Məltəm
Esse
Gün günortadan günbatana əyilən vaxtı
aptekə yanında yeddi-səkkiz yaşlarında qız
uşağıyla gənc bir qadın daxil oldu. Qadına
baxanda ürəyimdən
"üzünə bax, halını sor" deyimi yol elədi.
Kasıb və nimdaş geyimi ilə üzünün yanıb
qaralmış, üstəlik, ləkə basmış dərisi
ahəng təşkil edirdi. Sifətində diri qalan bircə
gözləriydi ki, o da narahatlıqla göz çuxurunda
durmadan fırlanır, bununla da iç təlaş və
qorxularını bayıra çıxarırdı.
Yanındakı qız da özünə oxşayırdı,
rəngi boğuq qara, saçları dağınıq, əyni
nimdaş... Artıq bu ana balanın həyatı,
yaşayışı haqqında ilk siqnalları vizual olaraq
almışdım və "qara günün adamı
qaraltdığına" şübhəm yox idi...
Qadın əlindəki kağızı satıcı
ilə alıcını ayıran və həm də birləşdirən
şüşə arakəsmənin balaca gözcüyündən
ağ xalatlı xanıma uzatdı. Tibb bacısı
yazılanları oxuyub hesabladı, sonra bir-bir gətirib selafan
torbaya yığıb qadına uzatdı. Bayaqdan narahat
görünən qadın dərmanların pulunu ödəyib
açıq narahatlıq ifadə edən səslə dilləndi:
- Bacı, bunlar mənə xeyir edəcəkmi, hərə
bir söz deyir, mən də alıram, amma indiyəcən
heç nəyin xeyri olmayıb. Kasıb adamam, bir qocaya
baxıram, aldığım da dərman davada. Heç olmasa səbəbi
düşə...
Tibb bacısı dərmanları kimin təyin etdiyini
soruşanda qadın "həkim elə qonşumuzdu, amma
yanına ilk dəfə getmişəm", dedi. Tibb
bacısı da "Allah səbəb salsın" deyərək
dərmanların qəbul qaydalarını başa saldı və
bununla da işini bitirdi...
Bayaqdan bəri nədənsə
tamaşaçısı olduğum səhnə qəhrəmanının
adını düşünür, adıyla özü
arasında əlaqə qurmağa çalışır, amma
bacarmırdım. Nəhayət qadın dərman
torbasını əlinə alıb geri çevriləndə
özümü saxlaya bilməyib adını soruşdum, kədərlə
"Məltəm"di dedi...
Məltəm, Məltəm Haqqarar...
Hamınızın yadında olar, yəqin ki, 1988-ci ildə
"Türkiyə gözəli" seçilən, 1989-cu ildə
isə Moskvada ilk dəfə "Kosmos" mehmanxanasında
keçirilən dünya gözəllik müsabiqəsində
birincilik qazanan mavi gözlü gənc türk
qızını çoxunuz xatırlayırsınız. Ona
bu adı qoyan valideynlərini anlamaq çətin deyil, amma ad
qoymaqla valideynlik vəzifəsini bitmiş hesab edənləri
anlamaqda həmişə çətinlik çəkmişəm.
Məşhur filmlərdən təsirlənib o qəhrəmanların
adını övladına verən çoxlu sayda insanlar var,
amma hər kəs öz tale yükünü
daşımalı olub, eynən Məltəm kimi...
Məltəm nə yazmaq bilir, nə də oxumaq, yerli-dibli
təhsil görməyib. Kağıza xeyrinə olmayan nəsə
yazıb versən də, dediyin ünvana aparar. Erkən ailə
qursa da, nigahı uğursuz olub. Bir övladıyla həyatla
oyuna girmək məcburiyyətində qalıb, boğulanda
qolundan babası yaşında bir nəfər tutub çəkib
kənara. Tək, kimsəsi olmayan kişi onu evinə gətirib,
himayəsinə alıb, uşağına da, özünə
də sahib çıxıb. Bu birlikdəlikdən Məltəm
bir cür, baba da başqa cür faydalanıb. İki müxtəlif
insanı dərd və ehtiyac birləşdirib, o bunun, bu da
onun məlhəminə çevrilib...
Məltəm... sahildən dənizə doğru əsən
xəfif külək mənasını verən bu ad deyəsən,
heç ilk sahibinə də düşərli olmayıb.
İndi də bu qadın.., elə onun da həyatı külək
kimi əsib keçir, o da uyğun məqamlarda gah taleyindən
şikayətlənir, gah da başını salmağa
damı olduğuna görə şükür edir. Bəzən
yorulur, bezir, amma bu deyingən, yaşlı kişinin
nazını çəkməyi özünə borc sayır.
Axı onun sayəsində əli bir isti bucağa, minimum
dolanışığa yetişib...
Yaddaşımı Cavid əfəndinin məşhur
misraları təzələyir:
"Qadın gülərsə, şu issiz mühitimiz
güləcək,
Sürüklənən bəşəriyyət
qadınla yüksələcək!"
Bəli, qadın bütün yaradılışın
təməli, açarıdır. Qadın zərif və zəif
vücuduna böyük ümid, inam, qürur, əzm
sığdıran varlıqdır. Etibardır, şəfqətdir,
şəfadır, məlhəmdir, əzəmətdir
qadın... Anadır, bacıdır, yoldaşdır, Vətəndir
qadın!..
Düşüncələrim dolanıb o balaca
qızın gələcək taleyində yer alır, onu nə
gözləyir əcaba, bu kələfi dolaşıq
dünyada?..
Yenə də Cavid əfəndinin
"Hər qaranlıqda çırpınır bir
nur,
Hər həqiqətdə bir xəyal uyuyur" - misralarına dayaq verib qalxmağa
çalışıram, inanmaq istəyirəm, inanmaq!..
Şahnaz ŞAHİN
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.15.