Zəngin tarixə malik elmi-tədqiqat
institutu
AKADEMİK Y.H.MƏMMƏDƏLİYEV ADINA
NEFT-KİMYA PROSESLƏRİ İNSTİTUTUNUN (NKPİ)
MÜSTƏQİLLİK DÖVRÜNDƏKİ ELMİ
VƏ TƏTBİQİ FƏALİYYƏTİNİN
NƏTİCƏLƏRİNİN QISA TƏHLİLİ
96 illik zəngin tarixə malik akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ)
dünyamiqyaslı elmi nəticələrlə zəngin şərəfli
tarixi var. Dahi alim, akademik Y.H.Məmmədəliyev bu institutun
böyük nüfuzunun yaranmasında müstəsna rol
oynayıb və institut bugün də onun adını şərəflə
daşıyır.
Hələ İkinci Dünya müharibəsində
yüksəkoktanlı aviasiya benzininin Y.H.Məmmədəliyev
tərəfindən yaradılması SSRİ-nin qələbəsində
öz böyük təsirini göstərib. "Molotov
kokteyli", Y.Qaqarini kosmosa aparan raketin yanacağı da məhz
NKPİ-də yaradılıb. Qeyd etmək istərdik ki,
2024-cü ildə Rusiyada "Neft və qaz emalı
atlası"nın (rus dilində çap olunub) 194-197-ci səhifələrində
bu haqda məlumat verilib. Həmin atlasın 42-49-cu səhifələrində
NKPİ-nin şanlı tarixi və onun elmi uğurları
xüsusi qeyd edilib.
1942-2024-cü illərdə NKPİ-də işlənib
hazırlanmış 86 elmi nəticə SSRİ və Azərbaycan
miqyasında tətbiq olunmuşdur. Müstəqillik illərində
NKPİ-nin elmi nəticələrinin ölkəmizin
iqtisadiyyatına verdiyi töhfələrin bir qismini
aşağıda qeyd edirik.
1. 1993-cü ildə ölkəmizdə Q-43/107 katalitik
krekinq qurğusu istifadəyə verilib ki, bu qurğuda istifadə
olunan proses NKPİ-də akademik M.İ.Rüstəmovun rəhbərliyi
ilə yaradılıb. Hər il Heydər Əliyev adına
Neft Emalı zavodunda 1,2 milyon ton Aİ-92 benzini istehsal olunur.
2. NKPİ-də yaradılmış Kaspi-X korroziya inhibitoru 1995-ci ildən neft
emalı zavodunda 4 qurğuda istifadə edilib və 1995-2022-ci
illər ərzində 26724 ton istehsal olunub.
3. 1994-2009-cu illərdə BP şirkəti və
NKPİ arasında geniş əməkdaşlıq
aparılmış, şirkətin təşəbbüsü
və sponsorluğu, NKPİ və BP-nin birgə təşkilatçılığı
ilə neftkimyası üzrə Bakı Beynəlxalq Məmmədəliyev
Konfransları keçirilmiş, 1998-2011-ci illərdə BP Azərbaycan
Şirkətini reagentlərlə təmin etmək
üçün Norveçin Dino və ABŞ-ın
Çempion firmaları ilə əməkdaşlıq
aparılmışdır. Həmin illərdə "Azəri",
"Çıraq" yataqlarında neft
çıxarılmasında NKPİ-nin böyük rolu
olmuşdur.
4.NKPİ-də yaradılmış "Kaspi-X(M)"
inhibitoru 2009-2022-ci illərdə 286 ton istehsal edilərək
neft emalı zavodunda istifadə olunub.
5. "Bakı" ərp həlledicisi 1998-2022-ci illərdə
94 ton istehsal edilərək neft emalı zavodunda istifadə
olunub.
6. Bituma modifikator olan V-2 aşqarı 2015-2023-cü illərdə
Azərbaycanda ümumilikdə 689 ton istehsal edilərək yol
tikintisində istifadə edilib.
7. Üç qida elementli, nitrat azotuna və ballasta
malik olmayan "Azofos-K" gübrəsi yaradılıb və
199 ton istehsal edilərək üzüm və nar
bağlarında istifadə olunub. Şamaxıda 1 hektar
üzüm bağına 214 kq həmin gübrə verildikdə
hektardan məhsuldarlıq 20 ton, şəkərlilik 22%-dən
çox olub (İsrailin istehsalı olan gübrə eyni
miqdarda istifadə edildikdə məhsuldarlıq 11 ton, şəkərlilik
18% olub). Həmin gübrə nar bağında hər hektara
110 kq miqdarında verildikdə məhsuldarlıq hər hektarda
5 ton artıb. Bu gübrə 290 hektar nar bağına verildikdə
əlavə olaraq 1450 ton nar əldə olunub.
8. 2022-ci ildən "Salyan Oil" MMC-də
"Parkorin-22A" inhibitor-depressant istifadə olunur və son
3 ildə 500 tona yaxın reagent istifadə edilib. 2025-ci ilin ilk
üç ayında 72 ton reagent istehsal edilərək həmin
şirkətə təhvil verilib.
9. NKPİ-də dünyada analoqu olmayan müalicəvi
Naftalan neftinin fundamental və tətbiq yönümlü tədqiqatlarının
nəticəsi olaraq "Ağ Naftalan yağı"nın
alınma texnologiyası işlənib hazırlanıb və
bu yağ Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyində dərman vasitəsi kimi 2014-cü ildə
qeydiyyata alınıb və həmin ildən Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində
olan Təcrübə-Sənaye zavodu ilə birlikdə
istehsalı təşkil olunub. 2014-2019-cu illərdə 1460 kq
"Ağ Naftalan yağı" istehsal olunaraq dərman kimi
istifadə olunub. Bu yağ 2017-ci ildə kosmetik vasitə kimi Səudiyyə
Ərəbistanında qeydiyyatdan keçib. 2025-ci ilin əvvəlində
bu yağ Bolqarıstanda da kosmetik vasitə kimi ilkin qeydiyyatdan
keçib. NKPİ-nin əməkdaşları 2003-2024-cü
illərdə "Ağ Naftalan yağı" əsasında
yaradılan yeni tibbi və kosmetik vasitələrə Azərbaycan
Respublikasının 6 patentini alıb. NKPİ alimlərinin
Almaniyanın elmi mərkəzləri ilə bu sahədə tədqiqatları
uğurla nəticələnib.
10. Azərbaycanın bitki yağları əsasında
məhsuldarlığı 720 l/s olan kavitasiya reaktorundan istifadə
edilməklə biodizel yanacağının alınma
texnologiyası işlənib hazırlanmış, həmçinin
bu yağların birbaşa neft emalı zavodunun əmtəə
dizel və benzin yanacaqları istehsalı texnoloji sxeminə
daxil edilməsi texnologiyaları təklif olunmuşdur. 2001-ci
ildə Sumqayıt Aşqarlar Zavodunda "Nefras-S 35/130" və
"Nafta" həlledicilərinin alınması
üçün 5000 ton/ay məhsuldarlığa malik qurğu
yaradılmış və uğurla sənayeyə tətbiq
olunmuşdur.
11. 2008-2011-ci illərdə "Tural" elmi-istehsalat
şirkətində yüksək oktanlı avtomobil benzinləri
üçün metil və etil üçlü butil efirlərinin
alınma texnologiyası hazırlanmış və 12000 ton/il
məhsuldarlığa malik qurğu istifadəyə
verilmişdir. Alınan məhsullar bir sıra Avropa ölkələrinə
ixrac edilmişdir. Metil-üçlübutil efiri Azərbaycan
Respublikasının Yol Xəritəsinə daxil edilmişdir.
12. Akademik M.İ.Rüstəmov və professor
S.Ə.Sultanovun rəhbərliyi ilə Azərbaycan neftinin
müxtəlif fraksiyalarından beynəlxalq standartlara cavab verən
reaktiv yanacaqlar, ekoloji təmiz dizel yanacağı və AMQ-10
hidravlik mayenin baza məhsulunun alınma texnologiyaları
hazırlanmışdır. Bu texnologiyalar 2004-cü ildə
Heydər Əliyev adına NEZ-də tətbiq olunmuş və
müəssisəyə ildə 9 milyon manat gəlir gətirmişdir.
13. 1991-1993-cü illərdə institutda alınan
sintetik ətirli maddələr əsasında təravətləndiricilər
(2740,9 kq) Moskva və Xarkov şəhərlərindəki
"Svoboda" və "Gffekt" ətriyyat fabriklərinə,
8600 kq aromatizator istehsal olunaraq Moskva və Leninqrad marqarin
kombinatlarına göndərilmişdir.
14. Respublika yanacaq-energetika kompleksinin struktur dəyişikliyi
çərçivəsində yeni yataqların neftləri əsasında
mütərəqqi tələblərə müvafiq
yanacaqların və yağlar istehsalını təmin edən
neft emalı müəssisələrin perspektiv inkişaf
konsepsiyaları yaradılıb, müvafiq qurumlara təqdim
edilib və müəssisələrin yenidən qurulma işlərində
nəzərə alınmışdır. 2000-2002-ci illərdə
Sumqayıt neft-kimya kompleksinin perspektiv inkişaf konsepsiyası
yaradılmış və "Azərkimya" şirkətinə
təqdim edilmişdir.
2014-cü ildə dövlət sifarişi ilə
müalicəvi Naftalan neftinə aid sənədli film çəkilib
və onun elmi məsləhətçisi akademik V.M.Abbasov olub.
Bu film 2015-ci ildə Milanda ümumdünya sərgisində
nümayiş etdirilib. 2003-2024-cü illərdə NKPİ-də
bu sahədə 6 fəlsəfə doktorluğu
dissertasiyası müdafiə olunub.
NKPİ-də "Qarabağ-1",
"Qarabağ-2", "Qarabağ-3" və
"Qarabağ-4" bitkilərin boy
stimullaşdırıcıları yaradılıb və sahə
sınaqları keçirilib. Bu reagentlər olduqca az miqdarda
istifadə olunur, bitkilərin boyunun sürətlə
inkişafına, məhsuldarlığın kəskin
artmasına səbəb olur. Onun yaxın gələcəkdə
işğaldan azad olunmuş ərazilərdə istifadəsi
meşələrin sürətli bərpasına, kənd təsərrüfatı
bitkilərinin məhsuldarlıqlarının artmasına səbəb
olacaqdır.
NKPİ-də 1991-2024-cü illərdə
aşağıdakı patentlər alınıb:
Rusiya Federasiyasının 33 patenti; 1 Beynəlxalq
patent; 17 Avrasiya patenti; 224 Azərbaycan Respublikasının
patenti (Cəmi 275 patent).
1991-2025-ci illərdə NKPİ-də - 105 kitab, 74
monoqrafiya, 32 dərslik, 55 dərs vəsaiti, 27 biblioqrafiya, 26
konfrans materialı hazırlanaraq çap olunub.
1991-2025-ci illərdə institutun əməkdaşları
3907 məqalə çap etdiriblər ki, onlardan 1327-si xarici
jurnallarda nəşr olunub. Eyni zamanda bu müddət ərzində
4955 məruzələrin tezisləri
çap etdirilmişdir ki, onlardan 1369-u xarici mətbuatda
dərc olunub.
Neft emalının kompleksli istehsal proseslərində
maya dəyərinin kalkulyasiyası haqqında həmmüəlliflərə
yaradılmış metodik təlimat 1998-ci ildən Azərbaycan
İqtisadi İnkişaf Nazirliyi və ARDNŞ tərəfindən
təsdiq edilmiş və Respublikanın bütün neft
emalı müəssisələrində əsas vəsait kimi
qəbul edilmişdir.
2015-2025-ci illərdə hər il uyğun olaraq 206;
194; 180; 166; 121; 96; 111; 112; 154; 196; 62, o cümlədən,
xarici jurnallarda uyğun olaraq 67;
74; 98; 88; 63; 56; 60; 55; 87; 78; 18 məqalə çap olunub.
2015-2025-ci illərdə institutun əməkdaşları
Q1-də -22; Q2-də -26; Q3-də -81 və Q4-də -242 məqalə
çap etdiriblər.
2015-2025-ci illərdə məqalələrə
ümumi istinadların sayı illər üzrə 1442;
915; 1053; 1101; 1251; 1261; 1462; 1224; 1687; 2793; 1157
(ümumilikdə 15346) olub.
2000-ci ildən NKPİ iki versiyada (rus və ingilis dillərində)
"Neft kimyası və neft emalı prosesləri" elmi
jurnalı çap olunur. 2016-cı ildən Neft-Kimya Prosesləri
İnstitutunun "Processes of Petrochemistry and Oil Refining"
jurnalı yalnız ingilis dilində nəşr olunaraq "Web
of science" bazasına daxil edilmişdir. 2017-ci ilin sentyabr
ayından "Thomson Reuters" (Web of Science) "Clarivate
Analytics" elmimetrik bazasında yerləşdirilib. 2023-cü
ildən jurnal "Web of Science" bazasında Q4
kateqoriyasına daxil edilib və impakt faktoru 0.2-dir. PPOR
2024-cü ildə "DOI" Beynəlxalq Fondunun "Crossref
Publishers International Linking Association, Inc." Rəsmi Qeydiyyat
Agentliyinə ali qurum qismində üzv olmuşdur. "Crossref
Publishers International Linking Association, Inc." tərəfindən
Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutu adı altında
https://doi.org/10.62972/ prefiks təsis edilmişdir. 2013-2018-ci illərdə
NKPİ-də "Elm dünyası" elmi-kütləvi
jurnalı nəşr edilmişdir. 2003-cü ildən etibarən
institutda "Kimya məktəbdə" jurnalı da nəşr
olunur.
İnstitutda 2012-ci ildə yaradılmış nkpi.az
saytı ölkəmizdə ən maarifləndirici saytlardan
biridir. Bu saytda elmin müxtəlif sahələrinə aid zəngin
məlumatlar, kimya dərslərinin geniş şərhləri,
4 milyon illik bəşər tarixinə aid və s. məlumatlar
verilir:
- indiyə qədər saytda 2697 xəbər, təbiət
kimyasının möcüzələri və
sağlamlığa aid 1171,
Nobel mükafatları laureatlarına aid 297, dahilər, müdriklər və fatehlərinə
aid 758, müəllim və şagirdlər üçün
2978, Azərbaycanın görkəmli neft
kimyaçıları haqqında 83, Azərbaycan Elmlər
Akademiyasının 329 həqiqi və müxbir üzvləri
haqqında 2639 məlumat yerləşdirilib;
- Azərbaycanın bütün rayonlarının
yaranma tarixi, florası, faunası, çayları, tarixi abidələri
haqqında məlumatlar verilib;
- Azərbaycan toponimlərinin mənşəyi
haqqında məlumatlar da saytda yerləşdirilib.
İndiyə qədər bu sayta 15386400 baxış
olub və hər gün dünyanın 120-dən çox
ölkəsindən baxış var.
Həmişə NKPİ-də şöhrətli elmi
məktəblər olub və bu gün də var. 1991-2025-ci illərdə
bu məktəblərdə hazırlanmış elmi kadrlar
aşağıda verilir: Musa Rüstəmovun elmi məktəbi
- 25 f.d.; 11e.d.; Məhərrəm Məmmədyarovun elmi məktəbi
-12 f.d.; 4 e.d.; Vaqif Abbasovun elmi məktəbi - 41 f.d.; 16 e.d.;
Akif Əzizovun elmi məktəbi - 14 f.d.; 5 e.d.; Ziya Əsədovun
elmi məktəbi - 12 f.d.; 4 e.d.; Nazil Canıbəyovun elmi məktəbi
- 4 f.d.; 1 e.d.; Elmira Süleymanovanın elmi məktəbi - 16
f.d.; 4 e.d., Hafiz Əlimərdanovun elmi məktəbi - 11 f.d.; 4
e.d.; Minavər İbrahimovanın elmi məktəbi - 11 f.d.; 1
e.d.; Çingiz Rəsulovun elmi
məktəbi - 9 f.d.; 2 e.d.; Sultan Sultanovun elmi məktəbi -6
f.d, 1 e.d.; Leylufər Əliyeva - 8 f.d., 4 e.d.; Təranə Məmmədova
6.f.d., 1 e.d.; Səfa Abasov - 4 f.d., 4.e.d.; Rəna Cəfərova
- 9 f.d., 3- e.d.; Azadə Hüseynova -13 f.d, 2 e.d. ; Fəzilə
Səmədova - 7 f.d., 4 e.d.; Arif Həsənov - 7 f.d., 2
e.d.; Hikmət İbrahimov - 8
f.d., 2 e.d, Azər Qasımov 8 f.d. və 1 e.d.
NKPİ-də hazırlanmış yüzlərlə
kadr bu gün dünyanın bir çox ölkələrində,
o cümlədən Azərbaycanda ən müxtəlif
yüksək vəzifələrdə çalışır
və ya elmi-pedaqoji fəaliyyət göstərir. Onların
bir qisminin adları aşağıda verilir.
1. Əzizov Rüfət - Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti, rektor
2. Şəfiyev Vüsal - BP şirkətinin
vitse-prezidenti.
3. Alxaslı Emil - Socar Downstream, baş direktor.
4. Muxtarova Gülbəniz - Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası, Elm sahələri üzrə 1-ci şöbənin
müdiri.
5. Rəhimov Rəvan - Bakı Mühəndislik
Universiteti, Qida və biotexnologiya kafedrasının müdiri.
6. Yusif Abdullayev - ABŞ, Kolumbiya, Cənubi Karolina,
Allen Universiteti, müəllim.
7. Əliyev Tofiq - Təbii Ehtiyatlar İnstitutu, baş
direktor.
8. Zərbəliyeva İlhamə - Bakı Ali Neft Məktəbi,
elmi katib.
9. Əliyev Bilal - SOCAR Türkiyə Ar-Ge Mərkəzinin
baş direktoru.
10. Abdullayeva Emilya - Oman Respublikası, Oman Muscat Champion
X, Petroleum Development, menecer.
11. Quliyev Anar - BP şirkəti, Proses baş mühəndisi.
12. Cəbrayılzadə Şəbnəm - Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutu, Ekspertiza sektorunda
ekspert.
13. İbrahimov Rasim - Socar Downstream, baş direktorun
müşaviri.
14. Məmmədova Günel - Odlar Yurdu Universiteti,
"Biologiya və ekologiya" kafedrası, dosent, müəllim.
15. Zərgərova Sevda - Bakı Ali Neft Məktəbi
prorektor.
16. Quliyeva Rima - Bakı Ali Neft Məktəbi, Mühəndislik
fakültəsi, Kimya kafedrasının müdiri.
17 - Nəbiyeva Həcər - Bakı Ali Neft Məktəbi,
dosent.
18. Məmmədxanova Sevinc - ADNSU, Kimya-Texnologiya
fakültəsinin dekanı;
19. Rəsulov Sakit - ADNSU, "Sənaye təhlükəsizliyi
və əmək mühafizəsi" kafedrasının
müdiri;
20. Əmirli Fariz t.e.d. - ADNSU, "Üzvi maddələr
və yüksəkmolekullu birləşmələrin
texnologiyası"
kafedrasının müdiri;
21. Mahmudova Leyla - ADNSU, "Sənaye təhlükəsizliyi
və əmək mühafizəsi" kafedrası, dosent,
müəllim;
22. Şahverdiyeva Asya - ADPU, "Ümumi kimya və
kimyanın tədrisi metodikası" kafedrası, baş
müəllim;
23. Süleymanova Aişə - ARETN Bioresurslar
İnstitutu (Gəncə), "Yağlar və məlhəmlər"
laboratoriyasının müdiri;
24. Vəliyev Xəyyam - NORM ASC Keyfiyyətə Nəzarət
və Keyfiyyətə Zəmanət üzrə müdir;
25. Qasımov Zahid - Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi, baş məsləhətçi;
26. Kəsəmənli Xəyalə - GDU kimya fakültəsi,
dosent;
27. Vəliyev Famil - ARDNŞ Neftqazelmitədqiqatlayihə
İnstitutu, "Korroziyadan mühafizə" şöbəsinin
rəisi;
28. Sultanov Elşən - ARDNŞ Neftqazelmitədqiqatlayihə
İnstitutu, "Korroziyadan mühafizə" şöbəsi,
rəis müavini;
29. Səmədov Atamalı -ARDNŞ Neftqazelmitədqiqatlayihə
İnstitutu, "Parafin və duz çöküntüləri
ilə mübarizə" laboratoriyasında aparıcı elmi
işçi;
30. Hacıyeva Gülsüm - ARDNŞ Neftqazelmitədqiqatlayihə
İnstitutu, Analitik tədqiqatlar laboratoriyası, elmi
işçi.
2001-2025-ci illərdə NKPİ-də 48 nəfər
elmlər doktoru və 155 nəfər fəlsəfə
doktorları hazırlanıb.
NKPİ-nin əməkdaşlarından 13 nəfəri
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində,
8 nəfəri Bakı Ali Neft Məktəbində, 1 nəfər
BDU-da, 1 nəfər SDU-da, 1 nəfər Xəzər
Universitetində, 1 nəfər Azərbaycan Dövlət Dəniz
Akademiyasında, 2 nəfər Azərbaycan Memarlıq və
İnşaat Universitetində, 2 nəfər Azərbaycan
Dövlət Pedaqoji Universitetində, 2 nəfər Qərbi
Kaspi Universitetində, 2 nəfər isə UNEC-də dərs
deyirlər.
2012-2025-ci illərdə Moskva Dövlət
Universitetinin təhsil alan 86 tələbə, Bakı Ali Neft Məktəbində
(2023-2025-ci illər) isə təhsil alan 15 tələbə
diplom işlərini NKPİ-də institutun alimlərinin rəhbərliyi
ilə işləyib hazırlamışlar.
Tətbiq olunmuş elmi işlərdən əldə
olunan mənfəətdən 1997-2024-cü illərdə BDU,
ADPU və MDU-ya yüksək balla qəbul olunmuş tələbələrə
təqaüd verilmişdir.
Neft-Kimya Prosesləri İnstitutunun təşəbbüsü
və təşkilatçılığı ilə Tərtər
rayonunun dörd kəndini əhatə edən müasir
standartlara cavab verən kitabxana inşa edilib. Azərbaycan Milli
Elmlər Akademiyasının 14 institutu və Dövlət
İmtahan Mərkəzi bu təşəbbüsə dəstək
olaraq yeni kitabxanaya ümumilikdə 6000-dən artıq kitab hədiyyə
ediblər.
2015-2025-ci illərdə Respublikanın müxtəlif
universitetlərindən 1048 tələbə institutumuzda
elmi-praktiki təcrübə keçmişdir.
2015-2025-ci illərdə akademik V.M.Abbasovun 27 məktəbin
müəllim və şagirdləri ilə 37
görüşü keçirilib.
İnstitutda nüfuzlu elmi məktəblər olub və
bu gün də var. Son 33 ildə aşağıda göstərilən
yaşlarda elmlər doktorluğu dissertasiyası müdafiə
etmiş əməkdaşlarımız var: İsmayılov
İsmayıl (41 yaş) - 32 yaşında, Muxtarova Gülbəniz
(51 yaş) - 43 yaşında, Əfəndiyeva Lalə (51
yaş) - 43 yaşında, Rəhimov Rəvan (45 yaş) - 39
yaşında, Abdullayeva Nərminə (45 yaş) - 41
yaşında, Abdullayev Sənan
(47 yaş) - 43 yaşında, Zərbəliyeva İlhamə
(52 yaş) - 44 yaşında, Ağamalıyev Zaur (46 yaş) -
44 yaşında, Abdullayev Yusif (46 yaş) - 44 yaşında,
Əliyeva Aygün (52 yaş) - 45 yaşında, Əliyeva
Reyhan (58 yaş) - 45 yaşında, Səmədov Atamalı (65
yaş) - 46 yaşında, Ağazadə Yeganə (53 yaş) -
48 yaşında, Əyyubov İlqar (53 yaş) - 50
yaşında, Əmiraslanova Mənzər (58 yaş) - 50
yaşında.
İnstitutumuz müstəqillik illərində
dünyanın bir çox dövlətləri
üçün yüksək ixtisaslı kadrlar
hazırlayıb.
Xüsusi qeyd etmək istərdik ki, 1992-2013-cü illərdə
beynəlxalq və dünya olimpiadalarında iştirak etməli
olan məktəblilərin praktiki suallara
hazırlığı məhz NKPİ-də keçib.
2000 və 2010-cu illərdə Bakıda keçirilən
Beynəlxalq Mendeleyev Kimya olimpiadasının uğurla
keçməsində institut əməkdaşlarının
çox böyük rolu olub.
Dövlətimiz institutumuzun uğurlu fəaliyyətinə
hər zaman böyük dəyər verib. 2019-cu ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
sərəncamı ilə institutun 90 illik yubileyi təntənəli
şəkildə qeyd edilib.
Onu da qeyd etmək istərdik ki, akademik V.M.Abbasov 2009-cu
ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq
Təşkilatının (EKO) Tehran sammitində "Elm və
texnologiya" mükafatına layiq
görülmüşdür. Akademik V.M.Abbasov 2013- cü ildə
Təbiətşünaslıq elmləri üzrə Avropa
Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Təbiət
Elmləri Akademiyası "Neft və Qaz" seksiyası
üzrə xarici üzv, Türk Dünyası
Araşdırmaları Uluslararası İlimlər
Akademiyasının akademiki seçilmiş və
"Uluslararası Altın Yıldız Madalyası"na
layiq görülmüsdür. Akademik V.M.Abbasov 2019-cu ildə isə Beynəlxalq Elmlər
Akademiyaları Assosiasiyasının Neft Kimya
Şurasının üzvü (Belarusiya), 2022-ci ildə Ufa
Dövlət Neft Texniki Universitetinin fəxri professoru və
Kazan Milli Tədqiqat Texnoloji Universitetinin fəxri doktoru,
2024-cü ildə isə Gəncə Dövlət
Universitetinin Fəxri doktoru seçilmişdir.
İnstitutun gənc alimləri ölkəmizdə və
xaricdə beynəlxalq elmi konfranslarda, müsabiqələrdə
uğurla iştirak ediblər:
1. 2013-cü ildə t.ü.f.d. Gülbəniz Muxtarova
"Neft kimyası və neft emalı problemlərinin həllində
kataliz" mövzusunda II Rusiya-Azərbaycan simpoziumunda
maraqlı elmi işi və yaxşı şifahi məruzəsinə
görə II dərəcəli diplomla
mükafatlandırılmışdır.
2. 2016-cı ildə NKPİ-nin gənc alimi Ziyarət
Paşayeva Rusiyyada keçirilən II Beynəlxalq elmi-texniki
konfransda Gənc alimlərin məruzələri arasında
keçirilmiş müsabiqədə 2-ci yerə layiq
görülmişdir.
3. NKPİ-nin gənc alimi Ziyarət Paşayeva Belarusun
Minsk şəhərində keçirilən "Alternativ
xammal və yanacaq mənbələri" (AİST-2021)
adlı VIII beynəlxalq elmi-texniki konfransda 1-ci dərəcəli
diploma layiq görülmüşdür. (2021-ci il).
4. K.ü.f.d. Seyidova Səbinə Arif qızı 22-23
mart 2023-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin
"Altıncı Beynəlxalq Gənclərin" elmi-praktiki
forumunda 1-ci yerə layiq görülüb və 150 000 rubl məbləğində
pul mükafatına layiq görülüb.
5. K.ü.f.d. Nağıyeva Mehriban Vidadi qızı
22-23 mart 2023-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin
"Altıncı Beynəlxalq Gənclərin" elmi-praktiki
forumunda həvəsləndirici yerə layiq görülüb
(2023-cü il).
6. T.ü.f.d. Səbinə Eldarova 02-06 aprel 2024-cü
ildə Xantı-Mansiysk Muxtar vilayətinin "Yeddinci Beynəlxalq
Gənclərin" elmi-praktiki forumunda 1-ci yerə layiq
görülüb və 150 000 rubl məbləğində pul
mükafatına layiq görülüb (2024-cü il).
7. K.ü.f.d. Ülviyyə Yolçuyeva 02-06 aprel
2024-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin
"Yeddinci Beynəlxalq Gənclərin" elmi-praktiki
forumunda 1-ci yerə layiq görülüb və 150 000 rubl məbləğində
pul mükafatına layiq görülüb (2024-cü il).
8. K.ü.f.d. Ayaz Məmmədov 02-06 aprel 2024-cü ildə
Xantı-Mansiysk Muxtar vilayətinin "Yeddinci Beynəlxalq Gənclərin"
elmi-praktiki forumunda həvəsləndirici yerə layiq
görülüb (2024-cü il).
9. K.ü.f.d. Ayaz Məmmədov Rusiyanın Tomsk şəhərində
keçirilən EFRE-2024 qrant müsabiqəsində
"İmidazole-Containing İnhibitor-Bactericides Against Corrosive
Sulfate Reducing Bacteria in the oil Pipelines" adlı layihəsi
qalib seçilmişdir.
Dövlətimiz institumuzun alimlərinin uğurlu elmi fəaliyyətinə
böyük dəyər verib və onların bir çoxu
dövlətimiz tərəfindən təltif olunub: 7 nəfər
"Əməkdar elm xadimi", 3 nəfər "Azərbaycanın
əməkdar müəllimi" fəxri adlarına, 4 nəfər
"Əməkdar mühəndis" adına, 17 nəfər
"Tərəqqi" medalına, 1 nəfər "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu"na, 6 nəfər
"Şöhrət" ordeninə, 2 nəfər "Şərəf"
ordeninə layiq görülüblər. 2016, 2020 və
2023-cü illərdə institutumuzun 3 nəfər gənc alimi
"Azərbaycan Respublikası Prezidentinin Gənclər
üçün mükafatı" və Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən
mükafata layiq görülüblər. (Məmmədova Fəxriyyə
Tahir qızı, Nağıyeva Mehriban Vidadi qızı və
Paşayevaya Ziyarət Nağı qızı ).
NKPİ-nin elmi işçiləri Fərqanə
Əlizadə və Nərmin Dadaşova 2022-2024-cü illər
ərzində beynəlxalq elmi proqramlarda uğurla iştirak
etmişlər. F.Əlizadə COMSTECH və Azərbaycan Elm
Fondunun mobillik proqramları çərçivəsində
Pakistanın aparıcı elmi mərkəzlərində təlimlər
keçmiş, tədqiqatlar aparmış və beynəlxalq
sertifikatlarla təltif olunmuşdur. N.Dadaşova isə
Türkiyənin Orta Doğu Texnik Universitetində "Nadir
Torpaq Elementləri saxlayan polioksometalatların spektoelektrokimyəvi
tədqiqi" mövzusunda "Türkiye Bursları"
proqramının "Araşdırma Təqaüdü"nü
qazanaraq elmi fəaliyyət göstərmişdir.
Ulu öndər Heydər Əliyevin və müdrik
Prezidentimiz cənab İlham Əliyevin əməkdaşlarımıza
verdikləri fəxri adları və təltifləri biz avans
olaraq qəbul edir, bundan sonra da daha uğurlu elmi tədqiqatlar
aparacağımızı bildirirk.
Bu gün elm və təhsilin inteqrasiyası yüksələn
xətt üzrə inkişaf edir. Elmi-tədqiqat
institutlarımızın və universitetlərimizin beynəlxalq
nüfuzu sevindirici səviyyədə artır. Elmimiz və təhsilimiz
birgə inkişaf etməlidir. Universitet məzunlarının
elmə gəlmək istəkləri təşviq
olunmalıdır. Nüfuzlu elm adamlarının məktəblərdə
və universitetlərdə məharət dərsləri
keçmələri məqsədəuyğun olardı.
Ölkənin daxili bazarı mümkün qədər
qorunmalı, mühüm elmi nəticələrin tətbiqi
üçün əlverişli imkanlar
yaradılmalıdır. Sənaye və kənd təsərrüfatının
universitetlər, elmi-tədqiqat mərkəzləri ilə əlaqələri
gücləndirilməlidir.
Hazırda NKPİ-də bərpa olunan enerji mənbələrindən
istifadə etməklə yeni proseslərin, o cümlədən
gələcəyin əsas yanacağı olacaq hidrogenin
alınma proseslərinin işlənib hazırlanması
üzrə geniş tədqiqatlar aparılır.
Vaqif ABBASOV
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya
Prosesləri İnstitutunun Baş direktoru, akademik;
Nizami MÜRSƏLOV
İcraçı direktor, t.e.d;
Ziyarət PAŞAYEVA
Elmi katib k.ü.f.d;
Lalə ƏFƏNDİYEVA
Təhsil şöbəsinin müdiri, k.e.d.
525-ci qəzet .- 2025.- 1 may(¹74).- S.12-13.