Hindistan-Pakistan qarşıdurması: Dehli bilərəkdən müharibəyə təşviq edir

 

 

Son günlər Hindistanla Pakistan arasında gərginlik xeyli artıb. Buna səbəb aprelin 22-də baş vermiş faciəvi hadisədir. Həmin tarixdə Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslər turistlərə atəş açıb və Pahalqamda 26 turist həlak olub. Hadisədən dərhal sonra Hindistan tərəfi hər hansı əsaslı sübutlar təqdim etmədən Pakistanı ittiham etməyə başlayıb. Baxmayaraq ki, İslamabad insan ölümü ilə nəticələnmiş Pahalqam hücumunu pisləyib, beynəlxalq təşkilatların və ölkələrin də cəlb edilməsi ilə baş vermiş terror hadisənin hərtərəfli və ədalətli araşdırmasına çağırışlar edib, Hindistan sanki əlinə fürsət düşmüş kimi, bütün bu çağırışları boykot edərək, İslamabada qarşı kampaniya aparır, üstəgəl, bir sıra sərt addımlar atır. Bunlardan ən təhlükəlisi Hind çayından Pakistana su axınının qarşısının alınması oldu.

Qeyd edək ki, Hindistan-Pakistan Su Müqaviləsi 1960-cı ildə imzalanıb. Müqaviləyə görə, münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi təmin edilməli idi. Ona görə də bu, Hindistan hökumətinin onilliklər boyu davam edən Hind Su Müqaviləsini birtərəfli və qeyri-qanuni olaraq pozmasıdır, müqavilədə belə bir müddəa yoxdur. Pakistanın xalqı və iqtisadiyyatı Hind Su Müqaviləsi çərçivəsində Pakistana məxsus olan çaylardan asılıdır. Bu addım, eyni zamanda Hindistanın beynəlxalq müqavilələrə hörmətsizliyini göstərir və dünya ictimaiyyəti üçün çox təhlükəli bir presedent yaradır. Hind çayı suları haqqında müqaviləyə əsasən, su ehtiyatları Hindistan və Pakistan arasında belə bölüşdürülür: Hindistan şərq çayları olan Ravi, Beas və Sutlej üzərində, Pakistan isə qərb çayları olan Hind, Çelum və Çenab üzərində nəzarət hüququ əldə edir. Bu səbəbdən su təchizatının stabilliyi ölkənin ərzaq və enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Hindistanın sudan silah, terror kimi istifadə etməsi Pakistana açıq hücum deməkdir. Hindistan hökumətinin bu məntiqsiz və çox məsuliyyətsiz addımı həddən artıq təhlükəli nəticə verə bilər. Ona görə də Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi qiymətləndirib və mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib.

Əlavə olaraq, Hindistan Pakistanın diplomatik nümayəndəliklərinin sayının azaldılacağını elan edib. 2025-ci il mayın 1-ə qədər hər iki ölkənin Ali Komissiyalarının heyəti 55-dən 30 əməkdaşa qədər azaldılacaq. Nyu-Dehlidəki Pakistan nümayəndəliyində hərbi məsləhətçilər “persona non qrata” elan edilib və onlar bir həftə ərzində Hindistanı tərk etməlidirlər. İslamabaddakı Hindistan missiyasında oxşar vəzifələr ləğv edilib, uyğun əməkdaşlar geri çağırılır. Həmçinin hər iki komissiyanın beş köməkçi işçisi işdən azad edilib.

Bundan başqa, Hindistan iki ölkə sərhədində yerləşən Attari keçid məntəqəsini bağlayıb. Hindistanın addımları bunlarla bitmir, görünən odur ki, Dehli dəlil-sübut olmadan belə Pakistanı günahlandırmaqla, baş verən hadisədən İslamabada qarşı təzyiq vasitəsi kimi istifadə edir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mötəbər beynəlxalq təşkilatlar başda olmaqla dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Pakistan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Pakistanın özü əksər hallarda Hindistan hökuməti tərəfindən maliyyələşdirilən, planlaşdırılan və həyata keçirilən terrorizmin qurbanıdır. Pakistanda terroru dəstəkləyən Hindistan hökumətidir. Hindistan uzun müddətdir ki, daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək üçün Cammu və Kəşmirin işğal olunmuş ərazilərində qəddarlıq və terrordan istifadə edib. Bu təhlükəli siyasət islamofobiyanı təbliğ etmək üçün də istifadə olunur. Hindistanın işğal olunmuş Cammu və Kəşmirdə 700000 mindən çox əsgəri var və onlar Hindistanın işğalı altında olan ərazilərdə əhalinin, o cümlədən qadın və uşaqların yaşamaq hüququnu pozur, şərəf və ləyaqətini alçaldır, zorakılıqlar həyata keçirirlər. Hindistan işğal altında olan Cammu və Kəşmirdə kəşmirlilərin azadlıq mübarizəsini yatırmaqda acizliyinə görə Pakistanı günahlandırması yeni hal deyil. Lakin son aqressivlik daha çox narahatlıq doğurur. Pakistanda iqtisadi inkişaf artdıqca, Pakistan Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının Hindistan tərəfindən təlim keçən və maliyyələşdirilən terrorçularla mübarizəsində effektivliyi də artır.

O da xüsusi vurğulanmalıdır ki, Pakistan heç vaxt Hindistanı aqressiv mövqe və hərəkətləri ilə təhdid etməyib. Bununla belə, rəsmi İslamabadın sülh istəyi zəiflik kimi qəbul edilməməlidir. Pakistan hər zaman sülh, dialoq tərəfdarı olub, terrora, işğala qarşı sərt mövqe nümayiş etdirib. Biz bunu rəsmi İslamabadın Cənubi Qafqazla bağlı siyasətində də izləmişik. Pakistan məhz Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı üçün onunla nəinki diplomatik əlaqələr qurmuşdu, hətta dövlət kimi belə tanımamışdır. Eyni siyasət hələ də davam edir. Bu, bir daha Pakistanın beynəlxalq hüquqa verdiyi önəmin, ədalətli mövqeyinin göstəricisidir.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayaraq Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatlıq ifadə edib:

“Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik. Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq.

Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər".

Pakistan tərəfi Hindistanın hərəkətlərini regionunda sülh və sabitliyə ciddi təhlükə adlandırıb. Pakistanın Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar bildirib ki, Cammu və Kəşmir əyalətinin Pahalqam bölgəsindəki hücumdan sonra Hindistanın “siyasi motivli və təxribat xarakterli hərəkətləri” səbəbindən Cənubi Asiya regionunda sülh və sabitlik ciddi təhlükə altındadır. O deyib ki, terrorun qurbanı olan Pakistan zərərçəkənlərin ağrısını hamıdan daha yaxşı başa düşür və İslamabadı hadisə ilə əlaqələndirmək cəhdi “əsassız və məsuliyyətsizdir”.

İslamabadın hadisənin araşdırılmasına beynəlxalq ekspertlərin də cəlb olunmasına dair çağırışını Pakistanın strateji müttəfiqi olan Çin də dəstəkləyir. Amma Hindistan Pakistanın bütün çağırışlarına rəğmən, vəziyyəti gərginləşdirməklə məşğuldur ki, bu da genişmiqyaslı hərbi əməliyyatlara, müharibəyə gətirib çıxara bilər.

Pakistan Senatı da (parlamentin yuxarı palatası) Hindistanın hərəkətlərini kəskin şəkildə pisləyən qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Pakistan terror hadisəsini əsassız olaraq Pahalqam şəhərindəki hücumla əlaqələndirmək cəhdini qəbul etmir. Bununla bağlı Pakistan günahkarların müəyyən edilməsi üçün müstəqil beynəlxalq araşdırma aparmağı təklif edir.

Ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif isə müsahibəsində bildirib ki, danışıqların və ya boş bəyanatların heç bir təsiri yoxdur: “Pakistanın iştirakına və ya bu insanların Pakistan tərəfindən dəstəklənməsinə dair hansısa sübutlar olmalıdır”.

O, Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşları olan Moskva və Pekini nüfuzlu arbitr kimi cəlb etməyə çağırıb: “Rusiya və ya Çin və hətta Qərb ölkələri bu böhranda çox müsbət rol oynaya bilər və Hindistan və ya Modinin yalan və ya həqiqəti söylədiyini araşdırmaq üçün istintaq qrupu yarada bilər”.

Görünən odur ki, Hindistan-Pakistan arasında yaranan gərginliyin davam etməsi, Dehlinin yanlış addımları, İslamabadı heç bir sübut olmadan ittiham etməsi vəziyyəti daha da gərginləşdirə bilər ki, bu da bütün dünya üçün təhlükəli siqnaldır.

Türkiyəli professor Furkan Kaya mövzu ilə bağlı bildirib ki, Hindistan və Pakistan arasında uzun müddətdir davam edən gərginlik Pahalqam hadisəsindən sonra pik həddə çatıb. Hindistan hücuma görə məsuliyyəti üzərinə götürən Müqavimət Cəbhəsinin Pakistan mənşəli olduğunu iddia edir, Pakistan isə bu iddiaları qəti şəkildə rədd edir. Hadisədən sonra Hindistan Pakistanla diplomatik əlaqələri və Hind Suları Müqaviləsini dayandırıb, Pakistan diplomatlarını ölkədən çıxarıb, sərhəd qapılarını bağlayıb, vizaları ləğv edib. Pakistan, həmçinin Hindistan vətəndaşları üçün vizaları ləğv edib, Hindistana hava məkanını bağlayıb və ticarət əlaqələrini dayandırıb. Lakin Pakistandan ən ciddi reaksiya Hind Suları Müqaviləsinin dayandırılması oldu. İslamabad bunu müharibə aktı kimi qiymətləndirdi.

Ekspertə görə, Hindistanın Su Müqaviləsini dayandırması regionda atılan ən təhlükəli addımlardan biridir: “Pakistanın kənd təsərrüfatının və içməli suyun 80 faizindən çoxu Hind çayından asılıdır. Buna görə də Hindistanın su təchizatını məhdudlaşdırması Pakistan üçün həyati təhlükə yaradır. Bu, Pakistanı Kəşmir cəbhəsində hərbi addımlar atmağa məcbur edə bilər. Üstəlik, bu böhran təkcə Hindistan-Pakistan müqaviləsini deyil, həm də Cənubi Asiyada çoxtərəfli su əməkdaşlığını poza bilər”.

Onun sözlərinə görə, ənənəvi müharibələr əvvəllər neft üstündə gedirdi. Lakin qlobal istiləşmə və iqlim dəyişikliyi dövründə su yeni müharibələrdə əsas cəbhəyə çevrilir: “İçməli su ehtiyatlarının sürətlə tükənməsi ona nəzarəti strateji silaha çevirir. Su böhranının yaratdığı miqrasiya dalğaları, ərzaq çatışmazlığı və iqtisadi çöküş təkcə regional deyil, həm də qlobal fəlakətə səbəb ola bilər. Məşhur britaniyalı siyasətçi Uinston Çörçill Birinci Dünya müharibəsi zamanı demişdi: “Bir damla neft bizim üçün bir damla qandan daha dəyərlidir”. Əgər bu gün sağ olsaydı, Çörçill deyə bilərdi: “Bir damcı su bir damla neftdən daha dəyərlidir”. Əvəzedilməsi mümkün olmayan su üstündə yeni qanlı və sonsuz müharibələrin başlaması tamamilə mümkündür. Hindistan-Pakistan su müqaviləsinin pozulması Fərqanə kimi həssas bölgələrdə oxşar münaqişələrə səbəb ola bilər. Su təkcə həyat mənbəyi  deyil, müharibəyə də bəraət qazandırır. Dünyada su siyasəti düzgün idarə olunmasa, qaçılmaz sərhəd münaqişələri, miqrasiya böhranları və böyük dövlətlərin dolayı müdaxilələri qaçılmaz ola bilər”.

Ekspertə görə, Kəşmirlə bağlı həll olunmamış mübahisə partlamağa hazır olan saatlı bomba kimidir. İkitərəfli münasibətlər Qordi düyününə çevrilib. Son terror aktından sonra qaynar toqquşma ehtimalı xeyli artıb.

 

Pərvanə  

525-ci qəzet .- 2025. -3 may(¹76).- S.6.