Adəmin
aldanışı
Esse
Söz bəzən kiçicik buğda dənəsi
kimi könül torpağına düşür. İlk
baxışda sadə görünsə də, mayasında
dünyalıq sürgünün sirrini daşıya bilər.
Adəm bir buğdaya (qadağan olunmuş nemətə)
aldanıb cənnətdən məcburi ayrılmalı olub,
ondan sonra gələnlər də buğda xalın əsiri
olub bəlaya, zillətli "sürgün"ə
könüllü boyun əyiblər. Buğdanı cənnətdən
qoparan qüdrəti gözəlin yanağındakı xal
şəklində qayıdıb yer üzünə - yenə
həminki sınaq, yenə eyni aldanış...
Klassik ədəbiyyatımızdakı ustadların -
Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər
Sabirin qələmində buğda buğda olmaqdan
çıxıb - eşqin, aldanmanın və ilahi
qovulmanın rəmzinə çevrilib. Bu, sadəcə Adəmə
aid deyil, onun soyundan gələn hər kəsə
"yoluxub". Adəmin aldanışı sadəcə
buğda dənəsinə meyilli deyildi, insan oğlunun ilk
yanılqısı, ilahi eşqin ilk sirli - kədərli
sınağı idi ki, özündən sonrakılara da bir
mistik miras kimi ötürülüb. Hər insanın
ağrısında bir zamanlar Adəmin çəkdiyi o
acının izləri qalmaqdadır.
Seyid Əzimin "Dil ki şəmi-ruyinə bir dilbərin
pərvanədir" mətləli qəzəli ilə Sabirin
"Qoyma gələ saqiya, zahidi meyxanayə"
başlanğıclı qəzəli ilk baxışda fərqli
mövzulardan bəhs edirmiş kimi görünsə də, hər
ikisində bir ortaq məqam var: Adəmin aldanmasının təbii
davamı və tarixin təkrarlanmasından yaranan
duyğuların təsviri... Başlanğıclar fərqlidir,
fəqət sonra yol eyni "qəsəbəyə"
doğru aparır. Seyid Əzim yazır:
Dil ki şəmi-ruyinə bir dilbərin pərvanədir,
Yansa ol şəmin odundan, bilməzəm pərva nədir.
Qorxu-hürkü bilmədən gözəlin şam
kimi parlaq çöhrəsinə pərvanə olmağa
çoxdan hazırdır. Pərva (qorxu) sözü
çoxdan onun lüğətindən çıxıb.
Sabirin qəzəlində oxşar motiv isə belə işlənib:
Şəmi də yaxmaqdadır atəşi-sevdayi-eşq,
Şöleyi-pərtövfüruz xasmı pərvanəyə?
Şamın yanması da, işıq saçması
eşqdən, sevdadandır, şama xas xüsusiyyətdir. Pərvanənin
işıq saçması mümkündürmü ki? Klassik ədəbiyyatın
"şam-pərvanə" cütlüyündən söz
açan Sabir pərvanənin fədakarlığını
deyil, şamın yanmasını mərifət kimi təqdim
edir əslində. Sabirə görə, gerçək fəzilət
yananda deyil, "yandırandadır"... Seyid Əzim də
bu fəziləti bildiyindən şamın oduna yanmağa
razıdır. Adəm də tarixin başlanğıcındaca
Həvvaya inanıb dirigözlü oda atmışdı
özünü...
Bu "yanıb-tutuşmalar"ın "dəliliyə"
qədər yolu olur adətən. Seyid Əzimə görə,
könül zülfün zəncirinə bağlanıbsa, qəlb
əldən gedibsə, əl-ayağın zəncirə
vurulmasının bir önəmi qalmır:
Eybi yox, bağlansa könlüm, ey pərivəş,
zülfüvə,
Layiqi-zəncir olur hər kimsə kim, divanədir.
Şairin özünəbəraəti var - divanə
olan hər kəs bu cür "zəncir"ə layiqdir.
Zülfə bağlanıb gözəlin cazibəsinə
düşmək - aşiqliyin şərəfidir. Zəncir
burada sevgiliyə əsir olmaqdır, amma bu əsirlikdən
qaçmağı düşünən yoxdur... Əksinə,
bu "zəncir" ləyaqətdir, seçilmişlər
üçündür. Seyid Əzimin aşiqi məmnundur,
halından razıdır, öz ilahi eşq divanəliyində
məcnunanə ekstaz yaşayır...
Sabirin beytindəki "paralel"də isə
zülfdən əli üzülən aşiqin
küskünlüyü var. Seyid Əzimin beytindəki
seçilmişlər məqamında Sabirin aşiq qəhrəmanı
qərar tuta bilmir, onun divanəliyi ancaq dərdini
danışmaqla məhdudlaşır:
Şimdi ki, üzdün əlin zülfi-pərişandən,
Barı gəl izhar qıl dərdi-dilin şanəyə.
Əli yardan üzülüb, ümidləri
sönüb. Zülfün zəncirinə layiq görülməyib,
amma o da mübtəladır - zülmdən zövq alınan mərhələdə
şanəylə dərdləşəsi hala
düşüb. Tipik, klassik Şərq aşiqi - şikayətlənən,
sızıldayan... Əslində bu dərd izharı Sabirin ilk
beytindən başlanmışdı, şikayətlər
içində özünü meyxana künclərinə vuran
aşiq sevda sərxoşluğuna elə qərq olub ki, riyakar
zahid(lər)i də olduğu məkanda istəmir...
Çünki bilir zahidlərin saxta enerjisi gerçək
sevdaların qənimidir:
Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə...
Ümumiyyətlə, "pərişan zülf" məsələsi
klassik Şərq poeziyasında o qədər ciddi,
vazkeçilməz, hətta həyati nəsnədir ki, Sabir
onun cazibəsindən digər beytdə də qurtulmağı
bacarmayıb:
Urma gireh zülfünə, eylə həzər, ey sənəm!
Oxşamasın şəkldə səbheyi-səddanəyə.
...O saçlar məhz dağınıq
olmalıdır, hörülüb düyünləndisə,
yüz muncuqlu zikr təsbehinə bənzəyəcək.
Gerçək sevgi hissindən ilahi eşqə keçid
anında dayanan Sabirin bu ilahi gözəllik
qarşısında niyyəti zikr çəkmək deyil,
zövqünü nağd istəyir - o
dağınıqlıqdan gözü-könlü bayram etmək
həvəsindədir. O hörüyün hər
düyününü də təsbehlə tək-tək zikr
çəkər kimi açmaqdır arzu-istəyi...
Sabir zahidi görmək istəmədiyini konkret dilə
gətirir, Seyid Əzim isə zahidin
riyakarlığını və eşq sərxoşluğuna
istehza edəcəyini bildiyi üçün özünü
bəribaşdan səmimi şəkildə
"sığortalayır":
Məsti-mey gördükdə zahid, tən qılma
çox mənə
Kim, əzəldən sərneviştim guşeyi-meyxanədir.
Sabirdə "zahid-meyxana" məsələsi daha
realistdir, Seyid Əzimin beytində isə ilahi eşq havası
əsir. O zahidə "əzəli" sərxoşluğunu,
yerinin-yurdunun elə əvvəldən meyxana guşəsi
olduğunu xatırladır.
Hər iki şairin qəzəlində məna
paralelliyi digər beytlərdə də davam edir. Hər iki
müəllifdə eşqindən "kor olan" aşiqin halı
fərqli təsvir vasitələri ilə, amma bənzər məzmunda
verilib. Seyid Əzim daha çox ilahi eşqin yolunda olduğuna
görə sevgidən yaranan divanəliyi də,
könlünün viranəliyi də şükür səbəbidir:
Xali-olmaz bir zaman çeşmin xəyalından
könül,
Şükr, olub mərdümnişin, hərçənd
kim viranədir.
Beytə mistik-irfani pəncərədən nəzər
salsaq, klassik şeirdə könül həm eşqin məkanıdır,
həm də ilahi təcəllinin evi. Bu beytdə də
"viranə" könül həm yerlə bir olmuş
eşq abidəsidir, digər tərəfdən isə
sevgilinin gözlərinin xəyalı ilə onun gözündə
yüksəlib. Seyid Əzim eşqin paradoksal mahiyyətini
açıb: aşiq xarabalıq kimi darmadağındır,
amma eyni zamanda sevgilinin gözündə ən qiymətli yerdədir.
Elə ən gözəl, ən ali məqam da kiminsə
gözünün əzizi olmaq deyilmi? Gözdən düşənlərin
"tikəsinin ələ gəlmədiyini" yaşadığımız
ömür boyunca görmürükmü? Həyatın
qara-boz çalarlarını rəngləndirib ömrü
daha yaşanmalı edən sevdiyinin gözündə-könlündə
olmaq deyilmi?! Həvvanın gözündən düşməmək
üçün Allahın qadağasını belə
pozmağı gözünün altına alan Adəmin də
hekayəsinin başqa çalarda xatırlanmasıdır bu...
Bu beytlərdə dolayı yolla aşiq Adəmin Həvvaya
uyub cənnətdən çıxmağa hazır olduğu mətnaltı
mənada verilib. Kişi sevdiyi qadına gözüyumulu
inanır, hətta məkrini sezsə də... Allahın cənnətindən
aşağıya - yer üzünə atıldıqdan sonra
viranə olsa da, onun zənnincə, ən önəmlisi
qadınının sözünə inanıb gözündə
yüksəkdə qalması idi... Adəmin fikrincə, o
yüksəklikdə qalmaq üçün cənnətin
ucalığından da enməyə dəyərmiş yəqin.
Belə çıxır ki, sevgilinin gözündəki məqam
cənnətdən daha qiymətli imiş yəni?! Sabirdə
isə o cünunluq sağalmaz həddə çatıb,
heç sehr-tilsim də təsir edəsi kimi deyil:
Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun,
Eşq sözündən səva söz demə divanəyə...
Seyid Əzimdə könül sevgilinin xəyalından
ayrı ola bilməz, Sabirdə aşiq eşq sözündən
savayı heç nəyi anlamır... Bu iki beytdə
görünüşcə fərqli obrazlardan istifadə edilsə
də, məna eyni ruhi təməl üzərində
dayanıb. Seyid Əzim eşqin könüldə
yaratdığı xəyal dünyasını təsvir edir -
könül viran olsa da, sevgilinin göz xəyalı ilə
dolu olduğu üçün şükür edilməyə
layiq vəziyyətdir. Sabir isə aşiqliyin dəlilik
halını azad və müqəddəs bir məqam kimi verir
- bu halı müalicə etməyə
çalışmağın özü yanlışdır,
çünki bu hal insanı Allaha yaxınlaşdıran divanəlikdir.
Hər iki şairin beytlərində eşq halı bir "dərd"
kimi görünür, amma bu dərd fiziki-maddi dərddən fərqli
olaraq, insanı yandırıb-yaxmır, əksinə, onu
saflaşdırır, ucaldır...
Hər iki şairin qəzəlinin zirvəsi isə
yarın "gəndümi-xal"ından (buğda xalı) bəhs
edilən beytlərdir. Zirvədir, həm də ona görə
ki, insanlığın tarixinə qara xal kimi düşən
ilkin "günah" "bir danə" simvolizmi ilə
möhtəşəm bədii sənətkarlıqla təsvir
edilib. Hər iki şairdə "buğda yeyib cənnətdən
çıxan Adəm"in taleyini təkrarlamamaq
üçün ehtiyat, çəkingənlik beytlərdə
öz əksini tapıb. Seyid Əzim qəti xəbərdarlıqla
özünə də, özündən sonrakılara da
xatırladıb:
Gəndümi-xalın görüb aldanma yarın, ey
könül,
Bu, bəlayi-Adəmə bais olan bir danədir.
Sabir isə daha yumşaq, ironiya ilə "az qala
aldanacağının" ehtimalını yazıb:
Sabir o cənnətrüxün gəndümi-xalın
görüb,
Az qalıb Adəm kimi aldana bir danəyə...
Bu şah beytlərdə iki şairin fərqli ruh
halı ortaya çıxıb: Burada Seyid Əzim müdrik və
sufi ruhlu, könlünün ilahi eşq yolunda yanmasından məmnun
bir dərvişdir, Sabir isə realist və tənqidi
baxışı ilə yeri gəldikcə, klassik lirikanı
ironiyaya çevirərək eşqin cazibəsindəki
gerçək təhlükəni açıb göstərir.
Hər iki şair öz "birdənə"sinin bir danəsinin
oduna düşən Adəmin simasında bəşəri
ehtirasın, aldadılmanın, ovsunlanmanın sözlə
şəklini çəkib. Biri könlünü təslim
edir, digəri könül verərkən şübhəyə
düşür... Bəşər tarixinin qədim arxetipik
hekayəsini - metafizik yıxılışını,
insanın aldanışa meyilli, bəsirətsiz, səbatsız
təbiətini Seyid Əzim ciddi, Sabir ironik təqdim edib. Bu qəzəllər
- adəmlərin itirdikləri behiştin izinin cənnətüzlü
yarın buğda xalında əbədi poetik
axtarışı kimi qələmə alınıb. Və hər
iki qəzəldə Adəmin taleyindən
qaçışının "kodlar"ı yazılsa da, əslində
elə məhz Adəmin aqibətini
yaşadıqlarının fərqində deyillər. Eşqin
ağlı dumanlandıran halı elə budur, "bir danə"
təxribat nöqtəsinin vəcdi ilə düşdüyün
durumun ciddiliyinin fərqinə vara da bilmirsən. O "danə"
təkcə hansısa gözəlin yanağında qərar
tutmayıb, Adəmin buğdaya aldanışından bəri
ürəyimizə də qara xal düşüb. Bizə necə
qəzəllərlə neçə belə bədii "xəbərdarlıq
olunsa" da, itirilmiş cənnətin həsrətindən
ürəyimizə düşən xal hər qövr elədikcə
Adəmli-Həvvalı yenə və yenidən "bir danə"yə
aldanmağa məhkumuq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025. -3 may(№76).- S.12.