Son görüşə
gedilməli...
Esse
Sevgilisi rəfiqəmi atıb. Bir gün eləcə
yoxa çıxıb. Xəbərsiz... Nə "sağ
ol" deyib, nə də niyə getdiyini.
Məlum məsələdir, rəfiqəmin halı
yaxşı deyil. Onu ən çox incidən isə neçə
il davam edən münasibətə xatir söylənməyən
bir əlvidadır.
Sən demə, baş tutmayan son görüş
insanı bu qədər yaralaya bilərmiş. Rəfiqəmin
halını görəndə Yusif Səmədoğlunun
"Soyuq daş"ını xatırladım.
Ayrılığın nə demək olduğunu ilk dəfə
məhz o əhvalatın ağrısında dərk eləmişdim.
Səmədoğlu bu hekayədə nə vaxtsa
bir-birini sevən iki gəncin son görüşündən
danışır. Deməli, ayrılmaq istəyən qız
niyyətini oğlana deməkdən çəkinir. Oğlan
da özünü o yerə qoymur, hələ də
ümidlidir:
"... - Niyə oturmusan? - deyə oğlan təzə
papiros çıxarıb yandırır. Kibritin zəif
işığı altında daş bircə anlığa parıldayır.
Sanki bu soyuq parıltı oğlandan soruşur ki, qızın
yeri niyə boşdur? Oğlan qıza baxır. - Gəl əyləş.
Qız cavab verir:
- Daş soyuqdur.
Oğlan fikirləşir ki, əvvələr qız
saatlarla daşın üstündə oturub başını
onun çiyninə söykərdi. Deyərdi ki, bu, bizim
daşımızdır".
Oğlan anlamır nə baş verdiyini. Uzun söhbətdən
sonra yenidən qıza oturmaq təklif edəndə qız yenə
eyni şeyi deyir daş soyuqdur.
"Oğlan yalnız indi hiss edir ki, doğrudan da,
daş soyuqdur. Bu soyuqluqdan onun bədəni od tutub
yanır".
İmtina edilməyin ağrısını necə də
gözəl təsvir edir Səmədoğlu.
Hərə o daşın soyuğunu bir cür hiss
edir. Əvvəlcə üşüyürsən,
yaralarının yerini tanıyırsan, ağrıyırsan və
gec-tez sağalırsan. Bunun üçün isə əvvəlcə
o yaranı deşəcək cəsarəti özündə
tapmalısan. O daşda oturmasan belə, son görüşə
getməyi bacarmalısan, məsələn.
Son görüş... Məlum məsələdir, ilki
qədər gözəl olmur sonuncusu.
Deyir, bu dövrün insanı bəzən əziyyət
çəkib "Sağ ol" da demir. Yazmır, zəng
etmir və beləcə bitir hər şey...
Halbuki son görüşlər sevginin son imtahanı,
hisslərin yekun hesabatıdır. Nə vaxtsa sevgi adı verilən
münasibətlər gözəl vidalara layiqdir. Ən azı
yaşananların xətrinə.
Son görüşə getmək lazımdır, həm
də son olduğunu bilə-bilə.
Niyə alınmadı?
Mütləq ki, ayrılıqdan sonra bu sualı bir dəfə
də olsa, özünüzə vermisiniz. Hərənin öz
arşını ilə ölçdüyü
doğruları cavab olub, yaxud da təsəlli. Ancaq bitən iki
nəfərin hekayəsidirsə, deməli, bu sualın
cavabı da bir tərəfdə ola bilməz.
Deyirlər, münasibətdə təkcə
qarşısındakını yox, həm də
özünü tanıyırsan. Çünki insanın
şəxsinə aid təsəvvürləri həmişə
doğru olmur. Bəzi şeylər yalnız təcrübənin
işığında üzə çıxır.
Yanlış təcrübələr isə bizim
özümüzə dair düşüncələrimizə
yön verir. Xüsusilə də, insan münasibətlərindən
söhbət gedirsə, ikiqat diqqətli olmaq lazımdır.
Bitirdiyimiz münasibətlər təkcə gözəl xatirələrlə
yadda qalmır, bizi yaralayan hadisələr də sınağımız
olur. Yaşadıqlarımızı düzgün qiymətləndirmək
vacibdir. Söhbət hisslərdən gedirsə, bu, bir qədər
çətin məsələdir. Ancaq yenə də ediləsi
nəsə var. Məndə nə çatmırdı
sualını cəsarətlə verib, qarşındakına
onda nəyin çatmadığını izah edəcək qədər
ürəkli olmaq lazımdır.
Nə qədər ağrılı olsa da, bu haqq-hesab
təkbaşına cavab axtarmaqdan daha yaxşıdır.
Arxasında neçə-neçə cavabsız sual
qoyub gedənlər... Onlar daha çox incidir axı.
Əlavə şərhə ehtiyacı olmayan
ayrılıqlar da var. Heç bir səbəb yoxdur, sadəcə
bir gün anlayırsan ki, yanındakı adam o adam deyil,
qarşındakı da bunu anlayır, beləcə yolları
ayırırsınız. Bu cür vidalar çox yaralamır
adamı...
Ən çətini isə sevginin bitmədiyi
münasibətləri bitirməkdir. Marsel deyir ki, iki insan
ayrılanda hansı tərəf daha şəfqətli
danışırsa, deməli, ən az o sevib.
Həqiqət payı böyükdür.
Çünki kim sevirsə, ayrılarkən
ağrıyır, ağrıdığı qədər də
ağrıtmaq istəyir. Ancaq olsun. Bunun özü də bir təsəllidir.
Son sözü mütləq demək lazımdır, əks
halda sözə çevrilməyən ağrılar daş
olub asılır adamın boynundan.
Deyiləsi söz qalmayıbsa, yenə də son
görüşə gedilməli. Sadəcə gözəl
xatırlanmaq üçün, gözəl xatırlamaq
üçün.
Ramiz Rövşən deyir, axı:
"Bu gün ayrılırıq" deyib gəlmişdin
Bəs niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum, bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm.
Nakam sevgilərin bütün günahları əlvidaların
ayağına yazılmasa kaş.
Bəlkə rəfiqəm son görüşə getsəydi,
o daşın soyuğu onu da üşüdəcəkdi. Bəlkə
də əlvidanı elə özü deyəcəkdi. İstənilən
halda indiki kimi ağrıda bilməzdi onu heç nə. Qəlb
azmış kimi, qürur da qırılanda ağrısına
dözmək olmur. Nə vaxtsa bir-birinə "sevirəm"
deyən adamlar "sağ ol" kəlməsini niyə
çox görür? Axı ayrılmağın da bir mədəniyyəti
var. Son görüşə mütləq gedilməli, heç
deyilsə, ilk görüşün xatrinə...
Aytac SAHƏD
525-ci qəzet .- 2025. -3 may(№76).- S.16.