiqləyir. Məsələn, dərginin 26 sentyabr 1923-cü il tarixli nömrəsində proqram məqaləsi əvəzində qələmə alınmış "Atəş çalan promete" (Atəş oğurlayan Prometey)" adlı baş məqalənin yalnız sərlövhəsindən yuxarıda sadalanan bütün cəhətlərinə görə M.Ə.Rəsulzadəyə aid olduğunu təsdiqləyir.

"Azəri" imzası

Azərbaycan ədəbiyyat və mətbuat tarixində XX əsrin əvvəllərindən bir çox sənətkar "Azəri" gizli imzasından istifadə edib. Mühacirət irsində imzalarla da bağlı xeyli bəhs olunan "Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991) adlı monoqrafiyada (Bakı: "CBS" nəşriyyatı, 2005. 528 s.) qeyd etmişdik ki, mətbuat tarixi ilə əlaqəli dəfələrlə məqalə yazmış M.Ə.Rəsulzadə hələ 1927-ci ildə "Yeni Qafqasya"da "Azəri" imzası ilə "Azərbaycan mətbuatının şərəfli xatirəsi" adlı material qələmə almışdı. Tanınmış ədəbiyyatşünas professor Bədirxan Əhmədov  "Azəri" imzasının ilk olaraq M.Ə.Rəsulzadəyə aid olduğunu" bildirir  ("525-ci qəzet", 2017, 29 dekabr). Tanınmış mühacirətşünas professor V.Sultanlı Mirzə Bala irsindən bəhs edərkən yazır: "M.B.Məmmədzadənin yaradıcılıq irsi olduqca zəngindir. Təxmini hesablamalara görə, onun araşdırmalarının (elmi-publisistik və bədii əsərlərinin - T.A.) ümumi sayı iki mindən çoxdur. Ədib yazılarını Mirzə Bala, Əli Kutluq, Nuh oğlu, Azəri, M.B.Daşdəmir, Ə.Kut və başqa imzalarla, bəzi məqalələrini isə imzasız dərc etdirib. Bu istiqamətdə aparılan tədqiqatlar hər iki iddianı inkar edir.

Müxtəlif atributların dil, üslub, ideya, məzmun və sair kimi faktoloji materialların müqayisəsi, tutuşdurulması sayəsində mütəxəssislər gizli imzanın kimə aid olduğunu müəyyənləşdirirlər. Məhz bu metoddan istifadə edərək Y.Akpınar "Yeni Qafqasya"ya ümumi bir baxış" adlı məqaləsində (Haqqında yuxarıda bəhs etdiyimiz "Yeni Qafqasya"nın tam mətnlərinin toplandığı 4 cildlikdə) bu qənaətə gəlir ki, dərgidə "Azəri" imzası ilə Məhəmməd Əmin bəyin 15 məqaləsi dərc edilib. Maraqlıdır ki, bir il sonra nəşr olunan "Mehmet Emin Rəsulzadə. "Yeni Qafqasya" yazıları"nda  "Azəri" imzası ilə Məhəmməd Əmin bəyin "Azəri" gizli imzası ilə 50-dən çox məqaləsi verilib. Yuxarıda bir çox sənətkarın "Azəri" gizli imzasından istifadə etdiyini vurğulamışdıq. Məsələ burasındadır ki, mühacirətdə də bu ənənə olmuşdur. M.Ə.Rəsulzadə ilə yanaşı, C.Hacıbəyli də həmin gizli imza ilə məqalələr dərc etdirmişdi. Məhəmməd Əmin bəy İstanbuldan Parisə C.Hacıbəyliyə yazırdı: "Mən burada yazılarımda ötədən bəri "Azəri" imza deyə atıram. Siz də orada "Azəri" imzasıyla yazırsınız. Bu iltibası mücib olur. Bunu tənzim edə bilmərikmi?" Beləliklə, mühacirətdə bu gizli imzadan istifadə edənlərin kimliyinə tam aydınlıq gətirilib.

"M.Qərib" kimdir?

İlk dəfə B.Əhmədov "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" adlı monoqrafiyasında "Yeni Qafqasya"da 15 sentyabrda Bakının azad etməsi münasibətilə "M.Qərib" imzası ilə dərc olunmuş "Türklüyün böyük günlərindən" adlı məqalənin mövzusu haqqında söhbət açır, lakin gizli imzanın kimə məxsusluğu barədə fikir bildirmir.

Bu sətirlərin müəllifi "Mart qırğınlarına "Yeni Qafqasya" dərgisinin baxış" məqaləsində adıçəkilən imza ilə bağlı yazmışdı: "Mühacir müəlliflər xarici ölkələrdə, eləcə də Türkiyədə sovet kəşfiyyatçıları, xəfiyyələri tərəfindən təqib olunduğu, qətlə yetirildiyi üçün bədii əsərlərini, publisistik məqalələrini, o cümlədən, Mart qırğınları haqqındakı yazılarını da gizli imzalarla qələmə almaq məcburiyyətində idilər. Türkiyəli və azərbaycanlı tədqiqatçılar "Yeni Qafqasya" dərgisində "Azəri" imzasının haqlı olaraq, Məhəmməd Əmin Rəsulzadəyə aid olduğu qənaətindədirlər. Fikrimizcə, "M.Qərib" imzası da M.Ə.Rəsulzadəyə mənsubdur və bu qənaətimiz üçün ciddi əsaslar var:

ilk illərdə, Mirzə Bala (M.Ə.Rəsulzadədən sonra dərginin əsas yazarı) İrandan redaksiyaya ara-sıra məqalələr göndərsə də, onun Türkiyəyə gəldiyi vaxta kimi dərginin əksər materiallarını Məhəmməd Əmin Rəsulzadə yazır və çapa hazırlayırdı;

dərgidə Mart qırğınları mövzusuna əsasən Məhəmməd Əmin Rəsulzadə müraciət etmişdir;

"M.Qərib" imzası ilə "Yeni Qafqasya"nın yalnız ilk nömrələrində və cəmi 4 yazı dərc edilmişdir. Həmin yazılara məxsus dil, üslub, sənətkarlıq məsələləri, toxunulan problemlər, mövzular Məhəmməd Əmin Rəsulzadə yaradıcılığına xasdır və bütün bunlar həmin imza ilə dərc olunan yazıların da M.Ə.Rəsulzadəyə mənsub olduğuna dəlalət edir" .

 

(Ardı var)

Abid TAHİRLİ

525-ci qəzet .- 2025.- 1 may(№74).- S.14.