Qadın dedi-qodusunun
yıxdığı taxt
Ötən həftə yolumu Fatehdə yerləşən
Yeddiqala zindanlarından saldım. Uzun müddətdir
planlaşdırırdım. Açığı, xeyli
müddətdir gözləmədə idim. Qalaya təşkil
edilən gecə ziyarətləri üçün qeydiyyatdan
keçmək lazım idi. Ancaq iki aydır bu fürsəti əlimdən
qaçırırdım. Çünki Fateh Bələdiyyəsinin
rəsmi səhifəsindəki qeydiyat açılan kimi yerlər
saniyələr içində dolurdu. Göz qırpmağa
heç macal tapmırdın. Axırda gördüm ki, bu
şəkildə gözləsəm, gözümün
kökü saralacaq. Nəhayət, gündüz vaxtı getməyə
qərar verdim. Abidə möhtəşəmdir. Əzəməti
qarşısında donub qalırsan. Bura əvvəllər
gödüyüm heç bir yerə bənzəmir. Fərqli
memarlıq, tamamilə özünəməxsus, təkrarı
olmayacaq şəkildə inşa edilib. Ancaq içərisi
xeyli ürküdücüdür. Hələ bir az da hekayəsinə
bələdsənsə, insanın ürəyini daha çox
çırpındırır.
Ona görə də, gecə ziyarətini təsəvvür
eləmək istəmirəm. Diqqətimi çəkən bir
başqa məsələ də var: abidəni elə təqdim
edirlər ki, sanki buranın tarixi 1458-ci ildən
başlayır. Halbuki daşlara, divarlara, memarlıq
üslubuna baxanda açıq-aydın görünür ki,
yaşı azı 1000, 1500 ildən artıqdır. Həqiqət
isə budur ki, abidənin təməlini qoyan Roma İmperatoru
I Teodasius olub. İlk qala da Qızıl Qapı
adlandırılıb. Teodasiusdan sonra taxta keçən
oğlu atasından qalan bu əsrarəngiz memarlıq abidəsinə
3 qala əlavə etdirir, bütün qalaları hasarlarla əhatələyərək
birləşdirir. Təməlinin atıldığı tarix dəqiq
bilinmir, bəzi mənbələr 390-cı il yazır, bəziləri
412-450 deyir. Ancaq dəqiq olan odur ki, bura V əsrdə inşa
edilib.
Fateh Sultan Mehmet isə Konstantinopolu fəth etdikdən
sonra bura bir neçə il zindan kimi fəaliyyət göstərir.
Lakin 1458-ci ildə Sultan buraya Top, Kitabələr, daha sonra III
Əhməd adlandırılacaq üç qala əlavə edərək
yeddi qalanı tamamlayır. Qalalar arasında məsafələrə
divarlar hördürərək yeddisini də eyni hasarın
içində toplayır. Beləliklə, Bizans və
Osmanlı dönəmlərinin memarlığı birləşərək
bu cür şah əsərin ərsəyə gəlməyinə
səbəb olur. Elə həmin vaxtdan başlayaraq I Abdulhəmid
dönəminə qədər dövlətin xəzinəsi
burada qorunur.
Osmanlının ən qaranlıq səhifəsi
Yeddiqala Zindanları İstanbulun ən qaranlıq və
ürküdücü hekayələrindən biridir. Bu
zindanlarda baş verən hadisələr həm tarixi faktlarla
isbat olunub, həm də xalq arasında gəzən əfsanələrdən
ibarətdir. Yeddiqala xüsusilə Osmanlı dönəmində
savaş əsirlərinin, siyasi məhkumların və
dövlət adamlarının həbs edildiyi yer olaraq istifadə
edilib. Burada işgəncə, aclıq, xəstəlik kimi
çətin şərtlər altında yaşayan bir
çox insan həyatını itirib. Trabzon Rum
imperatorluğunun son imperatoru David Kamnenos və oğulları
kimi əhəmiyyətli şəxslər bu zindanlarda
ölüblər. Son Abbasi xəlifəsi IV Mütəvəkkil,
Kırım xanı Mehmet Giray burada işgəncələrə
məruz qalıblar. Gənc Osman adıyla tanınan Osmanlı
padşahı vəhşicəsinə
öldürülür. Bəzi tarixçilər insanların
qəzəbinə gəlməmək üçün bu
mövzuda ehtiyatlı danışırlar. Ümumiyyətlə,
bu qalaların içi həddən artıq qaranlıqdır.
Hətta deyərdim ki, zülmətdir. İnsanı içəridə
gəzərkən vahimə bürüyür, çöldən
və yuxarıdan seyr edərkən heyranlıq duyur.
Yeniçəri, yoxsa başa bəla?
Madam ki, mövzü Gənc Osmandan düşdü, elə
onunla da davam edək. Osman qardaş qətli fərmanını
ləğv etdirən, Sultan I Əhmədin oğlu idi. Sultan
Əhmədin erkən yaşda ölümündən sonra
taxta, ata bir, ana ayrı olan, öldürülmək qorxusu ilə
yaşayan, buna görə də dəli olan qardaşı I
Mustafa gətirilir. Dövlətin başında 96 gün
qalır. Çünki imperatorluğu idarə edə biləcək
vəziyyətdə olmur. Hətta övladları olsun deyə
otağına göndərilən cariyələrdən ya
qaçıb gizlənir, ya da onları boğub
öldürür. Məsələnin qəliz olduğunu
görən dövlət adamları onu taxtdan endirirlər və
yerinə Sultan Əhmədin oğlu II Osman gətirilir. Osman
taxta çıxanda cəmi 14 yaşı vardı.
Açığı, yaşına rəğmən, bu qədər
zəki, ağıllı olduğunu Yeddiqala zindalarını
ziyarət edərkən öyrəndim. Daha əvvəl beynimdə
yeniçərilər tərəfindən öldürülən
padşah kimi qalmışdı. Dərindən öyrənmək
ehtiyacı da hiss etməmişdim. Yeniçərilərə
gəldikdə isə... onların nə cür qəddar, vəhşi,
hətta Sultanların belə öhdəsindən gəlməkdə
çətinlik çəkəcək qədər
gözüdönmüş olduqları sirr deyil. Ancaq
sultanı öldürəcək cəsarətə gəlib
çatmaqları yəqin ki, ən uc nöqtədir.
Arvad dedi-qodusunun qurbanı olan Sultan
II Osman taxta oturanda ilk işi ondan öncə I
Mustafanı 93 günlük də olsa hakimiyyətə gəlməyinə
səbəb olan sadrazam Damad Xəlil Paşanı
öldürülməyinə fərman verir, ardınca Hotin səfərinə
gedərkən Sultan Əhmədin Kösəm Sultandan olan
oğlu, yəni qardaşı Şahzadə Mehmedi
öldürtdürür. Bu vəziyyət xalqı hüzursuz
edir. Ortalıq qarışıqkən Şeyxülislamın
qızıyla evlənir. Bu vaxt dövlət içində aparacağı
yeni islahatlardan xəbər tutan Aqilə Sultan bu haqda orda-burda
danışmağa, dedi-qoduya başlayır. Görəcəyi
işlər isə Osmanlının dönüm nöqtəsi
sayılacaq, tarixin yönünü dəyişəcək qərarlar
olur.
Həmin məsələlərdən birincisi, artıq zəbtolunmaz və hər
gün dövlətin başına bir iş açan
yeniçəri və sipahi ocaqlarının ortadan
qaldırılmağı olur. Məqsədi onların yerinə
Anadolu, Suriya, Misir türklərindən ibarət ordu qurmaq idi.
İkinci məsələ; tərkibi sonradan dönmə,
devşirmə deyilən şəxslərin dolu olan dövlət
mexanizmini dəyişdirmək, yerlərinə Türk millətindən
olanları gətirmək idi. Üçüncü məsələ;
İmperatorluğun paytaxtını İstanbuldan Türk şəhərinə,
böyük ehtimalla, Bursaya köçürmək idi.
Dördüncü məsələ; Elmiyə institutunun
dövlətə zərər verməsi, iqtisadi və siyasi
güclərini qırıb dövlət üzərində
olan təsirlərini yox etmək idi. Beşinci məsələ;
saray ənənələrini dəyişdirərək
artıq padşah və yaxınlarının devşirmələrlə
ailə qurmaq yerinə, Türk ailələrinin qızları
ilə evlənməyini qanuniləşdirmək idi.
Altıncı məsələ; geyimlərdə dəyişiklik
etmək, kaftan xalatlardan və iri əmmamələrin yerinə
daha yalın, yığcam libaslar gətirmək idi. Sonuncu məsələ
isə; Fateh Sultan Mehmet və Qanuni Sultan Süleymanın
qanunlarını yeniləmək və imperatorluğu yeni
qaydalarına uyğunlaşdırmaq idi.
Arvadı Aqilə Sultan bütün bu planların
alt-üst olması bir yana qalsın, Sultanın həyatını
məhv edir. Belə ki, Yeniçərilər ordunun yenilənəcəyini
öyrənən kimi üsyana başlayırlar. Üsyan elə
böyüyür ki, tezliklə saraya girməyə müvəffəq
olurlar. Dəli olan I Mustafanı yenidən padşah elan edir,
Sultan II Osmanı da əsir alaraq Yeddiqala zindanlarına
aparırlar. Yolboyu, döyüb, söyürlər. Bir gün
qalada hər cür işgəncə yaşadırlar. Guya onu
öldürmək istəyən yeniçərilər
Padşahın müqavimətini qırmaq üçün
xayalarını əzirlər. Bunun cəfəngiyyat olduğu
aydındır. Həqiqət budur ki, Gənc Osman təcavüzə
məruz qalır. Hətta tarixi araşdırmalar isbat edir ki,
Osman boynu vurularaq öldürülüb. Lakin yeniçərilər
bunu inkar edir, boğularaq öldürüldüyünü
deyirlər. Çünki nə olursa olsun, qanunla xanədan ailəsindən
olan hər kəs yalnız boğularaq öldürülə
bilərdi. Osmanı dəfn edərkən başının bədəni
üstündə olmadığı gerçəkdir. Qatillərdən
biri də həmin vaxt onun qulağını kəsir və I
Mustafanın anasına göndərir. Yeri gəlmişkən,
I Musafa dəli olduğu halda hakimiyyətdə 1 il 3 ay
qalır. Sonra ağlının başında
olmadığına dair fətva verilərək taxtdan
endirilir. Hakimiyyətə Sultan Əhməd və Kösəm
Sultanın oğlu IV Murad gəlir. Qeyd edim ki, II Osmanın vəhşicəsinə
öldürülməsindən sonra Yeniçərlərin
imperatorluq üzərindəki gücləri bir qədər də
möhkəmlənir. II Osman hadisəsi həm Osmanlı
tarixində, həm də Yeddiqala zindanları
üçün ən qanlı səhifə kimi qəbul
edilir. Qalada Osmanın öldürüldüyü yer
işıqlandırma ilə aydınladılır.
Öldürüldüyü yer olduğu kimi saxlanır.
İçəri buz kimidir. Qorxuludur. Divarlar qalındır.
İstədiyin qədər qışqır, bağır, səsin
içəridəki o dağılmayacaq kimi duran sərt
daşlara dəyib yenə də özünə qayıdacaq.
Ona görə də, Sultan Osmanın başına burada nələr
gətirildiyini təsəvvür eləmək elə də
çətin deyil.
Paqan əfsanəsi
Yeddiqala zindanları ilə bağlı digər rəvayət
isə işgəncə görən paqan əsirin lənət
etdiyi yönündədir. Bu əfsanəyə görə, o
vaxt əsirlərin arasında bir nəfər paqan
varmış. Avropa ölkələrindən birinin cəsusu
olduğu yönündə ittiham edilərək burada
ağır işgəncələrə məruz qalır.
Ağrı, acıya dözə bilməyən paqan, ölərkən
dua tərzində sözlər deyir və cəsədi göz
qırpımında əriyib yox olur. Sonradan bu söhbətlər
zindan nəzarətçilərinin ağzında
çıxır və xalq
arasında yayılır. O vaxtdan paqanın buranı lənətlədiyi
deyilir.
İqamətgahdan zindana...
Bizans dönəmində abidənin inşa məqsədi
həm şəhərin müdafiə divarlarının bir
parçası olmağı, həm də iqamətgah kimi
istifadə etmək olub. Qalanın hasarları Mərmərə
dənizindən gələcək hücumların
qarşısını almaq üçün istifadə edilib.
Əcnəbi ölkələrdən gələn əhəmiyyətli
dövlət adamları təntənə ilə
qarşılanır və burada qonaqlayırdılar.
Osmanlı dönəmində isə məhkumların ən
ağır işgəncələrə məruz
qaldığı, ağır şərtlərdə
saxlanılmalarına görə tarixin ən qaranlıq səhifələrində
yer tutur.
Hazırda abidədə 18-ci İstanbul Bienal sərgisi
var. İyun ayına qədər davam edəcək. Təşkilatçı
cümhurbaşqanlığıdır. Qalanın hasarları
daxilində qurulan bu 3 çadırda yüzlərlə əsər
sərgilənir. Əksəriyyəti dini yazılı və
dini motivli tablolardır. Ancaq sərgidən daha çox abidəyə
maraq var. Burada olduğum müddətdə "yüzlərlə
ziyarətçi gördüm" deyə bilmərəm, amma
az da olsa var. Lakin bu say belə bir abidə ilə müqayisədə
bir faiz belə sayılmır. Təkcə insanlar deyil, yerlərin
də layiq olduğu dəyəri görməməyi adamı
düşündürür. İnsanlar dayazlaşdıqca,
tarix daha da dərin görünməyə başlayır.
Fikirləşirsən ki, bir neçə ildən sonra tarix bu
dayazlığın altında yox ola bilər? Yəqin ki, yox.
Çünki insanlar gəlir və gedir, amma Yeddiqalaya bax,
düz 1600 ildir məğrurca dayanıb. Bundan sonra da qalacaq, qapısını
bir insan açmasa belə...
Türkan TURAN
525-ci qəzet .- 2025. -3 may(№76).- S.21.