Səhnə cazibəsinin
şirinliyi
FİRƏNGİZ MÜTƏLLİMOVANIN DOĞUM
GÜNÜNƏ ÜNVANLANAN TƏBRİKİN QƏZET
"AÇIQCASI"
Adətən aktyorlar tamaşaçı məhəbbətini
ildən-ilə uğurlu obrazları ilə qazanırlar və
pərəstişkarları onun oynadığı yeni səhnə
personajına inam dolu ovqatla baxırlar. Epizod-epizod aktyorun
ifasından süzülən maraq tamaşaçıları
tədricən ümumi estetik qənaətə gətirir,
sevgisinə təzə sevgi qatır, yaddaşına pərəstiş
etdiyi sənətkara ehtiram pilləsinin biri də artır.
Az sayda elə aktyorlar da var ki, onların səhnəyə
çıxması, ilk sözünü deməsi, yaxud ilk
sözsüz hərəkəti ilə
tamaşaçıların həzz mexanizmini, səmimiyyət
duyğusunu işə salır və sanki onun mütləq
uğur qazanacağına inamı qətiyyətlə güclənir.
Səhnə-salon bağlantısının ilk telləri
yaranır və istedadlı aktyor rəngbərəng ilmələrini
vurur. Belə olan təqdirdə tamaşaçının
aktyorun peşəkarlığına inamı artır, rəğbət
bəslədiyi aktyorun vurduğu naxışların finalda
kamil "sənət xalçasına" çevriləcəyinə
qəlbində əminlik yaradır.
Bunun üçün mütləq və mütləq
aktyorda Tanrının verdiyi ürəkaçan məlahət,
emosional cazibə, dadlı şirinlik, təbii səmimiyyət,
göz oxşayan zəriflik olmalıdır. Xüsusən
aktrisalarda; necə ki, bütün bu keyfiyyətlər
Hökümə Qurbanovada, Barat Şəkinskayada, Nəsibə
Zeynalovada, Nəcibə Məlikovada, Leyla Bədirbəylidə,
Amaliya Pənahovada, Şəfiqə Məmmədovada...
vardı. Tanrının belə sevgi payından ənam kimi səxavətlə
bəxş etdiyi sənətkarlardan biri də Xalq artisti Firəngiz
Mütəllimovadır.
Firəngiz xanım istisnasız olaraq bütün
rollarında bir aktrisa kimi məlahətlidir. Bu məlahət
duyğulara tumar çəkəndir, gözoxşayandır,
peşəkarlıqla yoğrulandır. Milli dram teatrında
1980-ci ildə ilk rolu Qumralla ("Əliqulu evlənir",
Sabit Rəhman) Firəngizin səhnə məlahəti xiridar
tamaşaçıları cəlb elədi, onların ruhunda səhnədə
yaz kəpənəyi kimi "uçan" aktrisaya sevgi hissi
oyanmağa başladı. Oyanan sevgi onun bir-birinin ardınca
1981-ci ildə oynadığı Leyla ("Səhra
yuxuları", Anar), Bəyim ("Xurşidbanu Natəvan",
İlyas Əfəndiyev), Birinci kölgə ("Maqbet",
Vilyam Şekspir), 1982-ci ildə ifa etdiyi Qaratel ("Mirzə
Şəfi", Nəbi Xəzri), Nübar ("Məhəbbət
yaşadır", Nahid Hacızadə) rolları ilə daha
da dərinləşdi, genişləndi, özünə ilk pərəstişkarlarını
qazandırdı. Televiziyada Tariyel Vəliyevin rejissorluğu ilə
hazırlanan "Səni axtarıram" (1983-cü il),
"Bağışla", "Səndən xəbərsiz"
(Aslan Qəhrəmanov) trilogiyasındakı Gülnar
(yöndaşı Elçin rolunda Yaşar Nuriyev idi)
obrazı Firəngizin səhnə məlahətini teatr dairəsindən
çıxardı, televiziya vasitəsi ilə pərəstişkarlarının
sayını milyonlara çatdırdı.
Firəngiz Mütəllimovanın səhnədəki
yapışıqlı şirinliyi tamaşaçılara o qədər
sirayət edib ki, onlar afişa və ya proqramda Firəngiz
Mütəllimovanın adını oxuyanda artıq hər bir
tamaşaçının daxilindəki həzzalma prosesi
oyanır və intizarla tamaşanın başlanmasına
köklənir. Aktrisanın
cazibədar şirinliyi onun komediya səciyyəli səhnə
personajlarına, kino obrazlarına, televiziya
çıxışlarına sanbal verir,
gülüşün təbiiliyini gücləndirir, asanlıqla,
rahatlıqla, rəğbətlə ona tamaşaçı məhəbbəti
qazandırır. Teatrda oynadığı Nisə xanım
("Lənkəran xanının vəziri", Mirzə Fətəli
Axundzadə), Azadə xanım ("Dəlilər və
ağıllılar", İlyas Əfəndiyev), Arvad ("Mənim
ərim dəlidir", yaxud "Diaqnoz "D", Elçin),
Həvva ("Varlı qadın", Əli Əmirli),
Nağılçı ("Məlik Məmməd",
nağıl-tamaşa), Dilarə ("Ox, qadınlar,
qadınlar", Marat Haqverdiyev), Nigar və Nədidə
("Qanlı Nigar", Sadıq Şendil), Kəblə
Fatmanisə ("Almaz", Cəfər Cabbarlı),
"Atları yəhərləyin" ("Qaçaq Nəbi")
filmindəki Sərvinaz obrazları öz real ifası,
lirik-poetik yumoru ilə tamaşaçılarda emosional, zərif
və xoş ovqatlı duyğular oyadır.
Firəngiz Mütəllimova fitrətən emosional
cazibəyə malikdir və onun lirik-psixoloji obrazlarında həm
açıq, həm də həssaslığa, məlahətə,
şirinliyə bürünmüş "gizli" təbəssüm
var. Ümumiyyətlə, məzəli komediyaların səhnə
təcəssümündəki cazibə aktrisanın
lirik-psixoloji janrlı tamaşalarda oynadığı rollarda
tamamilə yeni ifadə vasitələri ilə təqdim olunur.
Aynur, Mələk, Gülrux, Gülnaz ("Büllur
sarayda", "Bizim qəribə taleyimiz", "Şeyx
Xiyabani" və "Tənha iydə ağacı",
İlyas Əfəndiyev), Maral ("Sənsiz", Şıxəli
Qurbanov), Aypara ("Fəryad", Bəxtiyar Vahabzadə),
Salehə ("Gülüstanda qətl", Cəmil Əlibəyov),
Nübar ("Məhəbbət yaşadır", Nahid
Hacızadə), Firəngiz ("Təhminə və Zaur",
Anar), Tereza ("Biganələr oteli", Rüstəm
İbrahimbəyov) obrazlarını xatırlamaq
lazımdır ki, dediyim zəriflik, nurlu obrazlardakı səmimiyyət,
bədii-estetik dəyərlər bir daha gözlərimiz
önündə canlansın.
Təbii səmimiyyət, kövrək zəriflik,
bulaq suyu kimi dupduru sadəlik bütün incəliyi ilə hər
aktyora nəsib olmur. Cəsarətlə demək olar ki, ləzzətli, dadlı, təravətli,
emosional duyğuları coşduran səmimiyyət Firəngiz
xanımın qanında-canındadır. O, həyatda da
istiqanlı, mehriban, şən bir xanımdır və onun bu
psixoloji keyfiyyətləri, janrından asılı olmayaraq,
bütün tamaşalarda aktrisanın dadına çatır,
oynadığı rollara təzətərlik
aşılayır. Dediklərim Xavər və Qaraçı
qız ("İblis", Hüseyn Cavid), Gülnar
("Vaqif", Səməd Vurğun), Gözəl
("Qılınc və qələm", Məmməd Səid
Ordubadinin romanı əsasında Tofiq Kazımovun işləməsi),
Tubu xanım ("Qarabağnamə", İlyas Əfəndiyev),
Gülzar, Qonşu, Qadın ("Poçt şöbəsində
xəyal", "Qatil" və "Arılar
arasında", Elçin), Əsmər ("Günah", Rəhman
Əlizadə) rollarında yüksək peşəkarlıqla,
psixoloji reallıqla təcəssüm tapıb.
Aktrisanın zəngin yaradıcılığına əlvanlıq
gətirən bədii təravət verən keyfiyyətlərdən
biri də onun göz oxşayan zərifliyinin munisliyidir.
Xüsusi qeyd etmək istəyirəm ki, Firəngiz Mütəllimovanın
yaradıcılığının zinətlərindən biri
olan bu keyfiyyət onun əcnəbi müəlliflərin əsərlərində
oynadığı Birinci kölgə və Cadugər
("Maqbet", Vilyam Şekspir), Reya ("Böyük
Romul", Fridrix Dürrenmatt), Anna ("Həyatın dibində",
Maksim Qorki), Adela ("Dişi canavar", Federiko Qarsia Lorka),
Aysulu ("Sokratı anma gecəsi", yaxud "Eşşək
dərisi üzərində məhkəmə", Çingiz
Aytmatov) rollarında da parlaq və emosional cazibə ilə
tamaşaçını heyran qoyub.
Səhnə etikası, yöndaşlarına
qarşı diqqətli və həssas olması Firəngiz
xanımın yaradıcılığının səciyyəvi
cəhətləridir. İstedadının psixoloji lirizmi
müxtəlif yaş nəslinə məxsus sənətkarlarla
çıxış etdiyi tamaşalarda heyrətamiz dərəcədə
təbii, canlı, coşqulu və səmimi
görünür. "Əliqulu evlənir"də
Ağasadıq Gəraybəyli, Hamlet Qurbanov, "Səhra
yuxuları"nda Həsən Turabov, Yaşar Nuriyev, Fuad
Poladov, "Xurşidbanu Natəvan"da Amaliya Pənahova,
Rafael Dadaşov, Əliabbas Qədirov, "Məhəbbət
yaşadır"da Zərnigar Ağakişiyeva, Səməndər
Rzayev, Hacı İsmayılov, "Mirzə Şəfi"də
Nəcibə Məlikova, Şükufə Yusupova, Bəsti Cəfərova,
Muxtar Avşarov, "Mənim ərim dəlidir"də Səyavuş
Aslan, "Fəryad"da Mikayıl Mirzəyev, Hamlet
Xanızadə, Kamal Xudaverdiyev, "Almaz"da Sabir Məmmədov,
Hurəddin Mehdixanlı, "Biganələr otel"ində
Zemfira Nərimanova, Ramiz Novruzov, "Təhminə və
Zaur"da Məhluqə Sadıqova, Sofiya Bəsirzadə,
"Böyük Romul"da Telman Adıgözəlov, "Lənkəran
xanının vəziri"ndə Ətayə Əliyev,
"Bizim qəribə taleyimiz"də Səfurə
İbrahimova, "Qanlı Nigar"da İlham Namiq Kamal,
"Gülüstanda qətl"də Həsən Məmmədov,
"Dəlilər və ağıllılar"da Eldəniz
Zeynalov, "Tənha iydə ağacı"nda İlham
Əsgərov, "Sizi deyib gəlmişəm"də
Mirvari Novruzova, Səidə Quliyeva kim sənətkarlarla
ünsiyyətdə olub. İstisnasız olaraq, bütün
aktyorlar Firəngiz xanımla səhnədə olanda onun heyrətamiz
dərcədə təbii, canlı, coşqun ifasına heyran
qalırlar. Mütəllimova xarakterlər toplusunun əlvanlığı
ilə tamaşaçıların sevimlisidir.
Firəngiz Mütəllimova Azərbaycan Dövlət
Televiziyasında hazırlanmış iyirmidən çox
teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Mərcan
("Evləri köndələn yar", Anar), Ana və
Qız ("Unutmaq olmur", Əlibala Hacızadə), Almaz
("Topal Teymur", Hüseyn Cavid), Nazan ("Yad
qızı", Əlibala Hacızadə), Günay ("Səninlə
və sənsiz", Marat Haqverdiyev), Şefin arvadı
("İblis qadın", Arturo Raf), Nihal
("Yağışdan sonra", Bəxtiyar Vahabzadə)
rollarının bədii-estetik keyfiyyətlərini xüsusi
qeyd etmək olar.Firəngiz xanımın dadlı-duzlu
parodiya-təqlid bacarığı var. Dəfələrlə
şahidi olmuşam ki, rəhmətlik Həsən Turabov
teatrda direktor və bədii rəhbər işlədiyi
vaxtlarda bir az kefsiz olanda Firəngizi yanına söhbət
çağırırdı. Firəngizin gəlişindən
heç iki-üç dəqiqə çəkmirdi, Turabov
şaqqanaq çəkib gülürdü. Günü bu
gün də Firəngiz xanım dəhlizdə görünəndə,
az-az bufetə düşəndə çöhrəsindən
ancaq təbəssüm yağan sənətkarı hamı
gülər üzlə, sevgili şadyanalıqla
qarşılayır. Sanki onun təkcə gözləri yox,
bütün vücudu gülüşə, təbəssümə,
səmimiyyətə, ülfətə qərq olur.
Gizlin deyil ki, bəzi aktyorlardan bol-bol tərif yaz, səsi
çıxmır. Ancaq bir "çimdik" tənqid
yazanda az qala səninlə küsülü qalır,
görüşəndə qaş-qabağı yer
süpürür, salamı da ağızucu alır və ya
verir. Ancaq Firəngiz xanımın hansısa bir
teatrşünasdan incidiyini görməmişəm. Elə bir
də buna görə, sevimli aktrisam Firəngiz Mütəllimovaya,
əzizim Firəngiz xanıma, duzlu söhbətlərinin
heyranı olduğum Firaya ehtiramım, rəğbətim
sonsuzdur.
Bu gün onun doğum günüdür və sidq
ürəkdən deyirəm: Firəngiz xanım, xoşbəxtsən
ki, bu dünyaya nurlu qədəmlərlə gəlmisən, nə
yaxşı ki, varsan...
Sənə çox-çox salamlarla, sevinc dolu təbriklərlə,
cansağlığı arzuları ilə dostun:
İlham RƏHİMLİ
525-ci qəzet .- 2025.- 1 may(№74).- S.8.