“Musiqi dünyası”na elmi səyahət
Bu günlərdə AMEA-nın prezidenti akademik İsa
Həbibbəylinin “Musiqi dünyası” adlı kitabı
işıq üzü görüb. Kitabda akademik İsa Həbibbəylinin
müxtəlif illərdə qələmə
aldığı Azərbaycanın musiqi sənətinə, eləcə
də görkəmli musiqi xadimlərinə həsr edilmiş
məqalələri, araşdırma yazıları, həmçinin
mahnı mətnləri, notlar və müxtəlif tədbirlərdən
fotolar təqdim olunur.
“Musiqi dünyası” kitabında “Azərbaycan muğam
elmi: reallıqlar və perspektivlər”, “Türksoylu
xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri”,
“Yallı azərbaycançılıq
möhürüdür” sərlövhəli yazılar, Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi
Aşıq Ələsgər haqqında araşdırmalar
oxuculara çatdırılıb. Bundan başqa, kitabda dahi Azərbaycan
bəstəkarı, görkəmli musiqişünas, pedaqoq
akademik Üzeyir Hacıbəyli, dünya şöhrətli Azərbaycan
müğənnisi, Xalq artisti Müslüm Maqomayev,
pianoçu və bəstəkar, professor, Xalq artisti Fərhad
Bədəlbəyli, Azərbaycan opera müğənnisi, Xalq
artisti Xuraman Qasımova, məşhur kamança
ifaçısı, Xalq artisti Ağacəbrayıl Abasəliyev,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz
Əlizadə və digər musiqi xadimlərinin
yaradıcılığına, Azərbaycan musiqi tarixi elminin
tanınmış yaradıcısı akademik Zemfira Səfərovanın
elmi fəaliyyətinə həsr olunmuş məqalələr
yer alıb.
Topluda təqdim olunan tədqiqat xarakterli
araşdırmalar aşıq sənətinin nümayəndələri
Aşıq Ələsgər, Dədə Şəmşir və
Pir Sultan Abdalın yaradıcılığını əhatə
edir.
Bundan başqa, “Musiqi dünyası” kitabında bir
sıra mahnıların mətnləri və şeirlərə
bəstələnmiş notlar verilib. Toplunun “Foto-təqdimat”
hissəsində isə müxtəlif məkanlarda
keçirilmiş musiqi və poeziya dünyasına həsr
olunan tədbirlərdən xatirə fotoları yer alıb.
Qeyd edək ki, “Musiqi dünyası” kitabı “Elm və
təhsil” nəşriyyatında işıq üzü
görüb. Kitabın elmi redaktoru AMEA Memarlıq və
İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi
şöbəsinin müdiri akademik Zemfira Səfərova, tərtibçisi
isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə
əlaqələr, mətbuat və informasiya şöbəsinin
müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent
Ağahüseyn Şükürovdur.
525-ci qəzet .- 2025. -3 may(¹76).- S.13.