Gənc arxeoloq
Mircavid Ağalarov: "Qarabağda aparılan elmi tədqiqatlarda
iştirakdan böyük fərəh hissi keçirirəm"
Müsahibimiz AMEA Arxeologiya və Antropologiya
İnstitutunun elmi işçisi və doktorantı Mircavid
Ağalarovdur. Qeyd edək ki,
Mircavid Ağalarov bu il Gənclər üçün
Prezident Mükafatına layiq görülüb. 2022-ci ildə
AMEA Arxeologiya və Antropologiya İnstitutunun əyani
doktoranturasına qəbul olunan M.Ağalarov "Azərbaycanın
Arxeoloji irsində Səlcuq dövrü fayans məmulatı"
adlı fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqata
başlayıb. 2023-cü ildən isə İnstitutun Elmi fond
və ekspozisiya şöbəsində yarımştat olaraq fəaliyyətə
başlayıb, hazırda da həmin şöbənin elmi
işçisidir. M.Ağayev Vətən müharibəsi nəticəsində
azad olunmuş bölgələrdə, əsasən Ağdam
rayonundakı Çinartəpə çoxtəbəqəli qədim
yaşayış yeri və Zəngilan rayonunda yerləşmiş
Şəhri-Şərifan şəhər yeri də daxil
olmaqla 11 fərqli çöl tədqiqatının
iştirakçısı olub. İxtisasını, xarici
ölkələrdə keçdiyi ixtisas təkmiləşdirmə
kurslarını, əldə etdiyi təcrübələri,
apardığı uğurlu araşdırmaları, arxeologiya
elminə olan həvəsini və elmi səviyyəsini nəzərə
alaraq, AMEA rəhbərliyi Mircavid Ağalarovun namizədliyini Gənclər
üçün Prezident Mükafatına təqdim edib.
Mircavid Ağalarovla söhbəti təqdim edirik.
- Mircavid bəy, necə oldu ki, arxeoloq olmaq qərarına
gəldiniz? Uşaqlıq arzunuz idimi?
- Deyə bilmərəm ki, arxeoloq olmaq mənim
uşaqlıq arzum idi. Bakı Dövlət Universitetinin Tarix
fakültəsində təhsil aldığım dövrdə
arxeologiyanın nəzəriyyəsi fənnini keçirdik.
2017-ci ildə əlimə əyani formada arxeoloji tədqiqat
işlərində iştirak etmək kimi bir şans
düşdü. Bu, Oksford Universiteti və Moskva Dövlət
Universitetinin Bakı filialı tərəfindən təşkil
olunmuş çox böyük bir layihə idi. İki il -
2017-2018-ci illərdə həmin layihə çərçivəsində
Bərdə rayonu ərazisində Torpaqqala abidəsində
aparılan arxeoloji tədqiqat işlərində əyani
formada iştirak etdim. Bu tədqiqatlar mənim gələcək
peşəmi seçməyimdə əsas rolu oynadı. Bu
qazıntılarda iştirak edərkən yəqinləşdirdim
ki, mən arxeoloq olmalıyam.
- Bəzən arxeoloqların tanınmasında bəxtlərinin
gətirməyi - təsadüf nəticəsində
qarşılarına qiymətli tapıntının
çıxması kimi amillər böyük rol oynayır.
Sizin tanınmağınıza nə səbəb oldu - bəxtiniz,
yoxsa çəkdiyiniz zəhmət?
- Əslində, bu fikirlə tam razı deyiləm.
Düzdür, bəzi məqamlarda arxeoloqun bəxtinin gətirməyi
yaxşı haldır. Amma həmişə arxeoloqun
yaxşı tapıntıya nail olması, böyük kəşflər
etməsi onun bəxti ilə əlaqələndirilə bilməz.
Məsələn, Göbəklitəpə abidəsinə nəzər
salaq. 1960-cı illərdən arxeologiya elminə məlum olub.
Bizans dövrü qəbiristanlğı, nekropol kimi yanaşma
var idi. Amma 1994-cü ildə Klaus Şmidt bu abidənin Daş
dövrü abidəsi olduğu qənaətinə gəlir və
qazıntı işlərinə başlayır. Hazırda
dünya arxeologiyasında inqilabi dəyişikliklər
etmiş Göbəklitəpə abidəsi var. Məsələ
həmişə bəxt məsələsi olmur, doğru
yanaşma, doğru konsepsiya daha vacibdir. Mənim fəaliyyətimə
gələndə isə, bəxtimin rol
oynadığını çox da düşünmürəm.
Ümumiyyətlə, arxeoloqlar kifayət qədər əziyyət
çəkirlər, mən də sadəcə o əziyyətlərimin
bəhrəsini aldığımı düşünürəm.
- İşğaldan azad olunmuş torpaqlarda
apardığınız arxeoloji qazıntılar sizdə
hansı təəssüratlar yaradır?
- 2020-ci ildə 44 günlük Vətən müharibəsi
nəticəsində Qarabağ və Şərqi Zəngəzur
regionları işğaldan azad edilib. 30 il əsarətin
ardından ilk tədqiqatlara başlayan müəssisələrdən
biri də AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu
idi. Qarabağ bölgəsində aparılan tədqiqatlarda
iştirak etməkdən böyük fərəh hissi
keçirirəm. Həmin bölgədə iki abidənin
arxeoloji tədqiqatında iştirak etmişəm. Şəhri-Şərifan
və Çinartəpə çoxtəbəqəli yaşayış
yerində. Şəhri-Şərifan şəhər yeri Zəngilan
rayonunun Şərifan kəndində Xudafərin
körpüsünə yaxın ərazidə yerləşir.
Çinartəpə isə Ağdam rayonunun
yaxınlığındadır. Əslində, arxeoloqlar
xarabalıqda çox zəhmət və əziyyət çəkirlər.
Ermənilər işğal dövründə Qarabağ
bölgəsinin bütün infrastrukturunu məhv ediblər.
Bu səbəbdən biz arxeoloji tədqiqat üçün
lazımi dərəcədə əlverişli olmayan
infrastrukturda qazıntılar aparırdıq. Digər tərəfdən
isə mina təhlükəsi var idi. Buna görə də
qazıntıya ANAMA-nın mütəxəssisləri ilə
birgə gedərdik.
- Sizi ən çox həyəcanlandıran
tapıntınız hansı olub?
- Əslində, bir arxeoloq üçün onun
aşkarladığı hər tapıntı dəyərlidir,
doğmadır. Amma içlərindən birini seçmək
lazım olsa, mən hələ gənckən - 2017-ci ildə
könüllü kimi iştirak etdiyim Bərdə arxeoloji
ekspedisiyasında aşkarlanmış, sümükdən
hazırlanmış bir baş bəzəyini deyərdim. Həmin
baş bəzəyi gözəl şəkildə
cilalanmış toyuq formasında idi və Azərbaycan
üçün unikal idi. Onun oxşarı yoxdur.
Unikallığı səbəbindən də mənim
üçün o tapıntı kifayət qədər həyəcanlandırıcı
və əhəmiyyətli olmuşdu.
- Bu gün gənclər arasında arxeologiya elminə
maraq hansı səviyyədədir?
- Gənclər arasında arxeologiyaya maraq yüksək
səviyyədədir. Arxeologiya və Antropologiya İnstitutu
olaraq bir çox gəncləryönümlü tədbirlər
təşkil edirik və gənclər bizim tədbirlərdə
çox aktiv şəkildə iştirak edirlər. Bu, kifayət
qədər sevindirici haldır. Bu yaxınlarda Azərbaycanda
arxeologiya ixtisasının yaradılması da bu elmə gənc
kadrların cəlb olunması yolunda atılan mühüm
addımlardandır.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 2 may(№75).- S.8.