Hobbin varsa,
zövqün var!
Uşaqlıqdan həmişə bir çox hobbim
olub, yenə də var. Ona görə indi heç bir hobbisi
olmayan insanlar mənə qəribə gəlir. Müxtəlif
səbəblərdən işimizi, həyatımızı
istədiyimiz kimi qura bilməsək də, hamımız
peşəmizin və ətrafımızdakı insanların
bizə yapışdırdığı etiketlərdən
daha artıq potensiala sahibik əslində. Məsələn, sənətçi
olmaq istədiyimiz halda həkim, müəllimliyin xəyalını
qurarkən mühasib, səyyah olmaq istəyərkən aqronom
ola bilərik. Lakin özümüzə bir hobbi seçərkən
həqiqətən daha azad oluruq. Bu yol ilə istədiklərimizi
həyata keçirmək daha rahatdır. Hobbilər sayəsində
özümüzü ifadə etməyin yollarını kəşf
edə bilirik. Bir sözlə, hobbilər insanın strategiya
qurub inkişaf etdirmək, planlı hərəkət etmə,
xırdalıqları görə bilmək, problemlərin həllindəki
hakimiyyətini artırır. Fikir verirsinizsə, bütün
yarışma proqramlarında, işə qəbul CV-lərində
namizədlərə verilən suallar arasında boş
vaxtlarını necə dəyərləndirdiklərinə
dair sual olur mütləq. Bu, bir namizədi tanımaq
üçün verilən ən doğru sualdır, məncə
də. Çünki insanın harada, nə zaman dünyaya gəldiyini,
hansı məktəbi bitirib, hansı peşəni
seçdiyi öz iradəsi xaricində
reallaşdığı üçün o insan haqqında
bütün məlumatları vermir. Amma boş
vaxtlarımızda nə etdiyimiz bizim şəxsi, azad
seçimlərimizdir və insanın boş vaxtlarını
necə keçirdiyi onu tam mənada ifadə edir. Dünyaca məşhur
sahibkarlar və ya şirkət idarəçiləri keyfiyyətli
vaxt keçirə bilmələri üçün
işçilərinə yaratdıqları iş mühitində
yelləncəklər, oyun konsolları, stolüstü tennis,
hovuzlar və ya hobbi otaqları da yerləşdirirlər. Bir
çox aparıcı biznes liderləri də iş həyatındakı
böhranların fürsətə çevrilməsinin
vacibliyini vurğulayırlar. Dünyanın ən gənc
sahibkarlarından biri olan Mark Zukerberq onun şirkətinə
qoşulacaq potensial şəxslərin tərcümeyi-halları
ilə yanaşı, hobbiləri ilə də maraqlanır. O,
hobbiləri və ya xüsusi sahələri olan insanların
digərlərindən çox fərqli perspektivlərə
malik ola biləcəyinə inanır. Hobbi ilə məşğul
olmaq təkcə vaxt keçirmək deyil. Sosial, təhsil və
iş həyatında digər həmkarlarınızdan fərqlənmək
üçün əldə etməli olduğunuz bir fəaliyyətdir.
Maraqlıdır ki, Fransada Fransua Mitteranın hakimiyyəti
illərində (1981-ci ildən) Boş Vaxtları Dəyərləndirmə
Nazirliyi adlı bir qurum yaradılmışdı. Əslində
nazirliyin vəzifələri arasında turizm və idman olsa
da, adının Boş Vaxtları Dəyərləndirmə
Nazirliyi olması ictimaiyyətin diqqətini bu sahəyə
çəkmək üçün bilərək
düşünülmüşdü. Eləcə də
2005-ci ildə Kanadada Boş Zamanları Dəyərləndirmə,
Təhsil və İdman Nazirliyi qurulub. Hobbinin insan həyatına
daha əhəmiyyətli töhfələrindən biri də
insanın özünə inamını artırmaqdır. Yeni
bir məşğuliyyət qazanmaq, yaxud da bir layihəni
tamamlamaq insanın özünə olan inamını gücləndirir.
Birdən artıq hobbinin olması isə fərqli sahələrdə
uğur əldə etmək fürsəti yaratmış olur.
Bu müddət insanların həyatdan məmnuniyyətini
artırır və şəxsi inkişaflarında rol
oynayır. Bəzən insanlara boş vaxtlarını necə
dəyərlədirdiyinə dair sual verəndə "Boş
zamanım olmur", "Mənim hobbim işimdir" kimi
klişe cavablar verirlər. Belə insanlar əsasən öz
işlərini qurub uğur qazanmış insanlar olur. Amma bəzən
insan həyatdan həzz almaq üçün həmin o boş
zamanlarını özü yaratmalıdır.
Şübhəsiz ki, hər kəs öz işində
uğurlu olmaq, yüksəlmək və daha çox qazanmaq,
daha yaxşı yaşamaq istəyir. Rəqabət şərtlərinin
dünənlə müayisədə bu gün daha ağır
olduğu günümüzdə bunu təmin etmək olduqca
çətindir. Çox işləmək lazımdır,
amma uğurlu olmaq üçün təkcə işləmək
yetərli olmur. Həyatını tarazlaşdırmaq
üçün işləmək qədər keyfiyyətli
zaman keçirməyə də ehtiyacımız olduğunu
unuduruq. Yalnız işdən ibarət olan bir həyat
tarazılığın itirildiyi bir həyatdır.
Ağıl və ruh sağlamlığımızı
qorumaq, yaradıcılığımızı canlı tutmaq
və mübarizə edə bilmək üçün iş həyatı
ilə keyfiyyətli zamanı tarazlaşdıra biləcəyimiz
bir həyat yaşamalıyıq. Yuxarıda da qeyd etdiyim kimi,
hobbilərin insan həyatında boş zamanı doldurmaqdan
daha əhəmiyyətli fəaliyəti var. Hər hansı
bir hobbisi olan insanlar daha asan sosiallaşa və ətrafındakı
insanlarla sağlam ünsiyyət yarada bilirlər. Pedaqoji
araşdırmalar da göstərir ki, uşaqların
oyuncaqları ilə vaxt keçirə bilmələri təklik
problemini həll etmək, ən əsası da doyumlu bir həyat
yaşamaq qabiliyyətlərini artırır. Hobbilərin
yetkin insan həyatındakı təsiri oyuncağın
uşağın həyatındakı təsiri ilə eynidir.
Hobbilər bizi özümüzə yetən, tənhalığımıza
qalib gələn doyumlu və yaradıcı bir insana
çevirir.
Təbii ki, hər kəsin xüsusi bir qabiliyyəti
yoxdur. Ancaq hamımızın maraqlandığı, zövq
ala biləcəyi bir fəaliyyət sahəsi mütləq
vardır. Məcburiyyətdən deyil, öz istəyimizlə
seçdiyimiz bir hobbi sahəsində peşəkarlaşmaq
üçün səy göstərdikcə daha intizamlı
bir həyat yaşamağa başladığımızı
hiss edə bilərik. Bu şəkildə həyatımızın
bütün sahələrində hədəflərimizə
sarı daha qərarlı şəkildə
addımlamış olarıq. Rəsm çəkərək,
rəqs edərək, mahnı oxuyaraq, əl işləri ilə
məşğul olaraq əslində fərqli sahələrdə
uğurlu olmağın həzzini yaşaya bilərik.
İnsan qəribə varlıqdır. Həzz
aldığı bir məşğuliyyət
tapdığı zaman özünü itirənə qədər
onunla məşğul olmaq istəyir. Bəzilərimiz bu
mövzuda xüsusilə şanslıyıq. Bəzi insanlar
hobbi olaraq başladıqları sahədə peşəkarlaşaraq
onu işə çevirməyi bacarırlar. Sevdiyi, həzz
aldığı işlə məşğul olmaq insanın
xoşbəxtlik hormonlarını tətikləyir və beləcə,
hobbi fərdin həyat tərzinə çevirilmiş olur. Bir
çox insan "mən yaradıcı deyiləm" kimi xətalı
qənaətə sahibdir. Təbii ki, hamı möhtəşəm
şeirlər yazmaq, rəsmlər çəkmək və ya
gözəl səslə mahnı oxumaq məcburiyyətində
deyil. Ümumilikdə yaradıcılıq "möhtəşəm"
olmaq deməkdirmi? Qətiyyən! Özünüzü ifadə
edə bilmək, ətrafınızdakıların
ittihamlarına ilişib qalmadan yeni bir şey yaratmaqdan həzz
almaq da bir yaradıcılıqdır. Yaradıcı hobbilər
üçün ruhun qidası demək yanlış olmaz.
2024-cü ildə İsveçrədə nəşr olunan
"Frontiers in Psychology" ("Psixologiyanın sərhədləri")
adlı elmi jurnaldakı bir məqalədə yaradıcı
hobbilərlə məşğul olan insanların həyatdan
daha çox zövq aldığı, xoşbəxtlik hissinin
daha yüksək olduğu bildirilir. Bunlardan bir neçə
örnək verilib. Bu örnəklər belə
sıralanır:
Gündəlik yazmaq və yaradıcı yazarlıq -
düşüncələrimizi kağıza tökərək
inanılmaz bir rahatlıq əldə etmiş ola bilərik.
Şah əsər yazmaq məcburiyyətində deyilik. Hisslərimizi,
xəyallarımızı və
yaşadıqlarımızı yazaraq möhtəşəm
bir yenilənmə hissinə sahib ola bilərik.
Mətbəxt işləri -
yaradıcılığın ifadəsi üçün ən
geniş sahələrdən biri hesab olunur. Yeni reseptlər təcrübə
edərək, tort bəzəyərək öz ləzzətlərimizi
qataraq ortaya çıxartdığımız yeməklər
yalnız qarnımız deyil, ruhumuzu da doyurmuş olur.
Əl işləri ilə məşğul olmaq -
ritmik və rahatlıq təmin etdiyi üçün əl
işləri mükəmməl bir hobbi seçimi ola bilər.
Müəyyən bir yaşdan sonra məna
axtarışında, özünü tapmaq səyində
şanslı olan insanlar var. Bir işi görərkən ona dəyər
verir, məna yükləyir və gördüyü işi həyatın
məqsədinə çevirir. Bu insanlar əsasən işlərini
inanılmaz sevgi ilə görən insanlardır.
Uzun sözün qısası, əgər həzz
aldığınız və bacardığınız bir
hobbi kəşf etsəniz, öz sərhədlərinizi, nəyi
daha yaxşı edə bildiyinizi də görə bilərsiniz.
İntizamlı şəkildə hobbiyə vaxt ayırmaq və
onu inkişaf etdirməklə zamanımızı daha
yaxşı idarə etmiş olarıq.
Günel MUSA
525-ci qəzet .- 2025. -3 may(№76).- S.20.