Görkəmli xanəndə, ustad
pedaqoq
Nəriman Əliyev-95
Görkəmli Azərbaycan xanəndəsi, ustad müəllim
Nəriman Əliyev 1930-cu il may ayının 5-də Bakı
şəhərinin Buzovna qəsəbəsində kəndli
ailəsində anadan olub. Buzovna kəndindəki 206 saylı məktəbin
7-ci sinfini bitirdikdən sonra atası ilə birlikdə kolxozda
işləməyə başlayıb, müəyyən
müddətdən sonra elə işlədiyi yerdən 29
saylı sənət məktəbinə göndərilir. Sənət
məktəbini bitirib, Azərbaycan Dəmir yolu Tikinti İdarəsinin
qarajında əvvəl xarrat, sonra V dərəcəli
avtomobil çilingəri işləyib. 1948-1951-ci illərdə
ordu sıralarına çağırılıb, əsgəri
xidmətdən 1954-cü ildə qayıdıb və orta təhsilini
38 saylı gecə məktəbində başa vurub. Hələ
kiçik yaşlarından musiqiyə böyük həvəsi
olan N.Əliyev sonralar xalq mahnılarını və
muğamlarını oxumağa başlayıb.
Nəriman Əliyev hərbi xidmətdən
qayıtdıqdan sonra bir müddət heç yerdə işləməyib.
Səsi olduğu üçün onda xanəndəliyə həvəs
yaranıb. Bu, elə-belə deyildi. Nəriman Əliyevin
atası Mövsüm kişinin və babası Kərbəlayı
Qurbanəlibəyin də yaxşı səsləri olub. Onlar
Qurani-Kərimi gözəl avazla muğam üstündə
oxuyardılar. Nəriman Əliyev də muğamı sevdiyi
üçün korifey xanəndələrin musiqi
vallarına, həmçinin radioda səsləndirilən
muğamlara qulaq asır, bu da onun özünəməxsus tərzdə
muğamı öyrənməsinə səbəb olurdu.
Bir dəfə Buzovna kəndində toy məclisi olur.
Məclisi Seyid Şuşinski aparır. Nəriman Əliyev də
həmin toyda iştirak edir. Hamı bilir ki, Nərimanın
oxumağa böyük həvəsi var. Buna görə də
sarpayı Seyid Şuşinskidən xahiş edir ki, icazə
versin Nəriman oxusun. Seyid Şuşinski icazə verir. Nəriman
Əliyev "Rahab" oxuyur. Seyid Şuşinski
narazılıq etmir və Nərimana deyir ki, təhsil almaq
lazımdır.
Seyid Şuşinskiyə "Ağa" deyə
müraciət edirdilər. Atası Seyid İbrahim, öz
adı Mir Möhsün olub. Nəriman Əliyevin ailəsini
Seyid Şuşinski ilə ailələrinin yaxın dostu,
göyçaylı hüquqşünas Ağababa
İsmayılov tanış edir. O zaman Ağababa
İsmayılov Maştağa qəsəbəsində xalq
hakimi vəzifəsində işləyirmiş. Ağababa
İsmayılov bir gün Nərimanın atası
Mövsüm kişiyə deyir ki, "Ağa ilə
görüşdüm, Nərimanın oxuması haqqında
ona dedim, dedi ki, gəlsin evimə, baxaq".
O zamanlar Ağanın evi keçmiş Basin, indiki
Füzuli küçəsində yerləşirdi.
Nəriman Əliyev özündə cürət
tapıb gedir Ağanın evinə. Ağa Nəriman
Əliyevi gülər üzlə qarşılayır. Nəriman
Əliyev görür ki, Qurban Pirimov, Bəhram Mansurov da
Ağanın evindədir. Ağa soruşur:
- A bala, səsin var?
- Deyirlər var.
- Onda oxu baxaq.
Nəriman Əliyev Qurban Pirimovun müşayiəti ilə
"Bayatı-Şiraz" oxuyur. Ağa onu dinləyəndən
sonra deyir ki, gəl mənim dərslərimə qulaq as. 1955-ci
ildən Nəriman Əliyev həftədə iki dəfə
Ağanın dərslərinə qulaq asmağa gedir. Beləliklə,
elə həmin il Seyid Şuşinskinin məsləhəti ilə
Nəriman Əliyev sənədlərini A.Zeynallı adına
Bakı Musiqi Texnikumunun Muğam şöbəsinə verir və
Seyid Şuşinskinin sinfinə daxil olur.
Tələbə yoldaşlarından biri bir gün
Ağaya Nərimangilin çox gözəl bağı
olduğunu deyir. Ağa da deyir ki, qonaq çağırar gedib
görərik. Nərimanın atası Mövsüm kişi
Ağanı Buzovna bağlarına dəvət edir. O gündən
Ağa ilə Mövsüm kişinin dostluğu
başlayır və o, tez-tez Nərimangilə tez-tez gəlib
gedir. Nərimanın atası Mövsüm kişi hətta həyətdə
Seyid Şuşinski üçün xüsusi ev də tikir. Nəriman
son kurslarda oxuyanda onun muğam ifaçılığı,
qabiliyyəti və bacarığı Seyid Şuşinskinin nəzərindən
qaçmır. Oğlunu artist kimi görmək istəyən
Mövsüm kişiyə deyir ki, oğlun çox
yaxşı müəllim olacaq. Beləliklə, Ağa 1955-ci
ildən 1965-ci ilin sentyabrına kimi Nəriman Əliyevin evinin
əziz sakininə çevrilir.
Seyid Şuşinski hiss edirdi ki, muğamın
meydanı getdikcə azalır. İnkar etmək olmaz ki, musiqi
xadimləri təxminən 40-50 il bundan qabaq muğam
ifaçılığına elə də xüsusi diqqət
yetirmirdilər. Radioda həftədə bir dəfə
yalnız bazar günü bir saat muğam verilirdi. Muğam dərsləri
yalnız A.Zeynallı adına musiqi texnikumunda keçirilirdi.
Məhz Seyid Şuşinskiyə olan hörmətə görə
12 saylı məktəbdə Zülfi Adıgözəlov
muğam dərsləri deməyə başlamışdı.
Bütün musiqiçilər, bəstəkarlar
muğamdan istifadə edirlər. Niyazi, Fikrət Əmirov, Qara
Qarayev ən böyük ölməz əsərlərini
muğamdan istifadə edib yaratmışdılar.
S.Şuşinski uzun illər bu məktəbdə
işləmiş, 1965-ci ilə qədər muğam
ifaçıları yetişdirmişdi. Ondan sonra onun məsləhəti
ilə bu sinifdə Nəriman müəllim dərs deməyə
başlamışdı.
Nəriman Əliyev ona qədər 12 saylı musiqi məktəbində
də işləmişdi. Əhməd Bakıxanov, Zülfi
Adıgözəlov rəhmətə gedəndən sonra Nəriman
Əliyev və Hacıbaba Hüseynov onların yerinə
işə götürür. Nəriman müəllim həm
orada, həm A.Zeynallı adına məktəbdə, həm də
Filarmoniyada çalışırdı.
A.Zeynallı adına musiqi texnikumundakı 19-cu otaq uzun
illər muğamatın məbədi olub. Həm Seyid
Şuşinskinin, həm də Nəriman Əliyevin
vaxtında elə bir muğam ifaçısı (tarzənlər
də) yoxdur ki, bu sinifdə olmasın, keçmişdə
Seyidi, sonra Nərimanı dinləməsin, keçilən dərslərdə
ifalardan öyrənməsin.
Nəriman Əliyev tələbəyə
muğamatı həvəslə, zəhmətlə öyrədib.
Muğamı verən müəllimin səsi gərək həm
bəmdə, həm də zildə işləsin.
Muğamın hər guşəsini tələbə müəllimi
ilə birlikdə təkrar-təkrar oxuyur, nəhayət mənimsəyir.
Sonra başqa şöbələr öyrədilir. Musiqi dərsləri
fərdi təlim üsuluna aiddir. Ancaq muğam dərsi elə
qurulub ki, o, ümumilikdə fərdidir. Muğam not üzrə
keçirilmir, o, beyindən-beyinə
köçürülür.
Nəriman müəllim də bu ənənəni
ömrü boyu qoruyub saxlamışdı. Muğamı
öyrənmək üçün əvvəl qəzəli
öyrənməlisən. Qəzəli əruz vəznində
oxuya bilməyən tələbə muğamı da oxuya bilməz.
Nəriman Əliyevin sinfini bitirən tələbələr həm
muğam üzrə keçirilən müsabiqələrdə
qalib gəliblər, həm də müəllim olublar.
Ağaxan Abdullayev, Vahid Abdullayev məktəbi bitirəndən
sonra müəlliminin məsləhəti ilə onunla birlikdə
muğam müəllimi işləyiblər. Bir çox yetirmələri
də rayonlardakı musiqi məktəblərində muğam
müəllimi olublar: Sabir Abdullayev, Lökbatanda Fəxrəddin
Hüseynov (mərhum), Qubadlıda Murtuz Bağırov və
başqaları. İndi onlar Bakıdakı musiqi məktəblərində
muğam dərsləri tədris edirlər.
Nəriman Əliyev müəllim adını həmişə
uca tutub. Özünün bir müəllim kimi hörmətini
saxlayıb. Onu tanıyan qocalar, cavanlar, böyük,
kiçik ona "Nəriman müəllim" deyə
müraciət ediblər. Yetirmələri tez-tez televiziyada,
radioda çıxışlar ediblər, seviliblər, Nəriman
müəllimin tələbəsi kimi tanınıblar.
Nəriman Əliyevin 7 valı buraxılıb.
"Humayun" muğamı yazılıb, lakin həmin val
satışa verilməyib. Nəriman Əliyev 1960-cı ildən
başlayaraq hər il bir neçə dəfə televiziyada
muğam dəsgahı, təsniflər, xalq mahnıları
oxuyub, amma bu ifalar fondda saxlanılmayıb. Televiziyada yalnız
onun "Mahur hindi" muğam lenti,
"Başlanğıc" verilişinin lenti, 6 təsnifdən
ibarət konserti saxlanılır. Yenə etibarlı radiodur, nə
yazılıbsa, orada qalıb! Radioda onun "Cahargah",
"Bayatı Şiraz", "Rahab", "Şur",
"Mənsuriyə", təsniflər, Xalq mahnıları
yazılmış lentləri bu gün də qorunur. Radioda Nəriman
Əliyevə həsr olunmuş iki konsert oçerk də
saxlanılır. Məsələn, Fəridə Aslanbəyova
bir neçə dəfə "Musiqili görüşlər"
verilişini bütünlüklə ona həsr edib. Bir
çox qəzetlərdə Nəriman Əliyev haqqında
yazılar dərc edilib.
Nəriman Əliyevin zəhməti hədər getməyib.
O, musiqi mədəniyyətimizə 100 nəfərə qədər
muğam ifaçısı bəxş edib. Onlar xalq artistləri,
əməkdar artistlər, opera artistləri, prezident təqaüdçüləri,
muğam müəllimləridir. Nəriman Əliyevin Asəf
Zeynallı adına Musiqi kollecində muğam sinfini bitirən
bir xeyli tanınmış tələbəsi var - Canəli
Əkbərov, Ağaxan Abdullayev, Səkinə
İsmayılova, Zümrüd Məmmədova, Nəzakət
Teymurova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova,
Qaraxan Behbudov, İsmayıl Ələkbərov, Kifayət Gəncəli,
Qəzənfər Abbasov, Kəmalə Rəhimli, Təranə
Vəlizadə, Teyyub Aslanov, Sahibə Əhmədova, Səbinə
İlyasova, Ruzə İbişova, Məhərrəm Həsənov,
Təvəkkül Musayev, Murtuz Bağırov, Kürsüm
Bağıyeva, Gülsüm Bağıyeva, Ziyafət Yaqubova,
Zahid Quliyev (Almaniyada yaşayır), Zakir Mustafayev, Vəliağa
Tağıyev, Əflatun Qubadlı, Sabir Abdullayev, Qoçu
Əsgərov, Sürəyya İbrahimova və
başqaları.
Bir çox sənətkarlar isə vaxtilə Nəriman
Əliyevdən müntəzəm muğam dərsi alıblar:
Alim Qasımov, Mələkxanım Eyyubova, Qəndab Quliyeva,
Yaqut Abdullayeva, Məhəbbət Kazımov, Əlyar Məmmədov,
Məmmədbağır Bağırzadə, Səfa Qəhrəmanov,
Vahid Abdullayev, Mayis Məmmədov, Eyvaz Həsənov, Fəxrəddin
Hüseynov, Niyaz Mehdiyev və başqaları.
1987-ci ildə dahi Üzeyir Hacıbəyovun 100 illik
yubileyi münasibətilə keçirilən müsabiqələrdə
tələbələrinin müvəffəqiyyətinə və
məktəbdəki qüsursuz pedaqoji fəaliyyətinə
görə Nəriman Əliyev "SSRİ orta ixtisas əlaçısı"
döş nişanı ilə mükafatlandırılıb.
1992-ci ildə ona "Əməkdar müəllim" fəxri
adı verilib. Bu adın ona verilməsində o zaman mədəniyyət
naziri olan Polad Bülbüloğlunun böyük rolu olub.
Nəriman Əliyev 1996-cı ilə qədər
keçirilən muğam mahnı müsabiqələrində
münsiflər heyətinin sədri və üzvü olub.
1998-ci il aprelin 28-də Nəriman Əliyev uzun sürən xəstəlikdən
sonra dünyasını dəyişib. 2005-ci ildə Nəriman
Əliyevin həyat və fəaliyyətindən bəhs edən
sənədli film çəkilib.
Bu il Beynəlxalq Muğam Mərkəzində 5 may
tarixində "Unudulmayanlar" layihəsi çərçivəsində
Əməkdar müəllim, xanəndə Nəriman
Əliyevin 95 illik xatirə gecəsi keçiriləcək. Tədbirin keçirilməsində
əməyi olan hər kəsə təşəkkür
edirik.
Leyla ABASOVA
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.13.