"İmtahan robotları"
Sosial şəbəkədə yazılanlar
Kamran Əsədov, təhsil eksperti:
- Bu gün məktəblərimizdə şagirdlərin
qarşısına qoyulan imtahan yükü artıq
ağıla və pedaqogik məntiqə sığmayan səviyyəyə
çatıb. İlin əvvəlindən keçirilən
imtahanları bir yerdə topladıqda ortaya son dərəcə
absurd, təhsil psixologiyasına və inkişaf nəzəriyyələrinə
tamamilə zidd bir mənzərə çıxır:
* Kings olimpiadası
* Koala olimpiadası
* Zəfər olimpiadası
* Bilbacar müsabiqəsi
* Vebras müsabiqəsi
* Kenquru müsabiqəsi
* Respublika fənn olimpiadaları
* Respublika fənn müsabiqələri
* Lütfizadə adına olimpiada
* 9-cu sinif buraxılış imtahanı
* 11-ci sinif buraxılış imtahanı
* 11-ci sinif blok imtahanları (2 dəfə olacaq)
* 4-5-6-cı siniflər üçün monitorinq
(olacaq)
* Məktəbdaxili Kiçik Summativ Qiymətləndirmələr
* Məktəbdaxili Böyük Summativ Qiymətləndirmələr
* Sınaq və Monitorinqlər (digər fənlər
üzrə)
* Buraxılış fənləri üzrə hər
ay keçirilən monitorinqlər.
Bu siyahı sadəcə bir şagirdin bir tədris ili
ərzində qarşılaşdığı minimum 17 əsas
imtahan və qiymətləndirmə deməkdir. Halbuki burada
qeyd edilməyən kurs sınaqları, DİM sınaqları
və əlavə təşkil olunan fərdi testlər də
var. Bütün bu yüklə şagird təxminən hər
1-2 həftədən bir imtahan vəziyyətinə
salınır.
Bu yanaşma artıq təkcə akademik yük problemi
deyil. Bu, sistematik şəkildə uşağın psixoloji
durumuna, emosional sabitliyinə və təhsil keyfiyyətinə
vurulan bir zərbədir. Dünyanın inkişaf etmiş
ölkələrində - məsələn, Finlandiyada
şagirdlər 9 il ərzində cəmi bir neçə
böyük qiymətləndirmədən keçirlər.
İbtidai və orta təhsil müddətində
uşaqların əsas diqqəti öyrənmək, kəşf
etmək, düşünmək və bacarıqlarını
inkişaf etdirmək üzərinə yönəlir. Almaniyada
əsas qiymətləndirmələr sinifdə gündəlik
iştirak və layihə əsaslı işlərlə
ölçülür. ABŞ-da belə imtahanlar ildə 1-2 dəfə
əsas summativ məqsədli olur, lakin uşaq hər ay imtahan
stressi yaşamır.
Azərbaycan təhsilində isə "yüklə və
ölç" yanaşması normaya çevrilib. Təhsil
Qanununun 18-ci maddəsinə görə "təhsildə
şəxsiyyətin inkişafı məqsəd
olmalıdır", qiymətləndirmə isə "təlimin
məqsədinə xidmət etməli, inkişafı təşviq
etməlidir". Halbuki bu qədər ardıcıl və
intensiv imtahanlarla şagirdin yalnız stressi
artırılır, öyrənmə motivasiyası isə məhv
edilir. Əslində hər imtahan öyrənməni yox, sadəcə
sıxışdırılmış qısa müddətli
yaddaş bacarığını ölçür.
Bu yanaşmanın başqa fəsadları da var. Daimi
imtahanlarla uşaq təhsili sevmir, təlimə qarşı
qorxu və narahatlıq formalaşdırır. Kreativlik
sıxılır, özünü ifadə etmə
bacarıqları zəifləyir, öyrənməyə maraq
azalır. Şagirdlər yalnız suallara doğru cavab vermək
üçün "hazırlanır", lakin
düşünmək, araşdırmaq, mübahisə etmək
kimi ali kognitiv bacarıqları inkişaf etdirmir.
Bundan başqa, bu imtahanların çoxu - Kings, Koala, Zəfər,
Bilbacar, Vebras, Kenquru kimi olimpiadalar və müsabiqələr
- qeyri-formal, kommersiya məqsədli tədbirlərdir.
Onların çoxunda qiymətləndirmə obyektivliyi, tədris
proqramına uyğunluğu şübhə altındadır.
Nəticədə, bu tədbirlər həm valideynlər
üçün əlavə maddi yük yaradır, həm də
şagirdlərin vaxtını və enerjisini mənasız
yarışlar uğrunda sərf etdirir.
Ən ciddi təhlil məsələsi isə ondan ibarətdir
ki, bu qədər imtahana baxmayaraq, təhsil nəticələri
yüksəlmir. Son 5 ilin statistikasına görə 9-cu və
11-ci sinif buraxılış imtahanlarında orta nəticə
ölkə üzrə 54-58% arasında dəyişir. Yəni
nə qədər çox imtahan olsa da, uşaqların real
bilik səviyyəsi, oxuma bacarığı və riyazi savad
göstəriciləri ciddi şəkildə artmır.
İmtahan sayı çoxalır, amma nəticə dəyişmir.
Deməli, problem sadəcə şagirdlərdə deyil,
sistemin özündədir.
Əslində doğru yanaşma təhsildə qiymətləndirməni
bu qədər kəmiyyətə deyil, keyfiyyətə
yönəltmək olmalıdır. İldə 1-2 əsas qiymətləndirmə,
davamlı formatda isə diaqnostik təhlillər
aparılmalıdır. Qiymətləndirmə şagirdin
özünü inkişaf etdirməsinə, fərdi zəif və
güclü tərəflərini anlamağa kömək etməlidir.
Hər ay, hər həftə imtahan keçirib sadəcə
statistika toplamaqla nə şagird inkişaf edir, nə də təhsil
sistemi yaxşılaşır.
Nə dəyişməlidir? İmtahanların sayı
kəskin şəkildə azaldılmalı, yalnız
fundamental qiymətləndirmələr
saxlanılmalıdır. Buraxılış və qəbul
imtahanları istisna olmaqla digər bütün
yarışmalar şagirdin könüllü və maraq əsaslı
iştirakına buraxılmalıdır. Məktəblər tədris
prosesini imtahana yox, təlimin özünə yönəltməlidir.
Şagirdlərin hər gün dərsə qiymət
üçün yox, öyrənmək üçün gəlməsi
təmin olunmalıdır.
Əks halda biz bu yolu davam etsək, gələcək nəsillərimiz
düşünən, yaradan, innovativ fərdlər yox,
yalnız suallara cavab verən mexaniki düşüncəli
"imtahan robotları" olacaq.
Sahila Yaya, jurnalist:
- Niyə mənasız səbəblərdən
boşanmalar bu qədər çoxdur?
Çünki mənasız evliliklər çoxdur.
Evliliyin mahiyyətini və məsuliyyətini anlayan
adamların sayı artdıqca boşanma sayı azalacaq.
Hər evliliyin çətinliyi eyni olmur, amma sosial
durumlarına görə cütlükləri
qruplaşdırmaq mümkündür. Bunu instaqram rilslərinə
baxanda anlayıram. Ona görə rilslər bu qədər məşhurlaşır,
hamı bir-birinə göndərir. Məsələn, rils var
- qadın və kişinin istirahət gününü əks
etdirən rutin göstərilir. Kişi divandan durmur, qadın
dayanmadan evdə işləyir. Buna yumor qatırlar, hamı
özünü, ailəsini görür, paylaşır. Səbəb
bir deyil, amma sonsuz da deyil.
Beləliklə, Azərbaycanda evlənənləri təxminən
belə qruplaşdıraq.
- Erkən yaşda (faiz çox deyil) baş tutan
evliliklər. Sırf fiziki-cinsəl istəklə qurulan ailə
ortayaş böhranında dağıla bilir.
- Nikah diplomatiyası ilə qurulan evliliklər - filankəsin
qızı, bəhmənkəsin oğlu. Belə evlilikləri
ortayaş böhranında adətən, kişi
dağıdır. Ömrünün davamını
atasının deyil, öz seçimi əsasən yaşamaq istəyir.
Bu halda adətən, qadının atası vəzifədən
düşmüş olur.
- Cəmiyyətin diktəsi ilə standartlara uyğun
qadın və kişi seçimi ilə qurulan ailələr də
bir neçə ildən sonra dağıla bilir - tərəflər
əslində yaxşı qız, yaxşı oğlan
standartlarının fərqli olduğunu anlayır.
- Tək qalsalar, dil tapa biləcək cütlüklər
olur, sadəcə heç vaxt bir-biri ilə öz
ağızları ilə danışmır. Həmişə
ata-analarının diktəsi ilə cümlələr
qururlar. Azərbaycanda hədsiz bekar yaşlı qadın və
kişi var. Onlar üçün iş yerləri yoxdur, hobbiləri,
maraqları da yaranmayıb. Özlərinə aid bircə qənaətləri
yoxdur, əzbər qanunlarla yaşayır və başqa
cür düşünən adamlara əxlaqsız deyirlər.
Bu təbəqə yeni qurulan ailələr üçün
ciddi təhlükədir. Onları zərərsizləşdirmək
lazımdır. Çünki həqiqətən cəmiyyətə
zərər vururlar.
- İnsan var ki, istər qadın, istər kişi,
ümumiyyətlə ailə qurmaq istəmir. Hippi, yappi
ruhludur, hormonları, genetikası fərqlidir. Təsəvvür
edin, hippi ruhlu qadını evdar kişi ilə evləndirirlər,
sonra da qadına deyirlər bu kişi alır, gətirir, ailəni
saxlayır, sən nə istəyirsən daha? Nə istəyəcək?
Bu qadın evə sığmır. Gəzmək, gülmək,
rəqs etmək istəyir. Onun haqqıdır, ruhu budur.
İnsanlar evlənmək üçün maraqlarına və
həyat sürətlərinə uyğun adamlar
tapmalıdırlar.
Xeyli belə qruplar var. Yəni Azərbaycanda niyə
boşanma çoxdur sualının bir cavabı yoxdur. Mütləq
ümumi bir yanaşma lazımdırsa, təxminən belə
ifadə etmək olar - patriarxatın əsasları
sarsılır, dünyanın 51%-i təşkil edən
qadınlar mövcud rejimə qarşı çıxır. Mövcud
rejim şiddətə meyilli kişilərin və onların
yetişdirdiyi Stokholm sindromlu
qadınların diktəsi ilə qurulub. Yəni bu
qadınlar da qurbandır, sadəcə öz şiddətverənlərinin
havadarlarına çevrilib. İllərlə, əsrlərlə
mütləq çoxluq bu durumla razılaşıb, indi cəmiyyət
qadına seçim imkanı verib.
Ailə qurmazdan öncə boşanmaya rahat
baxırdım. İndi boşanmanın nə qədər
böyük travma olduğunu anlayıram. Dost və xüsusilə
rəfiqələrimin bu prosesdə nə qədər zədə
aldıklarını görürəm. Ailələrin
dağılmamasını şiddətlə arzulayıram.
Amma bundan çox anormal evliliklərin qurulmasına
qarşıyam.
Transformasiya davam edir. Həm dünya, həm Azərbaycan
olaraq dəyişirik, arınırıq. Başımız
daşdan-daşa dəyəcək, yıxıla-yıxıla
gəzməyi öyrənəcəyik, normaldır.
Bir də mən mən həmişə bizim mənəvi
dəyərlərimizi əlimizdən alırlar, Qərb bizi nə
günə qoyur deyənlərə gülürəm. Siz Qərbin
harasını görmüsüz? Qərb doludu əlil
arabasında 50 illik həyat yoldaşını muzey-muzey,
teatr-teatr gəzdirən qadınlar, kişilərlə. Bizim Qərbin
ailələrindən öyrənməli çox şeyimiz
var. Biz Qərbə oxşasaq, bu qədər boşanmarıq.
Səadət Məmmədova, jurnalist:
- Sözsüz film...
Gülməmməd özü özünə elə
bir film çəkib ki, dünya yığılsa, çəkə
bilməz.
Mən işıqlandırdığım və sadəcə
şahidi olduğum çox hekayə bilirəm, amma beləsini
görməmişdim...
Hönkürdüm....
Dərdin dili olmazmış..
İnanılmaz təsirli ifadə edib, susaraq
hayqırıb Gülməmməd...
Evinin divarına sığınır, həyətdəki
çiçəkləyən ağacı qoxlayır, ürək
döyüntülərini sayır, işğaldan öncə
yatdığı çarpayını tapıb sevinir... Siz hələ
evinin içində tapdığı tısbağa ilə
uşaq kimi oynamağına baxın....
Gülməmməd Cəbrayıl rayonu Tatar kənd
sakinidir...Evinin uçuqlarına və gənclik xəyallarına,
uşaqlıq çarpayısına qovuşmağın heyrətini
yaşayır.....
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.10.