Mədəniyyət Nazirliyində görkəmli teatr və kino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Şəfiqə Məmmədova ilə görüş keçirilib

 

Sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunan görüşdə ölkəmizin kino ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər.

Kino xadimlərini salamlayan mədəniyyət naziri Adil Kərimli Xalq artisti Şəfiqə Məmmədovanın mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, sənətkar səhnədə və ekranda həyat verdiyi rəngarəng obrazlarla bir neçə nəsil tamaşaçıların rəğbətini qazanıb.

Nazir Şəfiqə Məmmədovanın bənzərsiz sənətinin dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini, onun respublikanın ali təltiflərinə layiq görüldüyünü deyib. Bildirilib ki, Prezident İlham Əliyevin bu ilin 29 mart tarixində imzaladığı Sərəncamla aktrisa “İstiqlal” ordeninə layiq görülüb və dövlət başçısı bu ali təltifi sənətkara şəxsən təqdim edib.

Sənətkara yubileyi ilə əlaqədar təbriklərini çatdıran Adil Kərimli ona nazirliyin Fəxri fərmanını təqdim edib.

Şəfiqə Məmmədova yaradıcılığına verilən yüksək dəyərə görə ölkə başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı kino sahəsinin mövcud vəziyyəti, həyata keçirilən və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

525-ci qəzet .- 2025.- 2 may(№75).- S.9.