Məhəmməd
Əmin Rəsulzadənin imzaları
(Əvvəli ötən sayımızda)
"Yeni Qafqasya"da "M.Qərib" gizli
imzası ilə dərc olunan "Türklüyün
böyük günlərindən", "31 Mart 1918",
"Azərbaycan köylüsü nə halda", "Qanunisani"
məqalələrinin məzmunu, mövzusu, dili, üslubu,
bütün ruhu ilə onların, doğrudan da, Məhəmməd
Əmin bəyə mənsubluğunu iddia etməyə imkan
verir. Bu da həqiqətdir ki, o dövr yazarlarının
üslubu, o cümlədən daha çox M.B.Məhəmmədzadənin
yazı manerası bu cəhətləri ilə bir-birinə
daha çox bənzəyir. Lakin dərginin ilk nömrələrini
M.Ə.Rəsulzadə, demək olar ki, təkbaşına
hazırlayırdı, o, yazılarında qəti qənaətləri,
cəsarətli fikirləri ilə seçilirdi, xüsusi ilə
məqalələrinin sonluğunu inamlı hökmləri ilə
başlayır, eyni səpkidə, eyni tərzdə bitirirdi:
"Bolşeviklərin ikinci dəfə Bakıya
tasallutları (sahibliyi - T.A.) hər nə qədər daha uzun
bir müddət davam eyləmişsə də, Azərilərcədə
ikinci bir Eylülün (15 Sentyabra işarədir - T.A.) vuku
(baş verməsi - T.A.) mühəqqəqdir. Müəllif
bir il sonra eyni mövzuda qələmə aldığı
"Mart faciəsi" məqaləsini eyni ruhla, eyni inamla
bitirir. Məhəmməd Əmin bəyin "Qanunisani" məqaləsinin
sonuncu "Bir dəfə su gələn kanala bir daha gəlir"
cümləsi istər-istəməz məşhur "Bir dəfə
yüksələn bayraq bir daha enməz" deyimini yada
salır. Deyilən və sadalanmayan bir çox cəhətlər
"M.Qərib" gizli imzasının da məhz Məhəmməd
Əmin bəyə mənsub olduğunu bir daha təsdiqləyir.
"Nəyə görə məhz
"Yalvacoğlu"?
1. Bu ritorik sual Azərbaycan mühacirət ədəbiyyatına
dair maraqlı və təqdirəlayiq tədqiqatları ilə
diqqəti çəkən Türkiyə Milli Təhsil
Nazirliyinin sabiq müşaviri, araşdırmaçı-yazar
Ömər Özcanın "525-ci qəzet"də dərc
olunan "M.Rəsulzadənin gizli imzası "M.Ə.Yalvacoğlu"
("525-ci qəzet", 2010, 16 oktyabr) məqaləsindən
götürülüb. O, Azərbaycanda daha çox professor
Şirməmməd Hüseynovun, Türkiyədə isə
professor Y.Akpınarın qeyrətləri sayəsində mətbu
əsərləri kitablar şəklində ortaya qoyulmuş
M.Ə.Rəsulzadənin bütün publisist irsinin
araşdırılıb üzə
çıxarıldığını söyləməyin hələ
tez olduğunu, həmçinin istər Azərbaycanda, istərsə
də Türkiyədə M.Rəsulzadənin gizli
imzalarının böyük əksəriyyətinin artıq
dəqiqləşdirildiyini, ancaq bu sahədəki
araşdırmaların hələ sona çatmadığını,
eyni zamanda istər sovet dönəmi Moskvasında, istərsə
də sovet cəhənnəmindən qurtulduqdan sonra Türkiyə,
Polşa, Almaniya, Rumıniya, Fransa və b. ölkələrdə
çıxan qəzet və jurnallarda (onların bir
çoxunun naşiri və redaktoru məhz özü olub)
saysız-hesabsız məqalələr dərc etdirdiyini, təəssüf
ki, onun bu yazılarının tam biblioqrafiyasının indiyədək
hazırlanmadığını bildirir. Ö.Özcan
yazır: "Azərbaycan mühacirətinin mətbuatda
çıxışlarını izləyərkən şəxsiyyəti
və yaradıcılığı ilə yaxından
maraqlandığım Məhəmməd Əmin Rəsulzadəyə
məxsusluğu məndə şübhə doğurmayan
"M.Ə.Yalvacoğlu" (M.E.Yalvaçoğlu) gizli
imzası ilə və bu imza altında dərc etdirdiyi
üç məqaləsi ilə qarşılaşdım. Bu
yazımda onlardan danışacağam". Tədqiqatçı
"Yalvacoğlu imzası ilə bağlı yazır ki,
M.Ə.Rəsulzadə doğma Türkiyədə yerləşdiyi
ilk illərdə ehtiyatlı davranaraq mətbuatdakı məqalələrində
müstəar, yəni taxma ad, gizli imza işlətdiyi
anlaşılır. Ö.Özcan bəhs etdiyi dövrün mətbu
orqanlarında "daramalar apararkən" Məhəmməd
Əmin bəyin üç yazısında - "Azəri
şairi Nizami və dünyanın bugünkü durumu",
"Azərbaycan kompozitörü Hacibəyli Üzeyir",
"Bir təmizliyə dair: Sovet
türkçülüyü" məqalələrində
"M.Ə.Yalvacoğlu" gizli imzasını üzə
çıxarır: Araşdırmaçı daha sonra
imzanın M.Ə.Rəsulzadəyə aid olduğunu ciddi dəlillərlə
sözün etimologiyası, yazıların məzmunu və
üslub özəllikləri ilə əsaslandırır:
"Bilindiyi kimi, ərəb dilində rəsul "göndərilmiş",
"elçi", "peyğəmbər" deməkdir, Rəsulzadə
isə "rəsul oğlu" anlamındadır. Türklərin
ən qədim sözlüyü olan Mahmud Kaşğarlının
"Divan"ında yalvac/yalavac sözünün "rəsul",
"peyğəmbər" mənasında işləndiyi
göstərilmişdir. Türkcədə yalvac / yalavac
"bir xəbər bildirmək üçün göndərilmiş
kimsə", "elçi", "peyğəmbər",
"rəsul", "nəbi" olaraq
açıqlanmaqdadır. Çoxlu əski yazılı abidələrimizlə
bu fakt bütünlüklə təsdiqlənir. Deməli, əski
türkcəyə incəliklə bələd olan M.Ə.Rəsulzadə
öz soyadını ərəbcədən türkcəyə
çevirmiş, bu qarşılığı -
"Yalvacoğlu"nu özünə gizli imza
seçmişdir". Bu təkzibolunmaz qeydlərlə kifayətlənməyən
Ö.Özcan davam edir: "İkinci Dünya savaşı illərini
M.Ə.Rəsulzadə ilə birlikdə Rumıniyada
keçirmiş əmisi oğlu Məhəmmədəli Rəsuloğlu
(Rəsulzadə) özünün bir şeirində yazır:
İlanın ağıyla qızılı olmaz,
İkisi də rusdur,
sancar səni, qaç!
Təhəmmül qalmadı
hicran dərdinə,
Mən Yalvaç deyiləm,
soyadım - Yalvac!
Bununla Məhəmmədəli bəy də
"Yalvacoğlu"nun məhz "Rəsulzadə"
olduğunu bir daha sübut edir".
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi
"Məlum və naməlum Üzeyir Hacıbəyov"
("525-ci qəzet", 2015, 9 oktyabr) və tanınmış tədqiqatçı
D.Əhməd "Rəsulzadənin sirli imzası və Mirzə
İbrahimovun ona cavabı" adlı məqalələrində
("Teleqraf" informasiya agentliyi. 2017, 18 sentyabr)
Ö.Özcanın üzə çıxardığı
M.Ə.Rəsulzadəyə aid "M.Ə.Yalvacoğlu"
gizli imzası ilə dərc olunmuş "Azərbaycan
kompozitörü Hacibəyli Üzeyir" məqaləsinin
sovet hakimiyyəti dairələrində, o cümlədən
Azərbaycan SSR-in yüksək dövlət və partiya
orqanlarında necə əks-səda doğurduğu,
sifarişlə, daha dəqiq desək, tapşırıqla Mirzə
İbrahimova "Üzeyir Hacıbəylinin
"Ulus"dakı böhtançılara cavabı"
adlı məqalə yazdırıldığı və bu
yolla məqalə müəllifinə guya kəskin cavab
verildiyi maraqlı faktlarla təsvir və tənqid edilir. Qeyd
etmək yerinə düşər ki, M.Ə.Rəsulzadənin
yuxarıda adı çəkilən məqaləsi AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan
mühacirət ədəbiyyatı kitabxanası" kitablar
seriyasının 2016-cı ildə buraxdığı "Məhəmməd
Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi
irsindən seçmələr" kitabına daxil edilib.
"Müsavatçı" kimdir?
V.Sultanlı "İstiqlal sevgisi" adlı
monoqrafiyasında (Bakı, Elm və təhsil, 2014. - 252 s.)
Müsavat partiyasının Kiyev şöbəsinin
yaradıcısı, görkəmli yazıçı,
dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin
Osmanlı imperiyasındakı ilk səfiri Yusif Vəzir
Çəmənzəminlinin (12 sentyabr 1887, Şuşa - 3
yanvar 1943, SSRİ, Nijeqorod vilayəti) həyat və fəaliyyətindən,
xüsusi ilə onun Müsavat Partiyasının proqram və məramı
ilə bağlı qələmə aldığı məqalələrdən
və M.Ə.Rəsulzadə ilə münasibətlərindən
bəhs etdiyi hissədə yazır: "Y.V.Çəmənzəminli
1923-cü ilə qədər Məhəmməd Əmin bəy
haqqında yalnız xoş sözlər söyləmişdir.
Lakin Türkiyədə və Fransada keçirdiyi ağır
mühacirət həyatının doğurduğu böhran və
küskünlük firqənin ayrı-ayrı üzvləri, o
cümlədən M.Ə.Rəsulzadə ilə fikir
ixtilafına gətirib çıxarmış və
Y.V.Çəmənzəminli Müsavatın
sıralarını tərk etməli olmuşdur. Yusif Vəzirin
Müsavatın sıralarından uzaqlaşması ilə
bağlı Məhəmməd Əmin bəyin redaktoru
olduğu "Yeni Qafqazya" dərgisinin
"Müsavatçı" imzası ilə (Bu imzanın Məhəmməd
Əmin bəyə məxsus olub-olmadığını qəti
söyləməkdə çətinlik çəkirik) dərc
etdiyi "Şərəfsiz bir aqibət" adlı tənqidi
yazıya o, "Müsavatçıya cavab" adlı məqaləsi
ilə cavab vermiş, həmin məqalə "Kommunist" qəzetinin
23-24 oktyabr 1925-ci il tarixli nömrələrində çap
olunmuşdur".
Bir çox təkzibedilməz dəlillər - məqalənin
məzmunu, ruhu, dili, üslubu "Yeni Qafqasya"da
"Müsavatçı" imzası ilə dərc olunan
"Şərəfsiz bir aqibət" adlı yazının
("Yeni Qafqasya" tıpkıbasma, 4 cilddə,
hazırlayanlar: Yavuz Akpınar, Səlcuk Türkyılmaz,
Yılmaz Özkaya, İstanbul, 2018, TEAS Press.) M.Ə.Rəsulzadəyə
aid olduğunu təsdiqləyir. Ortaya sual çıxır:
1925-ci ildə Məhəmməd Əmin bəy artıq
yazılarını açıq imza ilə dərc etdirirdi. Bəs
bu məqaləni niyə "Müsavatçı"
imzası ilə vermişdi? Əvvəla, yazıda M.Ə.Rəsulzadə
Y.V.Çəmənzəminliyə etdiyi bir sıra
yardımları xatırladır. Zənnimizcə, bunu öz
imzası ilə dilə gətirməsini müəllif
qeyri-etik, qeyri-təvazökarlıq hesab edib. İkincisi, məqalə
əsl müsavatçı ilə silahdaşlarını
yarı yolda buraxan kəsə ünvanlanıb. Başqa
sözlə, Məhəmməd Əmin bəy əsl
müsavatçının kim olduğuna işarə vurub.
Üçüncüsü, Yusif Vəzirin
"Müsavatçıya cavab" adlı məqaləsinin
məhz M.Ə.Rəsulzadəyə cavab olduğu
yazısından açıq-aşkar hiss olunur. Belə ki, məqalədə
Y.V.Çəmənzəminli 7 dəfə Məhəmməd
Əminin adın çəkir, bir dəfə isə
"Müsavatçı" əfəndi, həqiqət belə
deyil", - deyə hətta məqalə müəllifinə-baş
müsavatçıya xitab edir. Bütün bunlar
"Müsavatçı" imzasının da məhz
M.Ə.Rəsulzadəyə aid olduğunu iddia etməyə
imkan verir. Yeri gəlmişkən, nə bu məqaləyədək,
nə də bundan sonra "Yeni Qafqasya"da
"Müsavatçı" imzasına təsadüf edilmir.
"Yeni Qafqasya"nı latın əlifbası ilə
nəsrə hazırlayan dəyərli həmkarlarımız
tərtib etdikləri "Dizin"də
"Müsavatçı" imzasının
qarşısında "Yeni Qafqasya" yazarı"
yazıblar.
Yanvar-aprel, 2025
Ankara-Bakı-Qəbələ
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.12.