Lənətlənmişlərin özünün və
nəsillərinin aqibəti
(Əvvəli ötən şənbə
sayımızda)
Aleksandr atasının sərkərdə
sirdaşı kimi silahdaşı olmuş Parmenion vətənə
qayıdarkən, onun öldürülməsi barədə
göstəriş verdi. Sonra o, Parpenionun oğlu Filotu da
öldürtdürdü. Son vaxtlar Aleksandr özünə
qarşı sui-qəsd təşkil ediləcəyindən
qorxub, bunda yaxın adamlarından şübhələnirdi və
onları aradan götürürdü.
Sonra Baktriyadan keçib Hindistanın şimalına,
indiki Pakistan ərazisinə girib, oradakı hind dövlətlərindən
biri olan çar Porun səltənətini işğal etdi.
Cənuba tərəf irəlilədikdə, gözləmədiyi
bir hadisə baş verdi, ordu qiyam qaldırıb,
yürüşü davam etdirməkdən imtina etdi. Bu,
Aleksandr üçün ağır zərbə idi, o, təkcə
Hindistanı deyil, o vaxtlar məlum olan bütün
dünyanı tutmaq, yəqin ki, Yaponiyaya çatmaq istəyirdi.
Ordunun etirazı onun planlarını alt-üst edirdi. Aleksandr həm
də böyük ağıl sahibi, məharətli siyasətçi
idi. Ordunun müqavimətini qırmaq tədbirləri ona baha
başa gələ bilərdi. Ona görə də
döyüşçülərinin qərarı ilə
razılaşmaq yolunu tutdu. Ordunu iki hissəyə
ayırıb, biri cənubda okeanda üzməklə admiral
Nearxın başçılığı altında İran
körfəzinə gedib çıxmalı idi. Digər dəstə
isə, özünün başçılığı
altında Gerdosiya səhrasından keçməklə Babilə
çatmalı idi. Geri dönmək səfəri olduqca əzablı
idi və ordu bu vaxt xeyli itki verməli oldu.
Nəhayət, b.e.ə. 324-cü ildə Aleksandrın
ordusunun hər iki dəstəsi Babilə gəlib
çatdı.
Böyük Aleksandr təkcə hərb dahisi deyildi, həm
də uzaqgörən strateji düşüncəyə malik
idi. O, Qərblə Şərqi öz imperiyasında birləşdirməyə
çalışırdı. Bu məqsədlə
işğal olunmuş ərazilərin əhalisinin
qaydalarını öyrənib, onlardan istifadə edirdi. Pers
paltarı geyinir, Persiya çar sarayının qaydasında
özünə təzim edilməsini tətbiq edirdi. Misirdə
paytaxt Memfisdən 600 km. aralı olan Ammon məbədinə səhra
ilə gedib, orda olan allah Ammonun oğlu olması barədəki
kahinlərin qərarını və faraon titulunu qəbul
etmişdi.
Aleksandr qeyri-adi sərkərdəlik istedadına şəxsi
igidliyini də əlavə edirdi. Daim irəli atılmaqla
döyüşçülərinə nümunə göstərirdi.
Güclü strateq olduğu kimi, həm də məharətli
taktik idi. İgidliyinin "mükafatı" kimi çoxlu
yaralar alırdı.
Həm də o, əsl
qurucu şöhrətinə yiyələnmişdi, şəhərsalma
təcrübəsində yüksək biliklərə malik
olmasını göstərirdi. Onun Nilin və Aralıq dənizinin
sahilində saldığı Aleksandriya şəhəri
öz şərəfinə belə adı daşımaqla
yanaşı, yerinin seçilməsi və şəhərin
planlaşdırılması məhz yüksək arxitektorluq
istedadından xəbər verirdi. Aleksandr sayı az qala yüzə
çatan Aleksandriya adlanan şəhərlər
salmışdı. O, bəzi yeni şəhərlərinə
özünün döyüş atı olan Butsefalın da
adını qoyurdu.
Döyüşdə düşmən kimi
vuruşmuş xalqları birləşdirmək,
keçmişi yaddan çıxarmaq üçün o,
müxtəlif tədbirlər həyata keçirirdi. Babilə
qayıtdıqdan sonra 10 min nəfər
döyüşçüsünün yerli qızlarla
nikahını təşkil etdi, mərasim beş gün davam
etdi. Özü də bu nikah ənənəsindən kənarda
qalmamaq üçün çar III Daranın əsir
götürdüyü böyük qızı Statira ilə evləndi, mərhum
çarın kiçik qızını isə dostu Hefestiona ərə
verdi. Bundan əvvəl isə o, Baktriya əyanının
qızı Roksana ilə evlənmişdi.
Aleksandr xəstə olmasına baxmayaraq, Afrikanın
şimalına yeni yürüş planlaşdırırdı
ki, işğallarını yekunlaşdırdıqdan sonra,
Aralıq dənizi ilə Yunanıstana qayıtsın. Lakin
malyariya, döyüşlərdə aldığı yaralar və
spirtli içkiyə meyillilik onu taqətdən
salmışdı və ümumiyyətlə o, öz səhhəti
qayğısına qalmırdı. Aleksandr qısa sürən
xəstəlikdən sonra 323-cü ildə, 32 yaşında
Babildə vəfat etdi.
Aleksandrın ölümündən sonra onun
üç qitənin ərazisini əhatə edən
böyük imperiyası, öz sərkərdələri tərəfindən,
onlar artıq varis kimi diadox adlanırdı, ayrı-ayrı
hissələrə parçalandı. Onun generalı Ptolomeyə
Misir düşdü, Kassandr isə Makedoniyanın
hökmdarlığı ilə razılaşdı.
Aleksandrın imperiyasının dağılmasından 2300 il
sonra Avroasiyada baş verən SSRİ-nin məhvini və
parçalanmasını xatırladırdı.
Makedoniya çarı Kassandr öz hakimiyyətini
qoruyub saxlamaq üçün Roksananı və onun Aleksandrdan
doğduğu oğlunu öldürtdü. O, həm də
Aleksandrın anası Olimpiadanın məkrindən
qorxduğuna görə, onun da öldürülməsi
göstərişini verdi.
Beləliklə, II Filipp və Makedoniyalı Aleksandr
sülaləsi qısa ömür yaşadı, atadan
başlamaqla, oğulda başa çatdı. Həm ata, həm
də oğul döyüşlərdə az qan
axıtmamışdılar, təkcə yunan şəhər-dövlətlərinin
sakinlərinin, ata və oğulun işğalları vaxtı
axıtdığı qan onlara lənət
yağdırılmamış qalmamışdı. Çar II
Filipp Yunanıstanda hegemonluğa nail olmaq üçün hər
cür tədbirə əl atırdı, yunanları Makedoniya
tabeliyinə salmaq üçün qanlı döyüşlər
aparırdı. Qisas alınmasını çox gözləmək
lazım gəlmədi və qatilin zərbəsi ilə o, b.e.ə.
336-cı ildə həyatdan getdi.
Makedoniyalı Aleksandr hərb tarixində özünə
bərabər olan ikinci bir şəxsi tanımır. O,
düşməndən xeyli az qüvvə ilə, onun üzərində
qələbə çalmağı bacarırdı. O, hərb
elminin və praktikasının dahisi idi. O, ordusunu ərzaqla,
atlarını yemlə təmin etmək üçün
logistikaya xüsusi əhəmiyyət verib, öz
yürüşdə irəliləmək yollarını
ustalıqla seçirdi. Orta Asiyaya girməmişdən əvvəl
Xəzər dənizinin cənubu ilə irəliləməklə,
o, ordusunun ərzaqa olan və süvari dəstəsindəki
atların yem tələbatını lazımınca ödəməyi
bacarmışdı. Aleksandr döyüş yerini seçməkdə
də xüsusi məharət göstərir, heç vaxt səhvə
yol vermirdi. Lakin o, şəxsi qüsurlardan da xali deyildi.
Dostlarından, ətrafındakılardan şübhələnmək
onun həyatına zəhər qatırdı. Şübhələndiyi
adamları, gümanına hansısa bir əsasın
olub-olmadığını nəzərə almadan, aradan
götürməyə cəhd edirdi. Onun hiddətlənməsi
bəzən qan axıtmaqla nəticələnirdi. Dostu Klitin,
atasının etibarlı silahdaşı və
özünün qabiliyyətli sərkərdəsi Parmenionun və
onun oğlunun öldürülməsi, Aleksandrın
haqsızlığından, bəzən qəddarlığa
qurşanmasından xəbər verirdi. Onların ruhu yəqin
ki, Aleksandrı lənətlənməmiş ötüşməmişdi.
Ona görə də özünün olduqca vaxtsız
ölümündən sonra, nəsli də birdəfəlik kəsildi.
Makedoniya çarı Kassandr onun qəddarlığına
özünün nankor və
daha iyrənc qəddarlığı ilə cavab verdi.
Lakin tarix, görünməmiş qələbələrinə
görə Böyük Aleksandrı yaşadır və bəşəriyyət
gələcəkdə də heç vaxt bu hərb dahisini
yaddan çıxarmayacaqdır. Onun Qərblə Şərqi
birləşdirmək istəyi baş tutmasa da, yəqin ki,
müharibələr erasına nəhayət son qoyulanda,
dünyanı bölən bu iki hissə birləşib, bəşəriyyətin
sarsılmaz bütövlüyünü meydana gətirəcəkdir.
Bəlkə də, bu, həyata keçməsi çətin
olan bir arzudur, lakin qədim tarixdə bu, məhz Aleksandr tərəfindən
həmin ideya irəli sürülmüşdüsə və
ya ona cəhd edilmişdisə, gələcək dünyada da
bir nəfər deyil, çoxları bu ideyanı bərpa edib,
onun reallaşmasına çalışacaqdır.
Aleksandrın nəcib ideyası yenidən yada düşsə,
Feniks quşunun məhv olduqdan sonra, küldən dirilməsi,
boy atmasını xatırlamaq lazım gəlir. Makedoniyalı
Aleksandrın ümumbəşəri xeyirxah istəyi də,
Feniks fenomenini kimi yenidən dünyada yada salınmaqla,
özünün heç şübhəsiz, böyük və
insanlığa fayda verən dəyər olduğunu sübut
edəcəkdir.
Qay Yuli Sezarın macəraları
Qədim Roma tarixini bəzəyən Qay Yuli Sezar
olduqca maraqlı və təzadlı bir həyat
yaşamışdır. O, çox gənc ikən öz
qorxmazlığını nümayiş etdirmiş, sərkərdə
Marinin arvadı olan xalasının dəfnində, Marinin
düşməni, diktator Sulladan çəkinməyərək
nümayişkaranə surətdə iştirak etmişdi.
Optimatların güclü olduğu Romada o, populyarlara
qoşulmuşdu. B.e.ə. 60-cı ildə Pompeylə və
Krassla birgə birinci Triumviratı yaratmışdır. Həmin
vaxt onlar Sezardan güclü idilər, Qney Pompey məşhur sərkərdə
şöhrəti qazanmışdı, Krass isə Romanın ən
varlı adamı idi.
Sezar Qalliyaya prokonsul təyin ediləndə, burada
qanlı müharibələr aparmış, şəhərləri
xaraba qoymuş, tarixçi
Plutarxın yazdığına görə, bir milyon adamın
ölümünə səbəb olmuş və elə həmin
sayda da əsir götürmüşdü. Aleziya
döyüşündəki qələbə onun şöhrətini
daha da böyütmüşdü. Həmin döyüşdə
qall sərkərdəsi Torsinqotoriki əsir
götürmüşdü.
Qalliyada olarkən b.e.ə. 55-ci ildə ilk dəfə
Britaniya adasına ayaq basmışdı. İngiltərənin
"Albion" adı da La-Manşdan baxdıqda ada dumana
bürünməklə süd rəngində
göründüyündən, "ağ" mənasını
verən bu sözdə ifadə olunmuşdu.
B.e.ə. 49-cu ilin yanvarında o, mövcud qanunu pozaraq,
Rubikon çayını keçməklə ordusu ilə
birlikdə Roma ərazisinə daxil olmuşdu. O, bu hərəkətinin
vətəndaş müharibəsinə səbəb
olacağını bildiyindən, məşhur "Alea
jakta" - "Püşk atılmışdır"
sözlərini söyləmişdi. Bu o demək idi ki,
artıq geriyə yol yoxdur, taledən qaçmaq heç də
mümkün deyildir.
Pompey bu xəbəri eşidəndə, onun ordusu
İspaniyada idi və özünün
gücsüzlüyünə əmin olduğuna görə,
Yunanıstana qaçdı və Sezar heç bir müqavimətlə
rastlaşmadan Romaya girdi. O, boş qalmış hakimiyyəti
öz üzərinə götürdü, Senat da Pompeylə
birlikdə Romanı tərk etmişdi.
Sezar Pompeyi məhv etmək üçün
Yunanıstana gedib, b.e.ə 48-ci ildə Farsal
döyüşündə onu məğlub etdi və Misirə
qaçan Pompey Aleksandriya
yaxınlığında qətlə yetirilmişdi.
Sezar Alekskandriyaya gələndə, burada müqavimətlə
qarşılandı. Lakin şəhərdə yanğın
törətməklə, döyüşdə qalib gəldi.
Qardaşı XIII Ptolomey tərəfindən hakimiyyətdən
qovulmuş Kleopatranı Sezar çariçalığa bərpa
etdi və onun məşuquna çevrildi. Onların
yaxınlığından Sezarın Sezarion adlandırılan
oğlu dünyaya gəldi.
Lakin Sezar əldə etdikləri, ömürlük
diktator təyin edilməsi ilə də razılaşmayıb,
çar olmaq istədi. Çar ölkəni Senata ehtiyac
olmadan təkbaşına idarə edəcək, ona heç
bir müxalifət mövcud olmayacaqdı. Bu respublika
quruluşunun məhv olması demək idi.
Respublika tərəfdarları Sezarın bu niyyətinin
baş tutmaması üçün ona sui-qəsd təşkil
etdilər. Sezar isə hətta falçının onu xəbərdar
etməsinə də əhəmiyyət verməyib, Senata
yollandı və Pompey kuriyasına girən kimi sui-qəsdçilər
onu əhatə etdi və Kassi onun boynuna ilk zərbəni
vurdu. Sui-qəsdçilərdən heç kəs kənarda
qala bilməzdi, ona 23 xəncər yarası vuruldu,
axırıncı zərbəni onun qasığına
oğlu kimi sevdiyi Mark Yuni Brut vurdu və Sezar onun zərbəsinə
inanmaq istəməyərək "Et tu, Brut" - "Səndəmi,
Brut" nidasını qışqırmışdı. Bu
hadisə b.e.ə. 44-cü ilin 15 martında, romalıların
adlandırdığı idi günündə baş
vermişdi.
Sezarın ölümündən sonra sui-qəsdçilər
Yunanıstana qaçdılar. Sezar tərəfdarları
döyüşdə onları məğlub edəndə,
çoxu öldürüldü. Qısa müddətdən
sonra Sezarın qatillərindən heç biri sağ
qalmadı.
Oktaviandan, Lepiddən və Antonidən ibarət ikinci
Triumvirat yarandı və Romanı artıq onlar idarə edirdilər.
Bölgü əsasında Qərbin idarəçiliyi
Oktaviana, Şərqinki isə Mark Antoniyə keçdi. Mark
Antoni Misir çariçası Kleopatraya vuruldu, arvadı
öldüyündən Romaya qayıdıb, Oktavianın
bacısı Oktavia ilə evləndi. Lakin sonra onu
boşadı, yenə də Kleopatranın yanına
döndü. Oktavian bunu şəxsi təhqir kimi
qarşıladı. Həm də Romaya məxsus olan Şərq
torpaqlarını Antoni Kleopatraya
bağışlayırdı. Onların həm də ekiz
övladları - oğlu və qızı olmuşdu. Oktavianla
Antoni arasındakı təbliğat müharibəsi isə səngimək
bilmirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025. -3 may(№76).- S.22.