62-dən 704+9? (9)-a qədər
NADİR ENSİKLOPEDİK SORAQ
ÇOXCİLDLİYİ
HAQQINDA
Riyazi düsturu xatırladan başlıq təsadüfi
seçilməyib. Çünki haqqında danışmaq istədiyim
monumental nəşrin - 10 böyük formatlı cilddən
ibarət "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlılar" ensiklopedik soraq
kitabının iki müəllifindən biri
riyaziyyatçıdır. Həm də sıradan
riyaziyyatçı deyil. Bu sahə üzrə
tanınmış mütəxəssisdir, elmlər doktoru,
professordur, Azərbaycan MEA-nın müxbir üzvüdür.
On ildən çoxdur ki, mühüm elmi-tədqiqat müəssisəsinə
- Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edir. Yəqin
diqqətli oxucular ad çəkilmədən də söhbətin
görkəmli ziyalımız, yalnız öz sahəsində
deyil, ədəbi-ictimai həyatda da fəal mövqeyi ilə
seçilən Misir Mərdanovdan getdiyinin fərqinə
vardılar.
Elm, təhsil, mədəniyyət, bütünlükdə
çağdaş fikir tariximizə ciddi töhfə
sayılacaq əsərin digər müəllifi də yetərincə
tanınan ünlü alim-tədqiqatçıdır. Həqiqi
elmi fədakarlıq və mənbələrə bələdlik
baxımından yalnız şəxsinin araşdıra biləcəyi
mövzulara dair çoxsaylı kitab və məqalələrin
yazarı, 1970-1974-cü illərdə keçmiş ADU-nun
filologiya fakültəsində birgə tələbəlik
dövründən yaxşı tanıdığım və
aşağı-yuxarı yarım əsrdən bəri
ünsiyyət saxladığım filoloq həmkarım,
Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadədir.
Bir qəzet məqaləsi daxilində bütün məziyyətlərini
anlatmaq o qədər də asan olmayan mötəbər "tələbə
ensiklopediyası" ilə bağlı fikir və mülahizələrimin
şərhinə keçməzdən əvvəl
başlığa çıxarılan və yəqin ki, oxuculara qəribə görünəcək
"62-dən 704+9 (9)-a qədər" düsturuna
aydınlıq gətirmək istərdim.
Əslində "qələti-məşhur" olan,
annotasiyada və hər iki müəllifin giriş
sözündə xatırladılan 62 rəqəmi elm və təhsil
tariximizlə az-çox maraqlanan hər kəsə məlumdur.
Amma yenidən yada salmaqda fayda
var.
Deməli, Sovet Azərbaycanın ilk maarif komissarı
Dadaş Bünyadzadə 1921-ci ildə I Şuralar
qurultayındakı çıxışında demişdi ki,
"Bizim Azərbaycanda əsrlər boyu heç bir iş
görülməyib. Bu yaxınlarda biz bütün əhalini
siyahıya aldıqda məlum oldu ki, cəmi 62 nəfər
alitəhsilli müsəlman vardır".
Misir müəllim çoxcildliyin oxucularına
ünvanlandığı "Varmış millətimin xətti
bu imzalar içində!" adlı giriş sözündə
etiraf edir ki, "...bu fikrə şübhə ilə
yanaşırdıq. İnanırdıq ki, arxivlərdə
ciddi araşdırmalar aparılsa, sovet hakimiyyəti qurulana qədər
ali təhsil almış azərbaycanlıların sayı
qat-qat arta bilər".
Tələbə vaxtı eyni rəqəmə təsadüf
edən Ədalət Tahirzadə də sovet təbliğatının
yalanına inanmamışdı. Arxivlərin qapalı,
gerçək tariximizlə bağlı çox mətləblərin
yasaq olduğu bir vaxtda araşdırıb yalnız
açıq mənbələrdən "inqilabdan əvvəl"
ali məktəblərdə oxumuş 147 azərbaycanlının
adını tapmışdı.
Deməli, 62-nin nə olduğunu bildik. 704 rəqəmi
1920-ci il aprel çevrilişinə qədər ali məktəblərdə
oxumuş tələbələrimizin sayıdır. Yəni
adi hesablama aparsaq, onların Dadaş ustanın iddia etdiyi 62 nəfərindən
başqa qalan 642-sinin (yəni 10
dəfə çoxunun!) müəlliflərin səyi nəticəsində
son illərdə aşkara çıxarıldığı bəlli
olar. +9 ? əsər üzərində iş gedərkən
tapılan və sonuncu həmin cildin "Əlavələr"
bölməsinə daxil edilən tələbələrdir.
Sual işarəsi isə gələcək axtarışlar
zamanı onların da sayının artacağı ilə
bağlı gözləntinin ifadəsidir. Mötərizə
içindəki - (9) mütləq əksəriyyətinin elmi
ictimaiyyətə ilk dəfə təqdim olunduğu yeni faktları,
zəngin foto materialı (təxmini hesablamaya görə
onların sayı 1500-dən çoxdur) özündə
ehtiva edən bu möhtəşəm soraq kitablarının
artıq çapdan çıxmış 9 cildinin ümumi həcmi
5144 (!) səhifədir. Yeri gəlmişkən, onlar da
çoxalır. Bu günlərdə çapa göndəriləcək
10-cu cilddə milli mənsubiyyət baxımından azərbaycanlı
olmasalar da, həyat və fəaliyyətləri ölkəmiz,
xüsusən də Azərbaycan Cümhuriyyətinin tarixi ilə sıx bağlı olan
türk-müsəlman əsilli ziyalı və dövlət
xadimləri haqda materiallar toplanıb.
Amma bu da hamısı deyil. Misir Mərdanovun
yazdığına görə, "Bu gün bizə ali məktəblərdə
oxumuş 907 nəfər azərbaycanlının adı bəllidir.
Onların adlarını arxiv sənədlərinə və
digər qaynaqlara əsasən dəqiqləşdirmişik".
Deməli, adı bilinən, amma həyat və fəaliyyətləri
barədə hələlik kifayət qədər məlumat
olmayan daha 203 (bəlkə də daha artıq!) nəfər əhatəli
tədqiqini gözləyir. Başqa sözlə desək,
yaxın illərin araşdırmaları "1920-ci ilədək
ali məktəblərdə oxumuş" gənclərimizin
sayını dördrəqəmli həddə
çatdırmağa imkan verəcək.
Bununla da riyazi hissəni başa çatdırdıq.
Necə deyərlər, "düsturu" açdıq.
İndi də keçək 100-150 il bundan əvvəl Avropa təhsilinin
xalqımız üçün əhəmiyyəti və
faydası məsələsinə. Çətin yolun ilk
yolçularına və çoxdan tələbat duyulan,
yalnız bizim günlərdə işıq üzü görən
bu soraq kitablarının zəruriliyinə...
İşğalçı Rusiya imperiyası ilə
Qacarlar arasında imzalanan 1813-cü il Gülüstan və
1828-ci il Türkmənçay sülh müqavilələrindən
sonra Azərbaycan türkləri əsrlər boyu davam edən ənənəvi
yaşam tərzi ilə həmişəlik vidalaşmalı
oldular. Doğrudur, özü də yarımasiya
imperiyasından fərqlənməyən mütləqiyyət
Rusiyası mədəni inkişaf baxımından hələ
Avropa deyildi. Amma qəsbkar kimi gəldikləri torpağın
həqiqi sahiblərinə - çoxu türk əsilli və Məhəmməd
ümmətinə mənsub milyonlarla insana, ən əsası
isə özlərindən daha qədim tarixə və mədəniyyətə
malik xalqlara təhqiramiz
"inorodets" (yad soylu), "inoverets" (yad dinli),
"dikoe plemya", "dikari" (vəhşi tayfa, vəhşilər)
adlarını vermələri yeni "ağaların"
hakimiyyəti dövründə daha heç nəyin əvvəlki
kimi olmayacağının "müjdəsi" idi. Yəni
günəş altında yer tutmaq, milli
varlığını yaşatmaq üçün əskidəki
kimi qalmaq kifayət etməyəcəkdi. Dünənə qədər
pis-yaxşı qonşuluq edən ermənilər, qismən də
gürcülər artıq xaçpərəst ruslara güvənib
at oynadırdılar. Təhsilli, savadlı olmaları, üstəlik
də, hakimiyyətə yaxınlıqları nəticəsində
hərbi-mülki idarəçilikdə geniş təmsil
olunur, regionun tarix və coğrafiyasını istəklərinə
uyğun dəyişirdilər. Doğma yurda sahib
çıxmaq, N.Nərimanov demişkən, ata-babaların məzarı
olan torpaqlara "Vətən" deyə bilmək
üçün yeniləşmək yeganə yol idi.
Hənifə xanım Həsən bəy Zərdabi
haqqındakı xatirələrində bu mənada çox ibrətamiz
bir məqama diqqəti çəkir: "Həsən bəyin
ilk müəllimi atası Səlim bəy olmuşdu. Uşaq nəslinin
keçmişi və rusların Qafqaza gəlmə tarixi ilə
bağlı söhbətlərə xüsusi maraqla qulaq
asırdı. General Paskeviçin (1827-1831-ci illərdə
Əlahiddə Qafqaz korpusunun baş komandanı və Qafqaz əyalətinin
baş mülki idarəçisi feldmarşal
İ.F.Paskeviç-Erivanski - V.Q.) pişvazına
çıxdıqları zaman əmisi Rəhim bəyin mərasimə
gətirilmiş bir dəstə erməni məktəblisini
göstərib dediyi "Biz burada yaşayacağıq. Amma
yalnız uşaqlarımız bu məktəblilərin
sırasında dayananda bizimlə də hesablaşacaqlar!"
- sözləri yaddaşına həmişəlik həkk
olunmuşdu".
Həsən bəy Məlikov əmisinin
çağırışına birincilər sırasında
səs verərək sanki soydaşlarına da nümunə
göstərmək üçün Moskva Universitetinə daxil
olmuş, 1865-ci ildə oranı namizəd (indiki magistr -V.Q.) dərəcəsi
ilə bitirmişdi. Və bundan sonra ömrünün sonuna qədər
heç vaxt özü üçün
yaşamamışdı. "Zindəganlıq
davasında" (yaşam savaşında) başsız qalan
millətinin yolgöstərəni olmuşdu.
Əlamətdar haldır ki, 1920-ci ilə qədər
çar Rusiyası şəraitində ali məktəblərdə
oxumuş türk-müsəlman gənclərin yalnız
paytaxt Peterburq üzrə yarıdan çoxu azərbaycanlıların
payına düşür. Peterburqla bir sırada Moskva, Kiyev,
Kazan, Odessa, Xarkov, Derpt, Tomsk və b. universitetlər vardı.
Bu ali məktəblərdəki "müsəlman" tələbə
kontingenti də kiçik istisnalarla Volqaboyu və Qafqaz
türklərindən ibarət idi. Ölkəmizdən min
kilometrlərlə uzaqdakı bilik məbədlərinə
üz tutan gənclərin, ən çox da onların
milli ruhlu, təəssübkeş
kəsimi sayəsində Avropa mədəniyyətinin
institutları - teatr, yeni tipli məktəblər, nəşriyyatlar,
mətbuat, siyasi partiyalar, xeyriyyə cəmiyyətləri və
s. imperiyanın digər "müsəlman" bölgələri
ilə müqayisədə Azərbaycan həyatına daha tez
nüfuz etmiş, buradan isə digər türk ellərinə
yayılmağa başlamışdı. Türküstan,
Dağıstan, Şimali Qafqaz, hətta qonşu İran və
Türkiyədə bir sıra mədəni təşəbbüslərin
öncülləri Azərbaycan türkləri olmuşdu. Hətta
Qacarlar dövləti 1909-cu ildə ölkədə əsaslı
hüquqi islahat aparmaq, ədliyyə sistemini yenidən qurmaq məqsədi
ilə Peterburq universitetinin məzunu, tanınmış hüquqşünas
və siyasi xadim Ə.Topçubaşovu Tehrana
köçüb rəsmən nazir (bəzi qaynaqlara görə
baş nazir) vəzifəsini tutmağa dəvət
etmişdi...
Şübhəsiz, bu qəbildən olan
çoxsaylı faktlar tariximizin, yeni milli ziyalı təbəqəsinin
təbliğ edilməyə layiq, qürur doğuran səhifələridir.
Amma on illər boyu məsələ əsasən ideoloji prizma
altında nəzərdən keçirildiyi üçün
milli maraqlar naminə maarifi həyat prinsipinə, mübarizə
vasitəsinə çevirmiş fədakar
soydaşlarıın çoxunun şəxsiyyəti və fəaliyyəti
haqda danışmaq əslində yasaq edilmişdi. Bu
baxımdan ensiklopedik soraq kitabının ən qiymətli məziyyəti
XIX əsrin ikinci yarısı-XX əsrin ilk iki onilliyində
xalqımızın alitəhsilli nümayəndələrinin
elm, tarix, mədəniyyət, maarif, səhiyyə,
ictimai-siyasi həyat, milli idarəçiliklə bağlı
fəaliyyətini naməlumluqdan gün işığına
çıxarmasıdır. Təəssüf ki,
"oxumuşların" hünəri, vətəndaş
qeyrəti müqabilində cəmiyyətin onlara dəyər
verməsi çətin, mürəkkəb prosesə
çevrilmiş, uzun zaman tələb etmişdi.
...1983-cü ildə doktorluq dissertasiyası
üçün material toplamaq məqsədi ilə Kazanda,
keçmiş Tatarıstan MSSR Mərkəzi Dövlət
Arxivində işləyirdim. Baxmalı sənədlərin
çoxluğu, vaxtın azlığı seytnot
yaratmışdı. Arxivlə əlaqəsi olanlara
tanış hissdir. Amma hər şeyə rəğmən,
imkan tapıb çarizm dövründə burada təhsil
almış tələbələrimizlə də
maraqlandım. Şəkillərini çıxardım, bəzi
sənədlərin surətini əldə etdim. Bakıya
qayıdandan sonra 1851-ci ildə Kazanda ali təhsilini namizəd
diplomu ilə başa vuran gələcək türkoloq-alim,
sonralar Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunun
müəllimi Mahmud İsmayılov (1829-1867) haqda "İlk
tələbə" (o vaxt N.Tahirzadənin 1848-ci ildə
Sankt-Peterburq universitetini bitirmiş Ağa bəy Yadigarovla
bağlı tədqiqatından xəbərsiz olduğumdan onu Rusiyada ali təhsil almış
ilk azərbaycanlı saymışdım - V.Q.) haqda məqalə
hazırladım. Çap üçün apardığım
qəzetdə tanınmış rejissor Ramiz Həsənoğlunun "Ac həriflər"
telemüziklindəki tipin sözləri və mimikası ilə
"Ə, nə olsun?" - deyib özümə
qaytardılar. Sadəcə mədəniyyət xəbəri
kimi o vaxt "Bakı" qəzetində çıxdı.
Tam mətni isə bu soraq kitabının IX cildində,
"Əlavələr" bölməsində çap olundu
(səh. 569-574).
Görünür, millətin taleyi ilə bağlı
belə həssas mövzunun gündəmə gətirilməsi
üçün dövlət müstəqilliyinə, ən
başlıcası isə fədakar elm adamlarının,
ictimai xadimlərin cəsarətinə, qədirbilənliyinə
ehtiyac varmış. Fikrimcə, kitabın hər iki müəllifi
dediyim meyarlara tam cavab verir. Yeri gəlmişkən, həssas
bir məsələyə toxunmaq istərdim. Gizli deyil ki, bəzi
sözbazlar Misir Mərdanovun həmmüəllif olmasına
birtəhər yanaşır, "bəyəm o, gedib arxivdə
işləyib?" - deyirlər.
Xatırladım ki, M.Mərdanov 4 cildlik "Azərbaycan
təhsil tarixi" əsərinin müəllifidir. Bəlkə
də ensiklopedik soraq kitabları
hazırlanarkən şəxsən şəhərbəşəhər
gəzib arxivlərdə işləməyib. Amma bu layihənin
rəhbəri kimi öncə başçılıq etdiyi Təhsil
Nazirliyində, sonra isə MEA-nın Riyaziyyat və Mexanika İnstitutunda
təşkilati-texniki problemlərin həllinə yardım
göstərməklə layihənin gerçəkləşməsini
təmin edib. Başqa sözlə, müxtəlif ölkələrin
və şəhərlərin arxivlərindən sənədlərin
toplanması, sistemə salınması, bəzilərinin tərcüməsi
və kompüterdə yığılması
üçün şərait
yaradıb, köməkçi personal ayırıb,
lazım gələndə bağlı qapıları
döyüb, əlaqələri
və nüfuzu ilə düyünə düşmüş məsələləri,
inzibati müşkülləri çözüb. Ümumi
işin xatirinə imkansız arxivlərə texniki kömək göstərdiyi vaxtlar
da olub. Minnətdarlıq sözlərini, təşəkkür
məktublarını əsirgəməyib. Bu yolla da ölkəmizə,
elmimizə yeni dostlar tapıb, əməkdaşlığı
genişləndirməyə nail olub.
Ədalət müəllimlə son
görüşümüzdə layihə yoldaşının
zəhmətini, aralarındakı iş
bölgüsünün mahiyyətini obrazlı şəkildə
təsvir edib dedi: "Əgər bu kitabları bir evə bənzətsək,
onun ağsaqqal xeyir-duasını Misir müəllim verib,
bütün zəruri
materialları o təmin edib, "tikintini" isə mən
aparmışam. Odur ki, "ev" hər ikimizindir. Ona sahiblik
baxımından hüquqlarımız bərabərdir".
İlkin mənbələrlə iş təcrübəsinə
malik keçmiş tədqiqatçı kimi Ədalət
Tahirzadənin axtarışlar zamanı hansı çətinliklərlə
üzləşdiyini yaxşı təsəvvür edirəm.
Arxiv və fondlarda hökm sürən məhdudiyyət və
qadağalar daim vaxt qıtlığından əziyyət
çəkən, işini bir an öncə başa
çatdırmaq istəyən tədqiqatçının əsəblərini
yay kimi gərir. Məqsəd və məramına xoş
münasibət bəsləməyən müəssisə rəhbərinin,
yaxud əməkdaşın hikkəsi, laqeydliyi nəticəsində
(qonşu Gürcüstan arxivlərində olduğu kimi!)
axtarış ahənginin, yaradıcılıq
şövqünün öldüyü vaxtlar da olur. Yüz
ildən qalma qovluqların arxiv tozu hopmuş kəsif qoxusu, hər
sözü üzərində baş sındırmaq lazım
gələn ilan-qurbağa mətnlər, onlarla şəxs,
idarə, təşkilat adının yaratdığı sonu
görünməyən bürokratik labirintlər, özünəməxsus
"dəftərxana üslubu" ilə yazılmış sənədlərin
müasir Azərbaycan dilinə tərcüməsi zamanı
ortaya çıxan çətinliklər bəzən
şeytan vəsvəsəsinə çevrilib "axı niyə
bu işi mən görməliyəm?" - tərəddüdünə
yol açır. Belə məqamlarda əsl alim kimi Ədalət
müəllimə xas keyfiyyətlər
- səbir, təmkin, iradə, gördüyü işə məhəbbət,
"Mən yox, bəs kim?" düşüncəsi köməyə
gəlib. Əks təqdirdə, böyük və ağır
yükün altından çıxmaq çox çətin,
bəlkə də mümkünsüz olardı.
lll
Çarizm dövründə daha çox sayda azərbaycanlı
gəncin ali təhsil almaq imkanı vardımı? Yəqin ki,
yox. Çünki mane olan amillər yetərincə çox
idi. Nəinki əyalətdə, hətta Bakı kimi
böyük şəhərdə də övladını
kafirlər arasına göndərməyin yaratdığı
fanatik xof hissi, "maddi çətinlik" deyib
üstündən keçdiyimiz kasıblıq, yenilik
qarşısında qorxu, ruslara inamsızlıq buna imkan
vermirdi. Nəticədə onlarla bilikli, bacarıqlı gənc
istəyinə nail ola bilmirdi. Oxşar problem yaşayan şair
Məhəmməd Hadinin yanıqlı misraları
dostlarının, yaşıdlarının dərdinin ifadəsi
idi: "Oxumaqçün nə qədər ahü fəğan
etdimsə, Olmadı əsərbəxş şu istimdadım.
Daşə dersəm, eşidər, sonra verər əks-səda,
Daşə dönmüşlərə əks eyləmədi
fəryadım".
Bu, məsələnin bir tərəfidir.
Gimnaziya və universitet təhsilinin çətinliyi,
insafən din və milliyyətindən asılı olmayaraq
bütün iddiaçılara tələblərin sərtliyi,
çox vaxt "yadelli" təbəələrə xeyirxah münasibətin
çatışmaması (yüngül desək!) isə
başqa, həm də daha ciddi problem idi. Gənc
soydaşlarımız böyük şəhərlərin həyatına
asanlıqla uyğunlaşa bilmirdilər. Rəsmi dairələrin
qeyri-xristian gənclərə ögey, soyuq münasibəti,
velikorus şovinizminin, milli və dini ayrı-seçkilik siyasətinin
gizlədilməyən təzahürləri də ayrı qeyd
edilməlidir. 1905-ci il inqilabına qədər bəzi ali məktəblərdə
yalnız müsəlman əsilzadələrinin - ağa, bəy
və xanların övladları, həm də yalnız
çarın şəxsi icazəsi ilə ali təhsil ala bilərdilər.
Oxşar məhdudiyyət xristianlara, ilk növbədə isə
Qafqazdakı qonşularımız erməni və
gürcülərə şamil edilmirdi.
Texniki elmlərə yiyələnmək istəyən
"müsəlmanların" qarşısına xüsusi
ilə sərt qadağalar qoyulurdu. Məsələn, III
Aleksandrın 1899-cu il iyunun 4-də təsdiq etdiyi Əsasnamənin
9-cu maddəsinə görə Peterburq Elektrotexnika
İnstitutuna "yalnız xristian rus təbəələri qəbul
edilirdi". Şuşadakı məşhur Rüstəmbəyovlar
nəslindən Əsəd bəy Rüstəmbəyov
(adını daşıdığı babasının ruslar
qarşısında mühüm xidməti olmuşdu, anası
şahzadə Dilşad ağa Rzaqulu Mirzə qızı Qacar
isə 1872-ci ildə imperatriçə Mariya Aleksandrovnanın
freylinası təyin edilmişdi) yalnız daxili işlər naziri
Pleve vasitəsi ilə 1903-cü il iyunun 26-da çar II
Nikolayın icazəsi
alınandan sonra "istisna hal kimi" tələbələr
siyahısına salınmışdı (VI cild, s. 424)
Peşə seçimindəki qeyri-bərabərlik
("müsəlmanlar" nəinki universitetlərdə, hətta
gimnaziyalarda da müəllim işləyə bilməzdi,
prokuror yaxud məhkəmə sədri vəzifəsi tuta bilməzdi
və s.) mahiyyət etibarı ilə Rusiyada ali təhsili Məhəmməd
ümməti üçün perspektivsiz işə
çevirir, ən başlıcası isə özlərinin və
mənsub olduqları xalqın izzəti-nəfsini təhqir edirdi.
Mövcud qaydalara görə müsəlman gənclər gələcəkdə
professor kürsüsü tutmaq üçün mütləq
dinini dəyişib xristianlığa keçməli idilər.
Onların siyasi etibarsızlığından şübhələnir,
hətta dövlətə yad ünsürlər kimi rəftar
etməkdən çəkinmirdilər. Kiyev universitetinin məzunu
(1915) yazıçı Yusif Vəzir Çəmənzəminlinin
"Studentlər" romanı bu mənada ali təhsil
ardınca yad, uzaq şəhərlərə üz tutan Azərbaycan gənclərinin fərqli
tiplərinin təqdimi və problemlərin gerçək təsviri
baxımından səciyyəvidir.
Problem isə yuxarıdakı qeydlərdən də
göründüyü kimi, istənilən qədər idi.
Heç şübhəsiz, birinci yerdə rus
imperiyasının öz təbəələri arasında
yaratdığı uçurum, əhalinin bilərəkdən
etnik-dini mənsubiyyətə görə
"doğmalara" və "yadlara" ayırması idi.
Əyanilik üçün bir misal gətirim. Məşhur
missioner-türkoloq, Kazan Ruhani Akademiyası antiislam
kafedrasının (belə fənn də tədris olunurdu!)
müdiri N.İ.İlminski (1822-1891) Müqəddəs Sinodun
ober-prokuroru, qaragüruhçu K.P.Pobedanostsevə (1827-1907) məktubunda
tatar gənclərin universitetlərə yolunu çətinləşdirmək
üçün maneələr yaradılması zərurətindən
bəhs edərək yazırdı: "Tədrisi elə
qurmaq lazımdır ki, rusca təhsil alan tatar tam bir
heçlik olsun. Rusca danışanda kəlməbaşı
yanlışlığa yol verib qızarsın, rus dilində
yazanda çoxlu səhvlər buraxsın. Yalnız qubernatordan
deyil, adi bir dəftərxana məmurundan da qorxsun"
(M.K.Korbut. Kazanskiy Qosudarstvenıy Universitet za 125 let. Kazanğ,
1930, s. 140).
Şübhəsiz, total xarakter daşımasa da, bəzi
bölgələrdə həqiqətən belə
vicdansız münasibətə təsadüf edilirdi. Amma tam əksi
olan nümunələr də vardı. Gənc
soydaşlarımızın dərin biliyinə, əqli
qabiliyyətinə dəyər verib qarşılarında
yaşıl işıq yandıran məmurlar da olurdu. Məsələn,
Şamaxı 4 sinifli məktəbinin imtahanlarında
iştirak edən Qafqaz Təhsil Dairəsinin hamisi baron
A.P.Nikolai "tatar" Həsən bəy Məlikovin parlaq
cavablarına elə heyran qalmışdı ki, təhsilini
davam etdirmək üçün onun əvvəl Tiflis
gimnaziyasına, ardınca da Qafqaz təqaüdçüsü
kimi Moskva universitetinə getməsinə yardım göstərmişdi.
Eyni işi 40 il sonra digər hami - K.P.Yankovski Əhməd
Ağayev (gələcək Əhməd Ağaoğlu)
üçün görmüşdü. Tiflisdə D.Kipianinin
gimnaziyasını qızıl medalla bitirib birbaşa Peterburq
Əkinçilik İnstitutunun II kursuna qəbul olunan İsa
Sultan Şahtaxtinski təhsil müəssisəsini hamisi,
dövlət əmlakı naziri knyaz A.A.Livenin elə rəğbətini
qazanmışdı ki, nazir hər dəfə İnstituta yolu
düşəndə mütləq İsa Sultanla ayrıca
görüşüb söhbətləşirdi.
Bu faktları yalnız rus məmurlarının
iltifatı kimi qələmə vermək istəməzdim.
Əksinə, 100-150 il əvvəl də azərbaycanlıların
intellektual potensial baxımından digər xalqlar, xüsusən
də Qafqazdakı qonşulardan qətiyyən geridə
qalmadıqlarının dəlil-sübutu
adlandırardım. Əgər
müsəlmanlara rəsmi və qeyri-rəsmi qadağalar
qoyulmasaydı, süni maneələr yaradılmasaydı, ali təhsilə
can atan "müsəlman" gənclərin enerjisi
düzgün məcraya yönəldilsəydi, təbii ki,
uğurlar qat-qat çox olardı. Başqa sözlə desək,
1920-ci ilədək Rusiyanın ali məktəblərində
erməni, yaxud gürcü tələbələrin Azərbaycan
türkləri ilə müqayisədə kəmiyyətcə
çoxluğu onların yüksək qabiliyyət və
istedadından xəbər vermirdi. Sadəcə, "yad soylu və
yad dinlilərdən" fərqli olaraq dövlətin nəzərində
daha etibarlı sayılmalarından irəli gəlirdi.
Hətta belə əngəllərə baxmayaraq, rus və
əcnəbi universitetlərdə təhsil almış Azərbaycan
türkləri arasından hüquqşünasların, həkimlərin,
müəllimlərin, yaradıcı sənət sahiblərinin,
gələcək siyasi və dövlət xadimlərinin
bütöv bir dəstəsi yetişmişdi. Müsəlman
Şərqinin ilk operasından (yeri gəlmişkən, 1908-ci
ilin yanvarında Üzeyir bəyin "Leyli və Məcnun"u
tamaşaya qoyulanda nə gürcülərin, nə də ermənilərin
milli operası vardı) tutmuş Şərqdə ilk Parlament
respublikasının - Cümhuriyyətin qurulmasına qədər
hər şey onların adı və fəaliyyəti ilə
bağlı idi.
"1920-ci ilədək ali məktəblərdə
oxuyanlar" digər türk fikirdaşları ilə birlikdə
Rusiyada "müsəlman qurultaylarının" təşkili
ideyasının öncülü oldular, sağlam türk
milliyyətçiliyinin təbliğindən, pantürkist
adlanmaqdan qorxmadılar. İlk ümumrusiya türk-müsəlman
siyasi partiyası yaratdılar. Hətta 600 illik dövlətçilik
tarixinə malik Osmanlı imperiyasında türklük və
milliyyətçilik fikri yayanların ön sıralarında
oldular. Bu "qüdrətli dəstənin"
Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə,
F.Xoyski, H.Ağayev, X.Xasməmmədov, N.Nərimanov və digər
görkəmli simaları ədalət və insanlıq naminə
mübarizələri nəticəsində Rusiya ilə bir
sırada Yaxın Şərq və Avropa miqyasında da
tanındılar.
Yalnız Azərbaycanın deyil, türk
dünyasının tarixində ilk respublika tipli dövlət
olan Cümhuriyyət, onun Parlamenti, daxili və xarici siyasəti,
insan haqları və demokratiya prinsiplərinə əsaslanan
idarəçilik üsulu üçün də ilk növbədə
sayları heç yüz nəfərə də çatmayan
ziyalılara borcluyuq. Onlar siyasi fəhm, həqiqi vətən
və millət sevgisi sayəsində Azərbaycanı beynəlxalq
siyasətin subyektinə çevirməyi bacardılar. Əgər
1918-1920-ci illər arasında bu mühüm iş
görülməsəydi, SSRİ tərkibində müstəqil
Azərbaycan ideyası havadan asılı qalacaqdı.
Şərəfli və məsul "ilk" epiteti ən
çox "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlıların" adı ilə
yanaşı səslənir: ilk baş nazir, ilk parlament sədri,
ilk hərbi nazir, ilk kimyaçı alim, ilk peşəkar
musiqiçi, ilk energetik, ilk diplomat, ilk millət vəkili və
s. və i.a. Bu "ilklərin" çoxu yalnız çətin
səfərdə cığır açmamışdılar,
həm də Vətənə, dövlətə sədaqətləri,
təmənnasız xidmətləri ilə nümunə
göstərmişdilər. İdeyası üçün
candan keçəni, min bir əzab-əziyyətə
qatlaşanı da az olmamışdı. Onlardan bəzilərinin
keşməkeşli həyat yolu, xalqın gələcəyi
uğrunda mübarizəsi həqiqi mənada bədii əsərlərə
süjet, filmlərə ssenari ola bilərdi...
Çoxcildlik sadəcə universitetlərdə təhsil
almış müxtəlif şəxslər barəsində
bioqrafik oçerklər məcmusu deyil. Burada toplanmış
materiallar bir küll halında 1870-1920-ci illər Azərbaycanının
illüstrasiyalı tarixidir, ziyalı sülalələrin
tarixidir, milli tələbə hərəkatının
tarixidir, sənayenin, kənd təsərrüfatının,
elmin, səhiyyənin, mədəniyyətin ayrı-ayrı
sahələrinin tarixidir, bu sahələrdə məktəb
yaratmış görkəmli mütəxəssislərin həyat
və fəaliyyət salnaməsidir.
Çoxcildliyin zəngin biblioqrafiyası da ayrıca
söhbət mövzusudur. Müəlliflər hər bir şəxs
haqda arxiv bəlgələrindən tutmuş elmi-tədqiqat
materiallarına qədər mövcud ədəbiyyatı imkan
daxilində əhatə etməyə
çalışıblar. Əslində bu, son dərəcə
çətin işdir. Məşhur rus ifadəsində
deyildiyi kimi, "əhatə olunması mümkün
olmayanı əhatə etmək" cəhdidir və
şübhəsiz, təqdirəlayiq haldır.
Ensiklopedik soraq kitabı şüurlarda möhkəm
kök salmış bir mifi də dağıdır. Bu da
qadın təhsili ilə bağlıdır. Onilliklər boyu
Azərbaycan qadınının yalnız sovet hakimiyyəti illərində,
Lenin milli siyasəti nəticəsində ali təhsil almaq
imkanı qazandığı iddia olunurdu. Misir Mərdanov və
Ədalət Tahirzadənin uğurlu axtarışları isə
yüksək biliyə, geniş dünyagörüşünə
malik qızlarımızın sorağının XX əsrin əvvəlində
Kiyev və Lozanna universitetlərindən, Smolnı institutundan,
Bestujev Ali Qadın kurslarından gəldiyini faktlar əsasında
ortaya qoyur.
Rus universitetləri, xüsusən də mütləqiyyət
ideyasını dəstəkləyən mürtəce təhsil
siyasəti ön sıralarında Azərbaycan türklərinin
gəldiyi "yad soyluları" hər vasitə ilə milli
köklərindən, dinindən və dilindən qoparmağa
çalışırdı. İmkan daxilində
ruslaşdırmaq, bu mümkün olmadıqda isə soysuz,
kosmopolit varlıqlara çevirmək istəyirdi. Gizli deyil ki,
bəzən istəklərinə nail ola bilirdilər. Gizli
deyil ki, təhsillilər arasından Mirzə Cəlilin
felyetonlarında, Sabirin satiralarında acı gülüş
hədəfinə çevrilən, əsl-kökündən
uzaq düşmüş, təqlidçilik azarına
tutulmuş manqurtlar - başabəla "obrazovonskilər"
də çıxırdı...
Amma "mədəni missionerliyin" ideoloqları
unudurdular ki, təsir həmişə əks təsirə bərabər
olur, bumeranq mütləq geri qayıdır. Bunu cildlərdə
həyat hekayəsi ilə tanış olduğumuz bir çox
gənclərin nümunəsi aydın göstərir. Təsadüfi
deyil ki, Bakıda, İrəvanda, Gəncədə milli kimlik
üzərində bəlkə çox da ciddi
düşünməyən azərbaycanlı tələbələrin
böyük bir qismi
türklüyün əlifbasına Avropa Rusiyasında
yiyələndi. Uzaq, yad şəhərlərdə yurddaş
cəmiyyətləri qurub maarifçilik işi apardılar,
milli müsamirələr və xeyriyyə bazarları təşkil
edib ölkələrini tanıtdılar. Çarın sadiq təbəələri
kimi getdikləri rus universitetindən millətə xidmət
düşüncəsi ilə yaşayan türk-Azərbaycan vətənpərvəri
kimi qayıtdılar.
lll
"Böyük terror"a qədər Azərbaycanda
xalq təhsilinə, səhiyyəyə, elmə,
istehsalatın bəzi sahələrinə istiqamət verənlər
arasında "1920-ci ilədək ali məktəblərdə
oxumuş" köhnə ziyalılar az deyildi. Onların
çoxu üzdə bolşevik idarəçiliyini qəbul
etsələr də, düzgünlük, ləyaqət, namus,
şərəf, nəciblik kimi insani keyfiyyətlər üzərində
köklənən "daxili dünyalarını" qoruyub
saxlamağa çalışırdılar. Bunun bədəlini
isə 1920-ci il aprel çevrilişindən tiranın
öldüyü 1950-ci illərə qədər canları,
qanları ilə ödədilər. Dadaş Bünyadzadənin
gözünə "az görünmələrinin" bir səbəbi
də "inqilabın" ilk aylarında bir çoxunun
isti-isti aradan götürülməsi, həbs və
sürgünə göndərilməsi idi.
Amma qalanlar onların da əvəzinə,
ikiqat-üçqat can qoydular. Tarix üçün bir göz
qırpımı kimi görünən 15-20 il ərzində
biliklərini, ideal və qayələrini çarizmin astar
üzü şəklində meydana çıxan sovet cəmiyyətindəki
gənc nəslə aşılamağa
çalışdılar. Keçən əsrin 20-30-cu illərində
Bakının ali məktəblərində təhsil alan bir
çox ləyaqətli gənclər həmin "köhnələrin"
yetirmələri idilər. Onların yanında yalnız savad,
bilik deyil, həm də insanlıq məktəbi
keçmişdilər.
Dəvətli müəllim kimi 1922-1923-cü illərdə
Azərbaycan Pedaqoji İnstitutunda çalışmış
türk ziyalısı - yazıçı, jurnalist,
keçmiş ittihadçı Mühittin Birgenin (1885-1959) iki
cildlik "İttihad və Tərəqqi"də on sənə"
(ölkəmizlə bağlı hissəsini mənim
uyğunlaşdırma və ön sözümlə Qanun Nəşrlər
Evi "Azərbaycan 1922-1923-cü illərdə" adı
altında çap edib - V.Q.) kitabında maraqlı etiraf var:
"Həyatımda ən böyük zövq və ləzzət
azəri tələbəsinə verdiyim dərslərdir. Bu qədər
diqqətli, bu qədər hər şeyə maraq göstərən,
bu qədər çalışqan və qeyrətli tələbə
kütləsini dünyanın heç yerində görmək
mümkün deyil".
Sözünə davam edən Birgen daha sonra yazır:
"Orada tanıdığım müəllimlər də tələbələri
kimi idi. Hamısı rus darülfünunlarından
çıxmış yüksək mədəniyyətli tədris
heyəti arasında tam bir ahəng vardı. Hər həftə
müəllimlər toplantı keçirirdilər. Bu
toplantılarda boş söz
danışıldığını, nağıl söyləməklə
vaxt keçirildiyini, yaxud tək müdirin danışıb
qalanların "Bəli" - deyə baş tərpətdiyini
heç zaman görmədim".
Müəllifdən gətirəcəyim növbəti
sitat da "1920-ci ilədək alim məktəblərdə
oxumuş azərbaycanlar"ın Vətən və xalq
qarşısındakı mühüm xidmətlərinin, hətta
sovet şəraitində cəmiyyəti müsbət mənada
dəyişə bilmələrinin etirafı idi: "O tarixdəki
Azərbaycanı kültürsüz zənn etməyin.
Əksinə, Azərbaycanda çağdaş
kültürü mənimsəmiş böyük bir
ziyalı dəstəsi vardı. Yalnız onların yuxarı
təbəqəsinin kültür dili rusca idi. Moskvanın və
Bakının rus universitetlərində gözəl təhsil
görmüş qüvvətli ziyalı dəstəsi ölkədə
çağdaş kültürün yaradılmasını təmin
etmişdi. Azərilər arasında elmi səviyyə
baxımından indi (1930-cu illər nəzərdə tutulur -
V.Q.) bənzərlərini
Türkiyədə görməyi çox arzu etdiyim
seçkin insanlar var idi. Heç bir mübaliğəyə
yol vermədən oxucuları əmin edirəm ki,
türklüyümün dərinliyini ilk dəfə Azərbaycanda
hiss etdim".
Belə! Nə az, nə də çox!
Bu milli-mədəni mühiti, saf ab-havanı
yaradanların sırasında "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlılar" müstəsna yer tuturdular.
Sovet rejiminin millətin "qaymağını" - vətənpərvər
ziyalı təbəqəsinin məqsədyönlü şəkildə
məhv etməsi sələf-xələf münasibətlərini
təbii gedişini pozdu. İrəliyə doğru
inkişafımızda yerini heç nə ilə doldurmaq
mümkün olmayan bir boşluq, qırıqlıq yarandı.
Ona görə yarımçıq qalan yola
dayandığımız, daha doğrusu,
dayandırıldığımız nöqtədən davam
etmək, milli-mənəvi inkişaf marafonunun fasiləsizliyini
təmin etmək üçün araşdırılması
vacib mətləblər
sırasında ziyalılıq tariximiz, onun görkəmli
nümayəndələrinin şəxsiyyəti və əməlləri,
arzuları və planları mühüm yer tutmalıdır.
Haqqında söz açdığım çoxcildlik bu mənada
gələcək axtarışlara istiqamət vermək
baxımından mühüm
oriyentir, diqqətəlayiq yol xəritəsidir.
(Davamı gələn şənbə
sayımızda)
Vilayət QULİYEV
525-ci qəzet .- 2025. -3 may(¹76).- S.14-15;16.