İnsan Allahın əşrəfidir...
Elçin İsgəndərzadəyə
Günəş qürub edəndə ətraf aləm
zülmətə qərq olur. Həmin an torpağın da, gecənin
içində çırpınan ilğımların da təlaşı
artır. Səhər açılar-açılmaz, günəş
yenə öz şölələrini saçır, təlaş
itir...
Bəzi insanlar da belədir; gözlərinin
qarşısında dağ kimi görünəndə
özünü daim qovğadan uzaq bilirsən. Onların
varlığı səndə daxili rahatlıq yaradır.
Azərbaycan Elmi-Tədqiqat Aerokosmik İnformatika
İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru,
Azərbaycan Texniki Universitetinin professoru, Əməkdar mədəniyyət
işçisi Elçin İsgəndərzadə hər dəfə
rastlaşanda, adını eşidəndə qürur
duyduğumuz simalardandır. O, tanınmış ictimai
xadimdir, bir sıra əlamətdar uğurlara imza atıb, bir
çox nailiyyətlər, titullar müəllifidir. Bir
sözlə, zəngin, dopdolu tərcümeyi-hala malikdir. Həmişə
məqsədinə doğru inamla irəliləyib - bəzən təlaşda bişib,
bəzən "həyəcan gölü"ndə
boğulub, bəzən tikanlı cığırları
yalın ayaqla keçib, bəzən də həyatın soyuq
materiklərində donub, ancaq heç vaxt məyusluq
girdabına düşməyib.
Alim elmin, bütövlükdə cəmiyyətin
aynasıdır. Elçin İsgəndərzadə elmə
uğur bəxş edən alimlərimizdəndir. Onun sevgisinin
əsas cövhəri insana olan sayğısı və diqqətidir.
Onun elm dibçəyində hər zaman tərbiyə, əxlaq
təcəssümlü "çiçəklər"
açıb.
Ədəbi fövqün ən üstün
qatlarında ilham pəriləri olur. Şairlərin səmt
tapdıqları istiqamətlər o pərilərin
işıqları ilə süslənir. Elçin müəllimin
də şair mülkünü o pərilər nura qərq
edib. Onun hikmətamiz həyat, yaşam və tale
paradokslarında bu qaynarlıq real təsəvvürlərdir.
Elçin müəllimin şair dərkində şeir bir
mütləq, duyğu bir mövcudatdır. Biz onun qələm
nümunələrində bu zərrəvi tendensiyanın təqdimatını
görürük.
Elçin İsgəndərzadə
çoxlarının üz tuta biləcəyi insandır. O,
körpəlikdən zəhmət adamı olmaq, istedadla
ucalmaq, şəxsiyyət kimi hörmət qazanmaq amalı ilə
yaşayıb və alim kimi,
insan kimi, şair kimi şöhrət, ehtiram, rəğbət
və sevgi qazanıb. Bu qazancın təməlində zəhmət
durduğu üçün o, qalxdığı zirvələrdən
heç vaxt enməyəcək. Elçin İsgəndərzadə
xoşbəxtdir ki, yaşadığı, təqdir etdiyi
ömür qədər sevilir. Hörmətli ziyalı, dəyərli
alim, şair, publisist, pedaqoq, ən başlıcası, nəcib
insan Elçin İsgəndərzadə dost-həmkar diqqətində
daim bu görkəmdə özünə yer tapıb.
Elçin İsgəndərzadənin timsalında şəstlə,
qürurla deyə bilərik ki, insan sözün həqiqi mənasında
yaranmışların ən kamili, Allahın əşrəfidir...
Hikmət MƏLİKZADƏ
525-ci qəzet .- 2025. -3 may(№76).- S.20.