Ətirgül
Hekayə
Holiyor Safarov 1983-cü ilin 21 fevralında Qashqadaryo
vilayətinin Çiroqchi rayonu, Ayrıtom kəndində anadan
olmuşdur. 2005-ci ildə Səmərqənd Dövlət
Universitetinin özbək filologiyası fakültəsini
bitirmişdir. 2003-2008-ci illərdə "Erudit" qəzetində
redaktor, 2008-2019-cu illərdə "Bekajon" qəzetində
müxtəlif vəzifələrdə fəaliyyət
göstərmişdir. Əsərləri Özbəkistanın
nüfuzlu ədəbi nəşrlərində, həmçinin
Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna və
Qırğızıstanda dərc edilmişdir. "Ay batmayan
gecələr" (2010), "Qanadsız quşlar" (2015),
"Namus və həyat" (2019), "Anamın
yalanları" (2024) adlı kitabları çap
olunmuşdur. Hal-hazırda "Özbəkistan Tarixi"
televiziya kanalının "Sənədli filmlər"
redaksiyasının baş redaktorudur. Özbəkistan
Yazıçılar Birliyinin üzvüdür.
Malik kişi qorxub oyandı. Başını
qaldırıb, yanında hələ də yuxuda olan oğluna
baxdı. Oğul dünyanı unutmuş, həyatın
dadını çıxarırdı. O, oğlunun
ayağı ilə üstündən atdığı
yorğanı çiyninə çəkdi, dərindən nəfəs
dərdi. Gözlərini ovuşdurub, pəncərəyə
baxdı. Hələ qaranlıq idi. Maşınların
gurultusu eşidilirdi, amma küçə sakitdi, deməli, hələ
səhərə qalırdı. Bu dəfə gözlərini
qapıya dikdi, ustubca yan otağı dinşədi. Hər
şey sükut içindəydi. Orada həyat yoldaşı,
başındakı şiş səbəbindən
xəstəxanaya düşəndən sonra, onun iki
qızı ilə birgə yatırdı.
Bacısı Sərvigül bir həftə olardı məktəbə
getmirdi; qardaşına əl yetirib yemək və təmizlik
işləri ilə məşğul olurdu. Şükürlər
olsun ki, belə vaxtlarda onu tək buraxmırdılar.
Sübh açılsaydı - üçüncü
gün olacaqdı: arvadı Fəridə reanimasiyadadır. Hələ
də özünə gəlməyib.
"Ay Allah, - Malik kişi gözlərini tavana zillədi.
- nə işdi bu, iki gündür ayılmır!.."
O, qüssəli düşüncələrin min bir
küçəsini dolanıb döndü. Gözləri
önündə qanad-qanad sağlam böyüyən
övladları canlandı - və birdən tir-tir əsdi. Alt
dodağını dişlədi, bir an donub qaldı.
Başının altında çarpazlanmış əllərinin
uyuşduğunu hiss edincə yavaşca yanı üstə
çevrildi. Sanki dediklərini eşidəcəkmiş kimi
mışıl-mışıl yatan oğluna
pıçıltıyla səsləndi:
- Oğlum, anan mütləq gələcək...
Sonra durub pəncərəni açdı. Həmişə
belə edir: səhər duranda ilk işi pəncərəni
açmaq olur. Bu vərdişi ona dəfələrlə baha
başa gəlib - uşaqları soyuq alıb. Amma o, adətindən
dönmür. Evə təmiz hava və həyat nəfəsi
girir, deyə düşünür. Bundan həzz alır, ruhən
qidalanır. Ancaq bu gün bunu hissiz-hərəkətsiz etdi.
Elə-belə, xalaxətrin qalmasın açdı və
oğlunun sərin mehə bürünüb üşüyərək
yan çevrildiyini, yorğanı başına çəkdiyini
görüb tez pəncərəni örtdü.
"Soyuyub xəstələnməsin. Elə bu
çatmırmış..."
Hamamda əl-üzünü yuyarkən aynaya baxdı:
parlaq gözləri solub, çöhrəsi avazıyıb.
Güclü bədəninə yaraşan çiyinləri
çöküb. Baxışlarında nəsə itib,
gözləri dərin hüznlə doludur. Saqqalı da
uzanıb. Üzünü qırxmağa hövsələsi
çatmadı, görünür. Tələsik əl-üzunə
su vurdu, dəsmalla qurulanıb çıxdı və
uşaqları oyatdı. Tələm-tələsik
yüngülvari səhər yeməyi
yedizdirdi uşaqlara. Sonra üst-başlarını dəyişdirib,
qızlarını məktəbə, oğlunu
bağçaya hazırladı və Sərvigilə
tapşırdı ki, günorta uşaqlara yemək
bişirsin.
- Kartof qızartsam, olarmı? - çiynini
sıxıb utanaraq soruşdu bacısı. - Başqa yemək
bişirməyi bilmirəm.
- Olar. Təki uşaqlar ac qalmasınlar. Axşama
yumurta gətirəcəm.
Malik kişi qızlarını məktəb yoluna qədər
ötürdü və dərsdən sonra birbaşa evə
dönmələrini tapşırdı. Qızlar
"Oldu!" deyirmiş kimi başlarını yellədilər,
amma atasının artıq geri dönmək istədiyi anda
böyük qız soruşdu:
- Ata, anam nə vaxt gələcək?
- Gələcək. Siz dərslərinizə fikir
verin, ananız tezliklə sağalıb evimizə dönəcək.
- Tez gəlsin... Anamı üçün çox
darıxmışam... - deyən balaca qız atasına
baxa-baxa qəfil ağladı.
Qızının muncuq kimi gözlərindən
süzülən yaş damcıları atanın
bağrını dağladı.
- Ağlama, qızım... Anan gələcək. Anan
sappasağ olub gələcək,
deyə qızının göz yaşlarını
yaylıqla sildi. Sonra onun yanağından öpdü.
- Sən məktəbinə get, mən də ananı
götürüb gələcəm.
Malik kişi əl-ələ tutaraq məktəb həyətinə
doğru gedən qızlarının arxasınca baxdı.
Sonra küçədəki dükandan oğluna
"çipsi" alıb, onu uşaq
bağçasının müəlliməsinə
çatdırdı. Bağçayacan anası yadına
düşməyən uşaq tərbiyəçinin
ixtiyarına keçən dəqiqə ağlamağa
başladı.
- Ata, mən də anamın yanına getmək istəyirəm!
- Əgər ağlamasan, anan özü gələcək.
Mən ananı gətirməyə gedirəm axı, - deyə
oğlunun saçlarını sığalladı. Sonra: - Bir
də belə etsən, sənə "çipsi" almaram,
- dedi.
- Yox-yox, Odilcan ağıllı uşaqdır.
Ağlamayacaq, - deyə tərbiyəçi onu ovundurdu və
içəri apardı.
Malik kişi tələsik avtobus dayanacağına
sarı addımladı. Dayanacaqda bir gəncin gül buketi ilə
kimisə gözlədiyini gördüyü an,
yoldaşının ətirgülü necə sevdiyi
xatirladı.
"Yaxşı olar mən də ona bir dəstə
gül aparım. Görən kimi sevinəcək. Bəlkə
də özünə gəlib daha. Əgər
ayılıbsa, lap yaxşı, gülləri ona öz əlimlə
verərəm".
Malik kişi belə də elədi. Əlində bir
topa gül reanimasiya şöbəsinə gələndə,
həkim bir cümlə ilə onun bütün sevincini və
ümidini alt-üst etdi.
- Hələ də ayılmayıb!
Ağ xalatlı, qarınlı həkimin bu xəbəri
elə adi, soyuq səslə deməsi Malik kişinin nitqini
qurudub, bədənini titrətdi. Elə bil başına kərpic
çıpdılar. Taqətsiz halda qapıya söykəndi və
ümidlərini yerlə bir edən həkimin yastı sifətinə
baxdı. Belə soyuq xəbəri bir azacıq insafla deməyən
həkimin dilini çəkib qoparmaq istədi, təbii ki,
hirsini boğdu. Axı indi Fəridənin taleyi onların əlindədir!
Onlar qadını ölümün pəncəsindən
çıxarmışdılar.
- H-hələ də?.. Niyə özünə gəlmir?..
- Malik kişi sualı-suala caladı.
- Əməliyyat ağır keçdi. Narahat
olmayın, kişi, ayılacaq.
- Axı bu gün üçüncü
gündür?!
- Biz əlimizdən gələni etdik. İndi hər
şey Allahdan asılıdır . Gözləməkdən
başqa çarə yoxdur. Hələ ki, dözür.
Baş beyin əməliyyatıdır, təsəvvür
edirsinizmi bu nə deməkdir?
Həkimin sözləri ona "şükür edin
ki, əməliyyatdan sağ çıxıb" kimi gəldi
və daha da pərişan oldu.
- Nə, bu... - danışa bilmədi Malik kişi. -
Ayılacaqmı?
- Ayılacaq! - həkim inamla dedi.
- Elə deyin də, kişi, - deyə Malik
açıq-aşkar uşaq kimi sevindi, dərindən nəfəs
aldı. - İçəri girmək olar?
- Olmaz.
- İcazə verin, tez çıxaram, - nəfəsi
içində qaldı. - Bir üzünə baxım...
Həkim başı ilə "Yaxşı, girin"
dedi. - Amma tez çıxın.
Malik kişi palataya girən kimi hər günkündən
daha çox həyəcanlandı. Arvadının üzünə
ümid dolu nəzərlə baxdıqca, ürəyi qəfəsdəki
quş kimi çırpındı.
- Fəridə? - dedi və çarpayının
böyründəki stula çökdü. Arvadını
başdan-ayağa süzdü. Onun solğun bənizi Malik
kişini heydən-haldan saldı. O, sanki səhər yuxusu
alırmış kimi sakit və məsum uzanmışdı.
Yumulmuş gözlərinə, çökən yanaqlarına
baxdı. Sonra əli ilə arvadının sümüyə
çevrilmiş biləyini astaca tutdu, qadının
üzünə baxdı. Baxdı və anladı ki, yarpaq kimi
saralmış, təravəti qeyb olmuş sima, quru torpaq kimi
çatlayıb qabıq bağlamış dodaqlar, gözlərinin
ətrafındakı bənövşəyi kölgələr
həyat çırağının sönməkdə
olduğuna işarədir.
- Belə eləmə! - kişi titrədi. - Axı,
uşaqlarımız... var... Heç vaxt belə eləmə,
ana...
İçini dağlayan dərdi məşəqqətlə
boğub, astaca qalxdı, arvadının solğun üzündən
yüngülcə öpdü. Sonra yenə stula
çökdü və pıçıltı ilə dedi:
- Fəridə, bircə gözlərini açsana...
Qadın elə bil ərindən bərk incimiş,
fanidən üz döndərmiş kimi lal və bihuş
uzanmışdı; nə göz açmasını həsrətlə
gözləyən ərinin sözlərini eşidir, nə də
mehriban və isti əllərin biləyindən
yapışdığını hiss edirdi.
- Fəridə? - deyə ər arvadının
hüznlü sifətinə baxaraq danışmağa
başladı.
- Deyəsən, qəsdən gözlərini
açmırsan, hə? Bunu sənə necə
yaraşdırım? Axı sənin gözlərin gülmək
üçün yaranıb, sənə gülüş
yaraşır. Tap görüm sənə nə gətirmişəm?
- o, bayaqdan əlində tutduğu gül dəstəsini
arvadına sarı uzatdı.
- Sənin üçün almışam. Eşidirsənmi,
ana?..
Cavabsız qalan suallar Malik kişinin boğazında
ilişib düyün çaldı.
- Evdə uşaqlar səni gözləyirlər... -
dedi və ağlamağa başladı. Sonra burnunu çəkdi.
- Beləcə yatma, bir fikirləş! - guya incik halda əlini
arvadının biləyindən çəkdi, gül dəstəsini
çarpayının yanındakı tumbanın üstünə
qoyub əsəbi halda otaq boyu gəzişdi.
Gözləri önündə səhər-axşam
analarını soruşan, səs-küy salan,
baxışları sinəsinə ox kimi sancılıb qəlbini
parçalayan uşaqları canlandı. Onların
baxışları, atasından bir təsəlli, bir şəfa
gözləyib ala bilməmələri, küsüb evin
künc-bucaqlarında dodaqlarını büzüb
oturmaları, bəzən onun əsəbləri pozulanda
qulaqlarını dartmasından sonra, "Sən pis adamsan!
Anamız yaxşıdır!" deyə üzünə
durmalarını düşündü.
Yenidən çarpayının yanına gəlib
stulda oturdu və yenə arvadının hissiz əlini titrəyən,
qaynar ovucuna aldı. Biləyinin damarlarına toxunub nəbz
axtardı, lakin heç nə anlamadı. Gözlərini bir
nöqtəyə - qadının üzünə zillədi və
içini dərd çığnadı. Elə o anda qəlblər
dilə gəldi, nicat gözləyən və heyrətini
itirmiş baxışlar danışmağa başladı...
"Anası..."
"Gəldinizmi?.."
"Hə. Hər gün burdayam. Nə işdə, nə
evdə rahatlıq var".
"Uşaqlar yaxşıdılar?"
"Yaxşıdılar, amma səni soruşurlar. Mən
hər səhər evdən, bu gün ananızı gətirəcəyəm,
deyərək onları da, özümü də ümidlə
yola salıram".
"Balacamız yaxşıdır?"
"Anası, bir az da özünü
düşün! Mənim yox, uşaqların xatirinə
gözlərini aç! Bircə baxışını
görmək istəyirəm..."
"Gözlərimdən ötrü
darıxmısan?.."
"Ehhh!.. Mən səni ilk dəfə görməyə
gələn cavan oğlanam? Zarafat edirsən? Toxun aclıqdan nə
xəbəri ola..."
"O saat əsəbiləşirsən...
Yaxşı, danışmıram".
"Məndən incimisan? Hə?"
"Sən yaxşı adam olsaydın, mən belə
uzanmazdım".
"Hə? Soyuq su içib xəstələnmisən,
indi günahkar mən oldum?"
"Güldürmə məni, bədənim
uçunur".
"Qoy uçunsun, amma gözlərini aç,
ayağa qalx. Axı sən güclüsən!"
"Halım yoxdur..."
"Alınar, çalış.
Yadındadırmı, böyüyümüzə hamilə
olanda "ay Allah, necə doğacağam?"- deyirdin. Amma doğdun ki! Həm də
elə bəyəndin, iki payı da "sifariş"
verdin".
"Ayıb olsun, utanmırsan..."
"Qalx ayağa onda!"
Bu vaxt qapı açıldı, həkim içəri
girdi.
- Bəsdir, çıxın.
- Qardaş, bir az da qalım, - deyə yalvaran səslə
xahiş etdi ər. - Baxın, hələ də özünə
gəlməyib axı...
- Çıxın, çıxın.
- Qardaş...
- Özünə gəlsin, sonra gəlib istədiyin qədər
danışarsan.
- Özünə gələcək, deyilmi?..
- Gələcək...
Malik kişi dərindən ah çəkərək
qapıya sarı yönəldi, amma qəlbinin bir
parçası otaqda qaldı. Çölə
çıxıb, dayaqsız skamyaya əyləşdi və
elə bil ki, az sonra o kök, yumru sifətli həkim pəncərədən
boylanıb "A kişi, adınız nə idi? Gəlin
ayılıb!" deyəcəkmiş kimi, ağ pərdələr
arxasından görünən pəncərədən gözlərini
çəkmədi. Təxminən yarım saat bu sayaq oturdu,
sonra saatına baxdı - günorta yaxınlaşırdı.
İşə də getməli idi, amma üç
gündür bihuş yatan uşaqlarının anasını
necə qoyub getsin? Məcbur, sanki boynuna boyunduruq
salınmış kimi, işə tərəf yollandı.
Müdir sanki gözləyirmiş kimi, onu dərhal
otağına çağırdı, kobud şəkildə
danlamağa başladı.
- Əgər ayrı işiniz çoxdursa, gedin onun
dalınca bura karvansara deyil, istədiyiniz vaxt gəlib, istədiyiniz
vaxt gedirsiniz? Saat neçədir?
O, cavab vermək əvəzinə udqundu.
- Əgər işləmək xoşunuza gəlmirsə,
buyurun, bir parça kağız, bir qotur qələm hər
yerdə tapılar.
- Bağışlayın, - başını
aşağı saldı. - Gəlin xəstəxanadadır.
- Mən sizə bir də deyirəm, evdəki zir-zibili
işə qatmayın!
- Əslində çıxmaq istəyirdim, imkan
olmadı. Bir-iki gün icazə verin, o, reanimasiyadadır. Evə
aparmaq istəyirəm...
- Nə?! - müdirin rəngi dəyişdi, sanki indiyə
qədər nə dediyini eşitməmişdi.
- Bunu vaxtında gəlib deyə bilməzdin? Nə
olub axı?
- Beyin əməliyyatı keçirdi, -Malik kişi
ağrıyla danışdı.
- Uf... - müdir dərindən nəfəs aldı. -
Heç yaxşı iş olmayıb. İndi vəziyyəti
necədir?
- Yaxşıdır... - dedi Malik kişi titrəyərək,
- amma artıq üç gündür ki, komadan
ayılmır.
- Çox üzmə özünü, inşallah,
yaxşı olar.
- Allah ağzınızdan eşitsin... - deyə Malik
kişi elə cavab verdi ki, sanki müdirin belə deməsiylə
arvadı sağalacaq.
- Yaxşı, gedin. Gəlini evə aparın,
uşaqların yanına qoyun. Sonra işə gələrsiniz.
- Təşəkkür edirəm.
- Kişi, - müdir arxasınca səsləndi, -
mühasibatlığa gedin, indi zəng vuraram,
maaşınızı əvvəlcədən verərlər.
- Təşəkkür edirəm, çox sağ
olun... - deyə Malik kişi rahatladı. Müdirə minnətdarlıqla
nəzər salıb çıxdı, maaşını
alıb xəstəxanaya yollandı.
Qapıda yenə bayaqkı həkimlə
qarşılaşdı. Onun "İçəri keçməyin,
vəziyyəti yaxşıdır, amma hələ də
ayılmayıb" deməsi Malik kişinin ümidini bir az da
azaltdı. İçəridən, pəncərələrdən
nicat gözləyənlərin arasına o da
qarışdı. Bütün vücudu qulağa
dönmüşdü, birinci mərtəbədəki pəncərəyə
baxırdı. Həkimlərin dalınca
qaçdığı, icazəsiz içəri keçə
bilməyib, qapının ağzında növbətçi
tibb bacısına yalvaran xəstə yaxınlarına, pəncərələrdən
ümidlə həyata baxan dərdli insanlara göz gəzdirdi.
Ürəyindən bir şey qopdu, içində nə isə
qırıldı. Elə bu anda yan-yörəsində
Yaradandan möcüzə gözləyənlərin
arasından sıyrılıb, sədəqə istəyən
çirkli paltarlı qaraçı uşaq ona
yaxınlaşdı.
- Al, götür! - deyə Malik kişi onun əlinə
pul basdı. Uşaq pulu alıb, bəribaşdan
üz-gözünə dua çəkirmiş kimi etdi, sonra
qarşıda oturmuş, beli bükülmüş bir nənənin
qarşısına keçdi və ufaq əllərini ona tərəf
uzatdı.
Bu vaxt pəncərədən bir həkim
göründü. Malik kişi "Mənəmmi?" deyə
ayağa qalxmaq istədi, amma başqa bir soyad səsləndi.
- Uf-f... - deyib oturdu. - Yəni bu gün də
ayılmayacaq?
Malik kişi xeyli vaxt səbirsiz oturdu. Günorta oldu.
Nahara görə xəstəxananın yaxınındakı
yeməkxanaya getdi. İştahı yox idi, iki ədəd samsa
yeyib və iki piyala çay içdi. Sonra geri qayıtdı.
İkindi vaxtı arvadına baş çəkdi. Yenə
eyni vəziyyət: Fəridə hələ də bihuş
yatırdı. Tibb bacıları vaxtaşırı içəri
girir, vəziyyəti yoxlayır, bəlkə könül almaq
üçün, bəlkə də doğrudan, xəstənin
durumunun yaxşı olduğunu deyib çıxırdılar.
O, həyat yoldaşının yanında yarım saat
oturdu, lakin bir anda yadına düşdü ki, balaca
uşağı bağçadan götürməlidir - sanki
kimsə onu qulağından yapışıb xəstəxananın
həyətindən araladı.
Axşam uşaqların başını tovlayıb
yatızdırdıqdan sonra gecə yarıyacan oyaq qaldı,
yata bilmədi. Elə bil göz qapaqlarına kibrit
çöpü sürtmüşdülər. Bununla belə,
Fəridənin solğun sifəti gözlərinin
önündən çəkilmirdi.
"Gəldinmi? - dedi, - çox yaxşı eləmisən.
Onsuz da səni gözləyirdim. Bax, sənin yerində kim
yatır. Odilcan. Yatmamışdan qabaq səni soruşub
çox kükrədi. Söz verdim, sabah gətirəcəm.
Qızlar da sənsiz çox darıxıblar. Onları gətirmək
istədim, amma həkimlər icazə vermədi. Ən
yaxşısı, sən özün gəl. Fəridə,
sabah yenə gələcəm. Bir dəstə
qırmızı qızılgül də alacam. Axı sən
gül iyini çox sevirsən. Xatırlayırsan,
böyük qızımıza hamilə olduğun vaxtda məni
rahat buraxmamışdın, qızılgül gətirmişdim
axı. O gülləri divanə kimi üzünə basıb
qoxulamağın, gözlərini yumub dərin nəfəs
almağın, "Ah, bu nə gözəl iy idi belə!"
- dediyin gün necə də ürəkdən
gülmüşdüm. "Sən demə, belə də
olurmuş" - demişdim. Amma o qızılgül ətri o
gün bizə və ailəmizə sevinci, xoşbəxtliyi gətirmişdi.
Sabah da gətirəcəm. Ən gözəlindən, ən ətirlisindən..."
- Ayyaah! - Odilcanın ağlayaraq oyanması atanın
düşüncələrini dağıtdı. Çevrilib
oğlunu yanına aldı, yavaşca çiyninə vuraraq
yatızdırdı. Sonra özü də yorğun gözlərini
yumdu.
Səhəri Malik kişi hər zamankından daha erkən
oyandı. Pəncərəni açıb çölə
baxdı - hələ zülmət idi. Gedib əl-üzünü
yudu, sonra dəsmal ilə qurulana-qurulana yenidən pəncərə
kənarına oturdu və qaranlığın dərinliyinə
göz dikərək günəşin
çıxmasını gözlədi.
"- Fəridə, - dedi, o qaranlıqda həm də
arvadının baxışları işarırdı, - Bu
vaxta qədər sənə qarşı diqqətsiz
olmuşam, deyəsən... Bağışla məni!
Uşaqların xatirinə, məni bağışla...
İnsan bu qədər biganə olarmı? Ay Allah! Əgər
ayılmasan, nə olacaq, təsəvvür elə...
Doğrusu, qorxuram..."
Malik kişinin gözləri doldu. Yanaqlarından
süzülən yaşları çiynindəki dəsmalla
sildi, sonra dərin nəfəs aldı. Uşaqlar oyandıqda
göz yaşlarını görməsinlər deyə yenidən
hamama getdi. Üzünü yuyub güzgüyə baxdı:
- Ey Uca Yaradan, Səndən qüdrətlisi yoxdur. Mərhəmətini
bizdən əsirgəmə...
Nəhayət, dan yeri söküldü.
Malik kişi qızlarını məktəbə,
oğlunu bağçaya yola saldıqdan sonra düz güllər
dükanına getdi. Bir dəstə al qırmızı
qızılgül aldı və xəstəxanaya yollandı.
Bu dəfə reanimasiya şöbəsinin qapısında onu
dünənki kök, yumru üzlü həkim yox, daha qısa
boylu, öyrənmək və təcrübə toplamaqdan
saç-saqalı seyrəlmiş, başında günəş
parıltısı dolaşan bir həkim qarşıladı.
O, dünənki təşvişi və narahatlığı
bir az yumşaldaraq dedi:
- Hələ ayılmayıb. Gözləyirik.
- Axı bu gün dördüncü gündür? -
dedi Malik kişi, həkimin yuxusuzluqdan qızarmış
gözlərinə ümidsizcə baxaraq dilləndi:
- Narahat olmayın, qardaş. Vəziyyəti
yaxşıdır. Bax, mən deyirəm, mütləq
ayılacaq.
- Təki dediyiniz düz çıxsın, Allah sizdən
razı olsun, - ümidləndi. Sonra xahiş etdi:
- Xahiş edirəm, bircə dəqiqəlik baxım
ona.
- Yaxşı, amma tez çıxın.
Malik kişi palataya daxil olub, dünənki kimi hələ
də huşsuz və hissiz uzanan Fəridənin üzündən
öpdü, salam verdi. Sonra gül dəstəsini onun
yanında tumbaya qoydu:
- Qızılgül ətri burnuna dəysin...
Kresloda əyləşdi və arvadının əlindən
tutaraq möcüzə gözləyirmiş kimi susdu.
- Mən gəldim... - dedi nəhayət. Sonra onun yumulu
gözlərinə, solğun üzünə baxdı.
Baxışları bir nöqtəyə mıxlanmış
kimi dondu. Gözləri sulandı, kirpikləri bir-birinə
yapışdı.
Nə qədər belə dayandığını
bilmədi. Bir anlıq əllərinin arasında bir titrəmə
hiss etdi və dərhal arvadının gözlərinə zilləndi.
Heç bir əlamət yox idi. Ümidsizcə
başını aşağı saldı. Sonra yenidən əllərinin
arasındakı əldən bir titrəmə keçdi. O,
ümidlə həmin əllərə baxdı. Bir azdan
barmaqlar tək-tək tərpənməyə başladı.
- Şükür Allaha! - deyə çiynindən
dağ götürülmüş kimi dərindən nəfəs
aldı Malik kişi. Sonra arvadının üzünə
baxdı. Əvvəlcə kirpiklərə can gəldi. Sonra
solğun göz qapaqları titrədi və o, gözlərini
açdı!
- Fəridə! Canım! - Bu qəlbin ən dərin
guşəsindən gələn səs idi.
Qurumuş dodaqlar tərpəndi. Bədən
canlandı. Xəstə gözlərini açıb əvvəl
tavana, sonra da "haradayam mən?" deyirmiş kimi ətrafa
baxdı.
- Fəridə?!
Qadın qızılgülləri gördü, zəifcə
gülümsədi. Lakin bədənində ağrı hiss edən
kimi yenidən gözlərini yumdu.
- Canım?! - deyə Malik kişi yerindən dikəldi.
- Nə oldu?
Bir az keçmiş, qadın yenidən gözlərini
açdı və baxışları əriylə
toqquşan anda sanki uşaqları anasız qoymağından
utanaraq üzünü gizlətdi, yenidən gözlərini
yumdu. İki damla yaş yanağından yuvarlanaraq boynuna
süzüldü. Malik kişi dəsmalını
çıxarıb arvadının üzünü sildi.
- Canım, yaxşısan?
Xəstə "hə, yaxşıyam" demək
istəyirmiş kimi sarğılı başını bir az tərpətdi.
Onun ilk sözü bu oldu:
- Uşaqlar haradadır?
- Onlar yaxşıdır. Sənin evə dönməyini
gözləyirlər...
Görünür, Fəridənin bu qədər
çoxlu sözü tam dərk eləməyə gücü
çatmadı heç nə eşitmirmiş kimi ərinə
baxdı. Sonra gücsüz əllərini qızılgüllərə
tərəf uzatdı. Ətrini duyunca gülləri
üzünə sıxıb qoxuladı, dərin-dərin nəfəs
aldı.
- Qoxula, qoxula! - dedi Malik kişi, - Sənə güllər
yaraşır. Allaha şükür, Fəridə, məni də,
balalarımızı da xilas elədin!..
Özbək dilindən Azərbaycan dilinə Vaqif Bəhmənli
uyğunlaşdırdı.
Holiyor Safarov
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.14;15.