"Muzey qoruduğu kimi həm də qorunmalıdır"

CƏFƏR CABBARLININ EV-MUZEYİNİN DİREKTORU, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ QƏMƏR SEYFƏDDİNQIZI İLƏ SÖHBƏT

 

Təqvimin əksər aylarında əlamətdar günlər, bayramlar olur. Bayram ab-havalı təqvim tarixlərində istirahət etsək də, əlamətdar günlərdə müxtəlif tədbirlərin iştirakçısı oluruq. Artıq may ayının ilk günlərini yaşayırıq. Bu ayda isə bir neçə əlamətdar gün var ki, onlardan biri Beynəlxalq Muzeylər Günüdür. Muzeyləri çox sevirəm. Və bu dəfə fikrimdə tutduğum məkana üz tutmadan əvvəl özümə belə bir sual verdim - muzey nədir?

Muzey - zamanın qorunduğu sığınacaqdır. Hər daş, hər kağız parçası, hər rəsm əsəri əsrlərdən bu günə qədər gələn şahidlərdir. Muzey - insanlığın yaddaşın toxunula biləcəyi dünyasıdır. Zamanı əlində saxlaya bilməyən bəşər, keçmişindən qalan parçaları bir yerə toplayıb gələcəyə ötürmək üçün bu məkanları yaradıb. Hər muzey əslində bir ömrün, bir xalqın, bir taleyin açılmamış kitabıdır. Muzey - keçmişi qoruyub bu günə gətirən ən səssiz danışan məkandır. Orada hər əşya bir ömür, hər şəkil bir xatirə, hər otaq isə zamanın ayrı-ayrı səhifələridir.

...Və xatirələrin qoynunda bu səhifələri vərəqləmək üçün seçdiyim məkan Cəfər Cabbarlının Ev-Muzeyi oldu. Beləcə, əziz oxucu, günün müsahibi ədibin nəvəsi, muzeyin direktoru, "Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızıdır. Onu da düşündüm ki, onunla aramızda olan illərin tanışlığı, səmimi münasibət müsahibimə "Sən" deyə, müraciətim söhbətimizə isti bir körpü salar.

- Azərbaycan ədəbiyyatında kifayət qədər tanınan iki simanın varisi kimi bu adları hər zaman ictimaiyyətə layiqincə təqdim etməyi bacarmısan...

- Gözümü açandan ətrafımda atamın yazıçı dostlarını, qələm sahiblərini, sözə dəyər verən insanları görmüşəm. Mən onların ədəbi söhbətlərini, yazdıqlarının müzakirələrini, teatrlar, onların repertuarı haqqında fikrlərini eşidərək böyümüşəm. Tək mən yox, qardaşlarım da ağlımız kəsmədən bəri, söz dünyasının içində yaşadığımızdan, istər-istəməz həmin mühit bizə öz təsirini göstərməli idi. Zamanla hərəmiz bir sahə üzrə getsək də, həyatımızda həmin yaradıcı mühit öz sözünü deyib, izini qoya bildi. Bu gün həm babamın, həm atamın yaradıcılığının təbliğatı istiqamətindəki fəaliyyətimlə bağlı xoş bir söz, fikir eşidəndə, buna daxilən çox sevinirəm ki, nəyəsə nail ola bilmişəm.

- Cəfər Cabbarlı dünyasını dəyişəndə Gülarə xanım atasını xatırlamayacaq bir yaşda olub. Dörd yaşlı bir uşağın yaddaş dünyasında çətin ki nələrsə qalıb...

- Nənəmin danışdığı xatirələr anam üçün ata obrazını yarada bilib və o, eşitdiklərinin xəyalı ilə böyüyüb. Biz də babamızı bu xatirələr əsasında tanımışıq. Cəfər Cabbarlı çox erkən dünyasını dəyişdiyindən, özü belə, atalıq hissini doyunca yaşaya bilməyib. Bununla belə, ailəsinə, övladlarına böyük sevgi, qayğı və diqqət göstərən bir insan olub. Eşitdiklərimdən bilirəm ki, bu diqqət tək öz övladlarına qarşı olmayıb. Məhəllədə bütün uşaqlara bu sevgi və qayğıdan pay düşüb. Gülarə xanım həmişə təəssüflə deyərdi ki, çox heyif atamı özüm tanıya bilmədim. Bu hiss onu həmişə ağrıdıb. Ümumiyyətlə, nənəm ömür-gün yoldaşına bir şəxsiyyət kimi çox dəyər verib.

- Bu dəyər "Onu kim unudar" kitabından hiss olunur...

- Sona Cabbarlı və Cəfər Cabbarlı əmiqızı-əmioğlu olub. Onların uşaqlıqları bir yerdə keçib, daha sonra ailə həyatı. Sona xanım bu xatirələr kitabını yazmaqla, Cəfər Cabbarlını onu görməyənlərlə tanış etmiş oldu. Onların içinə bizlər də daxilik. Kitabda Sona xanımın belə bir fikri yer alıb: "Cəfər haqqında danışmaq mənim üçün həm şirindir, həm acı... Ona görə şirindir ki, bu zaman ömrümün Cəfərlə keçən xoş günlərinə qayıdıram, sanki yenidən onunla üzbəüz oturub danışıram". Məhz bu xatirələr toplusu, ardınca ali təhsili başa vurduqdan sonra fəaliyyətimin yeni yaranan muzeylə başlanması mənə Cəfər Cabbarlı haqqında çox bilgilər verib.

- Fəaliyyətin bu muzeylə başlayıb və indiyədək davam edir, yəni bu işin incəliklərinə çox bələdsən. Ümumilikdə muzey haqqında fikirlərin maraqlıdır...

- Əslində muzey böyük bir anlayışdır. Dünyanın hər yerində muzey hər bir ölkənin tarixi, mədəniyyəti, müxtəlif dövrləri əhatə edən yaşamını əhatə etməklə yanaşı, bunların həm qoruyucusudur, həm təbliğatçısı. Bəlkə də kənardan bu o qədər hiss olunmur, amma muzeylərin daşıdığı çox vəzifələr var. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan dövlətdir, ölkəyə böyük turist axını var. Hər bir əcnəbini isə gəzməyə gəldiyi ölkənin tarixi çox maraqlandırır. Bu baxımdan bizdə fəaliyyət göstərən və açılmaqda davam edən muzeylər turist üçün ən yaxşı bələdçidir. Muzeylərimiz ölkənin siyasi-iqtisadi həyatında zamanın nəbzini tutmağa çalışır. Tək ekspozisiya ilə deyil, müxtəlif səpkili maraqlı layihələrlə tanınır və tanıdır. Mənim üçün muzey ilk növbədə tarixi yaşadan böyük bir mədəniyyət ocağıdır. Muzey qoruduğu kimi həm də qorunmalıdır. Bu, heç də muzey işilə məşğul olan biri olduğum anlamına gəlməsin. Amma həqiqətdə bu, belədir.

- Muzeyin giriş qapısının üst tərəfində divara həkk olunan "1930" tarixi adamı ötən əsrə aparır, yəni bina çox hadisələrin şahididir...

- Bina Cəfər Cabbarlının öz eskizi əsasında tikilib. Həmin tarix ev tikilib başa çatdıqdan sonra ora həkk edilib. Babam tikinti zamanı ustalarla daima ünsiyyətdə olub, lazım gəldiyində onlara kömək belə, edib. Gülarə xanım bu evdə dünyaya gəlib. Muzeyə gələnlər mütləq şəkildə vurğulayır ki, bu divarlar arxasında fərqli bir dünya yaşayır. Məkanın aurası öz dövrünü hiss etdirə bilir. Onu da vurğulayım ki, biz ekskursiyaçılarımıza tək Cəfər Cabbarlı haqqında məlumat vermirik. Onunla bir dövrdə yaşayan, çalışan, eyni əqidə sahiblərini də yad edirik. Çünki onlar hamısı bir zəncirin ayrı-ayrı halqalarıdır. Bu divarlar çox hadisələrin şahididir. Cəfər Cabbarlı tək yazar olmayıb. O, eyni zamanda ictimai xadim olub. Sovet dövründə çox həqiqətlər gizli saxlanılıb. Babam ilk demokratik parlamentdə redaktor-stenoqrafçı kimi çalışıb. Sovet hakimiyyəti qurulandan sonra o, Müsavatdakı fəaliyyətinə, "İstiqlal" qəzetinin nəşrinə görə həbs edilib. 1923-cü ildə azadlığa buraxılandan sonra Cabbarlı və onun bir sıra dostları gizli fəaliyyətə keçib. Həmin ildə gizli Müsavat təşkilatının katibi seçilib və onların bir neçə iclası məhz bu evdə keçirilib. Dediyin kimi, bu divarlar çox hadisələrə şahidlik edib.

- Nəvə olaraq vacib məqamlara toxundun, amma sən həm də bir yazarın qızısan. Seyfəddin Dağlı...      

- Atam olduğu üçün demirəm, onu əsas bir şəxsiyyət kimi daha çox xatırlayıram. Onun insani keyfiyyətləri çox idi. Çox erkən yaşından anasını itirdiyindən uşaqlığı ağır keçsə də, Tanrının ona verdiyi iti zəka, böyük istedad sayəsində öz zəhmətilə həyatını, düzənini qura bilib. Seyfəddin Dağlı dövrünün sevilən və əsərləri çox mütaliə olunan yazıçılarından biri olub. Latın qrafikasına keçiləndən sonra yeni nəslə onun əsərlərini çatdırmaq istəyilə bir addım atdım. Mən eyni zamanda "Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri olduğumdan onun xəttilə çalışdım ki, atamın da latın qrafikasında əsərləri olsun. Çox müraciətlər gəlirdi ki, Seyfəddin Dağlının əsərlərilə oxucular maraqlanır, lakin əldə edə bilmirlər. O, əsasən ədəbi mühitdə satirik yazar kimi tanınıb, uzun illər "Kirpi" jurnalına rəhbərlik edib. Bununla yanaşı, atamın dramatik əsərləri də olub. Onların içində "Gəcil qapısı" zamanında böyük oxucu kütləsinin marağına səbəb olmuşdu. Seyfəddin Dağlı bir müddət Təbrizdə çalışıb və orada gördüklərini qələmə alaraq həmin romanda təsvir etməyə çalışıb. İlk addımı məhz həmin kitabla atdıq, "Gəcil qapısı"nı latın qrafikası ilə nəşr etdirib oxuculara çatdıra bildik. Seyfəddin Dağlının Cəfər Cabbarlıya həsr etdiyi "Bahar oğlu" romanı da ümid edirəm ki, bu başlanğıcın davamı olar.

- Söhbətindən belə qənaətə gəldim ki, yetişdiyin mühit səni jurnalistikaya yönəldib...

- Düzü, bu, atamın məsləhətilə oldu, çünki məktəbi bitirəndə hansı sahə üzrə gedəcəyimi dəqiq bilmirdim. Lakin atamı daima yazı-pozu arxasında görə-görə böyüməyim heç demə, haradasa öz izini qoyurmuş. O zaman kiçik olduğumdan düşünürdüm ki, hamının atası belədir. Lakin illər keçdikcə onun yaradıcı insan olduğunu anladım. Atamın məsləhəti və içimdə yaranan maraq üst-üstə düşdüyündən jurnalistikaya yönəldim. Hadisələr isə elə cərəyan etdi ki, fəaliyyət istiqamətim sırf muzey işilə bağlı oldu, lakin öz ixtisasım üzrə az da olsa, nələrsə etməyə çalışıram.

- Onda bir az da jurnalist Qəmər Seyfəddinqızı danışsın...

- Atam həm də bir jurnalist idi. Onun bu sahəyə olan məsuliyyəti o qədər böyük idi ki, mən əsl jurnalisti yalnız onun timsalında görmüşəm. On yeddi il ölkənin satirik bir jurnalına rəhbərlik etmək böyük peşəkarlıq demək idi. "Kirpi" jurnalı dövründə o qədər populyar idi ki, çox vaxt onu əldə edə bilmirdilər. Sevilirdi ona görə ki, orada çalışan jurnalistlər müxtəlif mövzuları cəmləşdirə bilib oxucuya çatdırmağı bacarırdı. Bu da yalnız peşəkarlıq sayəsində olur. Həm də baş redaktor kimi Seyfəddin Dağlı güclü nəzarəti, böyük tələbkarlığı sayəsində sənətinə qarşı məsuliyyətli olmaq hissini əməkdaşlara aşılamağı bacarmışdı. Jurnalist cəsarətli, geniş dünyagörüşünə malik olmalı, haqqı deməkdən qorxmamalıdır. Jurnalistin yazısında həmişə səliqə-səhman olmalıdır, həddi və sərhəddi gözləməlidir. Təbii ki, zaman, dövran, baxışlar dəyişsə də, informasiya bolluğu, texnologiyanın inkişafı artsa da, peşəkarlıq və məsuliyyət dəyişməz olaraq qalmalıdır. Bu günün jurnalistikasında kifayət qədər savadlı, sözü yerində işlətməyi bacaran, araşdırmaları məntiqi əsaslara söykənən jurnalistlərimiz var və inanıram ki, yetişməkdədir.

- Qayıdaq muzeyə. Ev-muzeylərinin fərqli və özünəməxsus özəllikləri var...

- Ev-muzeyləri maraqlı layihədir. Bunu vurğulamadan keçmək olmaz. Bir çox muzeylər, o cümlədən Ev-Muzeyləri Ulu öndərin təşəbbüsü ilə yaranıb. Azərbaycanın görkəmli xadimlərinin, yaradıcı şəxsiyyətlərinin Ev-Muzeylərinin yaradılması bir təbliğat mərkəzidir. Bu muzeylərə gələnlər həm məlumat alır, həm də əyani şəkildə çox eksponatları görür, onlara toxuna bilir və bu, onların mənzil sahibini daha yaxından tanınmasında əhəmiyyətli rol oynayır. Diqqət çəkən bir məqam da odur ki, bu muzeylərin bir çoxu varislər tərəfindən idarə olunur və ya onlar orada çalışır. Bu, yaxşı bir təcrübədir, çünki ailədən olan kəslərdə məlumat daha çox və geniş olur. Bununla belə, muzeylərdə ürəklə, həvəslə çalışan əməkdaşlar kifayət qədərdir, bizlər də öz növbəmizdə eşidib bildiklərimizi onlarla bölüşməyi vacib bilirik, çünki gələcək nəsil tarixini bilməlidir. Buna görə də əməkdaşlarımızın dəyəri bizim üçün qiymətlidir.

SÖZARDI: Bakının mərkəzində hündür göydələnlərin əhatəsində 95 yaşlı birmərtəbəli bir mülk var. Böyük ərazisi olan bir mülk. Və bu mülkün divarları arxasında 35 illik ömür yolunda Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna, mədəniyyətinə, ictimai-siyasi həyatına öz imzasını atmaqla adını əbədiləşdirən bir şəxsiyyətin ruhu ziyarətçilərinin yolunu gözləyir. Çünki bu, onun haqqıdır... Haqqı isə ödəmək gərəkdir.

 

Tamilla M-ZADƏ

525-ci qəzet .- 2025. -3 may(№76).- S.10.