Gənc müğənni
Dilarə Mahmudova: "Musiqi mənim üçün həyatın
özü, nəfəs aldığım dünyadır"
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında
oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc,
bir səs, bir hekayə, bir ümid... Çünki istedad
eşidilməyə layiqdir. Bu rubrika istedadın
ünvanıdır.
Gənc, istedadlı və fərqli… Musiqi
dünyasında bu üç xüsusiyyətə sahib olmaq,
həm də onları ahənglə birləşdirmək hər
kəsə nəsib olmur. Amma müsahibim - gənc müğənni
Dilarə Mahmudova bu nəsibin içindədir. O, musiqi yoluna
Azərbaycanda qədəm qoydu, burada ilk səhnə təcrübələrini
yaşadı, daha sonra isə İtaliyanın Milan şəhərində
musiqi təhsilini davam etdirərək sənətini Avropa məktəbi
ilə cilaladı:
"Bülbül adına orta musiqi məktəbini
bitirmişəm. Üzeyir Hacıbəyov adına Bakı
Musiqi Akademiyasında fortepiano üzrə təhsil
almışam. Təhsilimi başa vurduqdan sonra bir müddət
Bakıda incəsənət sferasının müxtəlif
sahələrində işlədim. Hər zaman musiqi təhsilimin
ən yüksək pilləsində olmağımı
arzulayırdım. Tanrı arzumu eşitdi və 2016-cı ildə
İtaliyanın Milan şəhərinə gedərək
musiqi təhsilimi orada daha yüksək səviyyədə
davam etdirmək şansı qazandım. Beləliklə, təhsilimi
Music Art Shou Universitetində aldım. Ən parlaq və ən
çox təcrübə topladığım dövr məhz
həmin illərdən başladı. Biz orada rəqsləri,
səhnə danışığını, düzgün oxu
qaydalarını dərindən öyrəndik. Daha sonra
estrada-vokal təhsili almağa qərar verdim. Beləcə,
Milanda ikinci təhsilimi Nuova Accademia di Musica Moderna Universitetində
davam etdirdim.
Mən Azərbaycanda klassik təhsil
almışdım. Orada isə estrada-vokal və müzikl təhsili
aldım. Təəssüf ki, bizdə hələ müzikl təhsili
yoxdur. İtaliyada musiqi təhsili bizdən tamamilə fərqlənir.
O universitetlərdə bizə təkcə ifanı deyil,
hansı musiqiyə qulaq asmağı da öyrədirlər.
Bu, bir ifaçı üçün çox vacib amildir.
Dövrümüzün ən çox tələb olunan və
aktual məsələsi efirlərdə və sosial şəbəkələrdə
səslənən qeyri-peşəkar musiqilərdir ki,
tamaşaçıları narazı salır. Səbəb də
məhz həmin ifaçıların düzgün və əsl
peşəkar musiqiləri dinləyərək şəxsi
zövqlərini formalaşdırmamalarıdır. Şükürlər
olsun ki, bu sahədə İtaliyada təhsil aldığım
dövrdə zəngin bilik və təcrübə
qazandım.Təxminən iki il öncə Azərbaycana
qayıtdım və fəaliyyətimi, təhsilimi burada davam
etdirirəm".
Dilarə Mahmudova musiqiyə uşaqlıqdan
vurğundur. Onun üçün musiqi təkcə sənət
deyil, eyni zamanda həyat tərzidir. Dilarənin
dünyasında musiqisiz bir gün belə təsəvvür
edilmir. Məşhur bəstəkar, Əməkdar artist
Gövhər Həsənzadə ilə onu birləşdirən
əsas məqamlardan biri də məhz bu tükənməz
musiqi sevgisidir. Bu sevgi onları sənətdə və
düşüncədə ortaq bir platformada birləşdirir:
"Musiqi mənim üçün sadəcə bir sənət
deyil - o, həyatın özü, nəfəs
aldığım bir dünyadır. Düşünürəm
ki, özümü ən yaxşı musiqi ilə ifadə edə
bilirəm. Gənclərin ruhunu oxuyan və onlara çox
qayğıkeşliklə yanaşan insan, beynəlxalq arenada
peşəkarlıqla sözünü söyləmiş bəstəkarımız
Gövhər xanım Həsənzadə ilə
tanışlığımız çoxdan başlasa da,
yaradıcı əməkdaşlığımız yeni
qurulub. O, əvvəlcə səsimi və potensialımı
dinlədi, məni hiss etdi və inandı. Elə bundan sonra mənə
sözləri və musiqisi özünə aid "Səni
axtarıram" adlı ilk mahnısını təqdim etdi.
Bu mahnının ifası zamanı Gövhər xanımın
mənə dediyi tək bir söz yaddaşıma həkk
olundu: "Ürəklə oxu". O deyirdi ki, mahnını
dinləyərkən nə hiss edirsənsə, onu da səsində
əks etdir - yəni səslə duyğunu birləşdir".
Tam da mənim illərlə aldığım təhsilin tələbini
eşitdim. Və anladım ki, məni kəşf edən insan
və illərlə mənimsədiyim bilik və təcrübəmi
məndən təhvil alan pedaqoqum məhz Gövhər
xanımdır. Çox həvəslə və güvənlə
solo fəaliyyətimə başladım".
İtalyan lirikasının incə ruhu, klassik vokal məktəbinin
ciddi intizamı və Azərbaycan musiqisinin duyğusal dərinliyi
- bu üç istiqamətin vəhdəti onun səsində,
ifa tərzində hiss olunur. Dilarə lirikanı daha çox
sevir, çünki söz və musiqi arasında yaranan incə
tarazlıq ona daxili azadlıq verir. O, sadəcə oxumur, həm
də danışır - musiqinin dili ilə, səmimi və tərtəmiz
bir ifadə ilə:
"Mahnılar var ki, sadəcə rəqs etmək,
mahnılar da var, düşünmək, hiss etmək, iç
dünyana toxunmaq üçündür. Bu mahnını isə
hiss etmək lazımdır. Doğrudur, ritmik mahnıları
da sevirəm, amma düşünürəm ki, lirik
mahnılar mənim ifamda daha təsirli və fərqli
alınır. Çünki özüm də lirikanı daha
çox sevirəm, bu musiqi məni daha yaxşı ifadə
edir. İnşallah ki, mənim zənnimcə, dünyanın ən
peşəkar və tələbkar dinləyicisi sayılan Azərbaycan
tamaşaçısı ifamı müsbət dəyərləndirər.
Əgər bu xoşbəxtlik mənə nəsib olsa, o zaman
ifa etdiyim mahnılarımı remiks edərək gələcəkdə
ritmik formatda da ifa edə bilərəm".
İtaliyada qazandığı bilik və təcrübəni
Azərbaycanda daha yüksək səviyyədə dəyərləndirə
bilməsi üçün yaranacaq şəraiti səbirsizliklə
gözləyən Dilarə Mahmudovadan ötrü musiqi sadəcə
lokal sərhədlərlə məhdudlaşan sənət
deyil. O, musiqiçinin inkişafında beynəlxalq təcrübənin
vacib rol oynadığını düşünür. Fərqli
ölkələrdə səhnəyə çıxmaq,
müxtəlif musiqi məktəbləri və sənət
mühitləri ilə tanış olmaq, sənətçiyə
həm peşəkar baxışını genişləndirmək,
həm də öz milli kimliyini daha dərindən dərk etmək
imkanı verir. Dilarə bu təcrübəni bir körpü
kimi görür - dünya musiqisinin zənginliyindən öyrənərək,
onu Azərbaycan səhnəsinə yeni nəfəs kimi gətirmək
niyyətindədir:
"Kaş o dönəm və şərait
yaransın. Çox xoşbəxt olaram. Bütün texniki və
elmi biliklərimi bölüşməyə və
paylaşmağa hazıram.
Fikrimcə, gənc ifaçılar üçün
beynəlxalq təcrübə son dərəcə vacibdir.
Əgər sən musiqi ilə dərindən və peşəkar
şəkildə məşğul olmaq istəyirsənsə,
təkcə istedad kifayət etmir - bu yolda həm ciddi təhsil,
həm də müxtəlif musiqi mühitlərində
qazandığın təcrübə böyük rol
oynayır. Mən hər zaman vətənimin dərin fəlsəfi
və gözəl musiqisini, mədəniyyətini təbliğ
etməyi özümə borc və şərəf bilmişəm.
Belə ki, bir çox beynəlxalq tədbir və layihələrdə
Azərbaycanımızı təmsil etmək etimadına layiq
görülmüşəm.
Xüsusilə qeyd etmək istəyirəm ki, qoy
bütün gənclərimiz bilsinlər: sənətdə ən
yüksək pillə məhz dünyaya
çıxışdır. Ən qürurlu və məsuliyyətli
səhnə isə beynəlxalq arenada vətənini təmsil
etməkdir. Buna görə də peşəkar təhsil və
təcrübə zəruridir. Əlbəttə, istedadlı,
amma rəsmi musiqi təhsili olmayan ifaçılar da var və
onların arasında çox parlaq nümunələr
mövcuddur. Lakin musiqidən nəzəri və texniki
baxımdan xəbərsiz olmaq uzunmüddətli
inkişafı əngəlləyə bilər. Bir müddət
sonra sənətdə tükənmə baş verə bilər
və ifaçı özünü yeniləmək əvəzinə,
eyni üslubu təkrar etməyə başlayar. Peşəkar
təhsil və beynəlxalq təcrübə isə sənətçiyə
həm musiqi dünyasını daha geniş perspektivdən
görmək, həm də özünü daim inkişaf
etdirmək imkanı verir. Məncə, bu, gənc sənətçinin
gələcəyini müəyyən edən əsas
faktorlardan biridir.
Azərbaycan musiqisinin təməli olan və incəsənətimizin
onurğa sütunu muğamımız öz silinməz
möhürünü dünya mədəni tarixinə vurub.
Bütün başqa musiqi janrlarımız bu sütun üzərində
yaranır və yaradılır. Mən də bu sistemə
qoşularaq layiqli musiqi daşıyıcılarından olmaq
niyyətindəyəm. Yəni hansı janrda ifa etməyimdən
asılı olmayaraq, milli kadr olmaq mənimçün
dünyada individual və seçilən biri olmaq deməkdir
artıq.
Düşünürəm ki, musiqi təkcə səs
və melodiya deyil - o, həm də sözün
daşıdığı mənadır. Mən musiqi ilə
yanaşı, mətnə, yəni mahnının sözlərinə
də böyük önəm verirəm. Təəssüf ki,
bu gün bəzi ifalarda nə musiqi, nə də mətn istənilən
səviyyədədir. Xüsusilə, sözlər çox
zaman diqqətdən kənarda qalır və bu da mahnının
bütövlüyünü pozur. Mən isə hesab edirəm
ki, musiqi və söz bir-birini tamamlamalı, dinləyicidə
həm emosional, həm də estetik təsir yaratmalıdır.
Repertuar seçərkən də ilk növbədə bu
uyğunluğa diqqət yetirirəm və gələcəkdə
də bu prinsipə sadiq qalacağam. Çünki musiqi
yalnız eşidilməli deyil - o, həm də hiss
olunmalı, düşündürməlidir. Mən də Azərbaycan
səhnəsində məhz bu yanaşmanı gücləndirməyə
çalışacağam".
Sonda...
Dilarə Mahmudova ilə söhbətimiz bir daha
göstərdi ki, istedad təkcə səsdə deyil,
düşüncədə, yanaşmada və musiqiyə olan
münasibətdə gizlidir. O, səhnəyə sadəcə
ifa etmək üçün yox, hiss etdiklərini ötürmək,
dinləyicinin qəlbinə yol tapmaq üçün gəlir.
İtaliyada qazandığı bilik və təcrübə
onun sənətinə yeni nəfəs, fərqli baxış
qatıb. İndi isə o, bu nəfəsi Azərbaycan musiqi
mühitinə daşımaq üçün qayıdıb. Gənc,
duyğulu və məqsədli bir səsin yolunu izləməyə
dəyər - çünki bu yol səmimiyyətdən
keçir, lirikanın içindən keçir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025. -3 may(№76).- S.17.