Çağdaş milli lüğətçiliyə
sanballı töhfə
Bu yaxınlarda Ankarada "Əski türkcədə
şəxs adları" adlı monoqrafiyam nəşr olunub.
Bu kitabdan bir nüsxəni çox böyük hörmət bəslədiyim
həmkarım professor Sayalı Sadıqovaya hədiyyə
etdim. Bunun müqabilində Sayalı xanım özünün
yenicə çapdan çıxmış "Azərbaycan
şəxs adlarının izahlı lüğəti"
kitabını mənə göndərdi. Leksika, onomastika
mövzusu mənə çox doğma olduğuna görə,
həm də mənim kitabımın mövzusu ilə səsləşdiyinə
görə bu kitab diqqətimi çəkdi. Bu qiymətli tədqiqat
işi ilə tanış olduqdan sonra öz rəyimi bildirmək
qərarına gəldim.
Qeyd edim ki, professor S.Sadıqova imzası Azərbaycan
elmi ictimaiyyətinə bacarıqlı, təşkilatçı,
ömrünü elmin inkişafına həsr etmiş bir alim
kimi yaxşı tanışdır. Qərbi Azərbaycanın
Göyçə mahalında 65 il bundan əvvəl dünyaya
göz açmış, 1981-ci ildən AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunda, bu institutun Terminologiya
şöbəsində əvvəl aspirant, sonra kiçik elmi
işçi kimi fəaliyyətə başlayan Sayalı
xanım 45 ilə yaxındır ki, Azərbaycan
dilçiliyinin mühüm bir qolu olan terminologiya elmi və
onun mühüm aktual məsələlərinin hərtərəfli
elmi tədqiqi ilə məşğuldur. O, 2000-ci ildən bu
şöbənin müdiri və 2001-ci ildən AMEA Rəyasət
Heyəti, 2012-ci ildən Nazirlər Kabineti yanında
Terminologiya Komissiyasının sədr müavini kimi geniş
şəkildə səmərəli fəaliyyətini davam
etdirməkdədir. Bu illərdə bu komissiyanın qərarı
ilə 140-dan artıq lüğət nəşr olunub ki, 50-dən
artıq terminoloji lüğətin ön sözünün
müəllifi və redaktoru Sayalı xanımdır. Elmin
müxtəlif sahələrinin elmi dilinin formalaşmasında
bu lüğətlərin mühüm əhəmiyyəti
vardır. Elmi üslubun inkişafı isə ədəbi
dilin inkişafına təkan verir. Ümumiyyətlə,
görkəmli alimin Azərbaycan dilçiliyinin aktual problemləri
ilə bağlı 30-a yaxın monoqrafiyası nəşr
olunmuşdur. Bu baxımdan terminologiyanın aktual problemlərinin
tədqiqində və inkişafında, nəzəri problemlərinin
araşdırılmasında professor S.Sadıqovanın
mühüm xidmətləri var.
Şəxs adları leksikanın, onomastikanın qədim
və önəmli bir bölümüdür. Şəxs
adları və soyadları kateqoriyası ictimai mahiyyət kəsb
edir. Təsadüfi deyildir ki, bəzi xalqlar adı insanın
ruhu adlandırıb. Hələ "Dədə Qorqud"
dastanlarında şəxsin adına böyük diqqət
verilmiş, "igid adın nədir, degil mənə"
yazılıb. Türklərin qədim yazılı abidələrində,
Orxon-Yenisey yazılarında şəxsin
uşaqlığında, gəncliyində,
qocalığında ayrı-ayrı adlar
daşıdığını müşahidə edirik.
Müstəqillik dövründə ad və soy
adlarımızın milliləşməsi məsələsi
xüsusi aktuallıq kəsb etdi. "Azərbaycan
Respublikasının Dövlət dili haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda
qarşıya qoyulan vəzifələr işığında
Sayalı xanımın müavin olduğu Terminologiya
Komissiyasınında onun bilavasitə iştirakı ilə
xüsusi bir Adlar və soyadları komissiyası
yaradıldı. Bu komissiya adların verilməsini ictimai bir
hadisə kimi nəzarətdə saxlayır.
2016-cı ildə Terminologiya Komissiyasının qərarı
ilə professor S.Sadıqovanın müəllifliyi ilə
"Azərbaycan şəxs adlarının izahlı
lüğəti" kitabı nəşr olunub. Lüğətdə
Azərbaycan adlar sistemində işlənən 6 minə
yaxın ad toplanıb və onların izahı verilib. Onu da
qeyd etmək lazımdır ki, Qeydiyyat idarələrində
adların verilməsində bu lüğət əsas
götürülür. Bu lüğətin nəşrindən
artıq 10 ilə yaxın vaxt keçib və o, adların
verilməsi və yazılışında meydana
çıxan çətinliklərin həll edilməsinə
tam cavab vermir. Bu ehtiyaclar nəzərə alınaraq Azərbaycan
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı
ilə həmin kitab təkmilləşmiş və genişləndirilmiş
şəkildə yenidən nəşr olunub. Kitabın əvvəlindəki
müəllif ön sözü geniş və sanballı
elmi-tədqiqat işi təsiri bağışlayır.
Əlimizdəki 704 səhifədən ibarət olan bu kitabda
12 mindən artıq şəxs adının mənası, mənşəyi
və düzgün yazılış qaydası,
orfoqrafiyası müəyyənləşdirilib.
Azərbaycan dilçiliyində şəxs adları
çox maraqlı bir sahədir. Bu kateqoriyanın cəmiyyətimizdəki
yeri və mühüm əhəmiyyəti nəzərə
alınaraq şəxs adlarına aid bir sıra lüğətlər
hazırlanıb. Məlumdur ki, Azərbaycan
onomastikasının tədqiqi və tədrisində professor
Afad Qurbanovun böyük xidmətləri olub. Ona görə də
müəllif burada doğru olaraq bu sahədə A.Qurbanovun
onomastika məktəbinin yaranmasından, onun bu problemlə
bağlı elmi əsərlərindən, tərtib etdiyi
şəxs adları lüğətlərindən ayrıca bəhs
edir. Müəllif daha sonra, Osman Mirzəyev, Mədət
Çobanov, Məmmədağa Şirəliyev, Bəhruz
Abdullayev və Şəmsəddin Sədiyevin, Nadir Məmmədlinin,
Aydın Abıyevin, Aydın Paşayevin, Fidan Qurbanovanın tərtib
və nəşr etdirdikləri şəxs adları
lüğətləri haqqında ətraflı məlumat
verir.
Yuxarıda qeyd etdiyimiz kimi, onomastik vahidlərin bir qolu
olan antroponimlər, şəxs adları insanın cəmiyyətdə
mövqeyini müəyyən edən, onları bir-birindən
fərqləndirən amil olaraq mühüm əhəmiyyət
kəsb edir. Şəxs adlarının əsas xüsusiyyətlərindən
biri ictimai yerlərdə, iş prosesində, nitqdə
başqa sözlərə nisbətən daha çox işlənməsidir.
İnsanlar adla bir-birinə tez-tez müraciət edirlər.
Buna görə də hər bir şəxs adı insanlar
arasında ünsiyyət, münasibət yaratmağa xidmət
edir. Adın bu xüsusiyyəti insanlar arasında ünsiyyəti
asanlaşdırır. Şəxs adları həm də
insanın dünyagörüşünü əks etdirən,
dini mənsubiyyətini, milli xüsusiyyətlərini göstərən
bir kateqoriya kimi ictimai funksiya daşıyır. Professor
S.Sadıqova doğru olaraq göstərir ki, hər bir
xüsusi ad milli xüsusiyyətə malik olub şəxsin
hansı millətə aid olduğunun mühüm göstəricisi
kimi çıxış edir. Amma başqa dil mühitində
bu şəxs adları işlənərkən tərcümə
edilmir, milli ana dilində olduğu kimi istifadə edilir. Şəxs
adlarında milli xüsusiyyət o dərəcədə
qüvvətlidir ki, bir xalqın nümayəndəsi başqa
xalqlar arasında yaşasa da, yenə öz milli adını
saxlayır. Təcrübə göstərir ki, düzgün
seçilməyən hər bir ad insana cəmiyyətdə mənfi
təsir edir, onu daxil olduğu sosial mühitdə
başqalarının yanında utandırır,
inkişafına maneçilik yaradır. Ona görə də
hər bir ad seçilərkən ciddi düşünülməli
və uğurlusu seçilməlidir. Onun səslənməsi,
ahəngdarlığı, sadəliyi və mənası diqqət
mərkəzində olmalıdır. Bu əlamətlər gözəl
ad seçməyin bünövrəsi sayıla bilər.
Kitabda şəxs adlarının mənşəcə
iki qrupundan bəhs edilir: 1. Milli şəxs adları. 2.
Alınma şəxs adları. Milli mənşəli şəxs
adlarının dilimizin daxili inkişaf qanunları əsasında
xalqımızın tarixi, ictimai-siyasi vəziyyəti, mədəni
səviyyəsi ilə bağlı təşəkkül
tapdığını qeyd edən müəllif bununla əlaqədar
"Dədə Qorqud" boylarının Azərbaycan ad
sisteminə təsiri haqqında geniş məlumat verir. Daha
sonra S.Sadıqova ərəb-fars mənşəli alınma
antroponimlər, şəxs adlarının dilimizə daxil
olmasında ictimai-tarixi hadisələrin, münasibətlərin
rolundan bəhs edir. Alınma şəxs adları ad sistemimizi
zənginləşdirib. Bu məsələdə dinin rolu
üzərində geniş dayanan müəllif doğru olaraq
din amilini, müqəddəs kitabımız Quranın advermə
ənənələrimizdə mühüm yer tutduğunu
göstərir.
Müəllif adların əmələ gəlmə
yollarından bəhs edərkən aşağıdakı
qrupları müəyyən edib: 1. Etnoantroponimlər. 2.
Qohumluq əlaqələri əsasında yaran şəxs
adları. 3. Topoantroponimlər. 4. Hidroantroponimlər. 5.
Kosmoantroponimlər. 6. Tarixi şəxsiyyətlərin adı
ilə bağlı yaranan şəxs adları. 7. Qiymətli
daşların adı əsasında yaranan şəxs
adları. 8. Valideynlərin arzu və istəkləri əsasında
yaranan şəxs adları və sair.
Məlumdur ki, şəxs adlarının istifadəsində
adların düzgün yazılış qaydaları
mühüm əhəmiyyət kəsb edir və ictimai-mədəni
rola malikdir. Ona görə müəllif şəxs
adlarının orfoqrafiyası üzərində daha ətraflı
dayanıb. Mürəkkəb şəxs adları, tərkibində
ağa, xan, bəy, mirzə, hacı, seyid, sultan, xanım, mir
sözləri işlənən şəxs adlarının
orfoqrafiyası haqqında maraqlı mülahizələr irəli
sürüb.
Azərbaycan dilində adlar sistemi daim
inkişafdadır. Azərbaycan kişi adlarında igidlik, məharət,
güclülük, hakimlik, qadın adlarında isə gözəllik,
incəlik, mənəvi təmizlik motivləri üstünlük
təşkil edir. Ona görə də "Azərbaycan şəxs
adlarının izahlı lüğəti" kitabında
çox doğru olaraq şəxs adları iki qrupda təqdim
olunur: 1. Kişi adları. 2. Qadın adları. Lüğətin
quruluşu bölməsində lüğətin
hazırlanmasında nəzərə alınmış prinsiplər
yığcam şəkildə qeyd edilib.
Advermə ictimai hadisə hesab edilir, çünki hər
bir ad xalqın milli mənəvi dəyərini özündə
əks etdirir. Adların seçilib istifadə edilməsi
xalqın müasir mədəni tələblərinə və
Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun
olmalıdır. Yeni adların yaranmasında dilin daxili
imkanlarına hesabına yaranan sözlərə
üstünlük verilməlidir. Hazırda yüzlərlə
yeni ad yaranır. Yaranan yeni adları toplamaq,
orfoqrafiyasını müəyyən etmək dildə həmişə
davam edən prosesdir. Məhz bu amillər nəzərə
alınaraq yeni şəxs adları lüğəti, müəllifin
də qeyd etdiyi kimi, vaxtaşırı nəşr edilməlidir.
Bu baxımdan lüğət hər bir vətəndaşa ad
seçməkdə, mənasını müəyyənləşdirməkdə,
onların ehtiyacını ödəməkdə faydalı
olacaqdır.
İnanıram ki, professor Sayalı Sadıqovanın
"Azərbaycan şəxs adlarının izahlı
lüğəti" kitabı zamanın tələbləri əsasında
meydana çıxmış bir əsər kimi elm
adamlarının, hər bir azərbaycanlının,
xüsusilə valideynlərin stolüstü kitabına
çevriləcək.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
525-ci qəzet .- 2025. -3 may(№76).- S.23.