Yaradıcı şəxsiyyət
ömrü: sənət naminə fədakarlıq
Tarix boyu Azərbaycan xalqı öz ziyalı və
qeyrətli qadınları ilə fəxr edib. Bu mənada
müasir cəmiyyətimizdə ziyalı
qadınlarımızın yaradıcılıq fəaliyyəti,
elm və mədəniyyətimizin inkişafına verdikləri
əməli töhfələr təqdirəlayiqdir. Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, əməkdar müəllim,
dirijorluq və xormeyster sənətinin incəliklərinə
mükəmməl yiyələnən Təranə xanım
Yusifova belə qadınlarımızın sırasında
özünəməxsus yer tutur. Ustad sənətkar kimi, o,
Beynəlxalq Muğam mərkəzinin nəzdində fəaliyyət
göstərən Cahangir Cahangirov adına Xor Kollektivinin bədii
rəhbəri və dirijorudur.
Musiqi nəzəriyyəsinə istinadən deyə bilərik
ki, xor yaradıcı heyət olduğu üçün onu
idarə edən bədii rəhbərdən son dərəcə
diqqət, səbr, təmkin, yüksək mədəniyyət,
ifa olunan hər hansı melodiyanın metodikasına dəruni bələdlik,
xor ifaçılığının oxunuşunda hər bir
sözün düzgün tələffüzü, səslərin
qarşılıqlı və harmonik vəhdəti, qüvvətli
səs duyumu tələb olunur. Bu çətin və mürəkkəb
sənətin öhdəsindən gələn Təranə
xanım xor cameəsi tərəfindən böyük hörmət
və rəğbətlə qarşılanır. Onu da nəzər-diqqətə
çatdırmalıyıq ki, xor kollektivinin əksər
üzvləri musiqi sənətinə tam yiyələnmiş
gənclərdən ibarətdir. Bu sənət
vurğunlarının gələcək inkişafı naminə
bədii rəhbərdən ali duyğular, yüksək
xüsusiyyətlər tələb edilir. Məhz bu səbəbdən
də Təranə Yusifova təcrübəli pedaqoq kimi öz
bilik və bacarığını xor kollektivindən əsirgəmir.
Bu möhtəşəm sənət ocağına iş
üçün qəbul və üzv olmaq son dərəcə
ciddi və məsuliyyətlidir. İlk növbədə, hər
bir şəxsin musiqi duyumu, eşitmə və qavrama qabiliyyəti,
səs tembri və ifaçılığı, fərdin
yaradıcı zəkası diqqətlə yoxlanılır.
Musiqi mədəniyyətimizin sayılıb-seçilən sənətkarı,
Azərbaycanın ilk qadın dirijoru Ləman Atakişiyevanı
fikrincə, "xor unikal, misilsiz bir orqanizmdir. O, insanların
harmonik birləşməsinə, hərməy olmalarına
qulluq edir!" (Axundova Gülarəxanım. "Azərbaycanın
görkəmli dirijorları və xormeysterləri". Dərs
vəsaiti. Bakı, ADPU, 2016. səh. 46)
Çoxsəsli xor oxuma ənənəsini
lazımınca və layiqincə davam etdirən Cahangir
Cahangirov adına Xor Kollektivinin üzvləri, əsasən,
soprano, alt tenor və bas səsinə malik olan gənclərdən
ibarətdir.
Xor kollektivinin ifası zamanı bu səsləri diqqət
və dəqiqliklə müşayiət etmək bədii rəhbərin
güclü istedadı və əzmkarlığıdır
desək, səhv etmərik. Təranə Yusifova tərəfindən
ictimai-siyasi yubileylər və ədəbi tədbirlər
üçün seçilən, hər birinin məzmununa
uyğun musiqi əsərlərinin münasibliyi, musiqinin ahəngdarlığı,
lirizmi, həzinliyi, həyata, haqq və humanizmə
çağırış sədası dinləyicilər tərəfindən
böyük uğur, rəğbət və hərarətlə
qarşılanır.
Məlum olduğu kimi, Azərbaycanda ilk peşəkar
xor mədəniyyəti Üzeyir bəy Hacıbəyovun
adı ilə bağlıdır. Təranə Yusifova xor sənətinin
mahir bilicisi kimi bu tarixi ənənəni yorulmadan yüksək
professional səviyyədə davam etdirir. Bu çətin, fəqət
maraqlı sənət yolunda Təranə xanıma və
istedadlı xor kollektivinə gələcək işlərində
uğurlar arzulayıram!
Gülzar İBRAHİMQIZI
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 1 may(№74).- S.11.