"Kino sahəsində
lider olmağa iddialıyıq"
Müsahibimiz ssenarist, prodüser, Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi Əli
İsa Cabbarovdur.
- Əli İsa bəy, hazırda İttifaq nə kimi
işlər görür və bu işlərin cəmiyyətə
hansı təsirləri ola bilər?
- Azərbaycan Kinematoqrafçılar
İttifaqının ənənəvi fəaliyyət sahələri
var. Birincisi, kinolarımızın təbliği və
nümayişidir. Bu məqsədlə bölgələrdə
və Bakıda filmlərin nümayişlərini
keçiririk. Baxışımız belədir ki,
zövqlü tamaşaçıların sayının
çoxalması kinomuza dəstəkdir. Bununla yanaşı, təhsil
layihələrimiz olur, dərsliklər nəşr edirik,
intensiv ssenari kurslarımız olur, demək olar ki, bunlar daimi
xarakter daşıyır. Əsas fəaliyyətlərimizdən
biri də ssenari müsabiqəsi təşkil etməyimizdir.
Hazırda "Mən qadınam" ssenari müsabiqəsi
keçirilir, qaliblər Kino Günündə elan olunacaq. Niyə
görə məhz "Mən qadınam"? Çünki
müstəqillik illərində baş rolda qadın personaj
olan ssenarilər son dərəcə az olub. İttifaq
çalışır ki, Azərbaycan kinosuna kadr, ssenari
hazırlığında köməklik göstərsin, bir də
əldə olan uğurları təbliğ eləsin.
- Qalib ssenariləri
ekranlaşdırdığınız olurmu?
-Yox, ekranlaşdırmaq məsuliyyətini öz
üzərimizə götürə bilmərik. Buna vəsaitimiz
yoxdur. Biz ssenari işinə baxırıq. Müsabiqənin
qalibləri deyirlər ki, bu mövzu məndə ideya kimi var
idi, amma müsabiqə sayəsində onu yazıb ssenari
halına gətirə bildim. Bizim müsabiqələrdə
iştirak edənlər artıq Mədəniyyət
Nazirliyinin keçirdiyi müsabiqələrdə qalib olurdu.
Çünki artıq bizdə ssenarisini inkişaf
etdirmişdi. Olub ki, bizdə üçüncü yerə
çıxan gedib başqa müsabiqələrdə birinci
yerə çıxıb. Həmçinin, bizim təhsil layihələrində
iştirak edən gənc kinematoqrafçılar sonradan
istehsalata buraxılırlar. Məsələn, Hacı Səfərov
Kino Agentliyinin post-prodakşn müsabiqəsində qalib oldu.
Filminin istehsalına da biz dəstək olduq, onu kinotənqidçi
kimi də dəstəkləyirik, təlimlərimizdə də
iştirak edir, müqaviləli münasibətlə video məhsullarını
sifariş veririk. Bundan əlavə, Nazirlər Kabinetinin 38
nömrəli qərarı var - qonorarların miqdarını
tənzimləməklə bağlı. 1997-ci ildə qəbul
olunub. O qaydalara görə, rejissor tammetrajlı film
üçün indiki pulla 2500 manat qonorar almalı idi. O da
real deyildi. Ona görə də istehsalatçılar 10-15 min
manat məbləğində real qiymətlər verirdi. Yoxlama
gələndə isə ittiham kimi səslənirdi ki, niyə
çox verirsiniz, axı qərarda məbləğ bu qədər
deyil. Amma bu bazarın tələbi idi. İttifaqın təşəbbüsü
ilə sədrimiz Xalq artisti Rasim Balayev Baş nazir Əli
Əsədovla görüşdü, Əli Əsədov da həmin
problemlə maraqlanıb qərarı dəyişdirdi.
Artıq istehsalatçılar yaradıcı heyətə - bəstəkara,
ssenaristə, rejissora bazar qiymətinə uyğun qonorarlar verə
biləcəklər. Bu, Rasim Balayevin nüfuzunun, əzminin nəticəsidir.
- "Azərbaycanfilm", ARKA, AKİ-bu qurumların
fəaliyyətini bir-birindən nə ayırır? Ümumiyyətlə,
Azərbaycanda kino ilə məşğul olan bir neçə
qurum var, onların birgə fəaliyyətinə nə mane
olur?
- Azərbaycan Kinematoqrafçılar İttifaqı
azad ictimai təşkilatdır. 1963-cü ildən fəaliyyət
göstərir. Azərbaycan Kino Agentliyi isə dövlət
qurumudur, bunlar hüquqi cəhətdən birləşə
bilməzlər. Əməkdaşlıq edirik, bir-birimizə dəstək
oluruq. Amma rəsmi, ictimai, özəl qurumlar birləşə
bilməzlər. Əməkdaşlıq etməlidirlər,
bir-birlərinə dəstək olmalıdırlar. Xüsusilə,
kino sahəsində fəaliyyət göstərən ictimai təşkilatlara.
Mədəniyyət Nazirliyinə müraciətlərimiz olur,
hamısına çatdırmasalar da, bir çox məsələdə
dəstək verirlər. Hacı Səfərovun Kann
festivalında iştirakı üçün maliyyə dəstəyinə
görə müraciət etmişik, ümid edirik ki, müsbət
cavab alacağıq. Hətta bayaq dediyim 38-ci maddənin ləğvi
Mədəniyyət Nazirliyi və Kinematoqrafçılar
İttifaqının birgə əzminin nəticəsi idi.
Heç kim bunu təkbaşına edə bilməzdi, amma biz
birləşəndə nəticə alırıq. Yəni
müəyyən məsələlər var ki, onu ancaq ictimai
təşkilatlar həll edir. Həmin təşkilatlar rəsmi
qurumlarla Kinematoqrafçılar İttifaqı arasında əməkdaşlıq
platformasıdır. Məmur kabinetdə oturur, rejissorların,
aktyorların dərd-sərini eşitmir, İttifaq kimi ictimai
təşkilatlar ona görə fəaliyyət göstərir
ki, məmurla sənətkar arasında bağ yaratsınlar, əlaqə
qursunlar. Məmurların sözlərini, arzularını
yaradıcı insanlara, yaradıcı insanların da sözlərini
məmurlara çatdırıb iş birliyi qursunlar.
- Kino cameəsində bir qrup insan kinomuzun böhran
dövründə olduğunu, digər qrup isə inkişaf
etdiyini söyləyir. Nə əsas verir ki, bu iki qrup ayrı
düşüncələrə qapılırlar?
- Kinomuzun vəziyyətindən narazı olan insanlar
yüksək sənət dəyərinə malik filmləri
görmək istəyirlər. Sovet dövründə öyrəşdiyimiz
güclü təsiri olan, emosional filmlər yoxdur. Amma bununla
yanaşı, müstəqillik dövründə ciddi sənət
əsərlərimiz olub. Məsələn, "Nabat"
filmi emosional təsir gücü olan filmlərdəndir.
2024-cü ildə daha çox gəlir götürmək məqsədilə
20 tammetrajlı bədii film çəkildi. Vəziyyəti
obyektiv göstərsək, Azərbaycanda film istehsalı var,
düzdür, pandemiyaya qədərki həcmə gəlməyib,
onda filmlərin sayı 30-a çatırdı. Amma sevindirici
haldır ki, indi kommersiya filmlərinə aludəçilik
azalıb. Məsələn, Valeh Əhmədov az büdcə
ilə bir neçə romantik komediya filmi istehsal elədi və
tamaşaçı uğuru da qazandı. Həmçinin, ənənəvi
komediyalar çəkən Orxan Mərdan "Səma ilə
görüş" adlı melodrama janrında, sosial
mövzuda əsər yaratdı. İttifaqın "Ən
yaxşı prodüser" nominasiyasının da qalibi oldu. Yəni
kəmiyyət göstəriciləri var və
artmalıdır. Təbii ki, sənət göstəriciləri
də çoxalmalıdır. Mütəmadi festivallarda
iştirak edən, maraq doğuran rejissorlarımız var: Elvin
Adıgözəl, İlqar Nəcəf, Asif Rüstəmov,
Teymur Hacıyev...
Tamaşaçılarımız
rejissorlarımızın filmlərini görmürlər deyə
biz həmin filmləri bir neçə dəfə
nümayiş etdiririk. Onlar televziyaya gec yol tapır,
televiziyalar film nümayişinə görə az qonorar verirlər
deyə prodüserlər istəmirlər ki, filmləri orada
göstərilsin. Ciddi filmlər isə prokatda az qalır.
Bir-iki həftədən sonra gəlir gətirmədiklərinə
görə yayımdan çıxardırlar. Ona görə
bu filmləri tamaşaçılara göstəririk ki, məlumatlansınlar,
kinomuzu tanısınlar. Kinomuz var, qaynayır, kəmiyyət
artır, keyfiyyət isə kəmiyyətə nisbətən
az artır. Bilirsiniz, gələcəkdə Ermənistanla
sülh müqaviləsi bağlasaq da, aramızda hər zaman rəqabətli
bir münasibət olacaq. Onlar müharibə mövzusunda
uğurlu bir film çəkə bilərlər. Hərbidə
məğlub oldular, amma kinoda qalib ola bilərlər. Ona
görə biz bu işdə tələsirik, aidiyyəti
strukturların daha keyfiyyətli iş görməsini istəyirik.
Tənqidi yanaşan insanların tələbi də budur. Azərbaycan
xalqı iddialı xalqdır. Öz Qafqaz regionunda iqtisadiyyat və
siyasətdə lider olduğumuz kimi, kino sahəsində də
lider olmağa iddialıyıq.
- "Salnamə" film studiyasının
bağlanması barədə kəskin tənqidi fikir səsləndirildi.
Bu barədə siz düşünürsünüz?
- Nəinki "Salnamə", "Azərbaycanfilm"
studiyası da öz ənənələrini
saxlamalıdır və studiya maliyyələşməlidir.
Oranın maliyyələşməməyinə Mədəniyyət
Nazirliyinin aidiyyəti şöbələri belə
aydınlıq gətirirlər ki, dövlət qurumu
özünün təsis etdiyi strukturu birbaşa maliyyələşdirə
bilməz. Birbaşa etmək olmursa, dolayısı yolla həll
eləmək olar. İttifaqın mövqeyi belədir ki,
"Azərbaycanfilm" studiyası mütləq maliyyələşməlidir.
Çünki orda elə ənənələr var, onları
başqa yerdə təsəvvür etmək olmur. Babək
ordan çıxa bilər, Nəsimi ordan çıxa bilər.
Eləcə də "Salnamə" studiyası. Əliyar
Əliyevin geniş bioqrafiyasını orada
baxdığım, Nizami Abbasın çəkdiyi filmdə
gördüm. Onu daha yaxından hiss elədim. Eləcə də
həmin studiyada digər milli qəhrəmanlarımıza həsr
olunmuş işlər var. Gənc rejissorlardan Emin Əfəndiyevin,
Kəmalə Musazadənin, Tahir Əliyevin yaxşı filmləri
var. Yəni necə ola bilər ki, milli qəhrəmanlara həsr
olunmuş sənədli seriallar dayandırılsın? Biz necə
oldu müharibədə qalib gəldik? İnsan şəxsi
faciəsini də unudar. Qarabağın üzünü 30 il
görməyə-görməyə necə oldu ki, onu
unutmadıq? Çünki hər il bu filmlər çəkilirdi,
televiziyada göstərilirdi. İndi qalib gəlmişik,
neçə-neçə Milli qəhrəmanımız var,
qazilər var. İndi biz necə çatdırıb onlardan bəhs
edən filmlər çəkəcəyik? Bunu "Salnamə"
etməlidir də. Özəl prodüserlərin heç biri
onlara pul buraxmayacaq. Bunlar təkcə dövlət vəsaiti
ilə olmalıdır.
- Vaxtilə rejissor kimi fəaliyyət göstərmisiniz.
Nə üçün artıq film çəkməyi
düşünmürsünüz?
- Əvvəl bunun subyektiv səbəbləri var idi. Mən
Rüstəm İbrahimbəyovla yaxın işlədiyimə
görə bəzi məmurlar fəaliyyətimi o vaxtkı
şəraitə görə qadağan etmişdilər. Hətta
elə olurdu ki, filmdə işləyirdim, amma adımı qeyd
etmirdim, işlərimi başqa adla görürdüm. Bir dəfə
qardaşımın adını, bir dəfə də
özümdən uydurduğum bir ləqəb yazdım. Mənə
təzyiq edirdilər, layihələrimi geri qaytarmalı
olurdum. Son dövrlərdə isə Kinematoqrafçılar
İttifaqı mənim evimə çevrilib, burada həyata
keçirdiyim layihələr vaxtımı çox alır və
rejissorluğa köklənə bilmirəm. Mənim indiki
işim də yaradıcı işdir. Kitabların nəşri,
təlimlərin təşkili və sairə. İşlədiyim
insanlar - Sevda Sultanova, Aygün Aslanlı, Hacı Səfərov
- hamısı yaradıcı şəxslərdir. Dua edirəm
ki, bir gün rejissorluğa da qayıdaram. Bu, mənim
ağrılı yerimdir. Əvvəl qadağa var idi deyə
qoymurdular, indi isə fokuslana bilmirəm. Rüstəm
İbrahimbəyovla yaxın əməkdaşlıqdan o qənaətə
gəlmişəm ki, yaradıcı insan üçün
müvafiq təşkilatlar, uyğun kömək çox
lazımdır.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 1 may(№74).- S.10.