Kinorejissor Tahir
Tahiroviç: "Qarabağ müharibəsindən
silahsız filmlər çəkməliyik"
Müsahibimiz kinorejissor Tahir Əliyev (Tahir
Tahiroviç) Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin kinorejissorluq Universitetinin
kinorejissorluq fakültəsində (1993-1998) oxuyub, Türkiyə
Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema
üzrə magistr təhsili alıb (2012-2014). O, müxtəlif
illərdə "Azərbaycanfilm" kinostudiyasında
rejissor assistenti, "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyində kinorejissor, "Salnamə"
kinostudiyasında quruluşçu rejissor kimi
çalışıb. 2016-2020-ci illərdə Aran Film
Yaradıcılıq Mərkəzinin bədii rəhbəri
olub. Bir çox Beynəlxalq Kino Festivalların
iştirakçısı və qalibi olub. Azərbaycan Peşəkar
Kinorejissorlar Gildiyasının üzvdür. "Parisdən məktublar",
"Səsdən usanmışlar", "Qafqazdan Appeninə",
"Düdəngədən Münhenə Polkovnik",
"Gecikmə", "Cümhuriyyət tələbələri",
"Mirzə Cəlilin Azərbaycanı" kimi 30-dan
çox filmin rejissoru olan Tahir Əliyevlə söhbəti təqdim
edirik.
- Tahir bəy, ad gününüz "Azərbaycanfilm"
studiyasının yarandığı günlə
üst-üstə düşür. Təsadüf, yoxsa qismət?
- Yox, mən təsadüfə çox inanan deyiləm.
Qismətdir. Həm kino sahəsində illərlə
çalışan, bu sənəti sevən bir insan olasan, həm
də "Azərbaycanfilm" studiyasının
yarandığı gündə dünyaya gələsən.
Cümhuriyyət dövrünün həvəskar
araşdırıcısı olduğum, o dövrü
xüsusilə sevdiyim halda qəribədir ki, sovet hökumətinin
qurulduğu, Cümhuriyyətin süqutu günü dünyaya
gəlmişəm. Mənim bioloji doğum günüm 28 aprel
olsa da, mənəvi doğum günüm 28 maydır. Çalışıram ki, ad
günü münasibətilə yaxın ətrafımı
28 mayda bir araya yığım.
- Cümhuriyyətdən söz
açılmışkən, Məhəmməd Əmin Rəsulzadənin
nəvəsi ilə də yaxın dostluq münasibətiniz
var.
- Bizi birləşdirən xüsusi dəyərlər
var idi. Tale elə gətirdi ki, 14 yaşımdan Milli
Azadlıq hərəkatına qoşuldum. Tanınmış
kinotənqidçi Sevda Sultanova şahiddir. Hətta müsahibələrinin
birində bu hadisəni danışıb. 1990-cı ildə
üçrəngli bayrağın parçalarını
tapmışdım. Sinif yoldaşımız Gündüz Arazla
birgə o vaxtkı "Avrora", indiki "Qara Qarayev"
metrosunun yaxınlığındakı bir dərzidə
bayrağı tikdirdik, ay-ulduzu da birtəhər nəyləsə
yapışdırdıq. Həmin ilin mart ayında
çıxdım o bayrağı məktəbin üstündən
asdım. Bayrağı asandan sonra rayon təhsil şöbəsindən
tökülüşüb gəldilər, aləm dəydi
bir-birinə. Dedilər, çıx, onu endir aşağı.
Dedim, yox, necə o bayrağı ora qaldırmışamsa, eləcə
orada qalmalıdır. Çıxıb özləri
götürdülər. Amma mən şərt qoydum, dedim bir
halda o bayrağı yenidən oradan asmamağa razılaşıram
ki, uşaqlar hər gün "Koroğlu"
uvertürası ilə dərsə girəcəklər. Bir həftə
uvertüranın sədaları altında məktəbə
girdik. Gəncliyimiz mənəvi tərəfdən mənalı,
amma fiziki tərəfdən bir az ağrılı oldu.
Bilirsiniz, 14-17 yaş aralığında sən gəzməlisən,
sevməlisən, xoşbəxt anlar yaşamalısan. Biz neylədik?
20 Yanvarı yaşadıq, Qarabağ hadisələrini
gördük, dövlət çevirilişləri,
Sumqayıt hadisələri - ömrümüz bunlara getdi.
Bunlar bizi bərkitdi, ictimai-siyasi hadisələrə öz
fikrimizi bildirmək, təkcə kitab oxumaqla, filmə baxmaqla
olmur. Onun üçün keçmişin, bazan
olmalıdır. O illərdə qazandığımız
düşüncələr gələcəkdə bizə Məhəmməd
Əmin Rəsulzadənin nəvəsi, Ramiz Abutalıbov,
Rüstəm İbrahimbəyov, Aydın Balayev, Akif Rəsulov
kimi insanlarla dostluq etmək imkanı yaratdı. Rəsulzadə
elə bir insandır ki, onun hər cümləsi, fotosu,
qısa, beş saniyəlik videosu belə bizim
üçün dəyərdir. Onun nəvəsi ilə
danışmaq isə mənim üçün böyük
bir şərəf oldu. Türklər demişkən, nə
mutluyum ki, Rais müəllim də eyni qaydada məni çox
istəyir, tez-tez danışırıq. Elə olub ki, xəstə
olmasına baxmayaraq, mənim kitab sərgimə belə gəlib.
- "Salnaməfilm" studiyasının, Aran Film
Yaradıcılıq Mərkəzinin bağlanmasına əsas
səbəb nə oldu?
- Açığını deyim, bu məndən
asılı olan bir şey deyil. Mən təklif irəli
sürdüm ki, Aran Film Yaradıcılıq Mərkəzi
yaransın, oturaq işləyək. "Salnaməfilm"
kinostudiyasını mən yaratmamışam, yüz illərin
studiyasıdır. Birinci hikkə, ikinci isə sevgisizlik. Həmişə
deyirəm, vəzifəli şəxs idarə etdiyi kollektivin
taleyini öz taleyinə bağlamamalıdır, tarixə
bağlamalıdır. Bizdə elə deyil. İstəmirəm,
qurtardı. "Aranfilm" dörd il ərzində 92 sənədli
film ortaya qoydu. İdman, elmi-kütləvi, portret,
araşdırma, tarix kimi janrlara toxunaraq Azərbaycan
üçün kino ensiklopediyası yaratdı, qonorarsız,
sadə maaşa. Asudə şəkildə bunu yaratdıq.
Kino inzibatçılığı sevmir. "Salnaməfilm"
kinostudiyası ilə Azərbaycan tarixinə nə qədər
işıq saldıq. Həmin studiyada on iki il fəaliyyət
göstərmişəm. Çox təəssüflər
olsun ki, bəzi adamlar bizim nə ilə məşğul
olduğumuzu başa düşmədilər. Onlara sual versən
ki, niyə belə oldu, deyəcəklər, heç bir problem
yoxdur, hər şey yuxarıların diqqət və
qayğısı altındadır, yeni perspektiv, yeni
konsepsiyalar qururuq. Danışsalar, biz səhv olacağıq.
Amma fakt budur ki, beş ildir yoxdur. Bundan sonra neyləyəcəksənsə,
öz işindir. Hesabat verin ki, son beş ildə nə
etmisiniz? Hesabat deyəndə bilirsiniz, bunlar nə başa
düşürlər? Dövlətin pulunu hara xərcləmisiniz?
Bir şilləlik günahı olana bir güllə vurmazlar.
Saça bit düşəndə başı kəsmirlər
ki. Amma bizdə elə deyil. Bu, "Salnamə"yə
böyük haqsızlıqdır. Heç nə demirəm,
sadəcə bir suala cavab versinlər: Səməd Vurğunun,
Üzeyir Hacıbəyovun, Yusif Məmmədəliyevin indiyə
gəlib çıxan dörd-beş kadrları var. Onlar
çəkilməsəydi, nə olacaqdı? Bu sualın
cavabını versinlər mənə. Kiminsə hikkəsinə
görə xalqın mənəviyyatına necə zərbə
vura bilərsiniz? Bu, gələcəkdir. Mən demirəm ki,
gəl, məni çək, ya da vəzifə ver. Mənə
lazım deyil. İş olsa, işləyəcəyəm,
olmasa, işləməyəcəyəm. Sizə yalvaran deyiləm.
Amma bu, mənim üçün böyük dərddir. Ada
baxın: "Salnamə". 50 yaşım var,
gördüyüm işlərə, çəkdiyim filmlərə
baxanda başımı dik tuturam. Təkcə kinorejissor kimi
yox, Azərbaycan tarixində həvəskar kimi də olsa,
araşdırmalar etmişəm, filmə gələnləri
filmə, kitaba gələnlərin kitaba, fotoya gələnləri
fotoya köçürmüşəm. Mənim çiynimdə
bir yük var idi və onu daşımalı idim, gələcək
nəsillərə çatdırmalı idim. Yayda biz
kinostudiyada oturmurduq ki, rayonlara gedib teatr məşqlərini
çəkirdik, məktəbliləri, sadə kənd insanlarını
çəkirdik. Bəs yaxşı, Azərbaycan xalqı sadə
zəhmətkeşini, elm adamını sabah araşdırma
aparanda, bir film çəkəndə haradan görməlidir?
Telefon, televiziya fond deyil. Bunların hamısı Dövlət
Kino-Foto Arxivində qalmalıdır. Bunların hamısı
sevgisizlikdən irəli gəlir. Belə olmaz. 1943-cü illərdə
Vinston Çörçilə büdcəni gətiriblər,
o da baxıb görüb ki, mədəniyyət sahəsinə
pul ayırmayıblar. Soruşub ki, bəs niyə belədir?
Deyiblər ki, müharibə gedir, neyləyirsən mədəniyyəti?
Çörçil də deyib ki, mədəniyyət yoxdursa,
biz onda niyə müharibə aparırıq?
- Sosial şəbəkədə olan
paylaşımlarınızdan biri diqqətimi çəkdi:
"Kino sahəsinə rəhbərlik edənlər sərin
və komfortlu otaqlarda ağız-ağıza verib yatanda biz
illərlə film gözləyən
kinematoqrafçıların səssiz haraylarını
eşitdik və gördük". Tahir bəy, bəs o haraylara
hay verə bildinizmi?
- Düşünürəm ki, Azərbaycan kinosunun ən
böyük problemi idarəetmədə olub. Düzdür, bir
ara dirçəliş oldu. Həmin harayların bir qisminə
qulaq asdılar. Bir dəfə keçmiş nazirlərin
birindən xaiş elədim ki, bir nəfər var, onu işdən
çıxardın, ayıbdır. Onu elədi. İndi
bürokratik bir vəziyyət yaranıb. Yuxarıda oturan elə
adamlar var ki, elə bilirlər, düzünü ancaq onlar
bilirlər. Əgər sən vəzifədə deyilsənsə,
düz danışa bilməzsən. Bir dəfə status
yazmışdım ki, "Salnamə" batır, buna icazə
verməyin. Gördüm, mənə zəng gəlir, deyilər,
niyə onu yazmısan? Dedim, başa düşmədim, bunu
ancaq siz deyə bilərsiniz? Kinomuzun problemini,
yaxşısını, pisini təkcə siz deyə bilərsiniz?
- Son zamanlar gündəmi zəbt edən bir mövzu
var - müharibə mövzusunda qələbə filmlərinin
çəkilməsi. Bir qrup insan həmin filmlərin çəkilməməsinə
narazı olduğu halda, bir qismi də bildirir ki, müharibə
filmi çəkmək üçün, əsər yaratmaq
üçün uzun müddət vaxt keçməlidir. Siz bu
barədə nə düşünürsünüz?
- Mən belə düşünmürəm. Biz hər
şeyi qələbəyə bağlamamalıyıq.
"Şərikli çörək"də, "Mən ki
gözəl deyiləm"də qələbə səhnələri
var? Heç tüfəng, güllə səsi də yoxdur.
Orada insan talelərini göstərsək, daha maraqlı olar. Mən
tank, silah, vuruşma səhnələrini sevmirəm.
İnsanın mənəviyyatına təsir edən səhnələri
çəkib göstərmək lazımdır. "Bizim Cəbiş
müəllim"i "Şərikli çörəy"i
çəkməliyik. Qarabağ müharibəsindən
silahsız filmlər çəkməliyik. Orada silah, güllə,
tank, avtomat varsa, o, kino yox, xronikadır. Qarabağ bizə 30 il
ərzində nələr yaşadıbsa, onu, dərdimizi
çəkməliyik. Elxan Qasımovun "Biz
qayıdacağıq" filmini çəkməliyik, bir
uşağın taleyini çəkməliyik. İnanıram
ki, gənclərimiz bu mövzuda yaxın vaxtlarda öz
sözlərini deyəcəklər. Onlara inanıram.
- Yaxın günlərdə Azərbaycan
Respublikasının Kino Agentliyinin (ARKA) rəhbər vəzifələrinə
yeni təyinatlar oldu. Onlardan hansısa gözləntiləriniz
var?
- Bizə yalnız ümid etmək qalır.
İnanırıq ki, bundan sonra daha praqmatik, kütləvi
işlər artacaq. Nə qədər çox film çəkilsə,
Azərbaycan kinosuna xeyirdir. Uğurlar diləyirəm.
Ləman İLKİN
525-ci qəzet .- 2025. -3 may(№76).- S.11.